Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23

Hər bir nasirin yaradıcılığında belə bir hadisə nə vaxtsa baş verir: yazdığı mətnlərdən biri digərlərinin içində görünməz olur, itir, üstündən illər keçəndən sonra o mətn yenidən doğulur, yenidən “yazılır”, o mənada ki, bu sehrli, amma ilk baxışdan çox saya təsir bağışlayan hekayə öz içi, ruhu, nəzər nöqtəsi ilə müəllifin digər mətnlərini müstəvi üzərinə gətirir, yəni ətrafındakı hər şeyi cəzb edib özünə çəkən maqnit qırıntısı kimi. Bu mətn əslində aid olduğu müəllifin taleyinin bəlirləyicisidir, çox adi təsir bağışlayan təhkiyə, nəqletmə tərzi həmin an yetişdikdən sonra – bu hekayə dediyimiz hadisə baş verdikdən sonra dəyişir, təhkiyənin içindəki dinamika müəllifin digər mətnlərinin ruhunu, demək istədiyi sözlərin canını, bir sözlə, hər şeyi dəyişdirir. M.F.Axundzadənin komediyaları – “Təmsilat”ı niyə əlimizə alıb oxuduqda sanki bu gün yazılmış təsiri bağışlayır, yaxud Mirzə Cəlilin pyesləri, “Poçt qutusu”, “Alma” hekayəsi, yaxud Yusif Vəzirin “Cənnətin qəbzi”, Haqverdievin “Millət dostları” əsəri? Təkcə məzmuna, millətin həyatı ilə bağlı çox önəmli, bu gün də aktual olan məsələlərə görəmi? Bunun filoloji əsası belə bir mülahizə ilə şətlənir ki, bir hekayə, bir şeir, bir dram əsəri həmin müəllifin digər əsərlərinin, bədii mətnlərinin taleyi kimi doğulur, tale, insan taleyi zamanla özünü göstərir, həyatın ən ağır dəmlərində, gərginliyin insanı boğduğu anda sən onun pıçıltısını eşidə bilərsən (ancaq yalnız bircə dəfə-!), bədii mətn misalında da bu hal doğrudur, bəlkə ən ağır zamanda, gərginliyin, sıxıntının ən dəhşətli məqamında həmin bircə mətn dünyaya demək istədiyin sözü pardaqlayır, mətn hər gün, hər saat, ilbəil, zaman-zaman dəyişir, yeni təravət, yeni ruh qazanır. Amma bu təzələnməni, ruhun, oxu tərzinin dəyişməsini həmin bədii mətnin içindəki sirli nəsnə yaradır, elə bir nəsnə ki biz onu yalnız xəyal edə bilərik, adlandıra, təsvirə çəkə bilmərik. Elə şeirlər var ki, oxuduqda xəyalında gözəl bir fiqur canlanır, yaxud bir anlığa dünyada gözəlliyinin tayı-bərabəri olmayan güldanın içindəki gülləri görmüş olursan, gözlərini yumub açdıqda o güldan və çiçəklər yox olur, əslində yox olmur, sənin xəyalına, təxəyyülünə çəkilir, demək bədii mətndəki bizi heyrətləndirən nəsnə bizim mətnə verdiyimiz və ondan aldığımız enerjidir (fiqurla bağlı belə bir ayrıntını qeyd edək: Ələkbər Salahzadə bir şeirində həmin məqamı tutub yazırdı: Elə bir gülü şeirə çəkirsən...), bu iki, qarşılıqlı bəhsləşmə müəllifin bütün yaradıcılığını bir sözə, həmin o xəyali güldan və içindəki heç zaman solmayan güllərin ətrinə çevirir. Klassik poeziyadakı “heç zaman solmayan gü” metaforası bədii mətnin daxili yaddaşına hopur, yalnız huşyar oxucu bu gülü təsəvvür edə və “canlandıra” bilər, müasir şeirdə isə bu nəsnə rudiment, qədim çağdan gəlib burada azmış ruh kimidir, mətləbin üstünə gəldikdə klassik poeziya müasir şeirin misraları arasına dolur...

Yazan adam onun qəlbinə bircə dəfə daman hissin, onun nəzərində yerlə göyün birləşdiyi yeri göstərən xəyalının kölgəsinə “baxıb”, onu seyr edərək yazır... Dünyaca məşhur “Sehrli dağ” (Tomas Mann) romanında da belədir. Ayinlərin tilsimlədiyi insan... Sonda mətnin özü də tilsimə dönür. Yuxarıda vurğuladığımız “bir mətn – yalnız bircə mətn” formulu hər bir qələm adamının taleyində baş verəsi ən gözəl, ancaq bəlkə də ən kədərli hadisədir. Çünki bir daha elə bir mətn yaratmaq mümkünsüz olur. Sonra yazdıqca xəyalların da sənə əzab verir, iztirab gətirir.

Mübariz Örənin “Qum adası” hekayəsi fikrimizcə, onun yaradıcılığında belə bir funksiyaya malikdir; ancaq nə mənada? Mübarizin kifayət qədər “uzun hekayələri” var, onların əksəriyyəti haqqında söz deyilib, təqdir, yaxud tənqid edilib. Haqlı, yaxud haqsız. Ancaq “Qum adası” o hekayələrdən fərqlənir, zahirən yox, daxili enerjisi etibarı ilə. Təhkiyə Mübarizin bütün hekayələrində bizə tanış olan təhkiyədir, heç bir dəyişiklik yoxdur, digər hekayələrində olduğu kimi bu mətndə də “kənardan eşidilən” səs aparıcı rol oynayır. İndicə baş verəcək, yaxud cərəyan etməkdə olan hadisə haqqında kimsə kadr arxasından danışır. Bu hekayəni digərlərindən fərqləndirən, onu “adiləşdirən”, yəni fərqi ört-basdır edən hansı keyfiyyətdir?

“Köhnə vaxtlardakı kimi Səməd Vurğun bağında görüşdülər, – heykəlin qabağında. Yusifin iliydi, Hövsana qəbir üstünə getməliydilər. Beş il universiteti bir oxumuşdular, filologiyada. Dördü bir otaqda qalmışdı. Sonra həyat hərəsini bir tərəfə atdı.

– Bəlkə taksiylə gedək? – Aralarında nisbətən yaxşı geyinəni dedi.

– Taksini neynirsən? Avtobus düz yanına gedir, – boz dekabr ayına uyğun gəlməyən yüngül ağ kepkada olan dedi.

Üçüncü də nəsə demək istəyirdi, “Hövsan bir manat”, Hövsana bir manat” – deyib müştəri çağıran sürücü başlarının üstünü aldı: “Bir nəfərim var, ağsaqqal, siz də oturun, çıxaq”.

Arxada oturdular. Maşın yerindən tərpənən kimi meyxana səsi salonu başına götürdü: “Adam var ki, küləylə dostluq eliyir, başqa arzu-diləylə dostluq eliyir…”. “Səs mane olmur ki, ağsaqqal?” – müştərisini yığıb kefi kökələn sürücünün gözləri güzgüdə gülürdü. Qabaqda oturan gənc sərnişin də qanrılıb onlara baxdı. Ortadakı başıyla “kefinizdə olun” işarəsi verdi. Sonra qolu ilə yanındakını tərpətdi: “Gərək gül də alaydıq…”. “Oralarda olmamış olmaz” – güclə eşidiləcək səslə yanındakı dedi. “Qəbiristanlığın içində var” – üçüncü dedi, söhbəti necəsə qulağı çalan sürücü maqnitafonun səsini tamam aldı: “Narahat olmayın e, ağsaqqal, sizi düz qəbiristanlığın qapısına aparacam”.

Bu adi, sakit təhkiyə zolağında hələlik “tənbəl təısvir” var, heç kəs ürək eləyib bütün səsiylə danışmır, içlərində nəyin nə olduğunu bilirlər, hər kəs bu “şəxsi sirrin” içəridən daşdanıb çölə çıxmasını arzulamır. Sadəcə beş il bir yerdə oxuduqları dostlarının ziyarətinə gedirlər. Bu arada meyxananın sözləri də onların içindəki üstüörtülü sirrə toxunub keçir, onların gözləri önündə külək yaradır... Yəni, istənilən mətn, o cümlədən meyxana mətni də mənasız ola bilər, “nə var ki burda” deyə bilərsən, amma o mənasız sətirlər həyatla kəsişdiyi an hər şey dəyişir, qum saatı işə düşür, saatın dar boğazından qum dənəcəyi yox, insanların etibarı, gur səsiylə ürəkdə dəfn edilən pıçıltıları qoşa keçir, Gertsenin “Kimdir müqəssir?” sualı aləmi başına götürür.

Bu kiçik həcmli hekayədə bütün olaylar kafedə sonuclanır. Onlar, bu üç dost artıq yaşa dolublar, onlardan bir az aralıda gənclər oturub, dostluqdan söz açırlar, odlu-odlu. Sözlərindən bəllənir ki, onlar hələ “küləklə dostluq edirlər...”. Əsl dost kimdir, sualına bütün güclərini səfərbər edib ətli-qanlı metaforalarla tərif deyirlər. Əsl dost odur ki...

“Əsl dost bilirsən kimdi?! Əsl dost odu ki, bax, tutaq ki, ayağın sürüşür, hündürmərtəbəli binanın başından düşürsən… O anda… yerə çırpılanacan… göydə… yadına ilk düşən kimdisə, bil ki, dostun odu…”. Biri hamı deyəni deyirdi: “Yaxşı dost pis gündə tanınar, pis gündə…”. Biri asan şeyi çətin deyirdi: “Əsl dost… əsl dost qardaşdan irəlidi, bilirsən?.. Qardaşdan irəlidi…”. Biri isə öz aləmində dostluğun ən dolğun izahını verirdi: “Sənin əsl dostun bilirsən kimdi?! Bilmək istəyirsən?! Bax tutaq ki, uzun müddətə harasa gedirsən… fərqi yoxdu hara… sənin evinin içində… qulağ as e… evinin içində deyirəm… arvad-uşağını… etibar edib gedə biləcəyin adamın varsa, demək dostun da odu!..”

Hekayədə qum adası və qum saatının küləyi və səsi var. Qəbiristanlıqda həyatdan vaxtsız getmiş dostlarının baş daşı üzərindəki şəkli onları kövrəldir, kafedə düz böyür-başlarında gənclik çağlarıyla rastlaşırlar. Onlar maksimalist idilər, hələ verdiyi sözü unutmaq məsələsi də başlarına gəlməmişdi, həyatı sevirdilər, onun nəfəsini nəfəslərində hiss edirdilər. Ancaq indi, ömür keçmiş, itirdiklərini itirmişdilər. Yusif bu itkilərin içində qum saatının bəlkə də ilk zərrəsiydi. Ancaq qum adası da var, külək əsir, adanı su basır, qumu ovcunun içinə alıb dənizin dərinliklərində dəfn edir, ada çılpaqlaşır, hər şeyin üstü açıq qalır. Həyatın faniliyi, gedə-gəlməz yolların ağrısı, göynərtisi yaxasından yapışıb hamını silkələmiş, gənclik çağındakı o ürək, o istək, o coşqunluq qum kimi dənizin (dəli çayların...) ovcunun içində əriyib getmişdi. Amma bu da var: “– Bilirsən nə var, qədeş, – nəhayət o da dilləndi. – Vaxtikən mənim də atamın yaxçı dostları olub. Bir yerdə oturublar, durublar, ala, yeyiblər, içiblər… Maskva, Soçi, Kislavodski… yaxçı günnəri çox olub. Amma kişi ölənnən soraa… o dostlardan heç birini qapımızda görmədim. Başqaları gəldi, getdi… qohum, qonşu… olar gəlmədi… İndi mənim də az yaşım yoxdu ha, bacoğlu. Bu yaşımda oturub fikirləşəndə ki, kimdi atamın dostları, gənə həmin o adamlar gəlir gözümün qabağına. Sağ vaxtı bir yerdə oturub-durduğu, bir yerdə yeyib-içdiyi, yaxçı günnərini bir yerdə keçirtdiyi adamlar…”

Bəzən sonradan başına gələcək hadisəni olur ki, kiməsə danışırsan, sənə aid deyilmiş kimi, danışdıqca bircə tükün də tərpənmir, çünki o meyxanadakı külək hələ əsməyib, o mənasız, boşu-boşuna deyilən sözlər həyatda heç bir itkiylə kəsişməyib, yollar uzağa aparır, qarşıdan nə gəlir? /Kulis.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.