Mahir N. Qarayevdən iki şeir
28.11.23
Avanqard.net şair və tərcüməçi Mahir N. Qarayevin iki şeirini təqdim edir.
PAYIZDA ÖLƏCƏM MƏN
Payızda öləcəm mən – leysan yağışlar altda... Leysan yağışlar altda basdıracaqlar məni. Payızda öləcəm mən – göz açdığım o kənddə... Dil açdığım o kənddə susduracaqlar məni.
Çəkiləcəm su kimi bircə qarış torpağa, Dikələcək başdaşım düz başımın tuşundan. Xəbərim olmayacaq o doğma kəndin daha Yerdə hürən itindən, göydə uçan quşundan.
Nə yaxşı, nə pisindən; nə qara, nə ağından – Xəbərim olmayacaq dünyanın heç nəyindən; O yağışın sübhəcən aramsız yağmağından, O yağışın sübh çağı qəfildən kəsməyindən...
Vəssalam. Kar olub da daha heç nə eşitməm. Kor olub da heç nəyi görməm daha. Vəssalam.
Vəssalam. Lal olub da mən daha kəlmə kəsməm. Susdum, ilahi, susdum. Əbsəm, əbsəm. Vəssalam.
QAYIĞI YELKƏNLİ DƏNİZ
Dalğaları cinni dəniz, Qağayısı kinli dəniz! Məni də al qayığına – Qayığı yelkənli dəniz!
Qayığına al məni də, lal məni də, kar məni də, apar, apar, sal məni də bu sahildən o sahilə...
Baş qoyaram ayağına, Ayazına, soyuğuna, Məni də al qayığına – Qayığı yelkənli dəniz!
Ovsunundan çıxammıram, yosununa baxammıram, suya dönüb axammıram bu sahildən o sahilə...
Boylandıqca qaşdan-qaşa, Daşa döndüm başdan-başa, Başım dəydi daşdan-daşa – Qayığı yelkənli dəniz!
Əlin yox əl üzüb gedəm, bezib gedəm, küsüb gedəm, gəmin də yox üzüb gedəm bu sahildən o sahilə...
Dərdinə həmdəm olaram, məni də al qayığına; Qağayına yem olaram, yem olaram balığına...
Amma hanı? Qulağı yox, qağayısı, balığı yox, sularında qayığı yox – nə yelkənli, nə yelkənsiz...
Hər nəyi varsa, budu bu, qoxusu budu, dadı bu; göz yaşımdı, şor sudu, su – qumlu, qumsuz, çənli, çənsiz...
Məni də yoracaq belə, səni də yoracaq belə, yenə də duracaq belə – mənli, mənsiz, sənli, sənsiz...
|