Səxavət Sahil - Ölüm nəğmələri - Şeirlər
26.09.23
(Nar bağından ölüm keçir...)
Birinci nəğmə
I Bədheybət bir ağ at durub qapıda sonuncu səfərə səsləyir məni, bəlkə, o dünyada dinclik taparam – əbədi səadət gözləyir məni.
II Tutub qara buludlar tutub göy üzünü, qara yelin karvanı çataçatdadır, nar bağına çökən duman da kəfən kimi bürüyür yaşıl yarpaqları.
III Ölümün hənirtisi lap yaxındadır, sonuncu görüşə yoxdur gümanım, uğultu başlayır qulaqlarımda vahimə tərindən soyuyur canım.
IV Diksinir budaqlar yelin səsindən bəlkə, İsrafilin suru çalınır?! Yamyaşıl yarpaqlar ölüm nəfəsindən itirib rəngini birdən saralır.
V Payız ayrılığı çökür sinəmə bədənim uyuşur daşa dönürəm baxma ki cavanam, bahar çağımdı, solur ömür gülüm – qışa dönürəm.
VI Buludlar örtəndə Ayın üzünü vahiməyə bürünür ağaclar gecənin zülməti altında qalan yaşıl yarpaqlar bələnir ölümün qara rənginə.
VII Boğuluram ürək ritimdən düşür – gah azalır, gah artır döyüntüsü, qaralan gözümdə rənglər eynidir – dəyişir dünyanın sön görüntüsü.
VIII Bozaran budaqda qurumuş narın insan kəlləsinə bənzəyir biri, asılıb ağacdan ölüm tablosu – gizlənib çürüyən narın içində gizlənib, ölümün açılmaz sirri.
IX Qırpıram gözlərimi sonuncu dəfə – həyatda hər nə var qoyub gedirəm, yanımda doğmadan, əzizdən bir kimsə yoxdur tənhalıq içində ölüb gedirəm.
X Sonuncu rəqsiylə vidalaşırlar küləyin hirsindən qopan yarpaqlar, nar ağacının başına dolanırlar ölümü havada tapan yarpaqlar.
XI Açıb əllərini gəlir üstümə ölüm də ana kimi sıxır köksünə məni nəvaziş göstərir, mehrini salır... Yaddaşım silinir, gözüm qaralır, əlvida, ey dünya, ürək dayanır.
XII ...Nar bağında bahar olsa da ölüm nəğmələri oxuyur külək, məzarlıq içindən duman gətirib ağappaq bir kəfən toxuyur külək.
İkinci nəğmə
I Ölüm layla çalır aparır yuxu məni.
II Ağ yarpaqlı nar bağında ağ dumana bürünürəm.
III Əynimdəki ağ libas yupyumşaq qu tüküdür.
IV Ağ narın ağ dənəsi ağ şərab dadındadır.
V Gəzirəm buludlar üstdə əllərim göyə çatır.
VI Ölüm acı deyilmiş narşərab dadındadır.
VII Ölümün ağ karvanı keçir ağ nar bağından.
VIII Qoşuluram karvana, qoşularaq gedirəm.
IX Ölüm ağrılı deyil ölüm şirin yuxudur.
X Ölümü dadmayanlar ölümdən yaman qorxur.
XI Mən ölümə vuruldum ölüm apardı məni.
Üçüncü nəğmə
I Ölüm yaşında vuruldum, ölümlə kəsdin yolumu, ölüm yaşında sevdim – ölümünə sevdim səni.
II Nar bağına dolu düşdü; yerdə qalan yarpağa döndüm qara torpaq oldu qismətim – ölümünə sevdim səni.
III Dolandı başımda qara yel özümə qənim kəsildim, intihar kimi düşdün beynimə – ölümünə sevdim səni.
IV Qəfil qırdın kəndir bəxtimi Əzrail kimi gözlədim səni əcəl təki çatdın mənə – ölümünə sevdim səni.
V Şaxta vuran nar oldum; qaraltdın taleyimi ölümü gözə aldım – ölümünə sevdim səni.
VI Kərəm tilsimindəyəm alnımda lənət izi cadulandım ölümə – ölümünə sevdim səni.
VII Ömrümün bahasına başa gəldi bu sevgi ölüm girdi araya – ölümünə sevdim səni.
VIII Ağlım başımda sevdim sevim ağılsız qaldım əcəl yaşında sevdim – ölümünə sevdim səni.
IX Günah öləndə olur kimsə bilməz bu cinayəti mənim ölümümdə sənin əlin var – ölümünə sevdim səni.
X Gözəldir səni sevmək peşman deyiləm qəti, ölümdür səni sevmək – ölümünə sevdim səni.
Dördüncü nəğmə
I Ölüm keçir nar bağından addımından diksinir ağaclar; ölüm gəlir, gəlir mənə sarı.
II Solmuş yarpaqların örtdüyü cığırla; ölüm gəlir, gəlir mənə sarı.
III Kölgəsiz nar kollarının içindən keçib; ölüm gəlir, gəlir mənə sarı.
IV Boyun bükür, yas tutur budaqlar; ölüm gəlir, gəlir mənə sarı.
V Ölüm keçəndə yanından qaralır qırmızı nar; ölüm gəlir, gəlir mənə sarı.
VI Udur qırmızısını, qaralır qorxusundan; ölüm gəlir, gəlir mənə sarı.
VII Ölüm keçir – ağlar qalır ağaclar; ölüm gəlir, gəlir mənə sarı.
VIII Zəhmindən çatlayır qan axır yanağından; ölüm gəlir, gəlir mənə sarı.
IX Ölüm keçir nar bağından – köhnə məzarlıq kimi; ölüm gəlir, gəlir mənə sarı.
Beşinci nəğmə
I Geyinib qiyafətini gəlir yanıma toxunur sənin hərarətinlə – (meh əsir nar bağından) aldadıb aparır məni Əzrail.
II Darıxmışdım əllərin üçün; tutur əllərimdən sənin əllərinlə – (nar budağı əllərin) aldadıb aparır məni Əzrail.
III Eşidirəm... Gülür, danışır sənin səsinlə, nəfəsinlə – (pıçıldaşır nar yarpaqları) aldadıb aparır məni Əzrail.
IV Sevinirəm, artır həyəcanım; baxır sənin gözünlə, sənin baxışınla – (gözlərin nar tumurcuğu) aldadıb aparır məni Əzrail.
V Atır addımlarını yeriyir sənin kimi, dayanır sənin kimi – (küləkdən yellənir nar ağacı) aldadıb aparır məni Əzrail.
VI Qoyur çiynimə başın Sənin barmaqlarınla Oxşayır saçlarımı – (nür şüvülü barmaqların) aldadıb aparır məni Əzrayıl.
VII Qəfil dolur içimə ovsunlayır məni sənin ətirinlə – (burnumda nar qoxusu) aldadıb aparır məni Əzrail.
VIII Sənin dodaqlarınla öpür dodaqlarımdan xumarlanır gözlərim – (damağımda nar dadı) aldadıb aparır məni Əzrail.
Altıncı nəğmə
I Udacaq səsimi qonacaq yanağıma – ölüm də qadın kimi öpüb gedəcək məni.
II Qurumuş nar koluyam Yel sayacaq yarpağımı – ölüm də qadın kimi öpüb gedəcək məni.
III Ağaracaq bənizim qan qaçacaq üzümdən – ölüm də qadın kimi öpüb gedəcək məni.
IV Kəsiləcək taqətim qollarımdan, dizimdən – ölüm də qadın kimi öpüb gedəcək məni.
V Tərpənə bilməyəcəm, dilim söz tutmayacaq – ölüm də qadın kimi öpüb gedəcək məni.
VI Qapanacaq gözlərim kəsiləcək nəfəsim – ölüm də qadın kimi öpüb gedəcək məni.
VII Deşib narın qabığın yeyib gedir sərçələr – ölüm də qadın kimi öpüb gedəcək məni.
Yeddinci nəğmə
I Gecənin bu vədəsində qapı döyülür qəfildən. (Nar bağına yel dolur, yel dolur nar bağına.)
II Kim gəlib gecə vaxtı döyər mənim qapımı? (Pıçıldaşır ağaclar: Nədən belə yel əsir?)
III Bəlkə, o qadın gəlib gəlib ki bağışlasın. (Bəlkə, bu yel qovacaq payızı nar bağından.)
IV Bəlkə, dostum gəlib, gəlib şərab içməyə. (Bəlkə yel əsir budaqları soyuğa öyrətməyə.)
V – Kimdir qapımı döyən? – Kimdir orda gözləyən? (Budaqlar da səslənir: Yel niyə gecə gəlib.)
VI – Ölümdür qapı döyən! – Əcəlindir gözləyən! (Qara yeləm gəlmişəm, qara qış gətirmişəm.)
Səkkizinci nəğmə
I Qoca Xaronun qara qayığında səmt küləyi aparır məni, yarılır ölümün qara suları.
II O dünyanın yolu uzun gəlirdi mənə – sən demə ölüm lap yaxındaymış.
III Yellədir dalğalar qayığı, beşikdəki körpə tək məst oluram ölüm laylasından.
IV Qara yel aparır qara yelkəni, səpələnib sulara saralmış nar yarpağı.
V Açır qapısını ölüm səltənəti, qaralmış nara bənzər qara Ay çıxır başımın üstə.
Doqquzuncu nəğmə
I Ölən ana bətnində qalan körpətək açmadan qaralır nar tumurcuğu.
II Gözümdəki arzuyla gedirəm mən də gedirəm o soyuq qəbir evinə.
III Mən ölsəm də, qarışsam da torpağa içimdəki o sevgi yenə diri qalacaq.
IV Çevrilib nar koluna məzarımda bitəcək boylanacaq günəşə, gözlərini açacaq.
Onuncu nəğmə
I Ölüm, ölüm, ay ölüm...
Tanrıdan savayı hər kəs məğlub oldu qarşında, lənətlər oxudular adına ölüm.
II Ölüm, ölüm, ay ölüm...
İndi mənə çatıbsan sonuncu şam yeməyitək baxacam sənin dadına ölüm.
III Ölüm, ölüm, ay ölüm...
Turş nar kimisən, tamın acıtəhərdir qara qanlar axır dodaqlarından – sən də bənzəyirsən qadına ölüm.
On birinci nəğmə
I Üzülürəm ağrıların əlində, üzülürəm köməyə ölüm çatır, boynuma sarılan qolların yoxdur, indi onun yerinə kəndirə əlim çatır.
II Qopduqca yarpağı budaqlarından ağrıdan göynəyir qıvrılır nar ağacı, əli yox, dili yox – quruyub qalır içindən alışır qovurulur nar ağacı.
On ikinci nəğmə
I Nar bağında məzar daşı ayın şəfəqlərində parlayır gecə vaxtı, ağacların bətnində gizlənən qorxu pozur sakitliyi kor yapalağın səsiylə.
May-sentyabr 2023
"Ədəbiyyat qəzeti"
|