Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçirilib
30.05.22
Xəzər Universitetində “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər” adlı beynəlxalq tələbə elmi konfransı keçirilib.
Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər” adlı beynəlxalq tələbə elmi konfransı keçirilib. Konfransın açılış mərasimi universitetin Mərmər salonunda bas tutub. Universitetin tələbələrdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Xəzər Universitetinin himni və “Ana yurd” marşı səsləndirilib.
Xəzər Universitetinin rektoru dos. İradə Xəlilova açılış nitqi söyləyərək, konfransın əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulayıb. Türkiyənin Erciyes Universitetindən dos. Aida Babutcu, Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetindən dos. Gülbanu Koşenova, Özbəkistanın Əndican Pedaqoji Universitetindən prof. Volijon Qodirov açılış mərasiminə onlayn formatda qoşularaq, iştirakçılara və konfransı təşkil edən heyətə xoş arzularını bildirmiş, gənc tədqiqatçılara öz ürək sözlərini çatdırıblar.
Universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova iştirakçıları salamlayaraq konfransda Azərbaycanın bir çox universitetlərindən, eyni zamanda Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan kimi ölkələrin universitetlərindən iştirakçıların olduğunu qeyd edib.
Açılış mərasimindən sonra konfrans müxtəlif bölmələr üzrə işini davam etdirilib.
|