Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
21.04.25
Şəfəq Nasir – sözdə həyatın rəngini, insanlarda isə mənəvi dərinliyi görən, jurnalistika və ədəbiyyatın kəsişdiyi yolda qələmiylə iz buraxan simalardandır. Onun taleyi, elə uşaqlığından başlayaraq köç, itki, zəhmət və ümidlərlə toxunmuş bir xalçanı xatırladır. Valideynləri 1950-ci ildə Qərbi Azərbaycandan “könüllü köçürülmə” adı altında Azərbaycan torpaqlarına – Mil düzünə, Beyləqana (keçmiş Jdanov) pənah gətirdikdə, Şəfəq hələ dünyaya gəlməmişdi. Amma o ruhun köçü, o yurdsuzluq yanğısı onun yazılarına, hisslərinə hoparaq bütün yaradıcılığının əsasında dayandı.
Şəfəq Oktay Məmmədovun ailəsində dünyaya göz açdı. Ədəbiyyatın və poeziyanın sehri ilə böyüyən Şəfəqin atası ona “Şəfəq” adını verdi – bəlkə də qaranlıqları yaracaq bir işıq kimi doğulacağını əvvəlcədən hiss edərək. Uşaqlıq illəri nizam, qayda içində keçdi; ailəsinin xüsusi tərbiyə sistemi, gələcəyə hazırlıq üçün qoyduğu təməl, onu erkən yaşlarından zəhmətə, məsuliyyətə alışdırdı. Bağda, bostanda çalışa-çalışa ilk sevgisi – təbiətə olan məhəbbəti də orada cücərdi.
Yazı, müşahidə, duyğu… Şəfəq Nasirin daxili aləmində sözə çevrilərək ifadə olunan bu keyfiyyətlər onu həyatın hər çalarını düşünən və onu sözlə ifadə edə bilən bir yaradıcıya çevirdi. Üç yaşından etibarən şeirlər əzbərləyən, düşüncələrini qəzet səhifələrinə çıxaran bu qızcığaz, illər sonra jurnalistikanın yüksək pillələrində yer alacaqdı.
Şəfəq Nasirin taleyində Qərbi Azərbaycan kökləri dərin iz buraxıb. Valideynləri 1950-ci ildə iki körpə balaları ilə birlikdə Qərbi Azərbaycandan “könüllü köçürülmə” adı altında Azərbaycanın Mil düzündə yerləşən Beyləqan (keçmiş Jdanov) rayonuna məskunlaşdırılıb. Bu köç təkcə fiziki məkana deyil, həm də yaddaşlara, dəyərlərə və mənəviyyata uzanan bir yol idi. Elə bu yolun başlanğıcında, müəllim Oktay Məmmədovun ailəsində dünyaya göz açan Şəfəq, atasının ona verdiyi adla sanki tale yükünü də daşımağa başladı. Romantik təbiətli atanın qəlbindən süzülən bu ad, illər sonra qələm sahibi olan qızının imzasına çevriləcəkdi.
Uşaqlıq illəri zəhmət, nizam və ailə nəzarəti içində keçdi.. Həyatla ilk tanışlığını mərhəmət, qayğı,bağ-bağça, içində yaşayan bu qızcığazın qəlbində ilk sevgi – təbiətə, gözəlliyə və sözə olan aşinalıqla çiçək açdı. Elə bu illərdə saralmış yarpağa, incə bir çiçəyə və daşların sakitliyinə belə duyğulu yanaşa bilən bir təxəyyül formalaşırdı.
Azərbaycan publisistik düşüncəsinin müasir mərhələsində fərdi üslubu və çoxşaxəli mövzu palitrası ilə seçilən yazarlardan birioldu. Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin 2024-cü ildə nəşr olunan “İdrak işığında” adlı fundamental toplusu, müəllifin son illərdə müxtəlif mətbuat orqanlarında dərc edilmiş publisistik məqalələri, xatirə-esse nümunələri, ədəbi tənqidi yazıları, müsahibələri və ovqat yazılarını əhatə edir. Kitabda toplanmış materiallar yalnız ədəbi-düşüncə tariximizin arxivini yaratmaqla qalmır, eyni zamanda çağdaş milli-ictimai yaddaşın formalaşmasına da ciddi töhfə verir.
Publisistika bir dövrün mənəvi simasını, ictimai təlatümlərini, xalqın ağrılarını və zamanın suallarını əks etdirən ən çevik və dinamik ədəbi janrdır. Şəfəq Nasirin publisistik yazıları milli yaddaşın dirçəldilməsi, tarix və şəxsiyyətlərin öyrənilməsi, Qarabağ həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunması yönündə böyük əhəmiyyət daşıyır.
Kitabda müəllifin son illərdə yazdığı publisistik məqalələri, esse və müsahibələri bir araya gətirilir və aşağıdakı bölmələr üzrə qruplaşdırılıır; “Azərbaycan tarixinin şanlı səhifəsi”, “Qərbi Azərbaycan amalı”, “Qarabağ səhifəsi”, “Ədəbi tənqid”, “Xatirə-esse”, “Müsahibələr”, “Ovqat yazıları”.
Bu bölmələrdə müəllif Azərbaycanın ictimai-siyasi taleyinə təsir etmiş önəmli tarixi hadisələri analitik təhlil edir. Xüsusilə Qarabağ Zəfəri, Xocalı faciəsi, “Qara Yanvar” dialoqu, şəhid ailələri, vətən uğrunda mübarizə aparan- daha bir şanlı səhifəsi yazan Azərbaycan əsgərinin vətən savaşında göstərdiyi igidliklər kimi mövzulara diqqət çəkilir.
Bu yazılar yalnız informasiya deyil, həm də emosional-yaddaş yükü daşıyır və oxucunu həm düşündürür, həm də hissə kökləyir.
Bu yazılarda Şəfəq Nasir milli tariximizin mühüm məqamlarını, xüsusən Qarabağla bağlı hadisələri həm sənədli, həm də bədii-publisistik rakursda təhlil edir. “Ədəbi ovqatımızda Qarabağ zəfəri”, “Bülbülcan ocağının ecazı ışığında”, “Bir nağıl ömrü yaşayan sənətkar” kimi yazılar müəllifin Qarabağ məsələsinə həm vətənpərvər, həm də ədəbi-estetik baxışla yanaşdığını göstərir. Bu məqalələr milli dərk və şüurun formalaşmasında publisistikanın rolunu nümayiş etdirir.
Müəllif “Ədəbi tənqid” bölməsində Mirzə Cəlil, Cabbar Əsgərzadə,Mir Cəlal Paşayev, Rəsul Rza, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Fikrət Qoca Xəlil Rza kimi ziyalıların ədəbi irsinə elmi-nəzəri yanaşmalar təqdim edir.
Şəfəq Nasirin ədəbi-tənqidi yazıları – “Cabbar Əsgərzadə-Bağçaban və onun mənzum hekayələri”, “Mirzə Cəlil və Molla Nəsrəddin xatirələr aynasında” kimi məqalələrdə müəllif təkcə ədəbi şəxsiyyətləri deyil, həm də onların dövrünü və ideoloji dünyagörüşlərini işıqlandırır. Tənqidçi mövqeyi subyektiv simpatiyadan uzaq, obyektiv faktlara əsaslanan interpretasiya ilə zənginləşir. Bu yazılarda publisistin həm də bir ədəbiyyatşünas kimi hazırlığı və mətnlərə yanaşma bacarığı aydın görünür.
“Lək-lək” jurnalının redaktoru Cabbar Əsgərzadə-Bağçabanı bizə dövrünün tanınmış böyük uşaq yazıçısı kimi yaxından tanıdır,əsərlərini təhlilə cəlb edir.
O, ədəbiyyatın ictimai funksiyasını və milli oyanışdakı rolunu dəyərləndirərək müasir oxucunun düşüncə tərzinə uyğun tənqid modelini təqdim edir.
“Xatirə-esse” bölməsində müəllifin duyğusal, nostalji və fəlsəfi-psixoloji dərinliyə malik esseləri yer alır. “Bütün zamanların çağdaşı: Cavad Heyət”, “Qatarından ayrılan durna”, “Yellənir içimdə bayraq yaddaşım” kimi yazılar müəllifin keçmişə yönəlmiş, lakin gələcəyə işıq tutan fikirlərini, şəxsiyyət kultuna çevrilən insanlarla bağlı ədəbi-publisistik münasibətini ehtiva edir. Dost itkisi ağır olur; Mehparə Axundova,Vəsilə Usubova, Fərqanə Mehdiyeva kimi yaxın dost və rəfiqələriniə həsr etdiyi kədərli elegiyadır.
“Xatirə-esse” janrında qələmə aldığı məqalələr onun həm təfəkkür, həm də hiss müəllifi olduğunu sübut edir. Şəxsi ailə xatirələrinə, dövrün simalarına həsr olunmuş yazılar müəllifin həm intellektual, həm də mənəvi-mədəni bağlılıqlarını nümayiş etdirir. Bu yazılar bir növ “daxili gündəlik” funksiyası daşımaqla yanaşı, cəmiyyətin ortaq yaddaşına çevrilir.
Kitabın “Müsahibələr” bölməsində şair və sənət adamları ilə aparılmış müsahibələr vasitəsilə Şəfəq Nasir həm yaradıcılıq prosesini, həm də ümumi ictimai tendensiyaları dəyərləndirir. Zivər Ağayeva, Fikrət Qoca, Sevda İbrahimova, Minəxanım Təkəli kimi şəxslərlə söhbətlər poetik düşüncə, musiqi və bədii qavrayışın sosial əsaslarını üzə çıxarır.
Zamanın canlı şahidi olan müsahibələrdə müəllif yalnız şəxsi portretləri təqdim etmir, eyni zamanda müasir ədəbi-mədəni mühitin ruhunu ifadə edir. Burada qadın yazarların yeri, poeziya anlayışı, sənət və şəxsiyyət problemi aktuallıqla qaldırılır.
“Ovqat yazıları” bölməsi müəllifin ruh dünyasına eniş üçün ən açıq qapıdır. Bu yazılar bədii publisistikanın emosional ifadə yükünü daşıyır. Mövsümi təəssüratlar, məişət müşahidələri, fəsillərin insanda oyatdığı çağırışlar, insan-mühit münasibətləri bu yazıların bədii-fəlsəfi çalarlarını təşkil edir. Müəllif burda həm müşahidəçidir, həm də qəhrəmandır.
“Payız gəlir”, “Bir payız şəhərində”, “Süleymana qalmayan dünya” Şəfəq Nasirin esseistik və lirizmə meylli publisistika nümunələridir. Burada təbiətlə insanın harmoniyası, mövsümlərin çağırışları, poetik yaddaş və fəlsəfi tənhalıq temaları ön plandadır. Bu məqalələr ədəbi publisistikanın bədii dəyəri ilə seçilir.
“Gözəllik.... Səmimiyyət... Etiraf “ məqaləsində yazır: “Ali varlıqda hissi, duyğunu, istəyi, sevgini oyadan ilk növbədə mənəvi gözəllikdir.Səmimiyyət qəlbin aynası, etirafsa bütün sevgilərin qızıl açarıdır”. Müəllifin bu aforistik fikirləri ilə razılaşmamaq mümkünsüzdür. Şəfəq Nasirin publisistik və esse yaradıcılığı çağdaş Azərbaycan publisistikasının zəngin örnəklərindən biridir. Onun “İdrak işığında” kitabı publisistika ilə tarix, ədəbiyyat, milli təfəkkür və vətəndaş mövqeyinin qovşağında formalaşmış bir mənəvi axtarış toplusudur. Müəllifin bu yazıları müasir oxucunu düşünməyə, hiss etməyə, qiymətləndirməyə sövq edir və Azərbaycan publisistikasında sözün və fikirin məsuliyyətini bir daha ortaya qoyur.
Şəfəq Nasirin “İdrak işığında” kitabında toplanan yazılar, milli şüurun təzələnməsi, tarix və ədəbiyyat yaddaşının qorunması baxımından yüksək dəyərləndirilə bilər. Onun publisistikası yalnız faktları təqdim etmir, həm də həmin faktlara mənəvi-ideoloji yozum gətirərək oxucunun fəal düşüncə iştirakına zəmin yaradır.
Pərvanə Məmmədli, Filologiya elmlər doktoru
|