“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
30.01.23
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VI cildi – Süleyman Təkinərin “Seçilmiş əsərləri” çap olunub. Kitab İnstitut Elmi Şurasının 31 yanvar 2022-ci il tarixli 1 saylı iclas protokolunun qərarı ilə nəşr edilib.
Seriyanın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, cildi ilk mənbələr əsasında tərtib edən, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlıdır. Məsul redaktoru filologiya elmləri doktoru Abid Tahirli, məsul katibi isə elmi işçi Aysel Əfəndiyevadır.
Kitabda Azərbaycan siyasi mühacirətinin İkinci Dünya müharibəsindən sonrakı nümayəndəsi Süleyman Təkinərin (1917-2006) ədəbi-elmi irsindən seçmələr ilk dəfə nəşr edilib. Azərbaycan mühacirət ədəbiyyatı şöbəsində ilk mənbələr əsasında çapa hazırlanan cildə mühacir yazarın müxtəlif məqalələri, məktubları və müsahibəsi daxildir. Son səhifələrdə hər bir əsərin alındığı mənbənin biblioqrafik təsviri verilib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitab “Ədəbi proses”, “Azərbaycan mühacirəti”, “Məktublar”, “Müsahibə”, “Lüğət”, “Qeydlər” bölmələrindən ibarətdir. Kitab 280 səhifədən ibarətdir.
|