“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
06.01.23
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti (2022, № 1) sayı nəşr olunub. Jurnal “ResearchGate”, “OAJI.net”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.
“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu nömrə akademik İsa Həbibbəylinin “Azərbaycan sentimentalizminə baxış” məqaləsi ilə başlayır.
Jurnalın baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.
Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.
“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Tarixi poetika”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “İnterdisiplinar və multidisiplinar əlaqə”, “İZM”, “Təhlil metodları” və “Tərcümə nəzəriyyəsi” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.
Qeyd edək ki, Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir.
|