"Ana tarla" nın premyerası oldu


28.04.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Çingiz Aytmatovun 95 illik yubileyi qeyd olunub

Kulis.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Qırğızıstanın görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə Azərbaycan Milli Akademik Dram Teatrında ədibin “Ana tarla” povesti əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Tamaşanın premyerasında görkəmli ictimai, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, səfirlər, millət vəkilləri və yaradıcı gənclər iştirak ediblər.
Həmçinin, tədbir çərçivəsində Çingiz Aytmatovun Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini, Bakıya səfərlərini əks etdirən fotoşəkillərindən ibarət sərgi təşkil olunub.
Tədbirin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün Türk dünyası üçün əlamətdar olduğunu qeyd edib.
Fondun prezidenti çıxışında Ulu Öndərin mədəniyyətə, incəsənətə vurğunluğuna diqqət çəkib. Günay Əfəndiyeva bildirib ki, Heydər Əliyevin mədəniyyət və incəsənət nümayəndələri ilə – yazıçılarla, şairlərlə, rejissorlarla, aktyorlarla, rəssamlarla, bəstəkarlarla özünəməxsus, isti münasibətləri var idi. Bu münasibət təkcə Azərbaycanla məhdudlaşmayıb, digər ölkələrin incəsənət nümayəndələrinə, o cümlədən Türk dünyasının simalarına da şamil edilib. Onlardan biri də bu il 95 illik yubileyi qeyd olunan, qırğız xalqının fəxri, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov olub, – deyə Günay Əfəndiyeva bildirib. Fondun prezidenti Heydər Əliyevlə Aytmatovun bir-birinə bəslədikləri doğmalıqdan və rəğbətdən, onların dostluq əlaqələrindən bəhs edib. 
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışaraq təşkilatın Türk dünyasının zəngin mədəniyyətini öyrəndiyini, qoruduğunu və dünyada təbliğ etdiyini vurğulayıb. Günay Əfəndiyeva 2018-ci ildə Fond tərəfindən Çingiz Aytmatovun 90 illik yubileyinin Azərbaycanda təntənəli şəkildə qeyd olunduğunu xatırladıb. Həmin tədbir çərçivəsində qırğız sənətçilərin ifasında Ç.Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanmış tamaşa təqdim olunub.
Aytmatovun əsərlərinin beynəlxalq səviyyədə geniş tanındığını qeyd edən Fondun prezidenti vurğulayıb:
“Ana tarla” əsəri bir qadının faciəsi, bir ananın fəryadıdır. Amma bir ananın simasında minlərcə, milyonlarca anaların ağrısı, acısı, iztirabıdır. Neçə-neçə nəsillərin taleyidir. Bunları danışarkən Vətən müharibəsində doğma Qarabağ uğrunda canlarını fəda etmiş igid oğullarımız gözlərimizin önündən keçir. Bu tamaşa eyni zamanda onların, bizim qəhrəmanlarımızın ruhlarına olan ehtiramdır. Və əlbəttə, onları bizə bağışlayan Analara ithafdır”.
Daha sonra, Günay Əfəndiyeva tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə, Bakı Bələdiyyə Teatrının kollektivinə və onun rəhbəri Aynur Muxtarovaya, quruluşçu rejissor Azərbaycanın xalq artisti Mərahim Fərzəlibəyova minnətdarlığını bildirib.
Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Taalatbek Masadikov çıxış edərək bildirib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Taalatbek Masadıkov Heydər Əliyevin Azərbaycan xalqının və bütün Türk dünyasının dahi oğlu olduğunu vurğulayıb.
"Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə bizim tərəfimizdən daha çox dərk olunur. Bu gün biz siyasi dünyanın və tarixin gedişatına təsir edən bu iradəli şəxsiyyətə heyranlıqla baxırıq", deyə o bildirib.
Çingiz Aytmatovun yaradıcılığından danışan Taalatbek Masadikov böyük qırğız yazıçısının Türk dünyasının ən görkəmli mədəniyyət xadimlərindən biri olduğunu qeyd edərək, onun ümumtürk mədəni irsinə verdiyi misilsiz töhfəsindən bəhs edib: “Aytmatov yaradıcılığı qırğız xalqının adət-ənənələri və tarixində dərin köklərə malikdir. Onun əsərləri bütün dünya oxucularında əks-səda doğuran ümumbəşəri məhəbbət, itki və insanlıq mövzularını tədqiq edir. Aytmatov ənənəvi qırğız mədəniyyətini müasir ədəbi formalarla birləşdirmək bacarığına malik idi. Bu gün də Aytmatovun irsi yeni nəsil yazıçı və sənətkarları ruhlandırmaqda davam edir və onun türk mədəni irsinə təsiri şübhəsiz ki, gələcək nəsillərə də ötürüləcəkdir”, deyə o bildirib.
Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi tədbirin təşkilinə görə Fondun prezidenti Günay Əfəndiyevaya, eləcə də Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib.
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Ulu Öndər Heydər Əliyevin Çingiz Aytmatova həm yazıçı, həm də görkəmli ziyalı kimi yüksək qiymət verdiyini vurğulayıb. Diplomat qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün də uğurla davam etdirilir: "Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında möhkəm birlik var, iqtisadiyyat möhkəmlənir, mədəniyyət və ictimai həyatın digər sahələri inkişaf edir. Qırğızıstan ilə Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində güclü qardaşlıq əlaqələri qurulub", – deyə o qeyd edib.
Səfir “Ana tarla” əsərindən söz açaraq qeyd edib ki, “Əsərin qəhrəmanı Tolqonay müharibənin ağır illərində cəsarəti, mənəvi gücü və müdrikliyi Ana Torpaqdan götürüb”. Kayrat Osmonaliyev bu tamaşanın izləyicilər tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
Daha sonra Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın video-müraciəti tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
O, atası haqqında danışarkən qeyd edib: “Aytmatovun povestləri onun müharibə dövrünə təsadüf edən uşaqlıq illərində yaşadığı ağır çətinliklərdən qaynaqlanıb. Müharibə cəbhəsində ataların, oğulların və ərlərin həlak olması barədə əsgər ailələrinə teleqramlar çatdırdığından kədərin və itkinin nə olduğunu bilirdi. Onun cəmi 12 yaşı var idi.
Böyüyərkən atamın hekayələrini İkinci Dünya Müharibəsinin dəhşətlərindən sonra bəşəriyyətin yenidən müharibə aparmasının qarşısını almaq üçün yazılmış bir növ sehrli sözlər kimi düşünürdüm. Aytmatovun hər bir əsəri fərdin mənəvi möhkəmliyə sadiq qalmaq, qəddarlığa rəğmən xeyirxahlıq etmək, şər aləmində yaxşı olmaq, insanlıqdan kənar şəraitə rəğmən insan olaraq qalmaq əzmini göstərir.
Aytmatovun əsərlərinin qadın qəhrəmanları atası dövlət xadimi Törekul Aytmatovun repressiyaya məruz qalmasından sonra Qırğız kəndində dörd uşağı təkbaşına yoxsulluq içində böyüdən anası Nagima xanımın iradəsi və gücünə ithaf olunur”.
Çıxış edənlər türk mədəniyyətinin və irsinin təbliği kimi mühüm missiyanı yerinə yetirdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Bakı Bələdiyyə Teatrına və bu genişmiqyaslı tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Povestin baş qəhrəmanı – Tolqonayın obrazını Azərbaycanın Əməkdar Artisti Hüsniyyə Mürvətova canlandırıb. 
Çingiz Aytmatovun əsərinin dram varinatını Azərbaycan dilinə Teymur Elçin tərcümə edib. Tamaşada əməkdar artist Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev, Zülfiyyə Məmmədova, Günel Qəmidova, Aynur Abbasova, Arzu Ağayeva iştirak ediblər.
Tamaşa ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, yekunda izləyicilər Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivini gur alqışlarla mükafatlandırıblar. Premyera böyük uğurla başa çatıb.

Yenililklər
06.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur
06.06.23
Günay Əfəndiyeva 21-ci Alanya Beynəlxalq Turizm və İncəsənət Festivalında iştirak edib
06.06.23
Vüqar Əhməd - Ədəbiyyatşünaslığımızın parlaq siması - Şirindil Alışanlı
01.06.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Polşadakı Səfirliyimiz Varşava Beynəlxalq Kitab Sərgisində təmsil olunub
31.05.23
XI ANAİB Kitab Sərgisi keçiriləcək
31.05.23
Günay Əfəndiyeva Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi ilə görüşüb
28.05.23
Gülşən Behbud - Sözü yaşayan və sözüylə yaşadan xanım
28.05.23
Hökumə Billuri (Həkimə İbrahim qızı Billuri) “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrində
26.05.23
Macarıstanda Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” filmi nümayiş olunub
25.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Oşda VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalının əsas təşkilatçılarındanbiri olub
25.05.23
Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
19.05.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlıq genişlənir
18.05.23
AMEA-da Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
17.05.23
Azad Qaradərəli - Avdının şairliyi
11.05.23
Özbəkistanın Mədəniyyət və turizm naziri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10.05.23
I Naxçıvan Kitab Sərgisinin proqramı məlum oldu
10.05.23
İçərişəhərdə Milli Kitab Sərgisi keçiriləcək
08.05.23
Günay Əfəndiyeva Qazaxıstanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
05.05.23
Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
04.05.23
Məmməd Orucun "Naməlum Fikrət Qoca" adlı kitabının təqdimatı keçirilib
04.05.23
Günay Əfəndiyeva Qazaxıstanın Mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb
03.05.23
“Həsən Seyidbəyli həyatı və nəsr yaradıcılığı” kitabı işıq üzü görüb
03.05.23
Kənan Hacı - Ədəbi tənqidin ətaləti
01.05.23
Azad Qaradərəli - Yazıçı Məqsəd Nurun rəssamlığı
01.05.23
Günay Əfəndiyeva: “Şübhəsiz ki, Şuşanı geniş miqyasda tanıdarkən Türk qardaşlığının, birliyinin gücünü dünyaya bir daha sərgiləmiş oluruq”
01.05.23
“Heydər Əliyev Və Azərbaycanın Davamlı İnkişaf Strategiyası: Modernləşmədə Yeni Təmayüllər"adlı Beynəlxalq elmi simpozium keçirilib
28.04.23

"Ana tarla" nın premyerası oldu

18.04.23
ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək
17.04.23
Daşkənddə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı baş tutub
17.04.23
“Şuşa günləri” çərçivəsində Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda konsert keçirlib
17.04.23

Yaddaşları oyadan kitab

14.04.23
Günay Əfəndiyeva Özbəkistan Respublikasının Mədəniyyət və Turizm naziri ilə görüşüb
13.04.23
"Türkoloji etüdlər" kitabının təqdimatı olub
13.04.23
 “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumu başa çatıb
13.04.23
Bakıda tarix-memarlıq abidəsinə müdaxilə edilib
13.04.23
Özbəkistanda Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib
12.04.23
Anar Məcidzadə - Yaşamaq səninçün asan gəlməsin
06.04.23
Uşaq və tədris ədəbiyyatı ilə bağlı seminar keçiriləcək
06.04.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanda “Şuşa Günləri” keçirəcək
05.04.23
"Əmir Xosrov Dəhləvi” kitabı işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.