Mixail Lermontov - Vəsiyyət
11.12.23
Gəl əyləşək, qardaşım, Gəl dərdləşək bir qədər. Mən ömrümü yaşadım, Lap az qalıb, deyirlər! Evə gedirsən, ancaq Nə deyim... bir sözüm yox; Mənə canı yanacaq Orda bircə kəsim yox. İşdir, əgər bir adam Gəlsə, soruşsa məni... De ki yaralanmışam, Güllə dəlib sinəmi. Qurban getmişəm çara, Həkimlər də xamdı de, Bir də doğma diyara Məndən çoxlu salam de. İnanmıram indiyə Atam, anam sağ olsun... Sağ olsalar da, niyə Dərdim təzə dağ olsun. De ki işdə-gücdədir, Çox tənbəldi yazmağa, Alay da yürüşdədir – Gözləməsinlər daha... Bir də qonşu qız... ancaq Biz ayrılan nə vaxtdır!.. Məni soruşmayacaq, Yox, gözləmə, nahaqdır... Sən danış, qoy dinləsin, Boş qəlbə yanmayasan; Qoy ağlasın, inləsin – Nə var ki bundan asan! Çevirəni Mahir N. Qarayev
|