Karakasda poeziya festivalı - Mahir N. Qarayevlə müsahibə
05.07.25

KARAKASDA POEZİYA FESTİVALI

Bu il iyulun 15-dən 19-dək Karakas şəhərində bütün qitələrdən dəvət olunan şairlərin XIX Ümumdünya Poeziya Festivalı keçiriləcək. Festivala dəvət alanlar arasında şair-tərcüməçi Mahir N. Qarayevin də adı var. Avanqard.net ölkəmizi festivalda təmsil edəcək Mahir N. Qarayevlə səfər öncəsi müsahibəni təqdim edir.

 - Mahir bəy, Festivalla bağlı nə deyə bilərsiniz və ümumiyyətlə bu dəvəti gözləyirdinizmi?

- Doğrusu, Karakasa gedəcəyimi təxmin edirdim, amma festivala dəvət-filan gözləmirdim, nəinki gözləmirdim, ümumiyyətlə belə bir festivalın keçiriləcəyindən xəbərim yox idi. Sadəcə, çağdaş Venesuela poeziyasından çevirdiyim üç kitab hazırda çapa hazırlanır, mən də təxmin edirdim ki, kitabların təqdimat mərasiminə, hər halda məni də dəvət edərlər. 

- Yəni çevirdiyiniz  kitabların təqdimatı Karakasda olacaq?

- Ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyi münasibətlə Venesuelanın Bakıdakı səfirliyi müəyyən mədəni tədbirlər həyata keçirir. Belə deyək ki, mən də işin bir qulpundan yapışmışam. Məsələ belədir ki, ötən ilin noyabrında Karakasda keçirilən başqa bir festivalda iştirak etmişdim. Bu barədə bir neçə yazım olub, səfər təəssüratlarım “Xəzər” jurnalında, bir neçə saytda, o cümlədən sizin saytınızda yayımlanıb. Ötən il Tərcümə Mərkəzində Anna Maria Palomaresin “Söyüd krallığı” kitabını nəşr etmişdik, xanım da kitabının təqdimat mərasimində iştirak etdi, bizim Dillər Universitetində bir sıra görüşlər keçirdi, həmçinin mədəni əlaqələrimizin genişləndirilməsi üçün Xalq yazıçısı Afaq Məsudla məni Karakasda özünün təşkil etdiyi beynəlxalq festivala dəvət etdi. Anna Maria Venesuela Yazıçıları Milli Şəbəkəsinin təsisçisi və həmin qurumun rəhbəridir. Afaq xanım imkan tapmadı, Karakasa yalnız mən getməli oldum. O festivalda bütün ispandilli ölkələrin nümayəndələri iştirak edirdi, çox maraqlı görüşlər oldu. Bu barədə geniş yazdığım üçün təfərrüata varmaq istəmirəm.

- Hər ikimizin xoşıladığı ispandilli ədəbiyyat barədə çox söhbətimiz olub. Kevedodan, Lorkadan, Valyexodan çevirmələrinizi saytımızda  həmişə məmnuniyyətlə dərc eləmişik. Amma Venesuela bu sırada yenidir...  

- Venesuela səfəri çağdaş ispandilli poeziya ilə yaxından tanışlıq üçün bir fürsət oldu. Kubadan, Meksikadan, Argentinadan, Kolumbiyadan maraqlı şairlər gəlmişdi. Karakaslı şair Xorxe Rodrigesə böyük maraq olduğunu gördüm. Kitabını bağışlayanda zarafatla dedi ki, Lorkanı çevirən şair mənim şeirlərimi çevirsə, çox sevinərdim. Bakıya qayıdandan sonra maraq xatirinə onun şeirlərini çevirməyə başladım. Eyni zamanda, səfirlikdən digər bir şairi – Freddi Nyanyesi çevirməyimi istədilər. Beləcə, səfirliyin təşəbbüsü ilə bu işləri görməyə başladıq. Ötən həftə isə festivala dəvət aldım. 

- Onda belə çıxır ki, Karakasda kitabların təqdimat mərasimi festival çərçivəsində olacaq.

- Ola bilər. Düzü, bu barədə qəti bir söz deyə bilmərəm, çünki festivalın proqramı hələ məndə yoxdur. Göndərilən dəvətdə yalnız o qeyd olunub ki, özüm haqqında qısa məlumatı və ingilis dilində üç şeirimi göndərim, vəssalam. 

- Bu, sizin Venesuelaya artıq ikinci səfəriniz olacaq. Orda biz necə tanınırıq, bizə münasibətləri necədir?

- Mən orda şən, gülərüz, istiqanlı adamlar gördüm. Şeiri, musiqini, əyləncəni çox xoşlayırlar. Ən başlıcası da, sadə və təbiidirlər. Başqa ölkələr, xalqlar barədə bizim kimi geniş məlumatlı deyillər, amma necə deyim, bunu özlərinə çox da dərd eləmirlər. Məncə, biz çox siyasiləşmişik, onlar isə öz gündəlik qayğıları, sadə məişətləri, aza qane olmaq tərzləri ilə qayğısız və xoşbəxt görünürdülər. Hər halda, mənə belə təsir bağışladılar. Şeiri, poeziyanı çox sevirlər. Kitab sərgilərinə, təqdimat mərasimlərinə həvəslə, bayram ovqatında gəldiklərini müşahidə etdim.    

- Çevirdiyiniz kitablar barədə bir az geniş danışaq, çünki oxucularımızın çağdaş Venesuela poeziyası ilə tanışlığı elə də çox deyil. 

- Tanışlıq özüm üçün də çox maraqlı idi. Oxucu zövqü onsuz da hər yerdə fərqlidir, fərq isə həmişə maraqlıdır. Ona görə hər üç kitaba ön söz də yazdım. İndi ön sözlər orda Venesuela oxucuları üçün ispan dilinə tərcümə olunur. Onlara da maraqlıdır ki, biz onların şairlərini Azərbaycan oxucusuna necə, daha çox hansı cəhətlərini qabartmaqla təqdim edirik. İspan dilindən sətri təcümə əsasında çevirdiyim üç kitab isə bunlardır: Freddi Nyanyes – “Yad ev” (Casa ajena),  Anna Maria Palomares – “Od və kül arasında” (De fuego o de ceniza) və Xorxe Rodriges – “Külə dönmüş çay” (Río quemado). Səxavət bəy, yaxşısı budur, müəlliflər haqqında yığcam məlumatı sizə yazılı  şəkildə göndərim.   

- Bu lap yaxşı olardı. Mütləq göndərin. Sizə qarşıdakı səfərdə uğurlar arzulayıram 

Səxavət Sahil.

P. S. Müəlliflər haqqında qısa məlumat


Freddi Nyanyes
Venesuelada şair, filosof və jurnalist kimi tanınan Freddi Nyanyes əvvəllər “Karakas” qəzetinin köşə yazarı, “Letras” ədəbi bölməsinin rəhbəri, “Sujeto Almado” jurnalının baş redaktoru olub. 2010-2017-ci illərdə Karakas şəhər Bələdiyyəsinin Mədəniyyət və İncəsənət Fonduna rəhbərlik edib. Hazırda Rabitə, Mədəniyyət və Turizm üzrə sektorun vitse-prezidentidir. “Bütün məqamlar”, “Cənnət adlanan yerdə alov”, “Bütün əşyaların adı”, “Yeraltı kölgə”,  “Kiçik ərazi” və digər kitablarının müəllifidir. 2005-ci ildə Milli Kitab Mükafatına, 2009-cu ildə Xose Antonio Ramos Sukre Poeziya Mükafatına layiq görülüb.
2010-cu ildə yazdığı “Yad ev” poeması Nyanyes yaradıcılığında xüsusi yer tutur. Bu unikal əsər ötən müddətdə təkcə elə Karakasda dörd dəfə (sonuncu dəfə 2023-cü ildə) nəşr edilib. “Sürgünlər”, “Karvan” və “Yas mərasimləri” kimi üç bölümdə toplanmış 68 qısa şeirdən ibarət poemanın xüsusi maraq doğurmasının özünəməxsus səbəbləri var. Müəllif özü bunu çox sadə şəkildə izah edir: kitab Kolumbiya mürtəce qüvvələrinin zorakılığına məruz qalmış iki günahsız gəncin – Fransisko de Paula Santander Universitetinin tələbələri Edvin Ariel Lopes və Xerson Qalyardo Ninyonun xatirəsinə həsr olunub. Onların cəsədlərini dostlarımız uzun axtarışlardan sonra tapa bilmişdi. Mən kitabda təkcə bu iki gəncin deyil, silahlı münaqişələr nəticəsində məhv edilmiş digər insanları, unutdurulmuş bütün adları xatırlatmaq istədim. Belə düşünürəm ki, haqsızlığa müqavimət göstərən, bütün vəhşiliklərin müqabilində ölümü üzlərindəki təbəssümlə qarşılayan bu mübariz gənclər hər zaman sağdılar, ona görə də unudula bilməzlər.


* * *

Anna Maria Palomares
Ötən il şəhərimizin qonağı olmuş və oxucularımıza “Söyüd krallığı” kitabı ilə tanış olan Anna Maria Palomares “Od və kül”, “Cecənin hökmranlığı”, “Duz çiçəyi”, “Dualar”, “Yanlış gecə” kimi bir sıra  poetik topluların müəllifidir. Əsərlərinin böyük bir qismi italyan, yunan, ərəb və portuqal dillərinə tərcümə olunub. 2007-ci ildə Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsini təsis edib və qurumun rəhbəri kimi ölkəsini bir sıra beynəlxalq tədbirlərdə, o cümlədən Havanada, Medelində, Mexikoda, həmçinin Yunanıstanda keçirilən poeziya festivallarında layiqincə təmsil edib. Milli  mədəniyyətin dünyada uğurlu təbliğinə görə, 2022-ci ildə Venesuelada keçirilən XVI Dünya Poeziya Festivalında Əməkdar Şair fəxri adına layiq görülüb.
“Od və kül arasında” Anna Marianın Azərbaycan dilinə çevrilmiş artıq ikinci kitabıdır. 2019-cu ildə Karakasda çapdan çıxan, bir növ, iyirmi illik poetik yaradıcılıq dövrünə yekun vuran bu kitabı müəllif “antologiya” kimi təqdim edib və bu nəşrə 2020-ci ilə qədər çapdan çıxmış altı kitabının hər birindən on şeir seçib. Yəni, antologiya 6 kitabdan seçilmiş 60 qısa şeirdən – müəllifin poetik təcrübəsini formalaşdıran əsas elementlərdən ibarətdir. Şeirərin qısalığı hər hansı metaforaya (öz təbirincə, israfa!) yer vermədən, birbaşa məğzə yönələn ifadə dəqiqliyinin sərt nizamından qaynaqlanır. 


* * *
Venezuela's National Assembly President Jorge Rodriguez addresses the media in Caracas

Xorxe Rodriges Qomes
Xorxe Rodriges Qomes isə Venesuelada təkcə yazıçı və şair kimi deyil, həm də Bolivar inqilabının liderlərindən biri kimi tanınır. Bir sıra mühüm vəzifələrdə çalışıb, hazırda Venesuela Milli Assambleyasının sədridir. Yazıçı kimi Xorxe Rodrigesin adı 1998-ci ildən tanınmağa başlayıb. Həmin il “Sənin göz yaşından nə qədər çaylar yaranıb” hekayəsi “El Nacional” qəzetinin nəsr müsabiqəsində birincilik qazanıb. Növbəti “Korların xəyalı” əsəri isə 2000-ci ildə Xose Rafael Pokaterranın adını daşıyan xüsusi mükafata layiq görülüb. Xorxe Rodrigesi oxuculara bənzərsiz bir şair kimi tanıdan onun “Kəmağıllığın rolu” (2020) və “Külə dönmüş çay” (2024) adlı poetik toplularıdır. Bu kitabların meydana çıxması çağdaş Venesuela poeziyasına, sözün həqiqi mənasında, yeni nəfəs gətirib.
Azərbaycan oxucusuna təqdim ediən “Külə dönmüş çay” kitabı öz dəsti-xətti ilə seçilən şairin (hələlik) sonuncu poetik nəşridir. Yanıb külə dönmüş (assosiativ olaraq Komala və ya Makondonu xatırladan) çay, təbii ki, xəyali obraz, yaddaş partlayışından sonrakı mənzərədir. İkinci şəxsin dilindən müəyyən ardıcıllıqla yazılmış şeirlərdə müəllif sanki itkin çayla birlikdə yoxa çıxmış xatirələrin ipucunu tapmaq üçün bir işartı, hafizələrdən silinmiş zamanı, insanları, hadisələri, doğma simaları təzədən yerinə qaytarmaq üçün özünə həmsöhbət axtarır. Yaddaş haçansa mövcud olub-olmadığı bilinməyən yanıb külə dönmüş çayı, zamanın metaforik şəkildə geridə qoyduğu dövrü inadla xatırlamağa çalışır. 

Yenililklər
05.07.25
Karakasda poeziya festivalı - Mahir N. Qarayevlə müsahibə
03.07.25
Nəriman Əsədov - Ağlımı başımdan alır qamətin
02.07.25
Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı çap olunub
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.