Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25

Ötən ilin noyabr ayında Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalında iştirak etmiş şair və tərcüməçi Mahir N. Qarayevin səfər təəssütları.

...Xəbər mənim üçün gözlənilməz oldu. Məzuniyyətimin son günlərini Lissabonda keçirmişdim. On günlük gəzintidən sonra noyabrın 3-də axşam çağı Bakıya qayıdıb, yorğun-arğın evə təzəcə girmişdim ki, telefonuma mesaj gəldi: siz filan münasibətlə filan tədbirdə iştirak etmək üçün filan qurumlar tərəfindən Karakasda keçirilən I Beynəlxalq Poeziya Festivalına dəvətlisiniz, təcili şəkildə pasportunuzu filan ünvana göndərməyiniz xahiş olunur. 
Hər şey çox sürətlə baş verdi: noyabrın 11-də mən artıq əlimdə bilet və vizalı pasportum Bakıdan İstanbula, ordan da Karakasa uçdum. Okeanın o tayına adlamağım ilk dəfə idi: başımı qatmaqdan ötrü rahat uçaqda nə az, nə çox – düz on üç saat qırx dəqiqə ərzində iki kitab oxumalı və çox xoşladığım “Böyük Getsbi” filminə növbəti dəfə baxmalı oldum. Hələ arada vaxt tapıb tərcüməçi Aysel xanımdan ispan dilində bir neçə zəruri söz və cümlə də öyrəndim.

Karakasın hava limanında sözün həqiqi mənasında çox isti qarşılandıq. “İsti” sözü təkcə bizi qarşılayan və qısa vaxtda səmimi dostlara çevriləcək gənclərə aid deyil, daha çox havaya görə idi – üst geyimlərimizi bir-bir soyunub qısaqol köynəkdə qaldıq, bu da kifayət eləmədi, sənədlərimizi alıb, bizi kondisionerli sərin otağa apardılar və sənədlər gələnə qədər buz kimi suya qonaq elədilər.

Havanın bizdəki qədər sərin olmayacağını qabaqcadan bilirdik, amma ağlımıza gəlməzdi ki, burda Bakının avqust ayına, Karib dənizinin sahilində birbaşa çimərlik mövsümünə düşə bilərik. Hətta bizdən çimərlik paltarı gətirib-gətirmədiyimizi də soruşdular, “yox” cavabını eşidəndə təəssüfləndilər də. Heç demə, proqramın asudə vaxt bölümündə çimərlik də nəzərdə tutulubmuş. Və eşidəndə ki, bizdə də dəniz var, Bakı Xəzər dənizinin sahilində yerləşir – indicə təəssülənənlər bu dəfə bərk təəccübləndilər. Onda başa düşdüm ki, haqqımızda məlumatları çox azdır.

Zənnim məni aldatmamışdı, sonrakı görüşlərimizdə məcbur olacaqdım ki, ədəbiyyatdan daha artıq, həmkarlarımın ən adi suallarını cavablandırım, çünki bir çoxunun təsəvvüründə Azərbaycan uzaq, əlçatmaz, ekzotik bir məkan idi. Elə bu səbəbdən, ilk görüşdəncə festival iştirakçılarının diqqət mərkəzinə düşdük və bu maraq son günəcən üzərimizdən çəkilmədi.

Argentinadan, Kubadan, Uruqvaydan, Kolumbiyadan, Çilidən, Ekvadordan, Paraqvaydan, Salvadordan, Hondurasdan, Meksikadan, Boliviyadan, Perudan, Kosta-Rikadan dəvət edilən şairlərin, çeşidli kitab sovqatıyla gələn naşirlərin böyük əksəriyyəti bir-birini tanıyırdı, o cümlədən bir-birinin ölkəsi haqqında məlumatlı idi. Coğrafi mənada hamısı Latın Amerikasının ispandilli ölkələrinin təmsilçisi idi, hətta Avropada yerləşən İspaniya da kənarda qalmışdı və kənardan gələn, eyni zamanda, ispandilli olmayan yalnız biz idik. Və bizi tanışlıq üçün Hava limanından birbaşa qonaqların yığışdığı salona gətirdilər. Tədbirin rəsmi açılışı hələ iki gündən sonra olacaqdı – tam iki günümüz vardı ki, yaxından tanış olaq, aramızda ünsiyyət qurub isinişək, birlikdə şəhər gəzintisinə çıxaq, nahar və şam yeməyində bir masa arxasında əyləşək, bir sözlə, qaynayıb-qarışaq. Həm bir-birimizlə, həm şəhərlə, həm də yerli camaatla.

Şəhərdə istiqanlı, gülərüz adamlar bizi son dərəcə qonaqpərvər ruhda, əsl bayram ovqatında qarşılayırdı. Təşkilatçılıq yüksək səviyyədə idi: televiziyalar bir həftə öncədən poeziya festivalı və kitab yarmarkası barədə geniş məlumat vermiş, hər yerə afişalar vurulmuşdu. Avtobuslarımız yavaş sürətlə küçələrə çıxan kimi biz bu bayramı ovqatını canlı şəkildə izləyirdik: səkilərdəki, yol kənarlarındakı sadə insanların, Braziliya karnavallarındakı kimi, Biz və dünya çılğın, rəngarəng rəqsləri göz oxşayır, könül açırdı. Baxa-baxa fikirləşirdim ki, deyəsən, bizim yalandan adımız çıxıb, şeirsevən xalq, əslində, belə olar, kitab yarmarkasını bayrama çevirən, şair gəlişinə bu qədər sevinən, qonaqları bu dərəcədə həssaslıqla qarşılayan sadə venesuelalılar, həqiqətən, hörmətəlayiqdilər.

14 noyabr. Poeziya festivalı və kitab yarmarkasının rəsmi açılış günü. Gül-çicəklə bəzədilmiş böyük salonda iynə atsan, yerə düşməz. Bir-birini əvəzləyən rəsmi çıxışlar qətiyyən yorucu deyil, çünki natiqlərin üzündən tərcüməyə ehtiyac duyulmayan səmimiyyət və təbəssüm yağır, üstəlik, rəhbər şəxslər də, müvafiq nazirlər də, fəxri qonaq qismində dəvət edilən yaşlı ziyalılar da çox qısa və duzlu-məzəli danışırlar. Bu vaxt Venesuelanın çox hörrmətli şairlərindən biri, dünən tanış olduğum Manuel Pinto qələbəlikdə məni görən kimi dərhal üstümə şığıyır, telefonu çıxarıb tərcüməçiyə nəsə oxuyur, nəyisə izah eləyir. Arada Ramiz Rövşənin adını eşidirəm. Məlum olur ki, Pinto bizim rusdilli şairimiz Nigar Həsənzadə ilə çoxdan tanışdır, mən adda bir adamın burda olduğunu gecə Nigar xanıma xəbər verib, Nigar xanım da məni bəs deyincə tərifləyib, əminlik üçün onu da vurğulayıb ki, mən Pintonun çox sevdiyi Ramiz Rövşənlə dostam...

Necə deyərlər: nə yoğurdum, nə yapdım... bu da dilini bilmədiyin “yad” Venesuelada sənə “doğ maca” reklam! Heç demə, biz bura gələndən Manuel Pinto həmkarlarına Ramiz Rövşəndən danışır, bizi bizdən xəbərsiz təbliğ edirmiş.

Proqram üzrə hər gün tədbirin sonunda altı şair bir saat ərzində çıxış etməli, daha doğrusu, şeirini səsləndirməliydi. Mənim çıxışım elə açılış gününə salınmışdı. Bizdən, yəni məndən və Pintodan başqa, ilk şeir axşamında daha dörd nəfər şeir oxuyacaqdı: Kolumbiyadan Fernando Rendon, Venesueladan xanım Belen Oxeda, Argentinadan Karlos Aldazabal, bir də Meksikadan İvan Qruz Osorio.

Axşam saat 6-da salonda boş yer yoxdu, yer tapmayanlar divara söykənib ayaq üstdə dinləyirlər. Hər şair dörd şeir oxumalıdır. Növbə mənə çatanda zala qeyri-adi sükutun çökdüyünü dərhal hiss edirəm. Səbəb də budur ki, moderator xanım istisna olaraq şeirlərin Azərbaycanca səslənəcəyini, sonra tərcüməçiyə söz veriləcəyini elan edib. Formata görə, şairlər giriş sözü demədən, birbaşa şeirlərini səsləndirməliydi, bizsə aparıcını öncədən xəbərdar etmədən öz aramızda ssenarini dəyişmişdik. Belə ki, mən sözümə öz şeirimlə deyil, Lorkanın dillər əzbəri olan bir beyti ilə başlayır və şair haqqında beş cümləlik qısaca bir fikir söyləyirəm:

“Öləndə siz məni çay qırağında
Gitaramla qoşa basdırarsınıız...

Belə demişdi Lorka. Belə vəsiyyət etmişdi ispandilli poeziyanın 38 yaşlı şairi. Amma Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər...”

Birinci sırada hazır dayanmış Aysel xanım dərhal tərcümə edir... Deyəsən, istədiyimiz gözlədiyimizdən də effektli alınır: zalda çılğın alqışlar qopur. Təbii ki, mənə görə yox, Lorkaya görə...

Qısa bir haşiyə çıxmalıyam: bu neçə gündə müşahidə eləmişdim ki, qısaca ömrü bizim Müşfiqimiz kimi qəfildən qırılan, nakam taleyi ilə yaddaşlarda həzin, kövrək xatirəyə çevrilmiş Lorka bütün bu ispandilli ölkələrin ən sevimli şairi, onlar üçün əsl poeziyanın simvoludur. Həmkarlarımın mənə məhz Lorkanın tərcüməçisi kimi böyük sayğı duyduqlarının fərqindəydim. Bu sayğının digər səbəbi, nə qədər qəribə də görünsə, bizim ruscanı bilməyimizlə bağlı idi. İspandilli ədəbiyyatı rus dilində oxumağımız onlara heyrətamiz fakt kimi görünürdü. Söhbət zamanı rus tərcümə məktəbinin mükəmməlliyindən danışmışdım, ispandilli ədəbiyyatı ən çox rus dilindən çevirdiyimizi bildirmişdim. Lorkanı isə ispancadan sətri tərcümə əsasında, eyni zamanda, həm rus, həm də türk dilinə tərcümələrdən yararlanmaqla çevirdiyimi biləndə, heyrətlərini ifadə etməyə söz tapmırdılar. Maraq o dərəcədə güclü idi ki, şəhər gəzintisində meksikalı naşir Aysel xanıma dinclik vermədi, Lorkanın vurğunu və xiridarı olan bu gənc lorkaşünas məni şairin yaradıcılığından, ən çox da “Tamarit divanı”ndan, sözün həqiqi mənasında, imtahana çəkdi. Yaxşı ki, Valyexo və Kevedo ilə yanaşı, özümlə “Tamarit divanı” kitabının tərcüməsini də aparmışdım. Bir xeyli müddət baxdı, yoxladı, araşdırdı, az qala, misra-misra, bənd-bənd tutuşdurdu və baş barmağının işarəsilə, deyəsən, imtahandan mənə beş yazıb, yaxamdan əl çəkdi.

Qoy şeir oxyacağımı gözləyən dinləyicilər salonda bir az da gözləməkdə olsunlar, mənsə fürsət düşmüşkən bir haşiyə də çıxım.

Kolumbiyadan təşrif buyurmuş naşirlərə deyəndə ki, az qala, bütün əsərlərini çevirdiyimiz və dəfələrlə nəşr etdiyimiz Markesi bizdə öz yazıçılarımızdan çox oxuyurlar, yaxud görəndə ki, Perudan gəlmiş xanım ona hədiyyə etdiyim Sesar Valyexonun soneti çap olunmuş şəkilli səhifələrin surətini çıxarıb, nüsxələri həmkarlarına hansı həvəslə paylayır, yaxud meksikalı cavan “müəllim” dilimdən eşidəndə ki, Xuan Rulfonun “Pedro Paramo” romanı Azərbaycanda iki dəfə nəşr olunub, eləcə də Borxesin, Varqas Lyosanın, Mario Benedettinin, bu cür neçə-neçə ispandilli yazarın əsərləri bizim oxucuya çoxdan tanışdır... – təəssüf hissi keçirirdim ki, bütün bu adi faktlar barədə cüzi məlumatları belə yoxdur. Öz ədəbiyyatımızı başqa ölkələrdə tanıda bilməməyimiz bir dərddisə, dilimizə çevirdiyimiz müxtəlif xalqların ədəbiyyatı barədə onlara adicə informasiya çatdırmamağımız əsla dərd-filan deyil, sadəcə, hazırkı internet əsrində səhlənkarlıq, başısoyuqluq, bir sözlə, oz işimizə, zəhmətimizə laqeydlikdir. Buna başqa ad verə bilmirəm...

...Hə, deməli Aysel xanım Lorkanın hədiyyəsi olan alqışlar altında yerinə əyləşir. Mən üç qısa şeirimi səsləndirəndən sonra, növbə yenə Aysel xanımındır, amma o yerindən qalxmır. Hətta çaşqın moderator da ona him-cimlə işarə edir. Salonda yenə maraq dolu qeyri-adi sükut... Və bu zaman argentinalı şair Karlos Aldazabal şəstlə ayağa alxır, moderatorun təəccüb dolu baxışları altında mənim şeirimi ispanca səsləndirir... Salonda yenə sürəkli alqışlar, çaşqın moderator üçün isə xoş bir sürpriz.

Biz bu sürprizi üçlükdə düşünmüşdük. Şeirləri Aysel xanımın sətri tərcüməsi əsasında onun İspaniyada yaşayan şair tanışı çevirmişdi. Tərcümələri yarım saat əvvəl hər ehtimala qarşı Karlosa göstərəndə, şux zarafatları ilə hamının dostuna çevrilmiş bu argentinalı şair bir-iki xırda düzəliş etmişdi və birdən ağlıma gəlmişdi ki, qoy şeirləri ispanca elə özü səsləndirsin. Beləcə, üçlükdə razılaşdıq ki, aparıcı üçün sürpriz edək. Bu ideya qəfildən yarandı, görüşdən yarım saat öncə. Amma heç birimiz təsəvvür etməzdik ki, yarım saatdan sonra bizim bu balaca sürprizimiz necə yerinə düşəcək və salonu bu qədər canlandıracaq.

Bircə onu əlavə etmək qalır ki, aparıcı bu tədbirin əsas təşkilatçılarından biri və Venesuelada hamının sevimlisi olan Anna Maria Palomares idi...

Bir saatlıq görüş saat yeddidə başa çatanda o da ağlıma gəlməzdi ki, bayırda daha bir saat həm dinləyicilərin, həm də həmkarlarımın çoxsaylı suallarına cavab verməli olacam. Sadə oxucuların, eləcə də festivala dəvət olunmuş ziyalıların şeirə bu dərəcədə həssas yanaşdığını görmək, az qala, hər sözə, hər fikrə münasibətlərini öz dillərindən eşitmək, əlbəttə ki, xoş idi. Üstəlik, Honduras Milli Kitabxanasının direktoru Armando Maldonado məni apreldə öz ölkələrində keçiriləcək oxşar festivala dəvət edir, koordinatlarımı artıq tədbirin təşkilat komitəsinə göndərdiyini və razılıq aldığını israrla bildirir...

Növbəti gün həmin saatda daha altı şair çıxış edəcəkdi. Çox təəssüf ki, mən onların şeir axşamında dinləyici ola bilmədim. Amma bu məndən asılı deyildi. Unutdum deyəm ki, bizim görüşlərimiz barədə yerli kanallarda informasiyalar gedir, süjetlər göstərilirdi. Özümüz izləyə bilməsək də, xəbər tuturduq. Nahardan sonra ayrı-ayrı dörd telejurnalistə müsahibə verməli oldum. Növbəti gün daha beş jurnalist – biri qəzetdən, biri saytdan, biri televiziyadan, ikisi də radiodan. Beləcə, dostların növbəti şeir axşamını da buraxmalı oldum. Nədənsə ən böyük diqqət bizə yönəlmişdi, həm bu dəfə jurnalistlərin sualları təkcə poeziyadan olmurdu. Belə də demək olar: suallar həm də poeziyadan olurdu.

Mən bir yana, ilk günlər kubalıların kubalı, salvadorluların salvadorlu, uruqvaylıların uruqvaylı bildiyi Aysel xanım əməlli-başlı yorulmuşdu. Yaxşı ki, venesuelalı şairə xanım Belen Oxeda vaxtaşırı köməyə çatırdı. Bu qadın sovetlər dönəmində Moskvada altı il musiqi təhsili almışdı və rus dilini bilməsi hərdən qanımızın arasına girirdi.

Yeri gəlmişkən, venesuelalıların rus ədəbiyyatına, xüsusən rus poeziyasına marağı hədsizdir. Kolumbiyadan gəlmiş çox istedadlı xanım Regina Sepulveda Boqotada nəşr edilən bir sıra poetik almanaxlarla yanaşı, müasirlərinin Marina Svetayevaya ithaf etlikləri şeirərdən ibarət nəfis toplunu nümayiş etdirirdi. Kitabın tərtibatına söz ola bilməzdi, xanımın nigaranlığı yalnız Svetayeva soyadının ilk hərfi sarıdan imiş... Belə ki, kolumbiyalılar rusların Ц hərfini iki hərflə – Ts şəklində yazmağa məcbur idilər və məndən bunun səhv olub-olmadığını soruşurdu. Mən də onu düz yazdıqlarına əmin edib toxtaqlıq verdim. Elə sevindi ki, hətta kitabı mənə bağışlamaq istədi, amma götürmədim, onu dünyada ən çox sevdiyi şairdən (özü belə demişdi) ayırmaq istəmədim. Heç demə, mənim bu jestim həssas qadını əməlli-başlı təsirləndirib. Ertəsi gün otelin foyesində yaxınlaşıb Emili Dikinsonun kitabını hədiyyə etdi və mənə paxıllıq etdiyini, Svetayevaya qısqandığını bildirdi. Düzü, bir şey anlamayıb təəccübləndim. Belen Oxeda yenə qanımın arasına girib səbəbini belə izah elədi: demək istəyir ki, siz onun sevimli şairini öz dilində, rusca oxuya bilirsiniz....


Anna Maria Oviedo Palomares

Və onun “Söyüd kralliği” kitabi haqqinda düşüncələr.

Poetik bir misra kimi səslənən bu gözəl adın sahibi dəyərli bir xanım, tanınmış Venesuela şairidir. Azərbaycan oxucusuna Venesuela şairlərindən Andres Bello, Arturo Pietri, Enrike Moya kimi adlar, imzalar tanışdır, Azərbaycanda ilk dəfə kitabı işıq üzü görən Venesuela şairi isə məhz bu dəyərli xanım oldu.

Təkcə şair deyil, həm də gözəl musiqiçi və kulturoloq olan Anna xanım, həqiqətən, öz ölkəsində tanınmış bir şəxsdir. O, 2007-ci ildə Venesuela Sosialist Yazıçılarının Milli Şəbəkəsini təsis edib və qurumun rəhbəri kimi ölkəsini milli və beynəlxalq tədbirlərdə – Havanada, Karakasda, Medelində, Mexikoda, həmçinin Yunanıstanda keçirilən Poeziya festivallarında uğurla təmsil edib. Milli mədəniyyətin dünyada uğurlu təbliğinə görə 2022-ci ildə Venesuelada keçirilən XVI Dünya Poeziya Festivalında Əməkdar Şair fəxri adına layiq görülüb.

Müəllifin “Od və kül”, “Duz çiçəyi”, “Dualar”, “Otuz yeddi mahnı və bir sevgi” kitablarında toplanmış əsərləri indiyəcən ərəb, italyan, yunan və portuqal dillərinə çevrilib. İndi artıq Azərbaycan oxucusu da bu gözəl şairin şeirlərini, “Söyüd krallığı” kitabını öz dilində oxuya biləcək.

Əminəm ki, bu nəşr oxucularımız tərəfindən maraqla qarşılanacaq. Əvvəla ona görə ki, oxucu Venesuela poeziyasının mənzərəsi ilə daha geniş ölçüdə tanış ola biləcək, digər tərəfdən, kitaba daxil edilən şeirlərdə yaxın keçmişimizdən bizə yaxşı tanış olan müharibə, qaçqınlıq, köçkünlük mövzuları üstünlük təşkil edir. Misal olaraq bir neçə nümunəni diqqətinizə çatdırmaq istəyirəm:

Əslində, mən
mahnılar diyarından,
melodik sözlər ölkəsindənəm,
Bu gün isə
müharibənin bu qızğın vaxtında
çarəsiz bir nida,
gərəksiz, faydasız bir duayam...

yaxud:

Çiçəklərini göz yaşı kimi tökən
söyüd krallığında
bir ağacın yarpaqları
arasında gizlənmişdim.
Qəmli adamlara baxıb
mən də qüssələnmişdim.
Dərdim həminki idi,
acınacaqlı dərilərdən
ən betəri mənimki idi.
Ağzını çar-naçar,
yalnız küləyin köməyi ilə açan
acınacaqlı analar
çörək paylayırdı ac uşaqlara...

yaxud:

Otuz beş min səs
səhər-axşam mənimlə danışır
okeanın dibindən.
Arxa planda
uşaqların
qumda gəzdiyini görürəm –
bəlkə də, analarını axtaran
itkin uşaqlardır...

yaxud:

Onlar
başqa heç nəyə baxmırdılar,
çatışmayan bir udum havanı da
axtarmırdılar.

Qarşı sahilə çatmaqdan başqa
heç nə gözləmirdilər.
Qumda iz buraxmaqdan başqa
bir şey istəmirdilər.  
Amma nə yaxşı ki, müharibənin dəhşətlərini qələmə alarkən müəllif pessimizmə apılmır, hər şeyin yaxşı bitəcəyinə inanır, buna nikbin ovqatla ümid edir:

Mənə sülhdən danış,
barışdan danış.

Meyvə gətirənə qədər
böyüyən ağaclardan,
aydın səmadan danış...

Kitabı bizim oxucu üçün maraqlı edəcək digər vacib nüans isə onun şərq motivlərinə köklənməsidir. İspandilli poeziyada biz bunun ən bariz nümunəsini Qarsia Lorkanın sırf şərq motivləri əsasında yazdığı “Tamarit Divanı” kitabında görmüşük. Eyni münasibəti Anna xanımın şeirlərində də aşkar müşahidə edirik. Elə onun sonuncu şeirlərinin toplandığı “Söyüd krallığı” kitabının leytmotivini açıqlayan epiqraf da Mahmud Dərvişdən gətirilib: “Qamçıların, zəncirlərin ağırlığı altında bir milyon quş döyüş himni bəstələyir qəlbimin budaqlarında...”

Bu təsadüfi deyil, çünki kitabdakı üç fəslin biri “Nakba” (ərəb dilində “fəlakət” mənasını verən bu termin daha çox fələstinlilərin köçünü göstərmək üçün istifadə olunur), digəri “Hayma” adlanır. (Hayma – Şimali Afrikada köçəri xalqların istifadə etdiyi çadırdır). “Yəmən”, “Somali çobanı”, Birhürgüclü dəvə”, “Melfa” (Qərbi Saharada qadın geyimi) şeirləri də bu qəbildəndir.


Palomares poeziyasindan bir neçə nümunə:


Nakba

Havada
qoxusu qalıb
saçlarına taxdığı güllərin.
Hər şey
keçib gedəndən sonra,
dünya dağınıq halda,
qarışıq vəziyyətdə olanda
hər şeyi unudur hamı –
külə dönən həyat naminə
qorxular haqqında
danışmağı yox,
susmağı üstün tutur hamı.


***
Cəhənnəm küçələrində
tapılmış bir daşam,
Yaxşı niyyətlərin
yolunu çətinləşdirmək
üçün atılmışam.
Mən bir divarın
üstündən atılanda,
Digər divardan güllələr
qayıdır.


Birhürgüclü dəvə

Birhürgüclü dəvə
dərin sığınacaq kimidir.
Qiymətli evlərin divarları
onun dərisindən tikilib.
O evlər ki
səhrada işıq zərrələri kimidir.

Saharanın qumları
sənin ağ südünlə,
qırmızı qanınla suvarılıb.
Sən bizi belində aparansan,
Sən bizimçün otlaqların
yolunu tapansan.
Sən bizə suyun sirrini açansan.
Sən bizə vəfalı dost,
müdrik qardaşsan.


***
Bütün adları kim bilə bilər?
Qəbir daşını kim düzəldəcək?
Mələk çiçəkləri hara qoyacaq?
Hara?
Ölüm küçələrdə,
məktəbdə, parklardadır,
Ölüm meydanda,
göyərçinlərdə və zeytun
ağaclarındadır.
Ölüm sevdiyimizdə
və axrıncı sığınacaqdadır.
Ağlayıb sakitləşmək üçün
uyğun bir yer varmı?
Daima artan
və dayana bilməyən
ağlaşma səsindən
hara qaçmaq olar,
hara?


Somali çobanının şeir istəyi

Mənə təskinlik ver.
Səndən təskinlik istəyirəm.

Vaxt var idi bütün boşluqları
doldururdun,
həyat bizim üçün sanki
bir mahnı idi –
dəftərə köçürməyə
macak tapmadığmız bir mahnı.
Mənə təsəlli ver.
Təsəlli vemirsənsə,
niyə gəlmisən?
Riyakarsan,
mənim təriflərimdən
uzaqlaşırsan.
Heç nə edə bilmirsənsə niyə
gəlmisən?
Hər söz itkidir.
Gərəksiz, faydasız möcüzədir.
Mənə təskinlik ver.
Mənə təskinlik ver.


***
Bir qum dənəsinin
çəkisi nə qədərdir?
Vətənimdə bulud kölgəsinin belə
dəqiq çəkisi var.
Bir damla suyun çəkisi
nə qədərdir?
Göz yaşı üstünə düşəndə
daşın əyilməsi
xalqımın susuzluq ölçüsüdür.

Dyunlarda günəşə baxmağın
qiyməti nə qədərdir?
Qayıdış naminə
bir-birini sevənlərin
qanıdır qiyməti.
Heç vaxt görmədiyimiz gülü
necə təsəvvür edirik?
Fırtına bizə kifayətdir,
Açıq yaranın qırmızı işığı
bizə kifayətdir.
Bu işığın qurub zamanı çəkdiyi
səhra bizə kifayətdir.


***
Burada dayanıb
nəhəng yüksəkliklərdən düşən
ulduzları seyr edirəm.
Hər dəfə ürəyimdə
səssizcə eyni arzunu tuturam.
Əslində, mən
Mahnılar diyarından,
melodik sözlər ölkəsindənəm,
Bu gün isə
müharibənin bu qızğın vaxtında
çarəsiz nida,
faydasız bir duayam

Xəzər jurnalı, 2025, N1

Yenililklər
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.