Mahir N. Qarayev - Qara maskalı qatil
25/01/2024
(“Vəsiyyət məqamları” silsiləsindən)
Ölsəm –
bir də min il sonra dirilsəm,
bu dünyada hər şeyin sonunu bilsəm ...
Vaqif Bayatlı Önər
Şair dostum! Qatil dostum!
Gözün aydın olsun, sözün mübarək!
Elə sözünlə də
sonuma çıxdın –
daha deyiləsi sözüm qalmadı;
Yetirdim –
bircə yol yoluna çıxdım,
İtirdin –
yolunda izim qalmadı...
Di buyur,
sözündən itir məni də –
unut və unutdur xatirəmi də!
Unut şah şeirinin
qəfil yaddan çıxan misrası kimi;
Unutmaq felinin
hamıdan peşəkar ustası kimi!
Unut məni –
qonur gözlü şairim,
qara maskalı qatilim!
Müstəntiq
ala gözlərini ağartsa da,
qara gözlərini bərəltsə də,
durna kimi çığırtsa da,
zurna kimi mələtsə də;
Lap hirslənib
kirpiyinlə od götürtsə,
kəlbətinlə dırnağını çıxartsa da;
Yüz hiyləylə
səni şoka,
şeir yazan barmağını
toka salsa belə –
yadına düşməsin adım...
Amandı!!!
Adımı yazmadığın
o son şeiri də yandır,
külünü ver küləklərə –
fələklər də duymasın;
Gecələr qaranlığa üz tutub,
dua pıçıldayanda
adımın bircə hərfini də işlətmə –
mələklər də duymasın...