Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, Əməkdar incəsənət xadimi Çingiz Hüseynov 9 yanvar 2024-cü ildə, 94 yaşında İsraildə vəfat edib.
Çingiz Həsən oğlu Hüseynov 20 aprel 1929-cu ildə Bakıda dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olub. İkinci kursdan təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, 1952-ci ildə bu ali məktəbi bitirib.
SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan Çingiz Hüseynov1956-cı ildə namizədlik (fəlsəfə doktoru), 1978-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi, Sov. İKP MK nəzdində İctimai Elmlər Akademiyasında kafedra müdirinin müavini vəzifələrində çalısı.
1996-2012-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru olub.
Əsərlərini Azərbaycan və rus dillərində qələmə alan yazıçının ədəbi nümunələri bir sıra xalqların dillərinə tərcümə olunub, özü də bədii tərcümə sahəsində fəaliyyət göstərib. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Doktor N” və s. romanları oxucular tərəfindən maraqla qarşılanıb.
50-ci illərdən Moskvada yaşayıb-yaradan Çingiz Hüseynov 2014-cü ildə İsrailə köçmüşdü. Yerusəlim (Qüds) şəhərində dünyasını dəyişib.
Allah rəhmət eləsin. /Medeniyyet.az/
|