Qulu Ağsəs - 55
29.04.24
Çağdaş Azərbaycan poeziyasının seçkin nümayəndəsi, "Ulduz" ədəbi-bədii jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəsin bu gün 55 yaşı tamam olur. 20 aprel 1969-cu ildə Ağdam rayonunda, sənətkarlar yurdu Abdal-Gülablı kəndində dünyaya gəlmiş Qulu Ağsəsin Azərbaycan və türk dünyası poeziyasında xüsusi yeri, fərqlənən, bəyənilən yaradıcılıq dəst-xətti var. Doğum günü, yubiley yaşı münasibətilə əziz şairimizə səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır, yeni şeirini oxuculara təqdim edirik.
Qulu AĞSƏS
Cin atında gəzmişəm dörd yanı...
Mötərizə açılanda ağlayan,
bağlananda gülən...
bəşər -
heç vaxt indiki qədər
sadəlövh olmayıb, mən bilən...
Hələ tezdi,
vaxta var yəni:
əlli yaşdan sonra xəbər tutacaq qadın
əslində onu kimin sevdiyini...
Cin atında gəzmişəm dörd yanı,
ən təmiz yeri
zibil qablarıdı dünyanın...
Xanımlar və cənablar,
baxın,
diqqətlə baxın:
nökərin göz yaşı üzündən yox,
kürəyinin arasından axır...
Qorxudan rəngi ağappaqdı
yuxarıdan özünü atan hər nə var:
istər adam olsun,
istər yağış, qar...
Bir də bu kadrlar -
zəlzələdə
Allahın altından
Allahın üstünə qaçanların nidası,
ovucda partlayan
fişəngin əl vidası,
göy boyda yorğanın
yer boyda mitili,
vayfayla əkilən insan şitili...
Və bir də:
məni Günəşə gömərsiniz
gözümə yuxu getmir
soyuq yerdə...
/525.az/
|