Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakıya səfər edən Dünya Gənc Türk Yazarlar Birliyinin türk dövlətlərinin şair və yazıçılarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı təmsil edən gənc şair və yazıçılar iştirak ediblər.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının folklorunun, ədəbiyyatının və incəsənətinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fond tərəfindən türk dövlətlərinin dahi mütəfəkkirlərinin, görkəmli ədiblərinin irsinin təbliği istiqamətində həyata keçirilmiş layihələr ortaq türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə kimi qiymətləndirilib. Ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsində müasir dövrdə yetişən türk xalqlarının gənc qələm sahiblərinin üzərinə düşən önəmli missiyalar qeyd olunub. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərinin şair və yazıçılarının bir araya gətirilməsinə, eləcə də onların əsərlərinin işıqlandırılmasına dəstək verməyə hər zaman hazır olduğu vurğulanıb.
Fondun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən hazırlanan nəşrləri qonaqlara təqdim edib.
Görüş gələcək mümkün birgə layihələrin perspektivlərinin dəyərləndirilməsi ilə davam edib. Görüşün sonunda xatirə şəkilləri çəkilib.
|