Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış

22.06.22

FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ – birini güllələdilər, o birini zəhərlədilər.

                   (Gülləli, zəhərli bir esse)


    Tələbə vaxtı, gərək ki, birinci kursun ortalarında eşitmişdim Lorka haqqında.
    Bir də onu eşitmişdim ki, Lorkanı İspaniyada Aydanamar bulağının yanında faşistlər güllələmişdilər – o bulaqdan adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı qarışmış deyə...
    Eldarı isə bir az əvvəl, zavodda fəhlə işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu yataqxanasına bir dəstə şair görüşə gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki nisbətən geniş foyedə baş tutan o görüşdə digər şairlər nə etdi, nə etmədi, bilmirəm, amma uzun, arıq bir gənc olan  Eldar orada bir şeir oxudu, bir şeir oxudu ki, hamının alqışına səbəb oldu – hətta yataqxanamızdakı ruslar, tatarlar belə az-maz anladıqları dildə oxunan şeirdən təsirlənib, əl çalırdılar... Şeirdə belə misralar vardı: “Oğlun yoxdu Ballı qarı... Keçir məni köynəyindən oğlun olum Ballı qarı...” Müharibədən dönməyən oğlunu ağlayan Ballı qarıya həsr olunmuşdu şeir...
         İoffe effekti deyilən bir şey var: hər hansı bir əşyanın, məsələn, vərəqin  üzərində balaca bir kəsik, qopuq, çat olduqda onu sonradan asanlıqla parçalamaq olur. Bunu məşhur rus akademiki İiffe təcrübədən keçirdib. Mən isə böyük alimimiz Azad Mirzəcanzadənin təcrübələrindən bilmişdim bu effekt barədə...

Bir parça işıq düşdü
çarpayımın üstünə -
işıqdımı,
dişdimi, -
Sən ölümdə dişə bax,
haqq yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma yorğan-döşəkdə
öləcəyəm, işə bax!..

    Və ya:

Heybədə rənglər –
rast gəldiklərinizin
fikirlərini boyamaq üçün.
Cibdə iki yaylıq var bu gün –
yaralarımızı sarımaq üçün...

    Birinci şeir Eldar Baxışın, ikinci Lorkanındır. Birincini güllələdilər, ikincini güllələmədilər – zəhərlədilər...
    Sizə bir şey deyimmi? Lorkanı sevənlər Lorka mənzilli olurlar. Nizami Aydın adlı şəhid şairimiz olub. Lorkanı sevib. Hətta Lorkanı orjinaldan oxumaqçün və dilimizə çevirməkçün ispancanı öyrənməyə çalışıb... Fəqət nə öz şeirlərini doyuncan yaza bildi, nə Lorkanı sonacan oxuya bildi... Qarabağda açılan faşist güllələri sözünü ağzında yarımçıq qoydu. Eynən Lorka kimi...
    Eldar da Lorkanı sevərdi. Hətta mənə tapşırmışdı ki, Lorkanın hansısa pyesini bizim radio teatrı üçün səhnələşdirim. Qismət olmadı. Zəhərə tuş gəldi...
    Lorka portağal aşiqiydi, şeirlərində də portağal boy verir:

    Sübh tezdən
    özünlə,
    ürəyinlə baş-başa qalasan sən.

    Axşam üstü
          oxuyasan
           bülbül səsi ahəngində.

    Könül,
    eşqnən yanırsan,
    Məhəbbət –
    portağal rəngində...

    Eldar isə iydə çiçəyini sevərdi. Bu adda bir kitabı da olmalı. Fəqət onun iydələri daha çiçəkləməz:

    Oğlan damın üstündən
    Qızı papaqlamırdı.
    İydə çiçəkləmirdi.
    Palıd yarpaqlamırdı...

    Lorkanın metaforaları ilə Eldarınki niyə belə bağrı badaşdı, əcaba? Hələ bu sözün deyilişinə bax, sən allah?! Adamın əti çimçəşir. Elə bil bu saat o işıq seli ağacı doğrayacaq, qanı basacaq aləmi?! Kefin oldun, ay Lorka:
    İşıq ülgüc kimidi
    Ağacın barmağında.
    Ürəyimi axtarır
    Könlümün budağında...

    Hələ Eldara baxın! Onun misralarındakı “quş-qəfəs” deyimi adamı haralara aparmaz?! Sanki qəfəsdəsən, boğularsan, “quruyub qalarsan”, əlin bir yana çatmaz:

    Olacaq... olmuşam belə,
    Saralıb, solmuşam belə.
    Quruyub qalmışam belə,
    Dərdim quşdu, qəfəsəm mən...

    Lorka ilə bağlı bir gənclik xatirəm var. Lap əlini uzadıb tutacaqmış kimi. “Renessans həsrəti”nin bu yaxınlarda çapdan çıxan 3-cü cildində getmiş:
”Kəndimizdən 7-8 kilometr aralıda, Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Bir gün dərsdən sonra xaraba Tərəkəmə kəndinin yanından evə qayıdanda çadırlar qurulduğunu gördüm. Çalğı, oxumaq səsləri də gəlirdi. Qorxa-qorxa çadırlara yaxınlaşdım. Diqqətlə baxandan sonra arada-bərədə gəzişənlərin təhər-töhründən qaraçılar olduğunu anladım. (Biz tərəflərə dəstə ilə gələr, baxıcılıq edər, çalıb-oxuyar, hətta dilənərdilər də. Kəndimizdən yuxarı Qaraçı qışlağı deyilən yer də vardı.)
       Birdən iki uzun hörüklü qızın alaçıqdan çıxıb mənə tərəf gəldiklərini gördüm. Biri 8-9, o biri isə 14-15 yaşlarında idi. Böyük qız mənə çatan kimi kobud türkcədə "ovcuma pul qoy, əlini aç, sənə baxım" (əlini aç, bəxtinə baxım anlamında) dedi. Cibimdə cəmi 20 qəpiyim vardı. Utana-utana çıxardıb qıza uzatdım. O, qəpiyi alıb, əlimi açdı, nələrsə söylədi. Onun dediklərindən iki kəlmə yadımda qaldı. "Niyə belə kədərlisən?" və "Payızdan özünü gözlə..." (Mincivandan Naxçıvana, oradan da İravana qatarlar gedərdi və mən hər gün o qatar yolunun kənarı ilə geib-gələrdim. Elə bildim, "poyuzdan - qatardan özünü gözlə dedi. Sonra fikir verib gördüm ki, deyir payız gələndə ağır xəstə olursan...)
       O gecə səhərəcən yata bilmədim. Qızın uzun hörükləri çatı kimi boyun-boğazıma dolanır, əlimi tutanda bədənimdən keçən cərəyan payız afatı kimi axırıma çıxırdı - nə bəla idisə hər payızda, həqiqətən bərk xəstələnərdim. Nənəm buna payız afatı deyərdi.
       Sonralar uzun müddət o qızı unuda bilmədim. Ta Lorkanı tanıyanacan o qız mənimlə olurdu gecələr.
        Keçən payız karona virusa yoluxanda yenə yuxuma gəlmişdi. "Öləcəm?" dedim. Başını bulayıb güldü. Sonra kədərlə Lorkadan oxumağa başladı:

icazə ver
bu əkin yerində
bir doyunca ağlayım...

      Bir arzum var. Zəngilana, Qaradərəyə dönəndə Qaraçı qışlağına gedəcəm, oradakı iri daşlardan birinə Lorkanın adını yazacam. O qızın da xoşuna  gələr, elə bilirəm.”
    Daha bir arzum var. Hökümətin izni çıxsa, Zəngilana gedəndə bir yolumu Qubadlıdan – Müskanlıdan da salacam. Orda, o kəndin xarabalığında bir “Eldar heyyyyyyy!” naləsi çəkib ağlayacam.
    Bu sətirlər də yuxarıda adını çəkdiyim kitabdandır: “Eldarla (Baxış) Lorkanın (Qarsiya) arasında qəribə bir oxşarlıq görmüşəm həmişə. İkisi də düzünəqulu adam olub. İkisi də qabağından yeməyib. İkisi də yonulmamış, külçə sözləri sevib. İkisi də gülləyə həris olub. Birini qurşun öldürüb, birini zəhər gülləsi.
Hərdən onların misralarını dəyişik salıram. Elə ölkələrini də. Elə düşmənlərini də... Hə düşmənləri eynidir. Sözün, azadlığın düşməninin milliyyəti olmaz ki!

Mənə qələm veirb bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm...

      Könül deyir ki, özünü bas yerə, bu iki şairdən bir kitab yaz. Nə olacaq ki?! Biri dostun, biri də ki...
       Lorka mənim nəyim düşür, ay ana?

22.06.2022

(ömür vəfa eləsə,davamı olacaq)

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.