Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
28.09.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş bədii-musiqili gecə, eləcə də ədibin Fond tərəfindən Azərbaycan dilində çap olunan “Çiçəklərin nəfəsi” adlı şeirlər toplusundan ibarət kitabın təqdimat mərasimi keçirilib. Tədbirin rəsmi hissəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın və Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovarinin giriş sözləri ilə açılıb. Tədbirdə rəsmilər, beynəlxalq təşkilat rəhbərləri, Fonda üzv və müşahidəçi ölkələrin səfir və nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib. Fondun prezidenti Günay Əfəndiyeva öz nitqini tarix boyu davam edən Hun-Türk birliyindən başlayıb. Bildirib ki, bu gerçəklik Avropa və Asiyanın tarix səhnəsində silinməz izlər buraxıb: “Macarıstan bu böyük həqiqətin özəyi, Qərbi Hun İmperiyasının mərkəzi olub. Müasir macar xalqı isə həm də Atillanın nəsli, onun varisləridir. Beləliklə, əsrlər boyu macar və türk xalqlarının bir-birinə bəslədiyi münasibət dostluqdan daha artıq bir səviyyədə olub. Çünki, xalqlarımız arasındakı doğmalıq ortaq keçmişə, mənşəyə, dilə və mədəniyyətə söykənir”. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışan Günay Əfəndiyeva bildirib ki, qurum Türk Dünyasının qədim maddi-mənəvi dəyərlərini öyrənir, qoruyur və dünya miqyasında təbliğ edir. Fondun müşahidəçi ölkəsi Macarıstanın mədəniyyətinin tanınması Fondun əsas hədəfləri sırasındadır və bununla bağlı təşkilatın növbəti layihəsi macar xalqının yetişdirdiyi böyük şair Mikloş Radnotinin Azərbaycan dilinə tərcümə olunan şeirlərindən ibarət kitabının nəşr edilməsidir. “Mikloş Radnoti macar ədəbiyyatında öz məxsusi dəst-xətti ilə seçilən klassiklərdən biridir. Radnotinin ədəbi irsində parlaq istedadı ilə yanaşı, həm də cəsarətli, açıq sözlü xarakteri aydın nəzərə çarpır. Radnoti əsl xalq şairi idi. O, faşizmin qəddarlıqları, macar xalqına qarşı törətdiyi vəhşiliklərlə bağlı vətəndaş mövqeyini bildirir və bu barışmazlığı yüksək poetik dillə qələmə alırdı”, – deyə Günay Əfəndiyeva əlavə edib. Günay Əfəndiyeva Fond tərəfindən çap olunan bu kitabın macar ədəbiyyatını Azərbaycan oxucularına daha da sevdirəcəyini vurğulayaraq, Macarıstan və Türk Dünyası arasındakı mədəni bağların möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma tədbirdə çıxış edərək, macar şairi Mikloş Radnotinin Azərbaycan dilinə çevrilən kitabın işığına toplaşanları ürəkdən salamlayıb və şairin keşməkeşli həyatından söhbət açıb. Bildirib ki, Mikloş Radnotinin yaradıcılığı Macarıstanın ən çətin dönəminə təsadüf edib. Səfir Radnotinin İkinci Dünya Müharibəsi qurbanlarından birinə çevrilsə də həyatını macar xalqına həsr etdiyini, öz şeirlərilə insanlara vətənə sevgini aşıladığını vurğulayıb. Səfir “Çiçəklərin nəfəsi” kitabının Türk dünyasının bir parçası olduğunu deyib və kitabın nəşrinə görə Fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari Mikloş Radnotinin II Dünya müharibəsi dövründə meydana gələn faciəvi hadisələrin qurbanlarından biri olduğunu qeyd edib. Yanoş Hovari, 1926-cı ildə Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda iştirak edən Türk Dünyasının dəyərli alimlərinin, türkoloqlarının acı taleyindən danışıb. Səfir, Azərbaycanın iki il öncə qazandığı Qarabağ Zəfərindən söz açaraq, ərazi bütövlüyü uğrunda həlak olan bütün Şəhidlərin müqəddəs ruhlarını yad edib. Tədbirin bədii hissəsi Azərbaycanın Əməkdar artist Sahib Paşazadənin macar musiqilərilərini tarda ifa etməsiylə başlanıb. Daha sonra Azərbaycanın Əməkdar artisti Nicat Kazımovun rəhbərliyində Mikloş Radnotinin əsərlərindən ibarət müharibə qurbanlarına həsr olunmuş şeirlər səsləndirilib və kiçik tamaşa təqdim edilib. Musiqili bədii-gəcə qonaqlar tərəfindən alqışlarla qarşılanaraq, böyük marağa səbəb olub.
|