Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
25.01.24

Arzularımızı Allaha çatdırana vida… 

Özünü unudan…

Çözümü çətin, həlliağır bir işimiz olanda, bəzən gerçəklik nəzir götürmək, qurban demək qədər göylərdən, Allahdan asılı bir vəziyyətə dirənəndə, istər-istəməz, ürəyimizin dərinliyində düşünərdik ki, kaş xalamız bu müşkülün aradan qalxması ilə bağlı nəzir götürə, qurban deyə. Çünki Allah onun əhdini heç zaman sındırmazdı.

Xalam da həmişə ürəyimizin sirrindən duyuq düşərək müşküllərimizin həll olunacağı, diləklərimizə çatacağımız təqdirdə Allah yolunda ya imam ehsanı verər – “matəm saxlayar”, ya Çillə gecəsi keçirər, ya da qurban kəsdirərdi. Bizim nəsildə belə bir inam yəqinləşmişdi, belə bir etiqad qətiləşmişdi ki, xalam əllərini göyə açıb Allahdan dilədisə, Yaradan heç vədə onu naümid qoymaz, istəyini geri çevirməz, nəziri əldə, qurbanı gözləmədə qalmaz. Xalam isə heç zaman, – bir ömür boyu özü üçün Allahdan heç nə istəmədi. Yəqin Allah daim öz işlərinin aşması üçün onu “zinhar eləyən”, işi düşəndən düşənə Xudanın qapısını gecə-gündüz “döyən” insanlardan “usanmışdı” və belələri ilə müqayisədə Xuda başqaları üçün gözəl, qayğısız, çətinliksiz həyat diləyən bir qadını kimlərinsə yanında xəcalətli qoymaq istəmirdi. İnanmaq istəyirəm ki, Allahın bu cür özünü unudub, başqaları yolunda ömrünü şam kimi əridən bu qadına xüsusi ehtiramı vardı. Beləcə, xalamın nəzir-niyazı, Xuda ilə əhdi “sayəsində” nəslimizin neçə-neçə oğulları qanlı müharibədən sağ-salamat geri qayıdır, biri universitetə daxil olur, biri maşınların diş-dişə keçdiyi ağır yol qəzalarından salamat xilas olur, başqa biri isə boyundan hündürə tullanır –  yəni imkanlarının xaricində olan işlərin öhdəsindən gözüyumulu gəlirdi.



Son illərdə xalam xeyli müddət xəstə oldu, beyin ağrılarına dözdü, ayaqları şişdi, özündən keçmələri artdı, amma şəfa tapması üçün heç zaman qurban demədi, nəzir götürmədi. Çünki əhatəsindəki, dörd yanındakı çox sevdiyi insanlar ona özünü, öz varlığını, canını çoxdan unutdurmağı “məharətlə” bacarmışdılar. Varlığını unutmuş bu mübarək qadın daha özünü Allaha tapşırmağa da ehtiyac görmürdü.

İki gün öncə xalam haqqa qovuşdu. Dünən qeyri-ixtiyarı könlümdə bu fikir də özünə yer tapdı ki, daha bizim əvəzimizdən Allaha üz tutacaq, Yaradandan nələrsə diləyəcək bir adam da aramızdan, sıramızdan ayrıldı və beləcə biz sanki Allaha bir köynək də “yadlaşdıq”. Və biz bundan sonra bəlkə də, Allahdan ancaq özümüz üçün nələrsə istəyə bilərik və bu da, əslində, xalamın yaşadığı ömrün əleyhinə bir addım sayılsa, haqlıdır. Kim bilir, bəlkə də, xalamın bu sayaq fədakar diləkləri, nəzirləri kiminsə tərəfindən mövhumat, xurafat, batil inanc sayıla bilər, amma onun başqalarından ötrü qurban deməsi, nəzir götürməsi, öz malını, pulunu gözqırpmadan qıyması dərin qatda bizi eqoizimdən, ancaq öz başının hayına qalmaqdan, özünü düşünmək kimi naqis, içərisi puç olan xarakter göstəricilərindən xilas etmək üçün idi. Əlbəttə, o bu məsələləri kiməsə dərs vermək, Allahla rəftar qaydalarını öyrətmək üçün etmirdi, hər şey həyatın, xüsusən də kənd həyatının təbii axarında, öz-özünə baş verirdi. Amma hər halda ortada dərs, öyüd, nəticə çıxarılası hal var idi və bu dərsi bizə xalamın istəklərini geri çevirməyən uca Yaradan verirdi...

Torpaq kimi...

Xalam ömrünün ən əziz illərini, qayğısız əyyamlarını torpağa həsr eləmişdi, daim bostan əkər və ruzisini də yerdən toplayardı. Torpaq ona doğru əyilən hər kəs kimi onu da səxavətlə mükafalandırır, buna görə də xalam daim bir qoyub beş götürürdü. Nəsə əkib ondan bəhrə gözləmək Allaha təvəkkülün, müsbət enerjiyə, zəhmətin itməməsinə inamın ən bariz göstəricilərdəndir.

İndi bu sətirləri yaza-yaza xalamgilin evləri tikilərkən onun kərpic qəliblərinə vedrələrdə palçıq daşıması, bəzən əyilə-əyilə saatlarla tərəvəz yığması, bostan məhsulları toplaması, bir sözlə, torpaqla ünsiyyəti gözlərimin önünə gəlir. Dünən xalamın dəfin mərasimində – onu torpağa tapşıranda qəbir yerindən kənara yığılmış torpaq qalaqlarına baxdım və elə bildim ki, məzarın boşluğu həmin torpaqla dolmayacaq. Sanki məzara torpaq töküldükcə xalam torpağı öz balası kimi, əzizi sayaq qucağına alırdı. Elə bil torpaqdan doymurdu. Çünki o heç zaman torpağa insanı çürüdən, yoxa döndərən, qoynundakı adamın ətini sümükdən sıyıran nəzərlərlə baxmamışdı, torpaqdan daim bəhrələr götürmüş, ruzi qazanmış, sonra da əldə etdiklərini intəhasız səxavətlə əli yetən hər kəslə bölüşmüşdü. O torpağa bir dən basdırıb sünbül yuvası yetişdirmişdi, bir çubuq əkib meyvəsindən budaqları əyilən ağaclar göyərtmişdi, bir sözlə, bütün həyatı boyu torpaqdan az alıb çox vermək xasiyyətini öyrənmişdi. Və o hər kəslə, əhatəsindəki insanlarla eynən torpaq kimi davranırdı, yəni hamı ona lazımından az nəsə edirdi, o isə torpaq kimi həmişə başqalarını daha çoxuna layiq bilirdi.


Nağıllı günlər...

Uşaqlıqda, mənim 5-6 yaşım olanda xalam hər dəfə bizə qalmağa gələndə ona yerdən yorğan-döşək salardıq, çünki kənd həyatına vərdişkar olduğuna görə belə gecələmək onun üçün daha xoş idi.  Doxsanıncı illərin ortalarında – işıqların sönməsi adı hal olan vaxtlarda axşamlar hamı yatmaq üçün yerinə uzananda o, bizə hər sözünü bəzəyə-bəzəyə, kəlmələri zinətləndirə-zinətləndirə, baməzə ədalarla “Şahqulunun nağılı”nı danışırdı. Həmin nağılda nankor bir qadının bicliklə əldə etdiklərini rüsvayçılıqla itirməsi, bütün sirlərin, ağır xəyanətin gülünclüklə aşkara çıxmasından söhbət gedirdi. Uşaq vaxtı mən o nağılın daha çox sirlərin açıldığı komik məqamının yetişməsini bəyənərdim və xalam nağılı danışarkən həmin yerin tez yetişməsi üçün özümdən asılı olmadan tələsərdim. Nağılın həmin yerində biz çarpayıda, xalam isə yerdən sərilmiş döşəyində ürəkdən qəhqəhə çəkib gülərdi.

 20 il sonra 2015-ci ildə, xalam bizə qonaq gələndə yenə o nağılı danışmasını təkidlə istədim. Başımı onun dizinə doydum, o da başladı şirib-şirin danışmağa. Fikir verdim ki, xalam 20 öncəkindən fərqli olaraq nağılın komik yerlərinin üstündən sükutla keçir, daha çox nağılın sonuna – həqiqətlərin üzə çıxmasına, bir sözlə, Allahın böyüklüyü, haqqın təntənəsinə vurğu edərək əhvalatı danışırdı. Amma o bunu bilərəkdən, şüurlu şəkildə, yaxud qarşısındakı insanın 20 il öncəki uşaq olmadığını anladığı üçün etmirdi. 20 il ərzində onun özü üçün də, dünya üçün də bir çox həqiqətlər qiyafəsini, mahiyyətini təbii ki, dəyişmişdi və onun bütün həyatı kimi hər şey yenə də təbii halda baş verirdi. 

Əziz xala, əhdini sındırmayan, sözünü yerə salmayan, könlündə həqiqətin təntənəsinə, ədalətinə  bərqərarına şübhə yeri qoymayan Allahın rəhməti daim səninlə olsun. Əlvida...

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.