İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23

İradə Musayevanın “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...” yazısını təqdim edirik.

Repressiyanın 80 illiyinə həsr olunur...

VIII məqalə

1937-ci il tarixini götürsək, repressiyadan 80 il keçir. 1917-ci il oktyabr inqilabından başlanan sovetizm yolundakı qantökmə reallığına əsaslansaq 100 il... Bəlkə də repressiya faciəsi üçün tarixin və yaşın o qədər də önəmi yoxdur, başlanğıcı lap çarizm zamanına da aparıb çıxarmaq olar... Bizim - Azərbaycan xalqının tarixi taleyində rus sovet hakimiyyətinin törətdiyi repressiya fəlakətinin isə yaşı 33 illik bir zamana (1920-1953) təsadüf edir... Azərbaycanda XI Qızıl ordunun basqısı ilə qurulan bolşevik hakimiyyəti zorakılıqla müstəqilliyimizi əlimizdən aldı. İlk böyük, tarixi repressiya aktı onda imzalandı... Stalinin ölümü ilə böyük repressiya layihəsi başa çatdı...

B.Vahabzadə yazırdı ki, “Arada-bərədə eşidirik: “Bizim xalq zülmə baş əyən müti xalq olduğundan Sovet imperiyasının zorakılığına 70 il dözüb susdu”. Amma yaxın tariximizi yaxşı bilən, onu Sovet təbliğat kitablarından deyil, həyatdan öyrənənlər belə düşünmür. 1920-ci illərdə Gəncə və Şamaxı, 1930-cu ildə Şəki, Zaqatala üsyanları, 1940-cı illərdə üstü açılan tələbə təşkilatları, 1950-ci illərdən sonra yaranmağa başlayan dissident ədəbiyyatını inkar etmək mümkündürmü?... 1988-ci ildəki Meydan hərəkatında öz başlanğıcını həmin üsyanlardan, tələbə təşkilatlarından, və dissident ədəbiyyatından götürdüyünü unutmamalıyıq”.

Azərbaycan xalqı üçün Stalin repressiyası daha sərt və amansız qaydalarla hərəkətlənirdi. Bu yolda kimləri, nələri itirdik, saymaqla bitməz...

Mən bu mövzunu seçəndə bir, ya da iki məqalə yazacağımı düşünürdüm. Amma mövzunun saysız-hesabsız tezisləri 8 məqalə yazdırdı. Bu yazını isə son məqalə kimi qələmə alıram. Çünki, 33 illik repressiya söhbəti 80 ildir bitmirsə, demək, 80 məqalə ilə də çözülüb qurtarılası deyil...

Niyə yazmaq istədim bu mövzuda? İlk növbədə ona görə ki, müəyyən “ölçülüb-biçilmiş” zamanlarda repressiya söhbəti məqsədli şəkildə ictimai-siyasi, sosial və psixoloji problem kimi analiz olunmur. Çox zaman ədəbi, elmi-mədəni, siyasi fəaliyyət sahələrinin araqarışdıran, fikirçaşdıran “seçilmiş” nümayəndələri tərəfindən repressiya zamanında ölmüş və o zamandan sağ çıxmış adamları qarşılaşdırırlar. Onlardan birini xeyirin, o birini isə şərin nümayəndəsi kimi təqdim etməklə gündəmin mövzusu ola bilirlər... Tarixi sənədlər, arxiv materialları, bu materiallarla məhz birbaşa təmasda olan tədqiqatçılar isə başqa faktlar qoydu ortaya. Sadəcə, bir problem ondadır ki, bəzi müəlliflər əldə etdikləri arxiv materiallarını öz emosional münasibətini əlavə etməklə nəşr etdirib. Bütün hallarda olmasa da, çox hallarda analiz, müqayisəli təhlillər, obyektiv qənaətlər kifayət dərəcədə deyil. Biz nə qədər ki, ancaq Stalini lənətləməklə, repressiya qurbanlarının günahsızlığını sübut etməklə məşğul olacağıq, onda hadisədən 200 il keçsə də həmin qurbanların öz zamanları ilə kontrastlı xarakter mövqeyi və həmin zamanın siyasi, ideoloji təmayüllərinin mahiyyəti açılmamış qalacaq...

Repressiya qanunları Azərbaycan bolşeviklərində milli hissi öldürmüşdü. “Danos mütəxəssisləri” yetişdirilirdi. Və danos, yaltaqlıq, hesabat və ittiham məruzələrindəki qeyri-əxlaqi davranışlar təkcə şəxslər tərəfindən deyil, ölkənin rəhbərliyi səviyyəsində özünü göstərməkdə idi. Bağırov azərbaycançılıq yolunda özünü fəda edən R.Axundovu Sumbatovun ayaqları altına atmışdı, azərbaycanlıları ermənilər, ruslar, yəhudilər mühakimə edir, cəzalandırır, işgəncələrlə qətlə yetirirdi. Məsələn, XDİK-in rəhbər şəxslərindən biri Azərbaycan SSR XDİK-nın Xüsusi Müşavirəsinin şöbə rəisi dövlət təhlükəsizliyi kapitanı X.Qriqoryana məktub yazıb bildirirdi ki, “Qaçaq Həmidin yaxınlarından 32 ailə tərəfimizdən həbs edilərək Nuxa həbsxanasında saxlanılır. Bu adamların artıq 8 aydan çoxdur ki, həbsxanada saxlanılmasına baxmayaraq, siyasi quldur Həmid hələ də təslim olmayıb. Əgər əvvəllər belə hallarda siyasi quldurlar təslim olurdularsa, indi artıq bu üsul fayda vermir. Əgər biz bu adamları azad eləsək, camaatda belə bir fikir yarana bilər ki, Sovet hökuməti yerli əhalidən qorxur. Ona görə də Xüsusi Müşavirənin iclasında siyasi quldur Həmidin siyahıda göstərilən bütün qohumlarının respublikadan kənara sürgün olunması işinə baxılmasını məqsədəuyğun sayıram. Üç gündən sonra XDİK-nın üçlüyünün qərarı ilə bu 32 ailə respublikadan kənara sürgün edildi”. (F.Sabiroğlu)

Satqınlıq, böhtan atıb həbs etdirmək naminə yarışlar təşkil olunurdu. Hansı qurum daha çox “xalq düşməni” təqdim etdi? - deyə...

Repressiya rejiminin amansız qanunları get-gedə sərtləşirdi. Məsələn, 1930-cu il üsyanlarını, anti-sovet hərəkat prosesini tarixi sənədlərdən oxuyarkən, heyrətlənməmək olmur. Kollektivləşmə, kolxozlaşma zamanı xalq daha cəsarətlə, yekdilliklə etiraz edir, bolşeviklərlə, onların partiyaları ilə mücadiləyə qalxırdı. Qaçaq, partizan dəstələrində yalnız fəhlə və kəndlilər olmurdu. Daha ciddi, siyasi təlimatlar əsasında təşkilatlanan cəmiyyətlərin izi görünürdü. 1930-cu ilin aprel ayında Şəkidə baş vermiş üsyan haqqında kitab yazan H.Manaflının Türkiyədə təhsil almış, müsavatçılıq və türkçülük ideyasını amalına, əqidə şüarına çevirərək bolşevizmə qarşı üsyana qalxan Məmmədəli Xələfzadə haqqındakı qeydi maraq doğurdu: “Məmmədəli Xəlfəzadə Müsavat Partiyasının Şəki özəyinin ilk rəhbəri olmuşdur. Türkiyədə təhsil alması onun dünyagörüşünə əhəmiyyətli təsir etmişdir. Məmmədəli Xələfzadə Şəkinin Küngüt, Zəyzid, Göynük və digər kəndlərini gəzərək Müsavat ideyalarını təbliğ edir, bu partiyanın guya bəylərin, varlıların partiyası olması haqqında təəssüratların yanlış olduğunu, xalqın bütün zümrələrinin mənafeyini qoruduğunu, milli birliyi təmin etməyə can atdığını təkidlə izah edirdi. “Türk millətindənəm, islam hümmətindənəm, qərb mədəniyyətindənəm” kəlamı onun dilinin əzbəri idi”.

Məlumdur ki, repressiya tək Azərbaycanda baş vermədi. SSRİ-yə daxil olan respublikalar bu sadizmi gözləri ilə gördü. Bizim ölkədə 80 minə qədər insan repressiya hərəkatının qurbanına çevrildi. Ən böyük zərbə düşüncənin iflic vəziyyətə salınması ilə əlaqədar oldu. İnsan bioloji varlıq kimi həmişə məğlubdur. Yəni, cəzanın şiddəti, bədən, cisim ağrısı iradəni, əqidəni, prinsipiallıq maneralarını alt-üst edə bilir. Necə ki etdi... O illərin tarixi gerçəkliyi sübut etdi ki, 1930-cu illər soyqırımında əli dost, həmkar “qanına batmayan” adam tapmaq müşküldən müşkül idi. Hər kəsin bu fəci olayda az, ya çox “payı” vardı. Sonralar o hadisələrdən sağ çıxan adamların xatirəsini sıxıla-sıxıla, utana-utana danışması da həmin mənanı verirdi. Yaxın qohumlarımdan biri bəy nəslindən olan yaşlı kimyaçı qadın mən tələbə olanda bir xatirəsini əzab çəkə-çəkə danışdı. Deyirdi ki, “Akademik Şəfaət Mehdiyev müdirimiz idi, 1930-cu illərin axırları olardı, bir gün məni yanına çağırtdırdı. Otağa girəndə dizlərim əsirdi. Böyük qardaşım neft mühəndisi, tanınmış mütəxəssis idi, həbs olunmuşdu. Onun adını çəkdi və məndən soruşdu ki, qardaşındı? On uşaqdan ən böyüyü və bizə ata olmuş həmin qardaşımı hamımız çox istəyirdik. Mən inkar elədim, dedim ki, tanımıram və özümdən asılı olmayaraq hönkürə-hönkürə ağladım. Şəfaət müəllim yaxınlaşdı və yavaşca qulağıma dedi ki, “ayıb olsun, mən heç vaxt elə qardaşdan imtina etməzdim...” Daha da pərt vəziyyətə düşdüm... Amma ürəkləndim və sanki qorxu hissim yox oldu. O: Get... evdə hamıya salam de – dedi”.

Gördüyümüz kimi, əsil qiyamət səhnələri yaşanırdı, bacı qardaşdan, övlad atadan imtina etdiyi illər idi... Xatirələr unutdurulur, fotolardan belə başlar, üzlər silinir, kitablardan adlar kəsilib götürülürdü. Ədəbi mətbuat emosiya qarışıq hədə-qorxu, təhqir və ittiham meydanına çevrilmişdi.

Yazıçıları inandırmışdılar ki, onlar ölkədəki bütün anti-sovet hərəkatın gedişində məsuliyyətli və günahkardırlar. Ona görə də Yazıçılar İttifaqı öz iclaslarında özünütənqid yoluna keçmiş, psixoloji olaraq qorxu və məsuliyyət hissi ilə əsərlər yazmağa, siyasi notlu çıxışlar etməyə başlamışlar. Bitərəf olmaq xəyanətə bərabər tutulurdu. Tez-tez yazıçılar bir-birini “Sən niyə susursan?”, - ittihamı ilə tribunaya çəkir, diqqət mərkəzinə gətirirdi.

Mehdi Hüseyn və digər “aktiv” yazıçılar yeni, novator, ədəbi havadan bir udum dadan, sərbəst şeir və modern poeziya həvəsi ilə əlinə qələm alan Mikayıl Rəfilini və Rəsul Rzanı cinayətkar kimi mühakimə edirdi: “Rza, rəsmən əsərlərində Mayakovski yolu ilə getdiyini iddia edir. Bu, heç də belə deyildir. Rza Mayakovskinin formasını yaxşı anlaya bilməmişdir. Rza və Rəfili kimi şairlər Mayakovskinin təqlidçiliyə, meymunçuluğa nifrət etdiyini bilmirlərmi? Daha doğrusu, onlar Mayakovskidən öyrənmək məsələsini tam mənasilə ciddi və markistcəsinə irəli aparmaq əvəzinə, nə üçün onun yaradıcılığı ilə öz zəifliklərini pərdələyirlər”.

R.Rza, A.Faruq, S.Vurğun, S.Rüstəm, tənqidçilərdən, xüsusən C.Xəndan və başqa şairlərin, yazıçıların da öz həmkarlarını tənqid edən məqalələri ədəbi mətbuatda yer alırdı...

Sözün, sənətin, ədəbiyyatın üstünə qılıncla gələn stalinizm nəzəriyyəsinin əsas diktəsi bu ittiham altında gizlənmişdi: “Yazıçılar “bolşevik sayıqlığının kütləşməsi” xəstəliyinə mübtəla olmuşdur!”

“Ədəbiyyat qəzeti” daha operativ idi bu prosesdə. Artıq sənət, ədəbiyyat, mədəniyyət, estetika prinsipləri gözə görünmürdü. Hətta ədəbi-mədəni, maarifçilik missiyalı mətbuat orqanı kimi tanıdığımız “Azərbaycan” jurnalı 1923-1927-ci illərdə “Maarif və mədəniyyət”, 1928-1936-cı illərdə “İnqilab və mədəniyyət” adı ilə çıxsa da, repressiyanın və anti-milli siyasətin məğzinə uyğun olaraq 1936-1941-ci illərdə “Revolyusiya və kultura” kimi nəşr olunmağa başladı. Sırf ideoloji tendensiya silahı olan dərgi müharibə illərində tam başqa istiqamətli bir adla - “Vətən uğrunda”, müharibə bitər-bitməz isə yenidən “İnqilab və mədəniyyət” (1946-1952-ci illər) adı ilə fəaliyyətə başladı. 1953-cü ildən bu günə kimi isə “Azərbaycan” adlandırıldı...

Bir çox repressiya qurbanları kimi böyük maarifçi alim R.Axundovun da adını kitablardan oxucular belə kəsib çıxarırdılar.

Repressiyanın mənəvi-psixoloji travmaları, insan şüurunu, təfəkkürünü, ali hisslərini iflic vəziyyətə salan zərbələri hələ də sağalmaq bilmir. Ailələr dağıdılırdı. Ər güllələnir, arvad 8-10 il həbsxana həyatı yaşayır, körpələr, yeniyetmə övladlar bir-birindən ayrılaraq müxtəlif müəssisələrə göndərilirdi. Ocaqlar söndürülür, nəsil-kök genefondu tar-mar olunurdu...

İnsanların rəğbət, sevgi, inam hissi məhv edildi. Hələ də qaytarılmayan inamı edam etdilər o illərdə. Sədaqət hissinin davamlılıq dərəcəsi yoxlanıldı və məğlubiyyətlə tamamlandı. H.Cavid, Ə.Cavad, M.Müşfiq, R.Axundov, H.Zeynallı, V.Xuluflu, Y.Çəmənzəminli kimi sözə, ədəbiyyata, əqidəyə sadiq insanlar belə iradələrinin əksinə çıxdı, diktə edilən ifadələrə imza atdılar. “H.Cavidin özü belə məhkəmə prosesində 1926-cı ilə qədərki yaradıcılığında “xəta” olduğunu etiraf etmişdi. Bildirirdi ki, o sovet ideologiyasından çox uzaq olmuş və “kütlələrin anlamadığı anlaşılmaz bir dillə yazmışdır”. Yazar daha sonra bildirirdi ki, sonralar bu xətaları düzəltmişdir. Onun bioqrafiyasında da 1926-cı il tarixi dönüş nöqtəsi kimi qeyd olunurdu” (“Məhv edilmiş türkoloqlar”) H.Cavidin sovet hökumətinə qarşı fərqli münasibətini ifadə edə biləcək “Azər” poeması 1926-1936-cı illərdə yayımlanmışdı.

“Türk dünyasının Şekspiri” və onun mürşidi” adlı məqaləsində S.Carçı göstərirdi ki, Sultan Əbdül Həmidə qarşı etdiklərinə görə sonradan peşimançılıq ifadə edən mövqe təkcə Rza Tofiqə yox, həm də tələbəsi Hüseyn Cavidə aid idi. Gənclik illərində sultana qarşı çılğınlıqla çıxış edən Cavid də sonralar onu tənqid etməkdə səhv etdiyini etiraf edir... Rza Tofiqin həyat və yaradıcılığında diqqəti ən çox çəkən məqam “İttihad və Tərəqqi” üzvü olduğu zaman Sultan Əbdülhəmidi tənqid etməsi, sonra isə ondan üzr diləyən şeirlər yazmasıdır...

S.Carçı H.Cavidin mühakimə qovluğunu oxuyarkən bəzi faktlar diqqətini çəkmişdir: “Ad çəkmək lazım gələndə əsasən dünyadan köçmüş insanların adını çəkən Cavid əfəndi bir adamın da adını çəkir. Müəllimi Rza Tofiqin…”

Və daha sonra müəllif digər tədqiqatçıların da təsdiq etdiyi fikri bu cür ifadə edir: “Amma ifadələrin də hansı formada, necə işgəncələrlə alındığı hamıya bəllidir. Bir nəfər tutulub yalandan yüz nəfərin üzünə qoyulub. Və sonradan bu yüz nəfəri də amansız işgəncə yolu ilə (saatlarla ayaq üstə saxlayaraq, rezin dəyənəklə ölümcül döyərək) yalandan bir-birinin üzünə qoyublar. Əlehinə olan ifadələrdən birində H.Cavid barədə deyilir:

“… Cavid ona görə təhlükəli düşməndir ki, Müsavat hökuməti dövründə partiyada olmayıb, amma Sovet hökuməti qurulandan sonra onlara qarşı nəsə bir şey yazmaqdan imtina edib…

… Müsavatçılar onu “Türk dünyasının Şekspiri” adlandırırdı”.
Başqa bir ifadə verən isə deyirdi:

“Hüseyn Cavidin Müsavat şipyonkası Mədinə xanım Qiyasbəyli ilə əlaqəsi var idi”.

Repressiyanın “sürgün” adlı məşəqqətli cəza növü də mövcud idi. Yüzlərlə ailə çirkli və ağzına qədər dolu vaqonlarda Orta Asiyanın çöllərinə göndərilirdi. Sibirdə təkcə isti, günəşli həyatını deyil, həm də ümidlərini itirən insanlar ən doğma adamlarını ancaq yuxularda görə bildi... “1937-ci il may ayının 10-da 600 ailə yük vaqonlarında əsgərlərin müşayiəti ilə ömürlük yaşamaq üçün Orta Asiya çöllərinə yola salındı. 1937-ci ilin iyunundan başlayaraq isə xüsusi qrafik üzrə Azərbaycandan Orta Asiya və Sibirə belə eşalonların yola salınmasına başlandı. SSRİ Daxili İşlər Nazirliyinin 19 yanvar 1955-ci il tarixli 0026 №-li Əmrinə əsasən repressiya olunmuşların 26 min işin yandırılması bu əməliyyatın dəqiq miqyasını göstərməkdə çətinliklər yaradır. Lakin bəzi sənədlərə əsasən aydınlaşdırmaq olur ki, 1937-ci ildən sonra Naxçıvan MR-dan 957, Biləsuvardan 290, Astraxanbazardan 205, Əli Bayramlıdan 145, Karyagindən 155, Cəbrayıldan 205, Ağcabədidən 195, İmişlidən 348, Masallıdan 208, Noraşendən 417, Naxçıvan şəhərindən 185 və Bakı şəhərindən 218 ailə sürgün olunub”.

Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya Sibirə sürgün edilmişdi. (F.Sabiroğlu)

“Böyük təmizləmə” əməliyyatı, əksinə, çoxlu çirkab, bataqlıq mənzərələri yaratdı. İnsanlar ictimai-siyasi, sosial-mədəni həyatlarında oyuncaq kimi istifadə edildi. Susmağı, nahaqqa boyun əyməyi, yalançılığı, xəbərçiliyi vərdişə çevirdilər... Stalin XX əsrdə dünyanın qlobal hadisələri sırasına öz diktəsi ilə çox təsir göstərdi, amma bu əsrdə onun “şah əsəri” “sovet insanı” adlı kiçildilmiş insan fiqurları oldu. Sovet insanı qorxulu bir canlı çeşididir. Onun içində şübhə, qorxu, yaltaqlıq, böhtan və səcdə toxumları var. Göyərdikcə göyərir... Öldürmək olmur bu parazitləşmiş sindiromları. Nədən danışırsa-danışsın, necə yaşayırsa-yaşasın, hansı adla tribunaya çıxırsa-çıxsın dünyaya səpələnən sovet vətəndaşları hər yana bolşevik siyasətinin qoxusunu, qorxusunu yayır. Hətta müstəqillik illərində bu insana elan etdilər ki, daha sən kölə deyilsən, azadsan, sərbəst və daha ciddi, daha ağıllı şəkildə düşünə bilərsən. Amma o bu imtiyazdan, etimaddan elə hey şübhələndi... Və öz mənfur başlanğıcına - sovet qılafına doğru süründü... Bu insanlar məlum ifadə ilə desək, “inqilabdan doğulmuşlar”, yox, “repressiyadan doğulmuşlar” oldu...

Repressiya ilə bağlı yazımı yekunlaşdırmaq istəyirəm, çünki mətləb uzandıqca uzanır, və məlum olur ki, “Kim kimi satdı?”- sualı ilə repressiya faciəsinin məğzini açmaq mümkün deyil. Çünki, bütün iradələr, dözümlər, etirazlar bu və ya diğər şəkildə susdurulmuş, sındırılmış, məhv edilmişdir...

Amma böyük bir həqiqət var ortada! Həqiqət... O həqiqət ki, yüz dəfə qılıncdan keçirilsə də yenidən doğula bilir... Yuxarıda sözügedən kitabdan (“Şəki üsyanı”) bir nüansı diqqətinizə çatdırmaq istəyirəm.

“Qocaman pedaqoq Nizam müəllim xatırlayırmış: 1930-cu ilin yaz günlərindən birində Məşədi Məcid mənə yaxınlaşıb Qalaya (Şəki həbsxanasına) hücum edəcəklərini, Sovet hökumətini devirəcəklərini bildirdi. Mən çubuqla yerdə, toz üzərində iri bir dairə, onun içərisində isə nisbətən kiçik dairələr çəkdim. Sonra dairələrin içərisinə nöqtələr düzərək izah etməyə başladım. Bax bu iri dairə Sovet hökumətinin ərazisidir, qismən xırda dairələr respublikaların torpaqlarıdır, nöqtələr isə rayonlardır. Həmin nöqtələrin birində, yəni Şəkidə üsyan qaldırmaqla belə nəhəng əraziyə malik olan hökuməti necə devirmək olar? Nizam müəllimin bu izahatından sonra Məşədi Məcidin üzündə ani olaraq bir ümidsizlik ifadəsi dolaşmış və heç nə demədən atın belinə sıçrayaraq oradan uzaqlaşmışdı”.

Nazim müəllimin çubuqla cızdığı “dairə həqiqətləri” Məşədi Məcid üçün də aydın idi. Lakin yolundan dönmədi... Balaca bir qəsəbənin anti-sovet mübarizəli qəhrəmanları imperiyaya güc gələ bilməzdi, amma bu kiçik məkanların insanlarının içərisindəki azadlıq, müstəqillik havası rəsmi məlumatlarda, dövlət sənədlərində tarix kimi həkk olunur, Kremlə yollanırdı. Xalq sovet hökumətinə qarşı üsyana qalxıb müstəqillik istəyirdi... Arxivlər açılanda biz özümüzü yenidən tanıdıq və bizi tanıdılar...

Sonda çox tez-tez misal çəkdiyim bir tarixi faktı da yada salmaq istəyirəm. Liviyanın əfsanəvi qəhrəmanı Ömər Muxtar bir neçə yüz adamlıq dəstələri ilə imperialistlərə, onların azadlığını əlindən alan İtaliya ordusuna qarşı mübarizə aparır və sonda əsir götürülərək edam edilir.

“1932-ci ildə Mədinədə Məhəmməd Əsədə Ömər Muxtarın şəhid olması barədə xəbər çatdıqda belə dedi: “Ömər Muxtar öldü... Bu Sireneyka aslanı, yetmiş yaşlı ağsaqqal olmasına baxmayaraq xalqının azadlığı üçün onuna qədər savaşan Ömər Muxtar demək öldü... İztirab və əziyyətlərlə davam edən on il boyunca ən müasir silahlarla, təyyarələrlə, artileriya ilə təchiz edilmiş düşmən ordularına, özündən ən azı on qat daha böyük İtaliya qüvvələrinə qarşı xalqın mübarizəsinə bayraqdar olan Ömər Muxtar... Karabinlərdən və bir neçə atdan başqa bir şeyləri olmayan, yarı ac mücahidlərinin başında nəhəng bir əsir düşərgəsinə çevrilmiş bir ölkənin son qarışına qədər ölüncə vuruşan qoca Ömər Muxtar...”

Ömər Muxtar haqqında filmin sonunda heç vaxt yadımdan çıxmayacaq təsirli məqam var. İtalyan general ona sual edib soruşur ki, sən ağıllı adamsan, bilirdin ki, o kiçik dəstələrlə bu qədər böyük gücün qarşısında dayana bilməyəcəksən, nədən mübarizə apardın? Ömər Muxtar cavabında deyir ki, bilirdim ki, məğlub olacayıq. Amma mübarizə apararaq məğlub olmaq, təslim olaraq məğlub olmaqdan daha şərəflidir. Biz azadlığımız üçün döyüşdük. Biz əsla təslim olmarıq. Ya qalib gələrik, ya da ölərik. Hələ siz bizdən sonrakı nəsillərlə də vuruşacaqsınız. Onlardan sonrakılarla da! Mənə gəlincə, mən cəlladlarımdan daha uzun yaşayacam!

Azərbaycan xalqı min dəfələrlə ölüb dirilən, amma külündən od yaradıb yenidən var olmağı bacaran Səməndər quşu kimi ölməzdir... Repressiya ağrıları əslində keçməsə yaxşıdır. Yaşayan ağrılar daha çox var edir milləti... Ağrıları olmayan millət mübarizə apara və yaşaya bilməz...

“Repressiya” kəlməsinin rəng assosasiyası heç dəyişmədi... Yaddaşımızda qara, ağrı çaları, amma həm də qürur hissi doğuran şərəf nişanəsi ilə qaldı. Biz susmadıq, azad, müstəqil və böyük olmaq istədik və bu yolda öldük... Daha doğrusu, ÖLƏ BİLDİK!

Qeyd: Şəkillər gənc tədqiqatçı D.Əhmədin kolleksiyasından götürülüb.

SON

28.01.2018.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.