Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Abbasqulu ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri müasir əlifbada nəşr olunub.
Əsəri əski əlifbadan transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun sabiq əməkdaşı, görkəmli əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur.
Yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, ön söz müəllifi akademik Möhsün Nağısoyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mailoğlu tərəfindən yazılmışdır.
Qeyd edək ki, “Riyazül-Qüds” XIX əsr Azərbaycan maarifçisi, şair və yazıçı Abbasqulu ağa Bakıxanovun ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan bu əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm parçaları verilib ki, onların çoxu A.Bakıxanovun öz qələminin məhsulu, ilk qələm təcrübəsidir. /Report/
|