Ayşə Səyyadqızı - Pünhan ağlayanın ahından çəkin
Avanqard 12/06/2026
***
Özü də qul olan ağadan deyil,
Sən gəl kainatın Şahından çəkin
Aşkar ağlayanın ahı yarıdır,
Pünhan ağlayanın ahından çəkin.
İnsana qəsd edən bil ki, insandır
Həyat başdan-başa bir imtahandır.
Düşmən gülləsinə dözmək asandır,
Dostun nizəsindən, oxundan çəkin.
Ay Ayşə, haqq danış, həqiqət söylə
Zirvəyə çatmazsan qeyri heçnəylə.
İkinci uzaqdan ehtiyat eylə,
Birinci həmişə yaxından çəkin.
***
Şeytanın da, mələyin də,
Allah bilir ürəyində,
Kim nə sökür, kim nə tikir,
Kim nə bilir, kim nə çəkir.
Baxma dik tutur başını,
Kədərdi çatan qaşını,
Bilən yoxdu göz yaşını,
Harda silir, harda tökür,
Kim nə bilir, kim nə çəkir!
Gülüşünə baxma üzün,
Gözdən soruş sözün düzün,
Daş üzdə qalmır dənizin,
Ay Ayşə, dibinə çökür,
Kim nə bilir, kim nə çəkir!
***
Çörəyini qazan halal,
Güvəndiyin o cah-cəlal,
Gəldi gedər bir anlıqdır,
Bizə qalan insanlıqdır.
Yaradan yaradıb bizi,
Tanıyaq əyrini, düzü,
Vallah haramın gündüzü,
Gecəsindən qaranlıqdır,
Bizə qalan insanlıqdır.
Haqq havası çala bilmək,
Dəryasına dala bilmək,
Ayşə, insan ola bilmək,
İnan ki qəhrəmanlıqdır,
Bizə qalan insanlıqdır.