"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
06.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında iştirak edib.
Toplantıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.
İclasda Fondun 8 illik fəaliyyət hesabatı ilə çıxış edən Günay Əfəndiyeva, 2015-ci ildə Astana şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının qərarları ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti vəzifəsinə təyin olunmasından söz açıb. O, bildirib ki, Fond bu illər ərzində böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, tam hüquqlu, beynəlxalq təşkilata çevrilib.
Günay Əfəndiyeva təşkilatın mədəni diplomatiya, ortaq dəyərlər vasitəsilə bir çox ölkələrlə əlaqələr quraraq əməkdaşlığı genişləndirməsindən, müxtəlif sivilizasiyaları bir araya gətirməsindən bəhs edib. Fondun prezidenti Türk dünyası ilə bağlı tarixi hadisələrdə təşkilatın daim aktiv iştirakını vurğulayaraq bildirib: “Fond olaraq, bu illər ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduq və eyni zamanda, Türk Dünyasının müxtəlif şəhərlərində, Bursada, Daşkənddə, Budapeştdə, Astanada, Türküstanda Şuşa şəhərinə həsr olunmuş tədbirlər təşkil etdik. Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının yaxınlaşdırılması yönündə xidmətlərini böyük minnətdarlıqla xatırlayaraq, onun irsini müxtəlif ölkələrdə tanıtdıq. Türkiyə ilə birlikdə zəlzələdən zərər çəkən insanlara kömək etmək üçün layihələr həyata keçirərək, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təntənə ilə qeyd etdik”.
Günay Əfəndiyeva təşkilat tərəfindən ümumtürk maddi-mənəvi irsinin qorunması və təbliğinə yönəlmiş beynəlxalq miqyaslı çoxsaylı tədbirlərin, konfransların, dəyirmi masa toplantılarının, sərgilərin və konsertlərin təşkil edildiyini, Türk Dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin qeyd olunduğunu bildirərək, vurğulayıb: “Fond olaraq, Azərbaycanda Abay irsini toplayarkən, eyni zamanda Qazaxıstanın mədəniyyətini Avropada nümayiş etdirdik. Qədim "Manas"ı dərindən araşdırarkən, Çingiz Aytmatovun əsərlərini səhnələşdirərkən, Qırğızıstanın irsini, adət-ənənələrini də göstərdik. Nəşr etdiyimiz Nəvayi və Fitrətin əsərləri Azərbaycan dilində, Ömər Seyfəddin və Aşıq Veysəlin yaradıcılığı almanca, Natəvan və Nəsiminin irsi italyanca, Nizaminin əsərləri polyak dilində oxundu. Fondda müşahidəçi statusunda yer alan Macarıstanın zəngin mədəniyyətini Bartokun musiqisi və Radnotinin poeziyası vasitəsilə beynəlxalq səviyyədə tanıtdıq. Müxtəlif qurum və təşkilatlarla Memorandumlar imzaladıq, fərqli dillərdə, fərqli ölkələrdə, fərqli qitələrdə kitablar yayımladıq. Türk kökənli ölkələrin musiqiçilərindən ibarət “Dədə Qorqud” Kamera Orkestri və “Yeddi gözəl” musiqi qrupunu yaratdıq. Nəhayət, ötən ildən beynəlxalq büdcəmizi aldıqdan sonra Oşda, Otrarda, Bakıda, İstanbulda, Konstansada keçirilən festivalların təşkilinə maliyyə dəstəyi verdik”.
Fondun prezidenti təşkilat tərəfindən görkəmli qırğız şairi və dramaturqu Alıkul Osmonovun ev-muzeyinin restavrasyasiyası ilə bağlı işlərin başladıldığını diqqətə çatdırıb.
“İlk növbədə, göstərdikləri etimada görə Türk Dövlətlərinin Başçılarına, fəaliyyətlərimizə dəstək verən xarici işlər nazirlərinə, həmkarlarıma, beynəlxalq birlik və əməkdaşlığı təşviq edən təşkilatlarının rəhbərlərinə, keçən ildən beynəlxalq tərkib qazanan heyətimə böyük sevgi və həvəslə gördüyümüz ortaq işlər üçün təşəkkür edirəm” – deyə, Günay Əfəndiyeva çıxışının sonunda bildirib.
|