Azad Qaradərəli - Şəhid toyu
03.05.24
Hekayə
Gənclik dostum Oktyabr İskəndərova
Yavaş-yavaş yasa gələnlər, sonra qonum-qonşu çəkilib getdi, hökümət adamının da, jurnalistin də ayağı qapıdan kəsildi, ortada oğul dərdi boyda amansız bir boşluq qaldı. Rasim o amansızdan qorunmaq üçün vurnuxdu, çölə çıxdı, içəri girdi, həyətdə büzüşüb oturdu, təzə başladığı siqaretin tüstüsünü sinəsinə çəkdi, arvadı Zivər kimi neçə vaxtdır səsi batmış traktorunun başına fırlandı, amma o boşluğu dolduracaq heç nə gözünə görünmədi. Və birdən yadına nəsə düşüdü, büzüşdüyü yerdən qalxdı, gəlib əli qoynunda məhəccərə söykəli qalan Zivərin qənşərində dayandı: -...Oğluma toy eliyəcəm... -Rasim, qurbanın olum... Belə eləmə... Yoxsa, ikimiz də havalanacıyıx... – Qadın dra-dra quşu kimi cığıldadı. -Neyniyirəm ki, Zivər? Əhdim vardı... Oğluma toy çaldırmax istiyirdim, helə olmadı, belə oldu... Neynək... İndi, demirlər ki, oğlumuz cismən ölübsə də, ruhən yaşıyır, mən də oğlumun cisminə yox, ruhuna toy vurduracam... İntəhası, gəlin olmuyacax, neynək, olmasın... Mənim oğlum bax, bu dağların, bu çayparanın qəhrəmanı dəyil? Qəhrəmanıdı! Vəzifəlilər, jurnalistlər, tələbələr, məytəblilər hər gün bizə gəlib şəkil çəhdirmirlər, çəhdirirlər... Demirlər ki, indi Fərman tək mənim oğlum dəyil, həm də bütün elin oğludur, neynək, qoy heylə olsun; o el yığışsın, mənim arzumu ürəyimdə qoymasın... Fərmana bir toy çaldırım ki, sədası külli Qarabağa yayılsın... Oğlumun aldığı o torpaxlar o toyun səsin eşidib, səvinsin... Zivər bir yerdən yumub, min yerdən tökdü. Göz yaşı üzündən axıb sinəsinə, oradan da döşlərinin arasına doldu, oğul dağından yanıb kül olan, təkcə qadınlığını deyil, adi insani davranışlarını da yadırğayan bu xanım-xatın qadının əti ürpəşdi, oğlunun ölümündən ötən bu otuz beş gündə ilk dəfə özünü qadın kimi hiss etdi – göz yaşı döşünün giləsinə toxunub, onun qadınlıq heysiyyətini oyandırmışdı. -Uuuuuyyyy!-qışqırıb qiyyə çəkdi. Əllərini aparıb gizildəyən döşlərini sıxçaladı, bu təmasdan utanıb ərinin yanında günaha batmış kimi silkindi. Rasim arvadının nə hala düşdüyünü görüb, oturduğu yerdə əyildi, qadınının ağ maya döşlərinin arasın dırnaqları ilə didim-didim etdiyini indi gördü və əllərini qaldırıb başına çırpdı. Zivər ərinin onun haldan-hala düşməsinə dözməyib, özünə xəsarət yetirəcəyindən qorxaraq düyməsi açılmış yaxasını düymələdi, qolunu ərinin boynuna saldı. (Zivər nə qədər azdanışan, ağırtaxtalı, götürümlü qadın idisə, əri bir o qədr dilli-dilavər, qılıqlı, adamayovuşan idi. Adi traktorçu olsa da, kənd kitabxanasında oxumadığı kitab qalmamışdı. Elə ki, Zivərlə evləndilər, müəllimlik oxumuş xanımının cehizinin içərisində iki at yükü kitabın da olduğunu görəndə daha ürəkdən sevinmiş, rayon mərkəzinə gedib yaxşı bir kitab rəfi almışdı. Və özünə söz vermişdi ki, hər maaşda rayon mərkəzindəki kitab mağazasından çoxlu kitab alıb, evlərində qiymətli bir kitabxana düzəldəcək... Atası tez vəfat etdiyindən məktəbi doqquzacan oxuyub, mexanizator kursuna girən, sonralar rayonun tanınmış traktorçusu olan Rasim təhsil ala bilməsə də, oxumaq həvəsi onu kitablara bağlamışdı. Bəlkə də, elə buna görə, saatlarla traktorla səssiz-səmirsiz yer sürən, mala çəkən, kombaynla taxıl biçən bu gənc evə dönən kimi dil qəfəsə qoymur, gün ərzində çöl-bayırda gördüklərini, traktorla tarlada etdiklərini bəlağətli bir dillə xanımına danışır, hətta oxuduğu kitablardan yadında qalanlardan əzbər də söyləyir, avazla oxuyur, bəzən də qol götürüb oxuya-oxuya oynayırdı:
Rasim çıxdı dağ döşünə, Səhər vaxtı gülə-gülə. Sağ əlilə sol dğşünə Bir gül taxdı gülə-gülə... Heyyyyyyyyyyyyyyyyyy.......
Sonra da dağ-dərədən yığdığı güllərdən bağladığı qomu sevgili arvadına verər, onu qucaqlayıb öpərdi. Zivər bundan nə qədər xoşhal olsa da, həttənərdi ərinə:”Ayıbdı, biz kənddə yaşıyırıx... Görənlər nə deyər?! Bir az ifallı ol...” Kimə deyirsən? Rasim daha da coşur, xanımına olan eşqini oxuduğu kitabların təsiri ilə yazdığı şeirlərlə daha böyük vüsətlə bildirməyə çalışırdı:
Sən doğulanda ellər adına Zivər dedilər, Sonra böyüyüb, Rasimi sevər dedilər!..
Beləcə, bu iki aşiqin sevgisinə elə bil göz dəydi. Ailə qurmalarından üç il ötsə də, hələ də uşaları olmamışdı. Özü kefsizləyən Zivər, ərinin get-gedə azdanışan olmasından ehtiyat etməyə başladı. Və bir gün onlar gəzmək adı ilə məzuniyyət dövründə Bakıya yollandılar. Uzun müayinədən sonra həkimlərin məsləhəti ilə Zivər klinikada on gün yatmalı oldu. Elə Rasimə də xeyli dava-dərman yazmışdılar. Müalicə bitən kimi evlərinə döndülər və təxminən bir ay keçməmiş Zivərin boyuna uşaq düşüd. Bir görəydiniz qaradinməz olmuş Rasimin dili necə açılmışdı! Az qala hər gün şeir yazır, tarktorunu da mahnı oxuya-oxuya sürürdü. Fərman doğulandan qırx gün sonra isə həyətlərində əməlli-başlı toy şənliyi kimi qonaqlıq məclisi təşkil etdi. Kəndin qarmonçalanı Lətif çalır, Rasim özü isə həm oxuyur, həm oynayırdı. Dəvət olunan qonaqlar əvvəl bir az utanlb-çəkinsələr də, dillərinə içki dəyəndən sonra ortalıdan çıxmadılar... Camaat uzun müddət Rasimin oğlunun qırxı günündə etdiyi o şənlikdən danışır, gülüşürdülər... Fərman – Rasim oğluna rəhmətlik atasının adını qoymuşdu – məktəbə gedəndə də Rasim qonaqlıq eləmək istədi, amma bu dəfə Zivər onu bu istəyindən daşındırdı. “Özümüz süfrə açarıq, sən bacılarını, bacın uşaqlarını çağırarsan, mən də bizimkilərə deyərəm, gələrlər... Day çox haray-həşir lazım dəyil...”) -Rasim, yadındadı, - qadın batmış səsi ilə gücənə-gücənə danışdı, - nə qədər həkimə-doxtura getdik ki, heç olmasa, bircə də uşağımız olsun, olmadı... Rəhmətlik anan nə demişdi onda:”A bala, allahın məslahatı nədi, odu. Allah məsləhat bilsə, bir ağacın kölgəsində min baş qoyun yatar. Qaxılın, outrun yerinizdə, o allah payını saxlıyın...” -Biz neynədik, ay Zivər? Saxladıx, oxutdux... İnstututu bitirən kimi evləndirəcəydik, olmadı... Vətən bizdən şirin çıxdı. İndi mən yandığımnan televizorda dedim ki, könüllü getdi oğlum, mən də get, bala, yolun açıq olsun, dedim... Amma allah da şahiddi, sən də şahidsən ki, mən bir gecə səhərəcən yalvardım ona... Sən də ağlayıb-sızladın... Hələ dedin ki, qoy atan getsin sənin əvəzinnən, amma uşax razı olmadı... Bizi eşitmədi... “Vətən çağırır” dedi. Bəs Vətən bilmirdi ki, o bizim bircə balamızdı?!. Yox e, yox! Mən ona toy çaldırmasam, o toyda qol götürüb oynamasam, ürəyim partalar... Zivər etmə, eləmə dedi, Fərman eşitmədi. “Toy çaldıracam” deyib quyruğunun üstdə durdu. Axırda Zivər kəndin ağsaqqalı Təhməz kişinin yanına getdi. Dedi, ay Təhməz dayı, sən bizim kəndin başbilənisən, güman yerimizsən, hamıya məsləhət yeri olmusan. Hal-qaziyə belədi ki, bizim Rasimin beyninə bir fikir girib, deyir oğluma toy çaldıracam, özü də qırxı günündə... Deyirəm, ay Rasim, hələ şəhidlərin qanı qurumuyub, gəl bı daşı ətəyinnən tök, eşitmir... Neynim, necəeliyim deyilən müşkül buymuş... Mən nə eliyim? Onu bu fikrinnən necə döndərim? Təhməz kişi vəzifələrdə olmuşdu, yığdığı pul-paradan ac-yalavıca da əl tutmuşdu, ehtiyacı olana sələmlə deyil, manata manat borc da vermişdi, çətinə düşənlərə yol göstərmişdi. Özü də Rasimgillə ata tərəfdən qohum sayılırdılar, bir tayfadandılar. İntəhası, Rasimin Təhməzdən xoşu gəlmirdi. Deyirdi ki, qohum mənimdi, mən bilirəm necə adamdır... Xalqın malıynan özünə dost tutur. Sədr olanda da, ferma müdiri olanda da xalqın malına tamah salıb, satıb-savıb, özünə imarət yapıb. Bax, mən adi bir traktorçuyam, gəlirim də pis dəyil, bəs niyə adamlar məslahata onun yanına qaçır, çünki onun pulu çoxdur. O pul kimindir, xalqındır... Mənə vəzəriyyət oxumuyun, elin malı ilan sümüyüdü, bir gün boğazında qalacaq... Amma tərsinə oldu. Təhməz kişinin nə oğlu, nə nəvəsi müharibədə iştirak etmədi. İştirak etmədiklərinə görə, təbii ki, şəhid də olmadılar. Amma Rasimin bu il diplom alan oğlu davaya getdi, qəhrəmanlıq göstərdi və şəhid oldu... “İlan sümüyü Təhməz əmioğlumun boğazında qalmax əvəzinə, mənim boğazımda qaldı... Niyə? Niyə mənim bircə balam şəhid olmalıydı? Təhməzin beş oğlu, üç qızı var. Hərəsinin də bir bölük uşağı... Mənim isə nəslim kəsildi, köküm kəsildi... Təhməz kişi bir aşağı baxdı, bir yuxarı baxdı, qayıtdı ki, neynək, toy eləmək istiyir, qoy eləsin. Ürəyi bununla soyuyacaqsa, qoy olsun. Səhər mən icra hakimiyyətinə gedib, başçı ilə də məsləhətləşərəm. Onsuz da o mənnən xahiş eləmişdi ki, qırxa gəlmək istiyir, bir gün qabaq yadlarına salım... Heç nayrahat olma... Sən də hə de, qalanını biz düzüb qoşarıq... Özü də qulağım çaldı ki, sizin balanızın göstərdiyi qəhrəmanlıq elə belə qəhrəmanlıq dəyil... Fərman sinəsini qabağa verib, pulemyotla düşmənin səngərini dağıdıb, mühasirəyə düşmüş kəşfiyyatçılarımızı canı bahasına xilas edib... Bunun adı mütləq Milli Qəhrəmandır. Mən inanıram ki, oğlunuza Milli Qəhrəman adı veriləcək... Sonra Təhməz kişi bir az fikirləşib dedi: -Qızım Zivər, olub e belə şey. Bizim nəsildə bir Əhmədalı olub, kəndimiz də onun adın daşıyır, tayfamız da onun adıynan gedir, Əhmədalılar nəsli... Familimiz də Əhmədovdu, onun adınnandı... İndi eləyiblər Əhmədli... Hə, o Əhmədalının aman-zaman bircə oğlu varmış. Yaylax vaxtı, qəfil sel gəlir, yamacın dibində alaçıxlara dolur, Əhmədalının bircə oğlunu sel aparır... Kişi toylarda qara zurna çalarmış... Zurnaçıymış... Zurnasını, balabanını götürüb, çıxır Dağbaşı dediyimiz yerə, səhərdən axşamacan toy havası çalır. Uşax-muşax da düşür ortaya, oyna ki, oynuyassan... Dədəm deyərdi ki, Əhmədalının əhədi kəsilir, zurna çalmağa nəfəsi yetmiyib, balabanda ağır havalar çalar, camahatı yasa batırarmış... Bir gün dədəm gedir Əhmədalının yanına, yalvar-yaxar eləyir, kişini gətirir evlərinə. Sonra da arvadını al-dillə alaçıxda salırlar yanına, sən də mənim balam, bağışda, olanı deyirəm, arvadı kişini sığallıyır, tumarlıyır, isti suya salır, çimizdirir... El yaylaxdan enəndə Əhmədalının arvadının qarnı burnundaymış... O Əhmədalı mənim atamın əmisi sayılır, amma Rasimin öz babasıdı, daha doğrusu, babasının babası... Dur get, ay qızım, allah kərimdi, hər şey onun əlindədi, alan da odu, verən də... Allah balanıza rəhmət eləsin... Rasimi isə burax öz kefinə... O atası ölənnən özbaşına böyüyüb, əli tez pula çatıb, yeyib-içən, deyib-gülən olub... Dəymə, qoy hirsini-hikkəsini nəynən çıxarda bilir, çıxartsın...
***
Kəndə səs yayılmışdı ki, Rasim şəhid oğlu Fərmana toy eləyəcək. Kimi demişdi, yazıq, başı qaçmasa yaxşıdı. Kimi demişdi, yaman dərddi, gözünün ağı-qarası bircə balası vardı, getdi, əli boşa çıxdı. Bir alçağı da ağzını qoymuşdu allah yoluna:”Deyirlər, şəhid ailələrinə yaxşı qanpulu verirlər... Kişinin dişində şirə qalıb, indi də toy eliyib, pul yığmaq istiyir...” Əlbəttə, onun ağzından vurmuşdular. Amma pis söz ağızdan çıxdımı, iyisi özündən qabaq yayılar...
***
Əhmədalılarda hava yüklü kimiydi. Meyid qoxuyurdu. Payıznan qışın əlləşdiyi bu günlərdə sevinclə kədər qoşa gəlirdi: elə bil qoşa armud budağında armudun biri qaralıb çürümüş, o biri qızarıb dəymişdi. Qızarıb dəyəni tez qopartmalısan ki, çürümüşdən ona xal düşməsin... (Torpaqların işğaldan azad edilməsi adamların sinəsini qabartmış, camaatın əyilən qəddi düzəlmiş, kefləri açılmışdı. Çalıb-çağırmaq, deyib-gülmək, şüar demək, bayraq götürmək istəyi ürəklərdə baş qaldırmışdı. Amma adamlar ifallı davranır, oğul itirmiş ata-anaların yanında səslərinin tonuna fikir verir, şəhid ailələrinin könlünə toxunacaqlarından ehtiyat edirdilər. Di gəl, orası da vardı ki, şəhid ailələri də, oğul itirmiş ata-analar da danışanda fəxrlə danışır, övladlarının vətən yolunda şəhid olmasından qürur duyduqlarını dilə gətirirdilər... Amma Rasim kimi, Zivər kimi tək övlad itirənlərin dərdi, həqiqətən, dözülməz idi...) ...Qarmonçalan Lətif gözlərini dolandırıb, bir Rasimə baxdı, bir onun həyətinə yığılmaqda oaln kənd əhlinə baxdı, sonra qarmonunu sinəsinə sıxdı. Amma nə çarə elədi, əlini qarmonun dillərinə basıb, pərdələrini aralamağa gücü çatmadı. Lətif qarmonu əlləri ilə elə tutmuşdu ki, elə bil bic doğulmuş uşaq tutmuşdu. Və birdəncə o “bic doğulan uşaq” sızıldadı, cihnə verib cikkildədi, ağı deyib qoca arvadlar kimi ağladı, toya gəlmiş adamların içindən bir ah nidası qopdu. Rasim qolunu qaldırıb bir süzdü, bir süzdü ki, toya yığılan qadınlar eynən qarmon kimi səs çıxardılar, cihnə verib ağlaşdılar. Talvarın altında dayanıb papirosu papirosa calayan Təhməz kişi hönkürdü. Rasimin yuxarı qalxan qolları doğranmış ağac budağı kimi aşağı düşüd... Zivər ərinin qabağına yeridi, oğluna düzəltdiyi bəylik boğçasını ona tərəf uzadıb, ün çəkdi, ağladı. Lətifin qarmonunun yanıq səsi bir az da yandı, tutuşdu və qışqıra-qışqıra həyətə girən bir gəncin dedikləri ilə suya düşmüş köz kimi cəzz eləyib söndü: -Kamal bir saat qabax özünü asıb!.. Hamı müharibədən tək ayaqla qayıdan qazi Kamalgilin həyətinə axışdı. Rasimlə Zivər həyətdə yenə tək-təkana qaldılar. ...Qarmonçalan Lətif qarmonu yerə atıb camaatın dalıncan qaçsa da, onun qarmonu yerdə açılıb-yumulur, bayaqkından da yanıqlı səs çıxardırdı. Qarmonun öz-özünə çıxartdığı bu səsi müşayət edən daha yanıqlı, daha qırğın bir səs kəndin üstü ilə halə vurub, dolanır, dolanırdı: -Ay Kamal heyyyyyy! A anan ölsün, keşkə sən də Fərman kimi şəhid olaydın heyyyyyyy! Aşağıda isə məktəb uşaqları kəndin qabağında dəstəyə düzülərək bağırışırdılar: -Şəhidlər ölməz, Vətən bölünməz...
30.03.2023
|