Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24
“Əsrə bərabər gün” tamaşası Çingiz xandan başlayaraq Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır.
Bunu açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib.
“Əsrə bərabər gün” tamaşasının quruluşçu rejissoru qeyd edib ki, səhnə əsəri ümumilikdə yeddi ay ərzində ərsəyə gəlib.
“Əsər əcdadlarımızdan bizə gələn və gələcək nəsillərə ötürüləcək mistik, fantastik və realist kontekstdə həll olunmuş rəvayətdir. Tamaşada yaddaşını könüllü itirib manqurta çevrilənlər, genetik kodunun hansı torpağa aid edilməsini anlamayanlar və onlara qarşı mübarizə aparan Yedigey obrazı təsvir olunub. Tamaşada canlı dəvədən istifadə olunub. Bu, vacib şərt idi. Dəvənin Yedigey ilə paralelliyi və simvolik mənası Sarı Özək düzənliyinin bir parçası olmasıdır. Təbii ki, istər dekorasiya, istərsə də texniki cəhətdən bu ideya həyata keçirilən zamanadək bir çox çətinliklərlə qarşı-qarşıya qaldıq. Nəticə etibarilə tamaşaçılar səhnə əsərini maraqla qarşıladılar”, - deyə o əlavə edib. /Azərtac/
|