Müasir Vyetnam ədəbiyyatı haqqında kitab işıq üzü görüb
28.03.23
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Sevda Məmmədovanın “Müasir Vyetnam ədəbiyyatı; Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ” kitabı işıq üzü görüb. Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş bu monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı qərarı ilə çap edilib.
“Azərbaycanda Vyetnam ədəbiyyatı haqqında ilk kitab” başlıqlı ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdur.
Azərbaycan-Vyetnam ədəbi əlaqələrindən bəhs olunan monoqrafiyada Vyetnam ədəbiyyatı elmi səviyyədə araşdırılır. Həmin ölkənin ədəbiyyatının tarixi inkişaf yolu, görkəmli yaradıcıları və davamlı ənənələri, şair və yazıçıların yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri Vyetnam və Azərbaycan ədəbiyyatının müxtəlif cəhətləri ilə müqayisədə öyrənilir. Azərbaycan ədəbiyaytı tarixində Vyetnam ədəbiyyatının tədqiqi məsələləri dəyərləndirilir.
Üç fəsildən ibarət monoqrafiya 102 səhifədir. Kitab “Elm və təhsil” nəşriyyatında nəşr edilib.
|