Öz nəğməmlə tək qalmışam indi mən - Höte
10.02.24
Yohan Volfqanq Höte (1749-1832)
İTHAF
Ürəyimi bir vaxt didən, titrədən siz kölgələr yenə məni sarmısız. Varmı sizi vəsf etməyə qüdrətim, ya ürək odsuzdu, könül arzusuz? Duman kimi dörd yanımı kəsdirib, tüstü kimi göz önümdə durmusuz. Nəfəsiniz yerikləyir canıma və can verir damarıma, qanıma.
Ötən çağlar, ötən günlər, gecələr siz gəlincə cana gəldi, dirildi. Nağıllaşan ilk sevgilər, sevinclər uzaqlardan boy göstərib göründü. O illərin həsrətinə bələnib, yanğısına qovrulunca mən indi Xoş anların xəyalına dalıram, unutduğum kim vardısa, anıram.
Rübabımı ehtirasla dinləyən dost-sirdaşım məni bir də eşitməz. Mənimlə bir nəğmə deyən, əylənən şən dəstəmiz harayıma yetişməz. Öz nəğməmlə tək qalmışam indi mən, yad təriflər ürəyimi isitməz. O doğruçu, sərraf dostlar hardadı, Allah bilir, hərəsi bir gordadı.
Xəyalımdan baş qaldıran o dəmlər yenə məni cin atına mindirir. O əvvəlki ehtirasla, ələmlə susqun könül rübabımı dindirir. Göz yaşlarım şırım çəkir sinəmdə, daş qəlbimi əzib muma döndərir. İtib gedir gerçək olan hər nə var, gerçək olur çoxdan ötən zamanlar.
Çevirəni Mahir N.Qarayev
Qeyd. «FAUST»un müqəddiməsi sayılan bu məşhur parça 24 iyun 1797-ci ildə yazılıb. Müəllif əsərin ikinci hissəsini yazmağa başlayanda, yəni mövzuya təkrar qayıdarkən üstündən 25 il vaxt keçmişdi və şeir də məhz bu nostalji hisslərin təsiri ilə qələmə alınmışdı.
|