Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24

Oğlan ayağa qalxdı, gözünə görünən qaraltının qarşısında dayandı.
"Necə olur olsun, mən bu işi bitirəcəyəm, səndən ayrılacağam!"
Bir az gözlədi, qarşısındakı qaraltı heç nə demədi.
"Hə, deyəsən, deməyə sözün yox! Özün də suçlu olduğunu məndən daha yaxşı bilirsən."
Pəncərənin arxasına keçdi, eşiyə baxdı, qaranlıq idi, küçədə yalnız paxla-çuğundur satan kişi var idi, hamı evinə çəkilmişdi.
Bir siqaret alışdırdı, dərindən somurub tüstüsünü hirslə pəncərənin şüşəsinə pilədi, tüstü şüşəyə dəyib onun üzünə sarı qayıtdı, pəncərə oğlanın bu işini cavabsız qoymaq istəmədi.
Küçədəki paxla-çuğundur satan yaşlı kişinin yanında çuğundur yeməyi çox istəyirdi, ancaq  indiyəcən gedib yeməmişdi, kefinin kök olduğu günü gözləyirdi.
Bu son aylarda darıxması lap çoxalmışdı, bütün işlərini yarımçıq görürdü, hətta neçə dönə dərsi də yarım qoyub universiteti buraxmağı düşünmüşdü, ancaq ata-anasından çəkindiyinə görə bu işdən hələlik vaz keçmişdi. Yaxın yoldaşlarından biri bildir dərsi buraxmışdı.
Arxası otağa sarı, eşiyə baxa-baxa yenidən danışmağa başladı.
"Hə, bayaqdan susubsan, heç nə demək istəmirsən?!"
Çiyni üstündən otağın içinə baxdı, alaqaranlıq idi, gözü oradakını yaxşı seçmirdi.
"Səni görməyim deyə gedib o qaranlıq yerdə gizlənmisən, yaxşı iş görübsən, mən sənin yerində olsaydım, utandığımdan ölərdim. Adam da birinin gününü bu qədər qaraldar?!"
Yenidən eşiyə baxdı, paxla-çuğundur satan kişi hələ də oradaydı, qabağında bir maşın saxladı, bir kişi enib bir az paxla aldı, sonra maşına minib getdi, paxla kişinin əlində buğlanırdı.
Oğlanın qarnı quruldadı, birdən yadına düşdü, səhərdən heç nə yeməmişdi. Səhər çağı yuxudan oyananda ilk öncə ac qarnına bir siqaret çəkmişdi, sonra çaydanı qaynamağa qoymuşdu, qəlyanaltı yemək istəmişdi, ancaq evdə çörək olmadığına görə vaz keçmişdi. Sonra quru çaya döşənmişdi, bir neçə çay və siqaretlə qəlyanaltını sovuşdurmuşdu. Günortaya da dünəndən qalmış biskvitdən bir diş yemişdi, artığını könlü çəkməmişdi.
Divardakı saata baxdı, gecə yarısına qırx dəqiqə qalırdı, bir azdan vaxtı bitəcəkdi, on ikiyəcən hər nəyi çözməli, bu qərarsızlığına, ruh didərginliyinə son qoymalıydı. Bu vəziyyətdən yaranmış yorğunluq onu yıxmaqdaydı.
Pəncərənin qabağında dayanmaqdan yoruldu, əlindəki siqaret kötüyünü pəncərənin taxçasındakı külqabıda söndürüb yaxındakı oturacaqda oturdu.
"Mənə nə gəlib?! Niyə bu vəziyyətə düşmüşəm?! Bu fikir haradan gəlib beynimə girdi?!" deyə düşündü.
Arxasını otağın içinə sarı çəvirmişdi, artıq o yana baxmırdı, otağın o bölməsinə baxmaqdan qaçınırdı. Evdə olanda vaxtını otağın orasında keçirərdi, yazı masası, bilgisayar, boy güzgüsü oradaydı.
Ata-anasından ayrılandan sonra bu kiçik mənzili kiralamışdı, bir yandan dərs oxuyub bir yandan da işləyirdi. Bu son aylarda, daha çox, yatmaq üçün evə gəlir, səhərdən axşama evin üzünü görmürdü.
Neçə ay bundan qabaq uşaqlıq yoldaşlarından biri ata-anası ilə dalaşıb, evlərindən çıxıb bunun yanında gəldi. Ruhi vəziyyəti darmadağın idi, on günə yaxın oğlangildə qaldı. Yoldaşı tez-tez özünü öldürməkdən danışırdı, oğlansa onu bu fikirdən daşındırmaq istəyirdi, ancaq o elə öz sözünü deyirdi. Bir gün yuxudan oyananda onun çıxıb getdiyini gördü, neçə gündən sonra da ölüm xəbərini eşitdi, özünü asaraq öldürmüşdü.
Yoldaşının özünü öldürməsi oğlanı sarsıtdı, bir neçə gün özünü yığışdıra bilmədi.  Sonradan halı bir az düzəldi, ancaq artıq qabaqkı adam ola bilmədi. İşlədiyi şirkətin batmağa doğru getməsi və axtarıb yaxşı bir iş tapa bilməməsi əhvalını daha da çox pozdu.
İntiharı düşündüyünə görə yoldaşını qınayan oğlan artıq özü umudsuzluğa qapıldı və yavaş-yavaş intiharı düşünməyə başladı. Qara-qara düşünmək onu ayrı bir adama çevirdi. Qabaqlar hərdənbir siqaret çəkən oğlan artıq gündə bir qutu siqaret çəkən adama çevrildi. Beləliklə, getdikcə intihar etmiş yoldaşına bənzəməyə başladı.
Müstəqil bir ev qurub öz ayağı üstə durmağa qərar verib ata-anasından ayrılmışdı. İlk aylarda çətinlik çəksə də, verdiyi qərardan dönmədi, hətta sıxıntıya düşüb umudunu itirən tanışlarına, yoldaşlarına umud qaynağı oldu. Ancaq sonradan iş vəziyyətinin pisləşməsi, borca düşməsi, uğursuz bir sevgi macərası yaşaması onun gələcəyə baxışını qaraltmağa başladı.
Yenidən ayağa qalxdı, eşiyə baxdı, çuğundurçu kişi oradaydı hələ, müştərisi yox idi. Qayıdıb otağın alaqaranlıq yerinə sarı yeridi.
"Mən bu gecə hər nəyi biryolluq qurtarmalıyam, onunla qarşılaşmalıyam!"
Qapıya sarı gedib işığı yandırdı, yavaş-yavaş, tərəddüdlü addımlarla yeriyib otağın ortasındakı boy güzgüsünün qarşısında dayandı, güzgüdə özünü görən kimi diksinib bir az geri çəkildi. Bənizi solğun, saçları dağınıq, ordu batmış idi. Neçə gün idi özünə güzgüdə törəli-başlı baxmamışdı. Qabaqlar tez-tez güzgünün önünə keçər, özünə başdan ayağa baxardı! 
"Hə, yaxşı, səninlə yolun sonuna gəlib çatdıq, yoldaş! Ya ikimizdən biri ölməlidir, ya da ayrılmalıyıq, hərə öz yoluna getməlidir!"
Masaya baxdı, siqaret qutusuyla yuxu həbbi qutusu yan-yana dayanmışdı. Həb qutusunu götürdü, qapağını açıb içinə baxdı, rəngi qaçdı. Onu yerinə qoyub siqaret qutusunu götürdü, içində bir gilə qalmışdı, onu alışdırdı, bir qullab vurub masadakı külqabıya qoydu, siqaretin tüstüsü burula-burula tavana sarı yüksəlməyə başladı.
Yan evdən birdən uca səslər qalxdı, deyəsən, kişi ilə qadın savaşırdı, deyilən söyüşləri oğlan aydınca eşidə bilirdi.
"İtin qızı!"
"Köpeyoğlu!" 
Qulağı söyüşlərin qalanını seçə bilmədi. O biri yandakı evdən uca musiqi səsi qovzandı, söyüşləri basdı. Musiqinin bəm yerlərində qışqırıqlar anlaşılmaz şəkildə eşidilirdi. Bu evə daşınalı o evdən neçə yol savaşmaq səsi gəlmişdi, ancaq bu gecəki savaşmaq qabaqkılardan daha şiddətliydi.
Oğlan yenidən güzgüdə özünə baxdı, bu dönə daha az diksindi, yeni bənizinə bir az alışmış kimi görünürdü.
Musiqi və dava-dalaş gürültüsü beynində cingildəməyə başladı, içindəki səslə eşikdəki səslər birbirinə qarışdı. İşığı söndürdü, əlləriylə qulaqlarını qapatdı.
Bir azdan musiqi səsi azaldı, oğlan savaşan ər-arvadın səsini yenidən eşidə bildi, bir yandan da otaqdakı qaraltıdan gələn səs ucalmağa başladı.
"Bəs sən özünü öldürəcəkdin?! Nə oldu?!" qaraltı dedi.
Oğlan o yan bu yana baxdı, səsin sahibini görmədi.
Qadın qışqırarq, "artıq səninlə yaşamaq istəmirəm!" dedi.
Oğlan, "özümü öldürmək istəmirəm! Vaz keçdim!" dedi.
Kişi, "cəhənnəmə ki, gora ki! Yaşama!" deyərək qışqırdı.
"Niyə vaz keçdin?!"
"Bu neçə ildə mənim günümü göy əskiyə tutdun!"
"Sənə dəxli yoxdur, yaşamağı sevirəm!"
"Sən mənə çox gün verdin!"
"Sən qorxaqsan, özünü öldürə bilməzsən!"
"Çıxıb gedirəm bu evdən, artıq, bir dəqiqə də burda qalmaram!"
"Mən qorxaq deyiləm!"
"Çıx get, səni saxlayan yoxdur!"
Qapının çırpılma səsi qovzandı, sonradan da şappıldayan yeyin addımlarla pillələrdən enin adamın ayaq səsi eşidildi.
Kişi qapını açıb pillələrə sarı qışqıraraq, "bir daha üzünü görmək istəmirəm, itil!" deyib qapını çırpdı.
Yenidən qulaq batıran musiqi səsi yüksəldi.
"Qorxaq!" qaraltı dedi. 
"Kəs səsini!" oğlan dedi.
"Sən özünü öldürə bilməzsən!"
"Yum ağızını!"
Musiqi səsi bir az da ucaldı!
"Qorxaq!"
Oğlan birdən külqabını götürüb güzgüyə çırpdı, boy güzgüsü şaqqıltı ilə sınıb yerə töküldü.
Bütün səslər kəsildi, səssizlik çökdü. Oğlan işığı yandırdı, başını dolandırıb otağın hər yerinə baxdı, kimsə yox idi. Divardakı saat on ikiyə beş dəqiqə qaldığını göstərirdi. Dönüb pəncərəyə sarı getdi, eşiyə baxdı, çuğundurçu kişi oradaydı, əşyalarını yığışdırırdı, evdən çıxan qadının bir taksiyə minib getdiyini də gördü. Pəncərəni açıb dərindən nəfəs aldı.
"Əmi, çuğundurdan qalıb?" deyərək pəncərədən çuğundurçu kişiyə səsləndi.
"Hə, bir az qalıb, yemək istəsən, tez gəl, gedirəm," deyərək cavab verdi yaşlı kişi.
"Dayan, indi gəldim."
Oğlan yuxu həblərini zibilqabıya atdı, sonra paltosunu götürüb evdən çıxdı.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.