Avanqard

Mixail Lermontov - Vəsiyyət

10/12/2023

Gəl əyləşək, qardaşım, 

Gəl dərdləşək bir qədər. 

Mən ömrümü yaşadım, 

Lap az qalıb, deyirlər! 

Evə gedirsən, ancaq 

Nə deyim... bir sözüm yox; 

Mənə canı yanacaq 

Orda bircə kəsim yox.  

 

İşdir, əgər bir adam 

Gəlsə, soruşsa məni... 

De ki yaralanmışam, 

Güllə dəlib sinəmi. 

Qurban getmişəm çara, 

Həkimlər də xamdı de, 

Bir də doğma diyara 

Məndən çoxlu salam de.  

 

İnanmıram indiyə 

Atam, anam sağ olsun... 

Sağ olsalar da, niyə 

Dərdim təzə dağ olsun. 

De ki işdə-gücdədir, 

Çox tənbəldi yazmağa, 

Alay da yürüşdədir – 

Gözləməsinlər daha...  

 

Bir də qonşu qız... ancaq 

Biz ayrılan nə vaxtdır!.. 

Məni soruşmayacaq, 

Yox, gözləmə, nahaqdır... 

Sən danış, qoy dinləsin,

Boş qəlbə yanmayasan; 

Qoy ağlasın, inləsin –

Nə var ki bundan asan!   

 

Çevirəni Mahir N. Qarayev

Digər Məqalələr