Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
11.07.24
Yazıçı Azad Qaradərəlinin əsərlərinin beşinci cildi çapdan çıxmışdır.
Külliyyatının bu cildinə bir roman və bir neçə hekayə daxil edilib. “Cülyettanın sağ döşünə toxunmaq” bir sevgi romanıdır. Bütün zamanlarda var olan sevginin ölmüş olduğunu düşünənlər bu əsəri oxusalar, yanıldıqlarına əmin olacaqlar. Bir çoban qızı ilə kolxoz sədri oğlunun nakam məhəbbəti əsərin baş mövzusudur. Valehin ailəsi, qohum-əqrabası onun sevgisinə qarşıdır. Bu bəs deyilmiş kimi, bütün rayon, az qala bütün respublika onları ayırmaqda israrlıdır. Kor tale də sevənlərə qarşı çıxır – artıq evlənən və bir uşaqları da olan bu cütlük, qəzaya düşür. Valeh 17 il komada qalır... Bu illər ərzində nələr olur, nələr olmur!...
Əsərdə şimşək kimi çaxıb sönən bir obraz da var – yazıçı Rafiq Tağı və onun qətli əsərdə özəl bir şəkildə təsvir olunub. Roman “Yazı” dərgisində hissə-hissə yayımlanmışdır. Kitab halında ilk dəfə çap olunur.
“Yuxarıda kim var?” uzun hekayəsi isə 90-cı illərin təlatümlü günlərindən bəhs edir. Əsər Səməd Behrəngi və Eldar Baxışın xatirələrinə həsr olunub.
Kitabın sonunda barıt qoxulu hekayələr və müəllifin nəzəri düşüncələrini əks etdirən “Yazıçı taleyi və yazıçı mühiti haqqında bir neçə söz” adlı esse də verilmişdir.
"Qanun" nəşriyyatında işıq üzü görən kitabın redaktorları Sevinc Elsevər, Mübariz Örən, tərtibçiləri isə Vaqif Osmanlı və Türkan Azadqızıdır.
|