ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən yaradılan apellyasiya komissiyasına müraciət olunan 22 film layihəsinin ssenari və layihə potensialının qiymətləndirilməsi yekunlaşıb.
ARKA-dan verilən məlumata görə təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirməklə yanaşı, kommersiya potensialı olan layihələrin 50% və ya daha çox hissəsi maliyyələşdirildiyi ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin cəlb edilməsi tövsiyə edilib. Komissiyaya təqdim olunan digər ssenari layihələrinin təkminləşdirilməklə növbəti müsabiqələrdə iştirak etməsi təklif olunub.
ARKA tərəfdən dəstəklənə bilən layihələrin adları növbəti həftə ARKA-nın rəsmin saytında və soaial media hesablarında açıqlanacaq.
Bununla yanaşı Azərbaycan Respublikasının Kino Agentliyi müştərək film istehsalının dəstəklənməsi məqsədi ilə müraciətlərin qəbul edilməsi üçün “Müştərək istehsalın dəstəklənməsi” proqramını yaratmağı planlaşdırır .
Müştərək istehsalın dəstəklənməsi məqsədilə müstəqil prodüser mərkəzi tərəfindən təqdim edilən, büdcəsinin 50% və ya daha çox hissəsi müstəqil prodüser mərkəzi tərəfindən ödənilən film layihələrinə dəstək proqramının tətbiq edilməsi nəzərdə tutulub. Dəstək proqramı çərçivəsində təqvim ili ərzində müraciət qəbulunun açıq elan edilməsi və Bədii Şura tərəfindən müsbət qiymətləndirildiyi halda qalan vəsaitin investisiya edilməsi planlaşdırılır.
Dəstək proqramının qaydalar və reqlamentinin təyin edilməsi üçün özəl sektor nümayəndələri, müstəqil prodüser mərkəzləri ilə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Həmçinin cari il ərzində bu kimi görüş və müzakirələrin mütəmadi olaraq keçirilməsi və tərəflərin maraqlarının təmin olunması istiqamətində işlərin görülməsi nəzərdə tutulub.
|