Erməni terrorunun qurbanı olmuş uşaqlara həsr edilən kitab çap olunub
23.05.22
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edulmiş “Qıymayın uşaqlara” kitabı çap olunub.
Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının redaktoru Ədəbiyyat İnstitunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, rəyçisi Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməddir.
“Tanrıdan gələn səsdi: “Qıymayın uşaqlara” adlı ön sözü filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddin qızı yazıb. Kitabın rəssamı Zəhra Əkbərlidir.
“Şirvannəşr” nəşriyyatında çap olunan 172 səhifəlik kitab müəllifin sayca otuz birinci, uşaqlar üçün isə yeddinci kitabıdır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olan bu nəşrdəki şeirlərdə müharibə törədənlərə, uşaqların faciəli ölümlərinə dərin nifrət, 44 günlük Vətən Müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi hissləri aşılanır. Kitabda uşaqlar üçün yazılmış şeirlərlə yanaşı, üç pərdəli “Pəhləvanın bağında” mənzum pyesi də yer alıb.
|