Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
23.02.24

Mahir Qarayevin imzasını hələ 90-cı illərin əvvəllərindən tanıyırdım. "Azərbaycan" qəzetinin ədəbiyyat əlavələrində onun rus poeziyasının gümüş dövr şairlərindən etdiyi tərcümələri oxumuşdum. Ədəbiyyat tariximizdə iz qoymuş "Yol" qəzetində onun da pozulmaz izi var. Tale elə gətirdi ki, illər sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində Mahir bəylə birlikdə çalışası olduq. "Tənhalıq" şeirlər kitabını mənə bağışladı, mən o kitabda fərqli poetik manerası olan bənzərsiz bir şair gördüm. Şair kimi onun haqqında qənaətim belədir - o, situativ şeirin ustasıdır. Bilənlər bilir, üzdə görünməyi xoşlamayan Mahir Qarayev çağdaş ədəbiyyatımızın önəmli yazarlarındandır və düşünürəm ki, onun poeziyası hələ də öz tədqiqatçısını gözləyir.

Birlikdə çalışdığımız dövrdə ədəbi konuda xeyli söhbətlərimiz olmuşdu və bilirdim ki, irihəcmli bir roman üzərində işləyir. Arada "bəlkə heç bu romanı çap etdirmədim" deyirdi və bu da əsərə olan marağı bir az da artırırdı. Nəhayət, uzun gözləntilərdən sonra roman çapdan çıxdı! Kitabı dərhal aldım, amma nədənsə oxumağa tələsmirdim. Yazı masamın üzərində, əlçatan yerdə qərarlaşmış kitabı arada götürüb cildinə sığal çəkir, qalınlığından qəribə bir zövq alaraq yerinə qoyurdum. Bu mənim mütaliəöncəsi vərdişlərimdən biridir; əvvəlcə kitabı əzizləyirəm, özümü qarşıda məni gözləyən oxu zövqünə hazırlayıram. Sonra əsərin əvvəlindən sonuna səyahət başlayır. Sevdiyim əsərlərin bitməsini heç istəmirəm, bu səbəbdən kitabı tələsmədən, aramla oxuyuram. "Sonuncu korifey" bu qəbil kitablardan oldu.

Bilirdim ki, bu əsər ənənəvi süjet xətti olan birxətli romanlardan deyil. Aqşin Yeniseylə, Qurban Yaquboğlu ilə "Sonuncu korifey" haqqında söhbətlərimiz olmuşdu. Roman vərdiş etdiyimiz süjet və qəliblərə sığmayan, özündə müxtəlif sxemləri birləşdirən mürəkkəb bir mətndir. Mətnin içində, sanki forma və məzmun gizlənpaç oynayır, dəruni struktur oxucunu bir qədər karıxdıra bilər. Amma bu metod Azərbaycan romançılığında demək olar ki, yenidir. "Sonuncu korifey" kütləvi oxucunun həzm edə biləcəyi əsər deyil. Yazıçı özü də deyir ki, "mən bu əsəri yazıçılar, sənət adamları üçün yazmışam".

Yaradıcı insanın mürəkkəb təbiəti, maksimalizmin faciəvi sonluğu, yırtıcı istedadın möhtəşəm məğlubiyyəti roman boyu incələnir. Sözün qısası, roman yazmayan dahi haqqındadır. Ədəbi mühitdə özündən sonra bitib-tükənməyən əfsanəvi söhbətlər (bədii mətndən savayı) qoyub gedən bu talesiz insanların ümumiləşmiş obrazıdır korifey. Romanın konstruksiyası riyazi dəqiqliklə qurulub. Əsərin kodu rəqəmlərdə gizlənib. Mandarin dilimlərinin sayında, korifeyin yazdığı mətnin səhifə sayında... Bu da mətnin qavranılmasını bir qədər çətinləşdirir. Oxucuya bir qədər də fəhm, intuisiya kömək edə bilər. Təbii, informativ baza olmadan hadisələrin mahiyyətinə varmaq mümkünsüz görünür. Məzmunun bədii təxəyyüldən daha çox, gerçək hadisələrə əsaslanması bu təəssüratı yaradır. Korifey bir az da Rastinyakın, Raskolnikovun sələfi kimi qarşımıza çıxır. Düzdür, o, qatil deyil, amma həmin ideyalarla bəslənmiş, gücü başqalarına deyil, özünə çatan milli İppolitdir! İntellektual həyatın zirvəsində çırpınan, reallıq hissini unutmuş bu adamın həyatında nəsə bir zəlzələ baş verməliydi. Knyaz Mışkinin ideoloji rəqibi olan İppolitdən fərqli olaraq bizim milli İppolitimiz təhkiyəçinin ustadı, müəllimidir. Bu adamın yaşamı hər an risk altındadır, ruhi və fiziki əzablarla cəngə çıxmış Korifey dünyanı səkkiz vərəqlik mətnə sığışdırmaqla namümkün olanı mümkünə çevirmək istəyir. Hər dəfə külündən doğulmaqdan bezir! Yandırılmış vərəqlər onun ruhundakı əzabı bir az da alovlandırır. Bu vərəqlərdə sevgi və nifrət toqquşur, bir-birinə yol vermir. Və sonda o, özünü "nəhəng bir boşluğ"a atmaqla bu sonsuz iztirablardan xilas olur. Bizi əhatə edən reallıq onun ideallarına uyğun gəlmir, bu o deməkdir ki, o, başqa həyatın axtarışındadır, bu səbəbdən onun dünyanı günahlandırmaq və ondan küsmək haqqı var.

Çox qəribədir, romanın fraqmentlərə parçalanması onun bütövlüyünə xələl gətirmir, müəllif hörgünü elə ustalıqla qurur ki, Dahi ilə Korifey arasında sərhəd itir, onlar bütövləşirlər. Təhkiyəçi ilə Korifeyi birləşdirən ana xətti (ana obrazı) üst-üstə düşür və əslində bu məqamda xətlər itir. Oxucunu çaşdıran məqamlarla zəngin olan bu roman təkcə forma baxımından deyil, məzmunca da son dərəcə mürəkkəb mətndir. Məsələn, mən çox istəyərdim ki, Azərbaycan nəsrində bu tipli romanlar yazılsın. Yazılsın ki, beyindəki stereotiplər dağılsın, düşüncələri tarıma çəksin, oxucu kafasında bir mütaliə marşrutu yaransın. Bir mətn digər mətnlərin açarına çevrilsin. Qurban Yaquboğlunun "Mən yoxam" romanını oxuyanda da ağlımdan bu fikir keçib. Oxucunu fikir uçurumlarına atan əsərlər itirilmiş mütaliə vərdişini qaytara bilər. "Sonuncu korifey" roman janrının sərhədlərini qıran əsərdir. Burada süjet xətti üfüqi deyil, şaqulidir, struktur alt laylarda gizlənir. Fərqli dil və yeni üslub, həm də dilimizin ifadə imkanlarının nə qədər zəngin olmasından xəbər verir. Folkneri hədəf seçən, amma Heminquey belə ola bilməyən Korifeyin faciəsi əslində canında dahilik azarı olan bütün yaradıcı insanların son aqibətidir.

"Korifey bu iddiasında da tam haqlıydı: əsl sənət riyaziyyat qədər, hələ bəlkə ondan da daha dəqiq elmdir", Sözlər xanalara düzgün oturmalıdır, vəssalam! Qafiyəsiz qəsidədəki "vəssalam" təkririnə oxşadı lap! Korifey romanda katalizator rolunu oynayır, onun şəxsi faciəsi tədricən ictimai motiv qazanır, yaradıcılığın sonsuz əzabları içində qıvrılan bu antiqəhrəman sonda ağ bayraq qaldırmalı olur. Onun altşüurunu zədələyən ana travması belə bir qaçılmaz sonluğu şərtləndirir, dalğa kimi gedib-qayıdır, düşüncələrini tətikləyir. Korifey bir az da mənə Kafkanın "Qəsr"indəki Kanı xatırladır. Səkkiz vərəqlik mətnin labirintində azıb-qalmış zavallını... Onun "elitni bomj"a çevrilməsində bir az Dostoyevski, bir az da Folkner "günahkar"dır. Onun həyatını cəhənnəmə çevirən bu iki dahi olmasaydı, bəlkə də heç bu roman yazılmazdı.  

Bu romanın açarı, yəni romandakı adların və hadisələrin konkret olaraq şirfələrinin açılması üçün oxucu arxa fonda gizlənmiş əsas obrazı - Taleyi görməlidir. Bir də müstəqilliyimizin ilk illərində baş vermiş hadisələrin mahiyyətindən xəbərdar olmaq lazım gəlir. Yazıçı incə ştrixlərlə korifeyin ətrafında fləşbək metodundan istifadə edərək zaman üzərindən dairəvi marşrut xətti çəkir. İntihar mətnin məntiqindən doğan nəticədir.

Romanın mütaliəsindən böyük sarsıntı içində ayrıldım. Amma ədəbiyyatımız bu sarsıntıdan mütləq keçməlidir!.. /Ədəbiyyat qəzeti/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.