Bədirxan Əhmədli - Gəncə üsyanı ədəbi-bədii düşüncədə
01.08.22

XX yüzildə işğala qarşı ilk və ən böyük dirəniş faktı 1920-ci il mayın sonlarında baş verən Gəncə üsyanıdır. Bu üsyan bir neçə cəhətdən əhəmiyyətlidir. Hər şeydən əvvəl, Gəncə üsyanı 23 ay müstəqilliyini sürdürmüş Azərbaycanı qorumaq üçün baş vermişdi. Bu o demək idi ki, xalq istiqlalı və müstəqilliyi dəstəkləyir və onu özünün gələcək siyasi yolu kimi seçir. İkincisi, rus qüvvələrinin daha çox olduğunu bilə-bilə ölümə gedirdilər. Üçüncüsü, Cavad xanın işğala qarşı mübarizə ənənəsini davam etdirirdilər. Xalqı üsyana qaldıran daha bir çox mənəvi, psixoloji amillər vardır ki, bu faktorlar xalqın işğal faktı ilə razılaşmadığının tarixi bir örnəyidir. Gəncə üsyanının tarixi, faktoloji yönünə toxunmadan onun bədii düşüncədəki ifadə potensialına nəzər salaq. Məlumdur ki, istənilən tarixi hadisə bu və ya digər şəkildə bədii düşüncədə əks olunur. Məmməd Səid Ordubadi, Mehdi Hüseyn, Mir Cəlal, Əli Vəliyev, Süleyman Rəhimov, Hacıbaba Nəzərli, Tağı Şahbazi Simürğ və başqalarının hekayə və romanlarında ideoloji mövqedən də olsa, bu və ya digər şəkildə dövrün hadisələrinə toxunulmuşdu. Lakin Gəncə hadisələrinin sovet dövrü ədəbiyyatında təsvirinə rast gəlmək çətindir. 20-30-cu illər Azərbaycan nəsri və poeziyasında Cümhuriyyət dövrü hadisələri müxtəlif yöndən bədii təsvir obyekti olmasına rəğmən, nədənsə Gəncə üsyanına toxunulmayıb. Senzuralı mətbuat və nəşriyyatların bu mövzunu qadağan etməsinin nədənləri nə ola bilərdi? Əksinə, rus qoşunlarının üsyanı yatırması hadisəsi dönə-dönə təkrarlana və təbliğat vasitəsi kimi istifadə edilə bilərdi. Lakin Gəncə üsyanı haqqında heç nə deyilməyib, necə deyərlər, bu hadisə sovet təbliğat maşının əsas mövzusuna çevrilməyib. Bunun yalnız iki səbəbi ola bilərdi; birincisi, Gəncə üsyanının xalqda böyük bir ruh yüksəkliyi yaratması, ikincisi, rus qüvvələrinin böyük itki verməsi. Hadisənin hətta təhrif olunmuş vəziyyətdə belə təbliğat vasitəsinə çevrilməməsinin əsas səbəbi isə üsyanı tez-tez xalqın yadına salmaq yox, onu unutdurmaq düşüncəsi və siyasəti olmuşdur. Gəncə üsyanını bədii düşüncəyə gətirmənin qarşısının alınması da məhz buna xidmət edirdi.

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Sovet dövrü ədəbiyyatında olmasa da, mühacirət ədəbiyyatında Gəncə üsyanı ilə bağlı bəzi təsvirlər vardır. Bu təsvirlərin hamısı demək olar, mühacirət ədəbiyyatında öz əksini tapıb. Qurban Səidin (Məhəmməd Əsəd bəy) "Əli və Nino" romanının sonlarında-29-cu fəslində bu hadisələrə yer verilir. Bakıda vəziyyət qarışıq olduğundan Əli xanın atası İrana getməli olur. Əli xana isə öz yurduna Gəncəyə getməyi məsləhət görür. Çünki Gəncə ətrafında Əli xanın bağları və üzümlüyün ortasında malikanəsi var idi. Bir neçə günlüyə Nino və qızı ilə oraya getməyi qərarlaşdırırlar. Elə də olur; Əli xan Gəncəyə gəldikdə şəhərin müsəlman  və erməni məhəllələrini bir çay ayırdığını təsvir edir. Əli xan Ninoya yüz il bundan əvvəl əcdadı İbrahimin rus gülləsi ilə vurulub öldürüldüyünü deməklə, yazıçı gələcək günlərdə bu cür hadisələrin təkrarlanacağının anonsunu verir. Bir neçə gün keçir, qara çərkəs libasda bir atlının ona yaxınlaşdığını və bunun dostu İlyas bəy olduğunu görür. İlyas bəyin qanı qara olduğundan onun salamını belə almır, sadəcə "Ruslar Bakıya giriblər" xəbərini verir. İlyas bəy Bakıda baş verən hadisələri belə təsvir edir: "- Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundu, parlament də ləğv edildi. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhəddə itirdikləri mövqelərdə dayanmışdı. Mən könüllü partizan dəstəsi yaratmaq istəyirəm".

Bu təsvirlər müəyyən qədər dövrün reallığını əks etdirir; doğrudur, bu təsvirlər sanki ilk günün deyil, bir neçə ay sonranın təəssüratı kimi səslənir. Ancaq yazıçı hadisələri olduğu kimi təsvir etmək məcburiyyətində də deyil. Ən əsas məsələ Gəncənin həmin günlərdə hansı əhvali-ruhiyyədə olduğunu göstərməkdi. Yazıçı romanda buna, demək olar, nail olub. Nədən ki, romanda təsvir olunanlarla bəzi mühacirlərin xatirələrində oxşarlıq vardır. Gəncədə ermənilərin həmin günlərdəki hərəkətinə aid bir neçə ştrixlər də yer alır. Yazıçı ermənlərin əks cəbhədə mövqe tutduğunu, onları müsəlmanlardan ayıran körpüdə  atəş açmağa hazır əsgərlərin yanında dayandığını bildirir. Bu təsvirdən o da aydın olur ki, məşəllər hökumət binasının balkonunda  asılmış Azərbaycan bayrağına işıq saçırdı.

"Əli və Nino" romanının 32-ci fəsli bütünlüklə Gəncə hadisələrinə həsr olunub və əsər bu fəsillə də sona çatır. Bu fəsildə Əli xanla İlyasın Gəncənin böyük məscidinin divarı yanında oturmaları, əsgərlərin yorğun halda həyətdə uzanıb dincəlmələri təsvir olunur. Onlar gələcəkdə hansı işləri görəcəklərini müzakirə edirlər. Əli xanın "- Mən burada qalıram. Könüllü partizan dəstələri gəlirlər. Biz döyüşəcəyik. Öz vətənimdən heç yana qaçmayacağam", - qərarına İlyas bəy "Sən dəlisən", - deməkdən başqa çarəsi qalmır. Bu, göz görə-görə ölümə getmək demək idi. İlyas bəy istəyirdi ki, Əli xan ailəsini götürüb buradan Avropaya getsin. O, düşünür ki, nəticə məlumdur; Azərbaycan Cümhuriyyətinin cəmi bir neçə gün ömrü qalıb, qüvvələr nisbəti düşmənin xeyrinədir. Əli xan Ninodan və körpə qızından ötrü buradan getməlidir. Həm də ona görə getməlidir ki, o, Vətənə lazımdır, gələcək üçün çox xeyir verə bilər. İlyas bəy ona ya İrana, ya da Avropaya getməyi məsləhət görür. Əli xan qəti etiraz edir. İlyas ona özünün burada qalıb əsgərləri döyüşə aparacağını, onun isə xalqa Avropada daha çox xeyir verəcəyi qənaətindədir.

Bu qərardan xəbəri olmayan Nino səhəri gün Əli xan və qızı ilə Gəncəyi tərk etməyi düşünürdü. Lakin Əli xanın qərarını eşitdikdə dəhşətə gəlir. O, bunu gözləyirdi: "- Bəs "oyuncaq?"-dedi, körpəmiz var, sən bizimlə getmək istəmirsən?

- Gedə bilmərəm, Nino.

- Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.

Nino qəflətən ölüm astanasında olan yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi".

Əli xan ona söz verir ki, üç gündən sonra Tiflisə gəlib onlarla birlikdə Parisə gedəcək və orada yaşayacaqlar. Qatar yola düşdükdən sonra Əli xan İlyasla birlikdə  yenə də üsyan barədə fikirləşirdilər. Erməni məhəllələrindən arabir pulemyot səsləri eşidilirdi. Şəhərdə böyük hazırlıq işləri görülürdü. Kənd sakinləri gizli saxladıqları pulemyotları üzə çıxarmışdılar. Qırmızı süvari dəstələri ölkəni bürümüşdü. Elə bu vaxt şəhərdə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda olur: "Bu şahzadə Mənsur Mirzə Qacar idi. Onun kim olduğunu və haradan gəldiyini heç kim bilmirdi. O, Qacarlar sülaləsindən idi və papağında gümüş İran şiri parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus batalyonları Gəncəyə tərəf hərəkət edirdi. Şəhər Bakıdan xilas olan qaçqınlarla dolu idi. Onlar nazirlərin güllələnməsindən, parlament deputatlarının həbsə alınmasından, daş bağlanıb Xəzər dənizinin girdabına atılan meyitlərdən danışırdılar".

Qacarlar nəslindən olan şahzadənin Gəncədə görünməsi oxucunu keçmişə aparıb çıxarır və şəhərin müdafiəsinin tarixi aspektlərinə işarə edilir. Yazıçı göstərir ki, İlyas bəy şahzadənin yanında dayanmışdı. Minarədən bayraq dalğalanırdı, kimsə Turan dövləti barədə mahnını oxumağa başladı. Bir nəfər isə eşitdiklərini belə ifadə edir: "İranda Rza adlı bir nəfər peyda olub. O, əsgərlərə komandanlıq edir və düşməni qovur. Kamal Ankarada oturub. Onun ətrafına bir ordu yığılıb. Biz əbəs yerə vuruşmuruq. İyirmi beş min əsgər bizim köməyimizə tələsir". "Yox,-dedim, iyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya müsəlmanları bizim harayımıza gəlirlər. Amma onların vaxtında gəlib buraya çatıb-çatmayacaqlarını tək Allah bilir".

Buradan da görünür ki, üsyan günlərində şəhərdə böyük şaiyələr dolaşırdı. Bu şaiyələrdən biri İranda Rza, Ankarada Kamal adlı adamların üzə çıxması barədə idi. Yazıçı İranda Rza dedikdə görünür ki, 1925-ci ildə hakimiyyətə gəlmiş Rza Şah Pəhləvini (1878-1944), Kamal dedikdə isə bu illərdə artıq Türkiyədə ad çıxarmış Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü nəzərdə tutmuşdu.

Yazıçı Gəncə üsyanını təsvir edərkən bir neçə dəfə erməni faktoruna toxunur və ermənilərin Cavad xan zamanında olduğu kimi, 20-ci ildə də Azərbaycana xəyanət etdiklərini yazır: "O tayda hücum şeypuru çalındı. Haradasa o yanda erməni evlərinin arxasında Budyonnu marşının səsi gəldi. Başımı qaldırıb nəhəng quru çayı gördüm. Ruslar meydançanı keçir, aşağı əyilir, nişan alır və atəş açırdılar". Qurban Səid göstərir ki, Gəncənin müdafiəçiləri son damla qanınadək döyüşür və onun uğrunda həlak olurlar. Əli xan Şirvanşir də ulu babası İbrahim xan Şirvanşir kimi xalqın azadlığı uğrunda canından keçməyi hər şeydən üstün tutur. Roman bu sözlərlə bitir: "Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi. Cibindən bu dəftəri tapdım. Allah imkan versə, dəftəri onun arvadına çatdıracam. Biz səhər erkən ruslar sonuncu hücuma keçməzdən bir az qabaq onu məscidin həyətində dəfn elədik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı".

Beləliklə, Qurban Səidin "Əli və Nino" romanında Gəncə hadisələrinə də yer verilir. Yazıçı həmin günlərin gerçəkliklərini təsvir etməyə çalışıb. Burada tarixi həqətlə yanaşı, bədii gerçəkliyə də yer verilib, Gəncə üsyanının bədii salnaməsi yaradılıb. Bu təsvirlər çox zaman tarixi həqiqətlə üst-üstə düşür və səsləşir.

Gəncə hadisələri barədə mühacirlərin xatirə və memuarlarında da bəzi məlumatlar vardır. Bu məlumatların əksəriyyəti mühacirətdə yazılmışdır. Gəncə hadisələrinin şahidləri mühacirətdə bu olayları yerli-yataqlı şəkildə təsvir etmişlər. Şahidlərin xatirələrinə görə, şəhərdə döyüşlərin getməsinə rəğmən, insanlar 28 May günündə Cümhuriyyətin ikinci ildönümünü qeyd etmək haqqında qərar verirlər. Mayın 28-i səhər saat 8-də şəhərin nüfuzlu adamları, şeyxülislam və üsyanın təşkilatçıları dairə məhkəməsinin binasına toplaşaraq mövcud vəziyyətlə bağlı öz fikirlərini bildirdilər. Hamı sona qədər mübarizə əzmini ifadə edir. Həmin günü mühacirətdə olan Cahangir bəy Kazımbəyli öz xatirələrində yazırdı: "Olduqca gözəl bir gün idi. Sanki təbiət də sevinirdi, üzüntülər içində olan xalqa mərhəmətini göstərirdi. Əvəzində düşmən sübh tezdən canfəşanlıq edirdi. Hər tərəfdən top səsləri gəlirdi". Cahangir bəyin xatirələrinə görə hamı sona qədər mübarizəyə səsləyirdi: "Qoy bizə qalib gəlsinlər, lakin qoy düşmən öz qələbəsinə özünün yüzlərlə, minlərlə meyiti üzərindən çatsın.  Qoy 28 May günü bizim tariximizə yalnız bizim müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən naminə böyük qurbanlar günü kimi yazılsın.  Qoy 28 May günündə düşmən ağır, amansız,  ölüm-dirim mübarizəsi ilə qarşılaşsın. 28 May günündə layiqli müqavimət bizim iradəmizin böyüklüyünün simvolu, mənəvi qələbəmizin simvolu olacaqdır".

Gəncə hadisələrinin başqa bir iştirakçısı samuxlu qaçaq Məmmədqasım isə bolşeviklərin şəhərə Üçtəpə istiqamətindən daxil olduqlarını və üç gün, üç gecə heç kimə fərq qoymadan-uşaqları, qadınları, qocaları vəhşicəsinə məhv etdiklərini yazır. Küçələrdə o qədər meyitlərin olduğu və bu səbəbdən də hərəkət etməyin mümkün olmadığı deyilir. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı: "Gəncə çayı daşdığından şəhərə daxil olmağa maneçilik törədirdi. Şəhərin su hovuzları da təzə qanla dolmuşdu. Şəhərin ikinci hissəsi ilə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı.  Namus və ismətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini suya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün olmadı. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətlərlə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bomboş idi".

Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin fikrincə, işğaldan bir ay sonra artıq bütün Azərbaycan istilaya məruz qaldığını dərk etdi. Buna görə də ayrı-ayrı yerlərdə lokal üsyanlar baş verir. Təhqirə məruz qalan xalq üsyana qalxdı. M.Ə.Rəsulzadə yazır: "Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhu ilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan  Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftəyə qədər davam etdi. Ruslar burada divizyonlarını qayb etdilər. Digər tərəfdən Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı. Gəncə üsyanı ilə bərabər Tərtər, Ağdam, Şuşa qəsəbə və şəhərlərində bulunan Azərbaycan qitəati-əsgəriyyəsi dəxi ətrafdakı əhalinin üsyanına birər mərkəz və məbdə təşkil ediyordu.

Cümhuriyyət dönəmində İstanbulda səfir işləyən Yusif Vəzir Çəmənzəminli Gəncə hadisələrinə "Müsavatçıya cavab" məktubunda münasibət bildirir. Y.V.Çəmənzəminlinin Gəncə hadisələrinə münasibəti bir qədər fərqlidir. Cümhuriyyət funksionerlərindən narazı qalan görkəmli yazıçı yazırdı: "İstanbulda bulunan millətçilərin əksəriyyətini təşkil edən o zaman gəncəlilər idi. Bu siyasətlə iştiğal etməyən və sülhpərvər adamların İstanbula iltica etmələrinin səbəbi Gəncə hadisələri olmuşdu. Odur ki, mühacirlər ürəklərində "Müsavat" rəhbərlərinə qarşı dərin bir kin bəsləyirdilər. Gəncədə tökülən qanların və yıxılan evlərin səbəbini iki adamda görürdülər. Biri Xəlil bəy Xasməmmədov, ikincisi Məşədi Əli Rəfiyev. Mühacirlərin rəyincə Gəncədə qarışıqlığa səbəb olan bu adamlar "Tiflisdən gürcü qoşunu gətirməyə gedirik" bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar imiş...

Bir zamanlar mən bitərəf qalmışdım. Çünki Gəncədən mühacirlərlə bərabər gələn kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim nöqteyi-nəzərimcə Gəncə üsyanını quranlar millətə qarşı böyük xəta işləmişlər. Bakıda məclisi məbusan əzası imzaları ilə hökuməti Şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə lüzum varmı idi?". Göründüyü kimi, Y.Vəzirin bir siyasətçi kimi Gəncə hadisələrinə münasibəti birmənalı deyil. İndiyədək tarixşünaslığımızda rus istilasına qarşı dirəniş olaraq böyük tarixi (və fəxr olunası!) hadisə kimi qiymətləndirilən bu üsyanı "millətə qarşı böyük xəta" adlandırır və onun baş verməsini "lüzum" görmürdü.

Ömrünün sonuna qədər mühacir həyatı yaşayan Ceyhun Hacıbəyli isə başqa cür fikirləşirdi: "Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü".

Romantik şair Məhəmməd Hadinin ölümünü Gəncə üsyanı ilə bağlayanlar da var. Son vaxtlarda M.Hadinin də Gəncə üsyanında iştirak etməsi ilə bağlı ehtimallar çoxalmışdır. Məlumdur ki, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd Hadinin ölümü ilə bağlı müxtəlif versiyalar vardır. Hətta XX əsrin 70-ci illərinə qədər şairin nə vaxt, harada, hansı şəraitdə vəfat etməsi barədə informasiya yox idi. O zaman görkəmli ədəbiyyatşünas alim Əziz Mirəhmədov bununla bağlı araşdırma aparmış, onun qəbrini dəqiqləşdirmişdi. Bu dəqiqləşdirmə nəticəsində məlum olmuşdu ki, şair 1920-ci ilin mayında vəfat etmişdir. Əlbəttə, dəqiq tarix yoxdur. Lakin bu fakt şairin Gəncə üsyanında iştirakının heç də istisna etmirdi. Yazıçı Sabir Rüstəmxanlı da "Şair və Şər" romanında Hadinin həyatının sonluğunu Gəncə hadisələrinə bağlayır. Yazıçı Məhəmməd Hadinin taleyinə həsr etdiyi romanın "Yolun sonu" fəslində yazıçının Gəncə hadisələri kontekstində təsvir edir: "Şair birdən-birə qeyb oldu, yoxa çıxdı. "Yəqin küçələrdəcə öldü, sahibsiz görüb meyidini bir çuxura tullayıb  üstünü torpaqladılar" deyənlər də vardı. "Dənizə atılıb özünə qəsd etdiyini" deyənlər də. Nə baş verdisə verdi. Ancaq bir daha onu Bakıda görən olmadı".

Yazıçı, Hadinin Gəncə qatarına mindiyini görənlərin olduğu versiyası üzərində dayanır. Bu versiya böyük şairin taleyinin şərəfli sonluqla tamamlanmasına imkan verir. Bu cür sonluq həm də şairin ömür boyu sürdüyü həyatın məntiqi sonluğu kimi mənalanır. Belə ki, Hadi Gəncəyə bacısının yanına gəlir. İki il əvvəl bacısını burda qoyub getmişdi. O zaman Gəncəyə gələn şair cümhuriyyətin Gəncədə yerləşdiyi günlərdə M.Ə.Rəsulzadə ilə görüşüb onu təbrik də etmişdi. Belə bir görüşün baş verməsi şairin Cümhuriyyətə yaxınlığını bir daha sübut edir. Təsadüfi deyil ki, şairin Cümhuriyyət dövrü yaradıcılığı milli ruhun ifadəsi baxımından son dərəcə zəngin olur. Bəlkə də M.Ə.Rəsulzadə və Cümhuriyyətlə bu ruh və ideya yaxınlığı ona "Azərbaycan hökuməti-nəvzadına", "Şühədayi-Hüriyyətimizin ərvahına ithaf", "Zəfəri-nəhaiyəyə doğru", "Məfkureyi-aliyəmiz", "Əsgərlərimizə-könüllülərimizə" və s. şeirlərini yazmağa vadar etmiş və onu tərənnüm etmişdir. Bu şeirlərin bir neçəsi "Azərbaycan" qəzetində nəşr edilmişdi:


Payimali-düşmən olsunmu çəmənzari-vətən?!
Yurdumuz bu gün sizdən çox ali hümmət gözləyir.
Hifz üçün əğyar əlindən dilbəri-hüriyyəti,
Müstəqil olmuş vətən əzmü mətanət gözləyir.
Qoymayın olsun xəzan gülzari-istiqlalımız,
Sizdən istiqlalımız parlaq təravət gözləyir.
Millətin heysiyyətinə yüksəldin, ey qeyrətvəran,
Millətim sizdən böyük şanü-şərafət gözləyir. 

Gəncədə bacısı evində qalan Hadi bir neçə gündən sonra qəflətən bacısını itirəndə gəlməyinin yaxşı olduğunu, yoxsa anası və bacısı qarşısında xəcalətli olacağını düşünür. Bacısı Sahibəni dəfn üçün Şamaxıya aparmaq mümkün olmadığı üçün Gəncədə dəfn edirlər. Qafqazda və Azərbaycanda da hadisələr hələ mürəkkəb olaraq qalırdı. Region ətrafında baş verən hadisələr türk ordusunun Azərbaycandan çəkilməsini şərtləndirir. Rusiya Dağıstana ordu yığmışdı. Lakin Gəncə Cümhuriyyətin qurulmasının ikinci ildönümünə hazırlaşırdı. Axı bu böyük hadisə Gəncədə baş tutmuş, Gəncə Azərbaycanın ilkin paytaxtı olmuşdu. Bacısı öldükdən sonra Hadinin yeznəsi və uşaqları Gəncəni tərk etməli olur. Onlar Sahibənin xəstəliyi üçün Gəncəyə köçmüşdülər. Hadiyə də onlarla getməyi təklif edirlər. Hadi onları yola salaraq iki həftəyə gələcəyini bildirir. Birdən-birə siyasi hadisələr dəyişir; Bakıda parlamentdə rus ordusunun Bakıya gəlib-gəlməməsi müzakirə olunur. Bakının işğalından sonra rus ordusu Gəncəyə tərəf yol alır. Dəmir yolu bağlandığından Hadi Kürdəmirə yeznəsinin yanına gedə bilmir. Ordunun Gəncəyə tərəf hərəkətləndiyini biləndə şəhər ayaqlanmağa başlayır. Hərbi məktəbin kursantları, polislər, əli silah tutan hamı bu işğala qarşı özünü mübarizəyə hazırlayır. Bakının müavimətsiz təslim olması onları narahat etmir və fikirlərində qəti idilər. Bütün bunlar Cavad xanın ruhunun hələ də Gəncəyə öz təsirini göstərməsinin içarsi idi. Hadi də hamı kimi rus ordusuna qarşı müqavimət hərəkatına qoşulur: "Axtarıb müdafiə qərərgahını tapdı. Silah alıb müdafiəçilərə qoşulmasına etiraz etdilər. Aralarında onu tanıyanlar vardı.Ancaq "mən dörd il müharibədə olmuşam, şair olmasam hərbçi olardım" deyən Hadinin israrı qarşısında söz deyə bilmədilər".

Yazıçı Hadinin ölümünü Gəncənin müdafiəsi ilə əlaqələndirir; bu, şairin ölümünü simvollaşdırır. Çünki şair bütün yaradıcılığı boyu xalqının mənafeyini müdafiə etmiş, həyatda özünü xalqa, cəmiyyətə həsr etmişdi. Qələmi ilə döyüşdüyü kimi, silah da götürüb vuruşması onun həyatının son dərəcə məntiqi nəticəsi kimi səslənir. Rus ordusuna qarşı mübarizənin üçüncü günü Hadi ağır yaralanır və onu xəstəxanaya gətirirlər. Yazıçı Hadinin Gəncənin süqutundan əvvəl ölümünü rəmziləşdirir: "Gözünü yumdu. Gəncənin yüz ildən sonra ikinci süqutunu görmədi. Görmək istəmədi". Yazıçı Hadinin ölümünü Gəncə hadisələrinə bağlamaq və Gəncənin süqutunu görməməsini ifadə etməklə şairin ölümünü simvollaşdırır. O, Gəncə uğrunda həlak olmaqla özünün vətəndaşlıq missiyasını həyata keçirir.   

Hər hansı bir tarixi hadisəyə hər zaman çevik münasibət bildirən poeziya nədənsə Gəncə üsyanına etinasız qalmışdır. Hər halda poeziyamızın tarixi və bugünkü inkişaf yolu bunu göstərir. Tutaq ki, sovet dövründə ona münasibət bildirmək çətin olmuşdur, bəs müstəqillik dövründə necə? Bu, ondan irəli gəlir ki, indinin özündə də Gəncə üsyanını aktuallaşdıra bilməmişik. Müstəqilliyin ilk illərində Nəriman Həsənzadənin yazdığı "Gəncə üsyanı" şeiri hələ ki, bu hadisəyə həsr edilmiş ilk şeirlərdəndir. Şair bu şeirini 1992-ci ilin noyabrında yazmışdır. Ümumiyyətlə, tarixi mövzuya şairin xüsusi marağı olduğunu nəzərə almış olsaq, şairin bu hadisəyə şeir həsr etməsi qanunauyğundur. Şair Gəncə üsyanının gizlədilməsinə rəğmən, hələ də xalqın yaddaşında yaşadılmasını "tarixin tarixçilərdən qisas alması" kimi dəyərləndirir və obrazlı şəkildə burada ölənləri "Öldük, içimizdə ölmədi Vətən,/Torpaqda və daşda Gəncə üsyanı",-deyə bildirir. "Qızıl" orduların Gəncəyə hücumu nəticəsində xalqın qəhrəmanlığını təsvir edən şair gəlinlərin "əldə silah" vuruşmasını "millətə şöhrət" olaraq görür. Burada özümüzdən olan "milli xainləri" də yaddan çıxarmır:

Həmid Sultanovun dar ağacından,
Moskva razıydı, xain razıydı.
Bir gözəl özünü asdı saçından,
Gəncənin dünyaya etirazıydı.
Torpağın bəlkə də son səngərini,
namərdin əliylə dağıtdı namərd.
Gəncədə sınadı mauzerini,
Əliheydər Qarayev...
ağırdı bu dərd!
Şeyxi hüzuruma çağırın görək,
Səsində, sözündə bir az od olsun.
Özü bir fatihə oxusun gərək.
şəhid gedənlərin ruhu şad olsun. 

Beləliklə, Gəncə üsyanının sovet dövründə bədii düşüncədə kifayət qədər təsvir edilmədiyinin şahidi oluruq. Sovet dövründə buna ona görə imkan verilməmişdi ki, bu üsyan xalqın yeganə qürur mənbəyi idi, öz dövlətçiliyini, müstəqilliyini qorumasının simvolu idi. Lakin ölkədə buna imkan verilmədiyindən daha çox mühacirət ədəbiyyatında mövzuya münasibət bildirilir. Müstəqillik dövründə isə yazıçı və şairlərimiz yenidən mövzuya münasibəti baş vermiş bu tarixi hadisəyə heç də adekvat deyil. /525.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.