Litva Respublikasının Birinci xanımı Diana
Nausediene Günay Əfəndiyeva ilə görüşüb
21.05.22
Litva Respublikasının Birinci xanımı Diana
Nausediene Azərbaycana səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi
Fondunu ziyarət edərək, təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında mövcud əməkdaşlıq
əlaqələri və Litvada yaşayan Türk kökənli azsaylı xalqların – tatar və
karaimlərin mədəni irsinin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha
sonra 2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasıyla bağlı Fondda “Litva
karaimləri” sərgisi keçirilib.
Mərasimi
giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatın fəaliyyətlərindən söz açıb. Ötən
ilin fevral ayında Fondun Litvanın Azərbaycandakı Səfirliyi ilə imzaladığı
Əməkdaşlıq Memorandumunu xatırladan Günay Əfəndiyeva, təşkilat ilə Litva
arasında güclü tərəfdaşlıq münasibətlərinin mövcudluğundan bəhs edib. Fondun
prezidenti, Litvada 2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasını ölkə
miqyasında Türk xalqlarına göstərilən diqqətin dəyərli nümunəsi kimi
qiymətləndirib. Müxtəlif xalqların ümumbəşəri irsinin inteqrasiyasının
əhəmiyyətindən danışan Günay Əfəndiyeva, Litvada yaşayan tatar və karaimlərin
Türk dünyasının ayrılmaz parçası olduqlarını bildirib.
Litva
Respublikasının birinci xanımı Diana Nausediene sərgidə çıxış edərək Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunda olmaqdan məmnunluq hissi keçirdiyini qeyd
edib. Azərbaycanla ölkəsi arasında bir çox sahələrdə əməkdaşlığın uğurla davam
etdirilməsinin vacibliyini vurğulayan Diana Nausediene, bu istiqamətdə
görüləcək işlərin əhəmiyyətindən danışıb. Xanım Diana Nausediene Litvada
yaşayan unikal Türk xalqlarının – tatar və karaimlərin adət-ənənələrinin,
mədəni dəyərlərinin mühafizəsinin ölkəsi üçün önəmindən bəhs edib. Litva
Respublikasının birinci xanımı həmçinin 2021-ci ilin “Litva tatarları İli”,
2022-ci ilin “Litva Karaimləri İli” elan olunmasından söz açıb. O, Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən tatar və karaimlərin tarixinin,
mədəniyyətinin təbliği ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Daha
sonra Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən “Litva
karaimləri” adlı sərginin açılış mərasimi həyata keçirilib. Sərgidə təqdim
olunan rəsmlərdə Litva karaimlərinin dini abidələri, adət-ənənələri, yaşayış
tərzi, milli geyim nümunələri əks olunub.
Mərasimdə
rəsmilər, səfirlər, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, ziyalılar
iştirak ediblər.
|