Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24

II yazı


İlk tələ 

İnsan sevəndə bütün rənglərə sahib olur, hətta onların min bir çalarına da. Ancaq o rənglərin hamısını birdən görür deyə əksərinin işığını bir-birindən seçə, ayırd edə bilmir. Məhəbbət insana çox şey verir, əvəzində onun külli-ixtiyarını əlindən alır. Orxan Vəli yenə Nahit xanıma məktub yazır və kağızda qeyd elədikləri, umduqları məntiqdən, real həyatın nirmalarından kənar istəklərdir: "Səndən heç nə ummayacağam. Ancaq məni başa düşməyini istəyirəm". Məhəbbətdə başa düşülmək, qarşı tərəfə münasibətdə anlayışlı olmaq, əslində, ən ağır, ən çətin mərhələdir. Sadəlövh Orxan Vəli isə bunu, yəni müşküldən müşkül olanı ən asan və yeganə şərt kimi irəli sürür. Və bu istəyini dilə gətirərkən yazdığı şeirlərdən sitat çəkir. O şeirləri oxuduqca görürsən ki, həmin poetik nümunələrdəki həqiqətlər bir neçə il zaman fasiləsi nəzərə alınarsa, elə onun özünə, real həyatına aiddir. Yəni şairin uzaqgörənliyinin toruna hamıdan qabaq elə şairin özü düşüb... 

Soraq həsrəti... 

Sevdiyin insanı çox şeydə, hər yanda axtarmağın özü də daimi prosesdir, onsuz da günbəgün, saatbasaat bu gözgəzdirmə, xəbər nisgili daha da artır. Amma bu axtarışlar gizli olanda, gələn soraqları qürurun diktəsiylə də olsa, soyuqqanlılıqla, bu qulaqdan alıb o birindən verməklə ötüşdürəndə nisbətən daha asan qəbul etmək olur. Çünki qürur əvvəl-əvvəl sevəni gücləndirir, onun həyata tutunan dayaqlarını möhkəmləndirir, amma onun haçansa tar-mar etməyi, belini dirsəyi ilə sındırmağı da gözləniləndi. Fəqət elə aşiq də var ki, ağrını asta-asta qəbul edib onu odunu azaltmağı, bəlanı yüngül keçirməyi özünə məqsəd seçib dərdinin, eşq əzabının üzərinə yürüyür, yaxınlaşdıqca gözünü acışdıran tüstünün içindən keçir ki, barı sonda könül odu soyusun. Onda heç qüruru da, başını dik saxlamağı da eyninə almır və başlayır əlçatmaz eşqin sorağı ilə ordan-burdan məftun olduğu insan barədə xəbər toplamağa, sevgilisinə onun varlığını duyuban qovuşmağa. Orxan Vəli ikincilərdən idi. İstanbuldakı "Kitkat" adlı bir restoranı nişan verərək bir məktubunda yazır ki: "İstanbulda nə qədər redaktor, naşir, jurnalist, rəssam, heykəltəraş, teatr aktyoru və sənət xiridarı var, hamısı burda imiş. Qapıdan girən kimi ilk gördüyüm adam Nedrət xanım oldu. Bir az söhbətləşdik, səndən danışdıq. Kiminlə sənin haqqında danışa biləcəyimi düşünürəmsə ürəkdən sevinirəm". 

Məhəbbətin ana üzü... 

Orxan Vəli bu məktublarında tez-tez Nahit xanımın anasına hörmətini izhar edir, gah ona salam söyləyir, gah əllərindən öpdüyünü dilə gətirir. Gah da yerinə düşməyən, alınmamış zarafatlar edir, yersiz şuxluq göstərir: "Səni həsrətlə qucaqlayır, ananın əllərindən öpürəm. İkisi bir yerdə mümkün deyil, amma nə isə".

Çox zaman aşiq kişilər qızların könüllərini daha asan ovlamaq üçün guya sevdikləri insanın anasına qarşı diqqətli, qayğıkeş olurlar. Öz aləmlərində düşünürlər ki, bəslədikləri sevgini qarşı tərəfdən sonra bildirə biləcəkləri, duyuq salacaqları ikinci qadın məftunu olduğu xanımın anasıdır. Bu "çoxbilmişlər" eşqin vüsalına nəhayətdə bir qapıdan yox, iki qapıdan yol olduğunu düşündükləri üçün belə davranırlar. Sanki sevən kişilər bir çox hallarda məhəbbətin uzaq ünvanından, növbəti mərhələdə daha təcrübəli bir qadın - ana tərəfindən də qəbul olunmasından nigarandırlar. Amma eşq baş tutandan, vüsal əlçatan olandan, birgəlik yaranandan, ailə qurulandan sonra kişilərdə qızların atasına meyil, bağlılıq güclənir və sanki bununla sevən kişilər indi də özünə daha güclü tərəf axtarırlar. Əlbəttə, bütün bunlar daha çox şüuraltı məsələlərdir.

Orxan Vəlinin Nahit xanıma məktublarında onun anasına qarşı ifrat diqqəti həm də ümumi mənada qadınlara qarşı alicənablığını büruzə vermək üçündür: Yəni dolayısıyla ona anladırdı ki, səni dünyaya gətirən qadını da "sevirəm". Bununla da Nahit xanıma gizli-aşkar ona "anana - səndən bir köynək uzaq qadına bunca diqqətliyəmsə, gör sənə qarşı necə həssasam" mesajını verirdi. Əlbəttə, bütün bunları o şüuraltı olaraq, kişi xislətinə xas xarakterik əlamətlərin ifadəsi kimi edir. Sevən onsuz da neyləsə günahsızdır. Çünki onun nəticəsi üçün özünü oda-közə vurmağının mayasında mənəvi paklıq dayanır. Ona görə də bu saf eşqdə hiylə, kələk, minbir başlı oyunlar aramaq Allahsızlıq olar.

Sürət əsri... 

Yaşadığımız əsr sürət əsridir. Əksər xəbər, soraq sanki quş qanadındadır. Nağıllarda "bir anda xəbər yetişdi", "qəfilcə agah oldu" kimi möcüzəvi məqamlar günümüzdə daha təəccüb doğurmayacağımız, insana heyrətdən barmaq dişlətməyən adidən adi, sıradan hadisələrdir. Doğrudan da, sürət əsrində, bir anın içində yerlə-yeksan olan yurdlar, qəfilcə dünyanı bürüyən xəbərlər, kosmik sürətli cihazların icadı uzaq əsrlərdə yaranmış nağılları gerçək edib.

Orta əsrlərin həyat tərzinə nəzər salanda görürük ki, insanın ən üstün cəhəti onun sürətilə, cəldliyi ilə bağlı olub, cəld çaparlar, qıvraq çuğullar, yeyin informasiya daşıyanlar böyük müharibələrin belə taleyini həll etməyə qabil imişlər. İnformasiya hər zaman həlledici silah imiş. Sürətlə yazan xəttatlar yüzlərlə nəşrin üzünü köçürüb yaya bilirmiş. O üzü köçürülmüş əlyazmalar isə insanların, dövlətlərin, elmin taleyində qısa vaxtda dönüş yarada bilirmiş. İndi ən yeyin çapar da, ən qıvraq çuğul da, ən əldən iti xəttat da elə mobil telefonların özüdür. Hardayıqsa, o saat yerimizi də, səsimizi də lazım gələndə kimlərəsə çatdırır. Allahdan sonra şah damarımızdan yaxın ikinci qüvvəyə çevrilmiş bu cansız varlıq, hər nə qədər işlərimizi asanlaşdırsa, əlçatmazları əlçatan eləyirsə də, bir o qədər də xatalı tərəfləri, mənfi yanları ilə həyatımızı qatı zülmət burulğanlarına sürükləməkdədir. Məsələn, baxırsan ki, hansısa hissimizi, düşüncəmizi telefonlarımızda istifadə etdiyimiz kommunikasiya proqramları, sosial şəbəkələrlə o saat büruzə veririk. Sonra bir qədər zaman adlayır və biz əməlimizdən möhkəm peşman oluruq. Düşünürük, axı nə gərək var idi ki, üstüaçıq naqil kimi bizə hər toxunana, təmas edənə o saatca reaksiya verək? Ona görə də gün ərzində sosial şəbəkələrdə yazılan hər beş postdan, statusdan üçü həmin günün sonunda silinərək qeyb olur. İnsanlar hər vəchlə mümkün qədər ani qərarlardan daşınmağa çalışırlar. Amma dərindən düşünəndə yazıya pozu yoxdur, hər status facebookun, digər sosial şəbəkələrin yaddaşında qalır, yaxud da ayrı-ayrı adamlar tərəfindən şəkli çəkilərək namərd bir gün üçün gərəkli sənəd kimi qorunub saxlanılır.

Lakin 50-60-70 il öncə belə deyilmiş, məsələn, kiməsə hərarətli bir məktub yazırdın, həmin kağız qarşı tərəfin əlinə çatana qədər sənin hirsin soyuyurdu, yaxud ondan cavab alana qədər özün də bəzi qaranlıq məsələləri saf-çürük edərək müəyyən bir qərara gəlməyə, ağı qaradan seçməyə müyəssər olurdun. Aradakı vaxt məsafəsi, gecikməlik, yubanma qızmış beyinlərin soyumasına, narahat könüllərin nəfəs dərməsinə, aram tapmasına az-çox imkan yaradırdı. Amma indi necədir? Hirslənib qarşı tərəfə bir mesaj yazırsan, qarşı tərəf - o biri kin dağarcığı da dərhal həmin sətirləri oxuyur və o saatca cin vurur beyninə. Şeytan qarşı tərəfi də buyurur ki, sən də o siqlətdə bir cavab yazaraq qarşı tərəfin ağzının payını ver. Beləcə isti beyinlərin anlıq qərarlarının bəhrəsi olan fikirlər o sürətlə biri-birinə çatır, nəticədə aləm qarışır, məzhəb itir. Halbuki hər bir söz özlüyündə müstəqil bir enerji daşıyıcısıdır, kəlmənin bətnindəki qaynar enerji çəkiləndə bu, onun kəsərinin öləziməsinə də təsir edir. Yəni sənin hirslə yazdığın söz əsəbin keçəndən sonra kiməsə çatanda, daha əvvəlki ağırlığında olmur. Axı onun üstündəki güc haləsi, kin dalğası çəkilib geri - sanki sahibinə doğru qayıdıb. Günümüzdə isə qəzəbli sözlərdəki kin yazanla oxuyan arasında vaxt aralığı olmadan bərabər bölüşülür. Ona görə də adamların arası soyuyanda, ortaya pərişanlıq çökəndə tərəflər bir-birinin günahından keçə, qarşılıqlı şəkildə rəhmdil ola bilmirlər. Sürət əsrində bu səbəbdən ayrılıqlar qatı zalımlıqla, əbədi dönüklüklə, körpüləri biryolluq yandırmaqla, ülfəti əlinin dalıyla itələməklə müşayiət olunmaqdadır. Ona görə də I və II Dünya müharibələrində dövlətlər, III Dünya müharibəsində isə tək-tək fərdlər savaş içərisindədir. Sosial şəbəkələr, çatlar hər biri fərdlər üçün ayrıca döyüş meydanlarıdır və bütün bu internet məkanı insanların üz-üzə dayanması, qarşı-qarşıya qoyulması üçün əlavə bir vasitədir.

Qayıdaq əvvəlki söhbətə - Orxan Vəli əyyamlarına. O əyyamlara ki, məktublar ünvanına yaxşı halda 3-4 günə yetişirdi və o müddətdə qəzəbli beyindəki bulanıq sular durulur, əsəbi canın damardakı acı qan bütün bədəni zəhərləmədən sovrulurdu. "Mən sənə deyirdim ki, "Məktublar seyrəkləşir, seyrəkləşir, bir gün daha heç nə yazma, dostluq (heç insafdırmı belə bir atəşin eşqə dostluq adı qoyasan - F.H.) da öz-özünə bitər deyirdim. Görəsən, bu münasibəti özünə qarşı hiss etmədiyindən əminsənmi? Bu işlər sənə çətin gəlmir ki? Mənim məktublarımı mən sənin məktublarını gözlədiyim kimi gözləyirsənmi? Göləmirsənsə, yazdıqlarım səni heç maraqlandırmırsa hədər yerə səni narahat eləməyim. Heç bilirsənmi özümü o vəziyyətə düşmüş halda təsəvvür edəndə kefim necə pozulur... Son məktubun haqqımda xoş olmayan fikirlərlə doludur... ...şeirlərimin sənə bəzi şeyləri xatırlatdığını, cavabının da bu səbəbdən gecikdiyini deyirsən. Şeirlə bağlı olmayan bu şeylər həyatınla, xatirələrinlə əlaqəli imiş. Onların nə olduğunu soruşa bilmərəm? Yəni şeirim mənimlə sənin arana başqa kimisə də qatır". 

Eşqin kor gözləri 

Nahit xanım gözəldirmi, deməzdim. Çəkicidirmi, məncə yox. Ancaq bu tipli qadınlarda nəsə mistik bir güc olur, bu dünyanın dəyirmanının bir boğazından ölü atılıb, o biri boğazından diri çıxan, dünyanın hər üzünü görmüş adamlar, gəlib ilişirlər bu cür qadınlara. Düşürlər əlacsız dərdə. Sanki başqa eşqlərdə yorulanlar bu cür xanımlarda dayanırlar, onlarda nəfəs dərirlər. Dünyada ən cazib qadınlar "Dayanacaq xislətli" olanlardır.

Bu xanımın - Nahidin qısa həyat tarixçəsi isə belədir. Nahit Gelenbevi 1909-2002-ci illərdə yaşayıb. Ankarada və İstanbulda müəllimlik edib. Təhsil işçisi olan Xəlil Vədat Fıratlı və şair Arif Damar ilə ailəli olub. Ana olmayıb.

Səməd Ağaoğlu onu "Renessans kimi bir qadın", Cəmal Süreya "Cümhuriyyət dövrü kiçik burjua həssasiyyətinin anası" adlandırır. Evinin qapısı sənət mühitinin üzünə daim açıq olub. Səbahəddin Əli, Orxan Vəli, Arif Damar, Gültən Akın kimi şairlər ona sıra-sıra şeirlər həsr ediblər. Atatürklə bir neçə dəfə rəqs eləyib. Orxan Vəlinin ona yazdığı məktubları 52 il sandığında saxlayıb, sonra dostu Özay Özkılca əmanət edib. Ondan sonra bu məktublar çap olunub və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Bir sözlə, ən mürəkkəb mühitlər, münasibətləri ziddiyyətli olan adamlarla dil tapan bu qadın Orxan Vəlini də bir başqa cür özünə əsir edib. Orxan Vəli xaraktercə zəif, tez-tez aşiq olan, saqqızını tez oğurladan biri imiş, bəs digərləri? Bu qədər fərqli insanlar onun ömür müstəvisində necə birləşə bilirmiş?

Bir-birinə xaraktercə daban-dabana zidd olan insanları öz teleyində qovuşduran Nahit xanım, "Mənimçün hər kəsin yeri ayrıdır" fəlsəfəsi ilə yaşayan bu qadın adamlara onların maraqları gözüylə deyil, özünün onlarda tapdığı maraq nəzəri ilə baxırmış. /Ədəbiyyat qəzeti/

Yenililklər
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.