IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Azərbaycan Nəşriyyatları Assosiasiyası, Təhsilin İnkişafı Fondu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə IV Kitabqurdu Müəllimlərin Oxu Marafonuna start verilir.
Təhsilin İnkişafı Fondundan bildirilib ki, marafon iyulun 20-dək davam edəcək. Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər. Layihə müddətində 6 kitab oxunacaq. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. Oxu müddəti bitdikdən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq. Birinci imtahan onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq. Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq. Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikatlar veriləcək. IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar:
- Şəmil Sadiq – “İnsan mühəndisi” - Nihat Büyükbaş – “Türk təhsili” - Rafiq İsmayılov – “Düzgün yazaq” - Rəşad Bayramov – “Sözünə güvən” - Rövşən Abdullaoğlu – “Üzləşmə” - Gülüş Xəlilova – “Günəşə baxmaq”
İştirak etmək istəyənlər https://anaib.az/kitabqurdu/login linkinə daxil olaraq qeydiyyatdan keçib, “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurmalıdırlar. Kitabları endirimlə sifariş vermək üçün +994 55 877 24 44 nömrəsi ilə əlaqə saxlamaq olar. /Azərtac/
|