Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
20.12.23

Həmişə düşünmüşəm ki, insan, görəsən, nə üçün darıxır, hansı səbəbdən bu boyda gen dünyada canını qoymağa, rahat ömür sürməyə bir yer tapmır? Əlbəttə, bu suala cavablar müxtəlif ola bilər, amma sabit fikrim, əsaslı yəqinim odur ki, həyat əksərən insanın gözünə durduğu, zamanın adi zamandan daha uzun olduğundan duyuq düşdüyü və bunu bütün hüceyrələri ilə hiss etdiyi üçün darıxır. Məsələn, hərdən insan ruhdan düşəndə, yaxud qəlbində nəyəsə, kiməsə qarşı sevgi duymayanda bir anlıq düşünür ki, di gəl, bundan sonra bu boyda ömrü məhəbbətsiz yaşa, bacarırsansa, gələcəkdəki həyatını içi çıxarılmış oyuncaq kimi keçir, görüm, necə keçirirsən, görüm, bütün bunlara necə tablayırsan? Bax, ömrün gözə durmağı, bir çox həyatla bağlı işlərin hələ ona başlamadan insana çətin görünməsinin, sanki yerdəki yükə baxıb ancaq ağırlığını çiyinlərində duymağın özül səbəbi məhz budur.

Necə ki insanların cinsini, valideynlərini, doğulduğu yeri seçmək imkanı olmur, eləcə də qatı əxlaqi, mental dəyərlər hökm sürən yerlərdə formalaşan dürlü-dürlü xarakterləri də, sevgiləri də mövcud qəliblər heç zaman rahat buraxmır. Dərindən düşünəndə, sanki elə sevmədiyin nəsnələri "sevirsən". Səni xoşbəxt etməyən nələrisə qazanıb, kimlərisə ram edib, dırnaqarası qələbələr çalırsan, ürəyinə su səpməyən, nicatsız nəticələr həqiqi uğurların hesab olunur. Bəs bu halda, bunca aldanışlar içərisində əsl xoşbəxt insan kimdir? Pulla samovar yandıran, yoxsa, məktub yazmaq üçün günlərlə kağız ala bilməyən adam? Pulla samovar qaynadanın məktub yazmağa çox zaman bir kimsəsi, həqiqi eşqinin mərkəzi qərargahı, dəyişməz ünvanı olmur. Məktub yazmaq üçün kağız ala bilməyən isə, samovar çayını ürəkdolusu ləzzətlə içə bilmir, heç nə tam mənada, büsbütün canına yatmır. İnsan qazandıqları ilə, elə bil özünü əhatələyir, çənbərə salır və içindəki insanı özüylə bərabər tənhalaşdırır, çox şeydən təcrid edir. Zəngin əldə etdikləri ilə özünü mühasirəyə alır, kasıb yetişə bilmədikləri ilə ömrünü  hər yandan dövrələyir...

Orxan Vəlinin Nahit xanıma yazdığı məktublarını düşünürəm,.. Böyük şair, istəklisi, eşqinin tacidarı Nahit xanıma neçə-neçə eşq dolusu sevgi məktubları yazıb. Əksərində də  məhəbbətini ağır vəziyyətinə, çıxılmazlığına uyğun izhar etməyə çalışıb: "Günlərlə poçtda bir məktub göndərəcək qədər pulun olmur? - soruşursan. İnan ki, olmur. O günlərdə bu arzuma çatmaq, yəni sənə məktub yazmaq üçün İstanbula piyada getdim".

Orxan Vəlinin ömrünü göz önünə gətirməyə çalışıram, - cəmi 36 illik o qısa vaxt kəsimini, yaşam möhlətini. Amma bir tərəfdən də, məktub yollamaq üçün poçtda verməyə pulu olmayan və bunu özünə günlərlə dərd edən, çək-çevirlərlə ürəyini yoran, beyin sındıran, içini gəmirən, sonra saatlarla məktubu çatdırmaq üçün payi-piyada yolları yoran bir adamın keçirdiyi vaxtı, "qurşun kimi ağır" dəqiqələri fikirləşirəm. O narahat anların, nigaranlığın hər bir anı, bəlkə də, neçə-neçə illər qədərdir, zamanın şərtiliyini nəzərə alsaq, planetlərarası zaman hesablarının artıq-əskikinə diqqət etsək, həmin ayağından daş asılmış saniyələrin hər biri neçə-neçə saatlara müqabildir. Uzun ömür bəzən qısa saatlar hesabına yaşanır, əksinə, olur ki də, qısa zaman möhləti hər anı bir ömrə bərabər saatlarla dolu olur. Əgər belədirsə, biz də bu yəqinlə razıyıqsa, onda necə deyə bilərik ki, Orxan Vəli dünyadan tez köçüb? Bəlkə də, o otuz altı il başqa insanların həyatında quş qanadında keçən neçə-neçə onilliklərə babdır? Doğrudan da, zaman şərtidir, vaxt nisbidir, bu barədə özgə fikrə düşmək bihudədir, çox güman, biz zamanı hesablamağı bacarmayan hesabdarlarıq. Həm də biz bu fikrə, həm də ona görə etimad etməliyik ki, bu əqidə, inanc vasitəsi ilə məhəbbətin ömrü uzatdığına, həyatımıza həyat qatdığına dair fikirlərimiz daha köklü, əsaslı, tutarlı olsun. Qəlbimizdə sevgi ilə aşıb-daşan günlərin, məhəbbətlə qanımızın qaynadığı zamanın yaddaşımızda daha dərin iz salması da əlavə bir dəlildir ki, sevərkən, daha çox yaşadığımızın, yaxud daha çox yaşadığımızı, bütün bunları iliyimizəcən hiss ediyimizin fərqində olaq... 

Əlacsızlıq boğazda düyünlənəndə... 

"Bir az əvvəl sənə məktub yazmaq üçün kağız almağa gedirdim. Küçənin bir tərəfindən o biri tərəfinə keçərkən, sürətlə ötən bir maşının altında qalmaqdan - inandırım səni - birtəhər canımı qurtardım. Ölümə heç vaxt bu qədər yaxın olmamışdım. Bilirsən, həmin anda nə fikirləşdim? "Əgər ölsəm, Nahit bu məktubumu almayacaq və bu kağıza yazdıqlarımın heç birindən xəbərdar olmayacaqdı.  Amma heç vaxt fikirləşməyəcəkdi ki, ölümümə o səbəb olub, əksinə, baş verən hadisələrdə pis bir səbəb tapacaqdı. Bax, məni də ən çox kədərləndirən bu idi".

Orxan Vəli əgər həmin gün ölsəydi, onu hansısa, maşın dəmir ağzına alıb çeynəsəydi, bəlkə də, onun haqqında ən az danışacaq adam elə Nahit xanım olacaqdı. Kim bilir... Əksinə, qəzetlər min bir gümanı həqiqətmiş kimi yazacaq, dostları, yaxud yaxınları müxtəlif fikirlər irəli sürəcəkdi. Orxan Vəlini isə ancaq bir adamın nə düşünəcəyi narahat edir. Sevgi insanı, sözün müsbət mənasında, məhdudlaşdırır, daim özünü bütün nəzərlərin, baxışların altında görən insan məftunluq dövründə, eşq yaşadığı əyyamlarda başdan-başa varlığını sevdiyi insanın nəzərləri altında hesab edir. Allaha sidq-ürəklə bağlı olan iman əhli, dinə könül vermiş insan da özünün, əməllərinin, eynən belə daim Allahın nəzərində olduğunu duyur. Orxan Vəlini də necə öləcəyindən, onun həyatdan gedişinin, dünyayla biryolluq vidalaşmasının hansı müəmmalı xəbərlərlə müşayiət olunacağından, sonra haqqında danışılacaq sonsuz dedi-qodulardan deyil, sevdiyi insanın onun ölümünə hansı münasibət bəsləyəcəyi, onun haqqında nələr fikirləşəcəyi düşündürür. Aşiq olduğu xanımın onun haqqında bəd gümanda olacağı onu dünyadan əbədi ayrılıqdan, əcəl xofundan belə daha artıq narahat edir. Məhəbbət insanı beləcə bir nəfərə təslim edərək, təcrid olunmuş, tərki-silah edilmiş, aciz vəziyyətə salır. Aşiq öz eşqindən sıxıla-sıxıla bir ürəyə sığınmayaraq, bir cüt bəbəyə yerləşmək istəyir. Çünki sevən kəs şüuraltı olaraq anlayır ki, məqam yetişəndə, yeri düşəndə bir ürəyə bir dünya, bir cüt gözə isə bütün aləm də yerləşməyə qadirdir... 

Məhəbbətin "dost üzü" 

Məhəbbətin elə bir mərhələsi var ki, tərəflərin hər ikisinin könlündə sevgi hisslərinin qəlpələri qalır, amma daha onlardan, aşiqlərdən heç birinin buna "eşq" deməyə taqətləri qalmır. Çünki daha o eşqə qayıtmağa, o məhəbbətə sahib çıxmağa olan son ümid də gözəgörünməz şəkildə aradan qalxır və onlar bu nicatsız, bu naəlac durumu bir-birini "dost" adlandıraraq qəbullanırlar. Sevdiyinə qovuşmağa inamını itirəndə onu dost kimi qəbullanmaq da bir ayrı cür çarəsizlik, əliüzülmüşlük əlamətidir. Orxan Vəli Nahit xanıma yazdığı bir məktubda bu əlacsızlıq, "dost" deyib də, ona qucaq açmaq çarəsizliyi, həyatın insanı aparıb çıxardığı təbii dalanın çıxılmazlığı aydın-aşkar duyulur. Gənc şair düşdüyü mənəvi dolaşıqlıqda, başını itirərkən yazır: "dostluq" sözünü "arkadaşlık" mənasında işlətmirəm". İlk baxışdan bu cümlə sadə bir fikri ifadə edir, amma diqqətlə oxuyanda, sözün özəyindəki mənaya boylananda anlayırsan ki, bu fikrin mahiyyətində dolaşıqlıq, ikibaşlılıq da olmamış deyil. Necə deyərlər, ağıl çaşır, dil dolaşır. 

Və bu cür çoxqatlı fikirlə, qarşı tərəfə dost olmadığını, sevgi bəslədiyini açıq eyhamla dilə gətirir: "Əmin ol, həyatda heç nədən zövq almıram. Bütün bu sevincsiz günlərdə ancaq səni axtarıram". İnsan birini sevirsə, ona sidq-ürəkdən bağlıdırsa, fəqət, üzüdönmüş ayrılıq da labüddürsə, bütün bağların qopmaması üçün könülsüzcəsinə də olsa, qarşı tərəflə "dostluğ"a razılaşır, düşdüyü vəziyyətə könülsüzcə boyun əyir. Bu hal, təxminən indicə, elə bu andaca ölməkdənsə, son nəfəsinəcən xəstə, yorğan-döşək dustağı olmağa razılaşmağa  razı olan xəstənin çarəsizliyinə bənzəyir. Əlbəttə, həyat şirindir, hər vəchlə ölümdən əfzəldir, eləcə də, biryolluq hər şeyi qeyb etməkdən yeydir.  Həyatın insanı saldığı bu sayaq dolanbacların çoxunda insan daha asan, rahat çıxış yolu tapır, çünki dünyanın çətin işlərini aşmaq üçün bir neçə qapını döymək, bir neçə yolla çarə arayıb tapmaq namümkün deyil. Ancaq eşqin hər qapısı sonucda eyni bir ünvana açılır deyə, nəticədə işin bir adamdan asılı qalır, ona görə də insan sevəndə başqa vəziyyətlərlə nisbətdə daha tez dalana dirənir, çıxılmazlığa düşür. Eşq özləri də bilmədən təslim olmuşların mübarizə meydanıdır. 

(Ardı var)

/Ədəbiyyat qəzeti/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.