Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
27.08.24
Bu yaxınlarda Şuşa ziyarətinə gedəndə köhnə tanışım Kərim Kərimli ilə də orada görüşdük. Ordan-burdan söz açdıq və Kərim bəy maraqlı bir fakt söylədi. Ki, Nəsiminin tədqiqatçısı olan bir alman müəllifi Şuşa, Qarabağ haqqında kitab yazıb və Almaniyada nəşr olunan o 500 səhifəlik kitabda mənim hekayələrimdən ikisi təhlil olunub. Kərim bəy bir qədər tərəddüdlə dedi ki, fəqət hekayələrinizdəki faktları ola bilsin ki, alman müəllif düz anlamayıb və onun təhlili məni şübhələndirdi... O da məlum oldu ki, alman müəllifin kitabı Bakının tanınmış nəşriyyatlarından birində (təbii, o adını çəkdi, fəqət mən burada getməsini rəva bilmədim, ola bilər ki, nəşriyyat sirri-filan olsun) həmin kitab tərcümə olunub və yaxın zamanlarda nəşr olunacaq. Mən alman müəllifin və kitabının adını öyrəndim: Michael Reynhard HeB “Schuschas vermachtnis”. Bakıya dönən kimi bu maraqlı faktı feysbukda paylaçdım: ”Almaniyada belə bir kitab işıq üzü görüb. Məsələ burasındadır ki, Şuşadan, Qarabağdan bəhs edən kitabda mənim "Müharibə uşaqları" (Alatoran yayınları, 2014) adlı silsilə hekayələrimdən ikisi - "Təpik" və "Biz ayrı yerdə övc eləmirik" hekayələrim geniş təhlil olunmuş, hətta hekayələrdən fraqmentlər də verilmişdir. Qəribə orasıdır ki, alman müəllif mənim haqqımda sanki keçmiş zamanda danışır, guya məlumat almağın çətinlikləri ilə üzləşir. Düzdür, mənim mətnlərim almanca çap olunmayıb, amma rusca, türkcə kitablarım var ki! ABŞ-da çıxan nəsr antologiyasında bir hekayəm verilmiş, haqqımda bilgi də qoyulmuşdur. Ən azı o mənbələrdən bilgi almaq olardı... Nə isə, müəllifə təşəkkür edirəm. Və oxuculara onu da bildirim ki, müəlliflə əlaqə qurmağa çalışırıq, yəqin ki, yaxında daha geniş məlumat verəcəyəm...” Bir qədər sonra sözügedən kitabın Bakıda çapa hazırlanan tərcümə variantı haqqında geniş məlumat əldə etdim. Daha doğrusu, kitabda mənim özüm və hekayələrim haqqındakı təhlillərlə tanış oldum. Təəssüf ki, kitab çap olunmadığından mən həmin materialı yayımlaya bilmirəm. Sadəcə, mənim yaradıcılığımla maraqlanan tədqiqatçılara bu hada məlumat verdim. Eyni zamanda feysbukdan her Mikael Reynhardı tapıb tanış oldum. Feysbukda dost olduqdan sonra sərbəst danışdıq da. (O, bizim dili yaxşı bilir.) Hekayələrimi təhlil etdiyi və kitabına saldığı üçün təşəkkür etdim. Onu da soruşdum ki, nədən hekayələrdən “Təpik” düzgün təhlil edilməyib? Axı hekayədə kirov götürülən ermənini bizimkilər ermənilərdə girov olan azərbaycanlını xilas etmək üçün tutmuşdular və sair. Və dedim ki, mənim tərcümeyi-halım haqqında nədən keçmiş zamanda, özü də mifik bir tərzdə bəhs olunub? Axı mən Bakıda yaşayıram və məni asanlıqla tapmaq olardı? Özü deməsə də, anladım ki, onun soruşduğu mənbələr mənə qarşı “çox həssas” imişlər. Ona görə də “Qaradǝrǝlinin həyatı haqqında çox az şey məlumdur” cümləsi kitabda qırmızı xətlə keçir... O da məlum oldu ki, alman müəllif Xocalı faciəsini soyqırım kimi kitabında versə də, guya Osmanlı zamanında “baş vermiş” uydurma “erməni soyqrımı”ndan da soyqırım kimi bəhs edib və sair. Onu da əlavə edim ki, kitab haqqında Almaniyadakı dostlarla əlaqə saxlanılıb və yaxın zamanda kitabın əldə edilməsinə çalışacağam. Yalnız bundan sonra kitabda mənim və hekayələrim haqqında getmiş 5 səhifəlik materialın da orjinalını və tərcüçəsini yayımlayacağam. Və sonda. Kitab haqqında amazon saytında da tanış olmaq olar. (https://www.amazon.de/Schuschas-Verm%C3.../dp/3947057067)
Təəssüf ki, hələlik bundan artıq məlumat verə bilmirəm. Tezliklə daha ətraflı məlumat verməyə çalışacağam.
|