Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Şair, jurnalist Vasif Əlihüseynin “Azmış kimi…”adlı şeirlər və esselər kitabı “Mücrü” nəşriyyatında çapdan çıxıb. Bu haqda müəllif özü məlumat verib. V.Əlihüseyn kitabı 2015-ci ildə 49 yaşında xərçəngdən dünyasını dəyişən anası Şəlalə xanıma həsr etdiyini bildirib.
Kitabda Vətən, müharibə, sevgi və müxtəlif mövzulu şeirlər toplanıb. Kitabdan bir neçə şeirləri təqdim edirik:
ATAMIN AYAQLARI
Evimizin üstündən uçan vertolyotlar müharibəni xatırladar, ona görə əllərini ağızlarına vura – vura qışqırar kənd uşaqları.
Əmim incik düşdüyü adamlarla protez əli ilə görüşər.
Barmağını müharibədə itirmiş atalardan yarımçıq saymağı öyrənər uşaqları.
Atamın protez ayağı ən sevimli oyuncağım olub- nə olduğunu bilməyənə qədər.
O vaxtdan anamın səsi qalıb qulağımda: - Ay oğul, atanın ayaqlarını gətir, işə getsin!
SƏNİN DUALARIN
Əsgər oğluyla eyni saatda oyanar kəndimizdə anam.
Cəbhədəki atışma səsləridi ürəyindəki çırpıntılar.
Səngərlər insan boyunda qazılmış alın yazısıdı, kimi ölümə gedər, kimi evinə.
Anaların namaz üstə olduğu bir vaxtda yayınar güllələr.
Sənin duaların düşməni cavab atəşiylə susdurmaqdı, ana!
TƏK QALMIŞ ADAMAM Kİ...
Bu boyda ürəyə olmaz deyirəm, deyirəm, bəlkə də, bir pasdan çıxa. Sənin gedişinə yeyib – içirəm, tək qalmış adamam ki, yasdan çıxam.
Azalar gəliş də, gediş də belə, hamı mənə deyər, axı o yoxdu. Mən də unudaram səni, bilirsən, bilirsən, torpağın üzü soyuqdu.
Daha bu daş ömrə söykənməz başım, nə acıq verirsən, mənim nəyimə? İndi bumbuz əlim torpaq götürər, götürüb tullayar öz kürəyimə.
Səndən nə cürəsə mən qaçam gərək, bu qara günümdən mən ağa düşəm. Yelləncək asmışam ağac altında, atıram özümü, uzağa düşəm.
SƏN ƏN BÖYÜK TƏSƏLLİMSƏN
Sən ən böyük təsəllimsən, gəlmisən məni sevməyə. Axı nə yaşın vardı mənimlə dərd çəkməyə.
Bir qucaqlıqdı boyun, saçın nə gözəl ətirdi. Təkliyimdən gileyləndim, Allahım səni gətirdi.
Belədi dünyanın işi, hönkürüb ağlamaq olur. Kimisə itirəndə kimisə qucaqlamaq olur.
|