Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
27.01.24
Qaradan həyasız qırmızı var... Son günlərdə Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı həmin şəhərdəki bütün lövhələrin yığışdırması və yenə orada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi, – şairənin abidəsinin üzərinə qırmızı boya atılması, sonra Azərbaycan hökumətinin bu təhqiramiz hərəkətlərlə bağlı Fransa dövlətinə müraciət etməsi, qarşı tərəfin daşıdığı məsuliyyətlə əlaqədar heç bir açıqlama, izahat verməməsi xəbərlərini oxuyanda sövqi-təbii ürəyimdən keçən, dilimin altında öz-özünə təkrarlanan kəlamlar bunlar oldu: “Doğurdan da, insanınki gətirməyəndə gətirmir. Ha əlləş, ha vuruş, olmayanda olmur. Bəxtin tərsini düz üzünə çevirmək çatılmaz muraddır. Gərək səadətin ipi ərşdən sallana ki, bu dünyada da, o dünyada da rahatlıq tapasan, o kəndiri yerdəki dirəklərə bağlanmaqla iş aşmır”. Şair-yazıçıların, ümumən, taleyi əbədiyyətə ünvanlı həyat yaşayanların xoşbəxtliyi bir tərəfdən odur ki, fiziki ömürləri tamamlanandan sonra da könüllərdə, yaddaşlarda, musiqilərdə, rəsmlərdə, heykəllərdə yaşayırlar, bir tərəfdən də bəzilərinin dönük bəxtləri zalım üzünü onda göstərir ki, onlara qarşı təqiblər, təhqirlər, qısnamalar haqq dünyasında olduqları, axirətdə “ömür etdikləri” zamanda da səngimək bilmir, bədxahlarının, qənimlərinin, qaniçənlərinin kökləri kəsilmir ki kəsilmir, kəsilmək nədi, əksinə bəzən onların mənəvi varisləri, milliyyətsiz, irqsiz, dinsiz davamçıları ayrı-ayrı ölkələrdə də zühur edərək mərdi-məzar işlərdə meydan sulayırlar. QARA BOYA... Xurşidbanu Natəvanın yaşadığı dönəmlər haqqında düşünürkən etiraf etməli oluruq ki, şairəyə diri ikən sapı özümüzdən olan baltalar, əti ətimizdən, qanı qanımızdan olan bimürvətlər, insafsızlar rahat yaşamaq üçün aman tanımayıb, göz verib işığı əsirgəyiblər, axirət evinə köçəndən sonra isə düşmənlərimiz daha betər əməllərə`“imza atıblar”. Natəvanın şəxsi düşmənləri sağlığında onun özünə, pak adına, qadın ismətinə ləkələr yaxmağa, bu xanım-xatın qadını gözdən salmağa, hər vəchlə alçaltmağa çalışıblar. Bu murdar muradlarına çatmaq üçün elə namərd yollara əl atıblar ki, o zamanın reallığı ilə başsız bir qadın, xanlığın zərif varisi o böhtanlardan hansısa təkziblərlə yaxa qurtarmaqda aciz idi. Düşünün ki, nə indiki kimi mətbuat konfransı keçirmək mümkün imiş, nə şərəf və ləyaqətini alçaldanları məhkəməyə vermək kimi bir təcrübə varmış, nə də sosial şəbəkələrdə açıqlama verib ortalığa hansısa mövqe qoymaq olurmuş. Bu halda yeganə yol qalırdı şairəni həqiqətən tanıyan insanların ona yaraşdırılan nahaqlara, böhtanlara inanmayaraq, o hədyanları yazanları, danışanları sərrast, kəsərli tənqidlərlə susdurmağa. O zamanın təzkirələrində, antoloji nəşrlərində adı şair kimi anılan, bəzən hörmətlə, bəzən isə lənətlə xatırlanan şair Cəfərqulu xan Nəva rus hökumətinin Natəvana olan ehtiramını qəbul etməz, onun artan nüfuzundan bərk narahat olarmış və ona görə də “üzdə bir, arxada başqa” xisləti ilə pul üçün mənəvi çəkisini tərəziyə qoymaqdan saqınmayan, arı yeyib namusu kürəyinə bağlamış başqa bir “şair” Abdulla bəy Asini öyrədərək Natəvan haqqında bütün dövrlərdə lənətlə anılacaq bir həcv yazdırıb. Özü isə mümkün qədər bu qarayaxma kompaniyasından yaxasını gen tutmağa çalışırmış. Həmin həcvdə o qədər açıq söyüşlər, oxuyanı abırdan salan ifadələr var ki, onlar nə yazılasıdı, nə də danışılası. O mətndə şairəyə olmazın böhtanlarını yaxış kimi yağdıran Asinin yazdığı gen-bol boşboğazlıqla ürəyi soyumadığı üçün Natəvanı Natəvan eləyən külli-Qarabağa da acığını tökməkdən qalmırdı: “Varisi-Xana bax, başına torpaq, Qarabağ”. Abdulla bəy Asinin yazdığı həcv və o həcvdəki tərbiyəsiz, yaralayıcı sözlər sonrakı kitablarda üç nöqtələrlə verilib, amma həqiqətdə o üç nöqtələrin hər biri Abdulla bəy Asinin adına layiq yağlı söyüşlər, azarlamalar, yamanlamalar üçün qoyulmuş sonsuzluğu ifadə edən durğu işarələri sayılmalıdır. Əgər Fransa heykəli təhqir olunan Xurşidbanu Natəvanın abidəsi ilə bağlı ədalətli addım atmasa, Asinin adının ardınca qoyulması nahaqq olmayan o köntöy ifadəli, neştərli sözlərin bir ayrı fromada ifadəsi olan nöqtələr – Natəvanın heykəlinin təhqirə məruz qaldığı ölkənin da ədalətsiz mövqeyinin ifadəsi sayıla biləcək durğu işarələri kimi qəbul edilsə, yeridir...
QARADAN QIRMIZIYA KEÇİD... Qayıdaq o namərd addıma – o insafsız qələmdən çıxan həcvə. Deməli, Abdulla bəy Asi Natəvana həcv yazıb, sonra da yazdıqlarını Şirvana, Qazaxa yollayıb ki, onu bəs qədər rüsvay eləsin, şairənin bu haqsızlığa dözməyən həmkarları, vicdanları oyaq ziyalılar yerbəyerdən ayağa qalxıb Asinin payını veriblər: Gəncədən Mirzə Mehdi Naci, Qazaxdan İsgəndər ağa Şair, Şirvandan Seyid Əzim həcvə həcvlə cavablar qələmə alıblar. Məsələn, Seyid Əzimin həcvində Asinin yetişməsində, ad-san qazanmasında xan ailəsinin, eləcə də Natəvanın danılmaz rolunu yada salır, sonra da böhtanxor şairi uzunqulağa bənzədir: Bəli, adət belədir kim, ola hər kəs eşşək Yesə hər kəslə nəmək, sonra nəməkdana dəyər. Yuxarıdakı beytin aşkar mənası budur ki, eşşəklə hər kim ki, çörək kəsə, o eşşək mütləq çörəyi yeyib sonra çörək qabına da toxunacaq – ona dəyəcək və onu murdarlayacaq . Dövlətimiz Fransada xeyirxah məqsədli inşa və bərpa layihələri icra etdikcə, onlar Azərbaycanın xeyirxah addımlarını unudaraq dövlətlər arasındakı haqqı-salam, qarşılıqlı ehtiram, diplomatik münasibətləri korlayırlar... QIRMIZI BOYA... Natəvan zamanında o qədər tənələrə, böhtanlara, yaramazlıqlara tuş gəlib, adına minbir qaralar yaxılıb ki, mənəvən çürüdülərək, bağrı yana-yana, ictimai badalaqlarla şəxsi müsibətlərin məngənəsində sıxıla-sıxıla dünyadan köçüb. Dünyadan köçüb, amma adı həmişə anılanlardan, əbədiyaşarlardan biri kimi tarixdə qalıb. Fəqət heç zaman onun adı ilə bağlı olan abidələr, evlər, yerlər isə “dinclik, aram tapmayıblar, daim düşmən zülmünə ilk tuş gələnlərdən olublar: - Büstünü erməni işğalçıları güllələyib
- Natəvan bulağı erməni qəsibkarları tərəfindən taru-mar edilib.
- Sarayı düşmənin Qarabağda çoxsaylı xarabalıqlarından birinə çevrilib.
- Ağdamın “İmarət” qəbiristanlığındakı məzarı ermənilər tərəfindən dağıdılıb.
Necə ki Natəvan sağlığında bu dünyada ad qoymaq üçün işlər görərkən müqavimətlərə rast gəlib, sinəsindən itələnib, eləcə də özündən sonra onun adı ilə bağlı olanlar, onun şöhrətini yaşadan daşlar, binalar min dürlü müsibətlərin əsirinə çevriliblər. Natəvan sağlığında kasıblayanda, müflisləşəndə, nüfuzu azalanda onun üstünə yerbəyerdən düşmənlər ayaqlanıblar, bacardıqca o zərif ruh daşıyıcısını sıxışdırıblar, Azərbaycan isə gücləndikcə, qüdrətləndikcə düşmənləri artır və nəticədə onların yaraşmaz, özlərini gözdən salan təzyiq üsulları da bu sayaq eybəcər yollarla üzə çıxır. ÖRPƏK MİSALINDA PAPAQ... Qarabağın erməni işğalından azad edilməsindən sonra, Natəvanın az-çox bəxt üzünə gülməkdə idi: Şairənin büstü yerinə qaytarılmışdı, adına poeziya gecəsi təşkil edilmişdi, əsrlər öncə yaratdığı ədəbi birlik – “Məclisi-üns” fəaliyyətini bərpa etmişdi, adına olan bulağı təmirdən təzəcə çıxmışdı, dədə-baba mülkü də yaxın illərdə Şuşanın zinətlərindən biri olacağı şübhə doğurmur. Bütün bunlardan sonra – öz yurduna qayıtmış Natəvan ruhuna dünyanın harasındasa nəsə edib də bununla ürək soyutmaq olmaz. Çünki Natəvan həmişə hər yerdən daha artıq Şuşada olmaq istəyib və indi də oradadır. Zamanında onun büstünə qarşı ermənilər tərəfindən edilmiş vandalizm hərəkətlərinə Şahmar Ələkbərzadə dözməyərək “Güllələnmiş abidələr” adlı şeir yazmışdı və orada deyilirdi: Ulu Xan qızının baş örpəyindən Götürsün payını papaqlarımız! Bəli, papaqlarımız və papaqlılarımız Qarabağı erməni əsarətindən azad elədi. Amma erməni xisləti bu dəfə Fransada gün üzünə çıxdı. Nəvələrlə sinə-döş olmağı bacarmayanlar, sanki nənələrə cumublar, meydan savaşlarından acizliklə qaçanlar cansız daş parçalarına savaş açıblar.
Xurşidbanu Natəvanın qəzəlinə nəzirə yazan şair, onun müasiri Mir Həsən eyni rədifli əsərində deyirdi: Nə əhd olaydı, nə misaqü sidq olaydı, nə kizb, Nə də zəmanədə peymanşikəst dilbər olaydı. Yəni nə əhd, nə sədaqət olaydı, nə də dediyindən dönən, peymanını qıran – sözündən qaçanlar. Əgər hər hansı bir ölkənin ədəbi klassikinin abidəsi hansısa ölkədə ucalırsa, gərəkdir ki, o heykələ həmin vilayətin mədəni dəyəri kimi sahib çıxıla. Əgər o heykəl orada ucaldılıbsa, deməli, iki ölkə arasında verilən söz, bağlanan saziş, inam olub. Bu gün Fransanın bu cür nalayiq addımları göstərir ki, onlar tərəfindən haçansa üstün tutulan kəlamlar daha yerlərə atılır və biz də belə bir peşman qənaət formalaşır ki, elə nə bizim mədəniyyətimiz, ədəbiyyatımız Xurşidbanu Natəvanın timsalında orada tanınaydı, nə də indi belə bir yersiz münasibətlə qarşılaşaydıq. Əsrlər öncə Natəvan aşağıdakı qəzəlin ilk misrasını özü yazmışdı, bu gün də biz ikinci misra ilə onun heykəlinə olan münasibət fonunda qəzəli yenidən tamamlayırıq: “Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı. Nə heykəlim, nə onu məhv edən bu sərsəm olaydı!
|