Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22

Esse

 
“Reallığa son qoyan şey reallıqdan daha da real kimi görünəndir”.
                           Jan Bodriyar “Simulyakrlar və Simulyasiya”
 
“Big data”, süni zəka, sosial şəbəkələr, 3D avatarlar, VR eynəklər, NFT, blokçeyn, kriptovalyuta...
Günbəgün real həyatdan virtual aləmə daha çox keçid edirik, alternativ, paralel bir dünya, yeni, fərqli bir texnoloji ekosistem yaradılır. Sanki bəşəriyyət başqa ölkəyə, şəhərə köç edirmiş kimi, virtual məkanda məskən salmağa hazırlaşır. Əslində, otuz il öncə internetin kəşfi ilə bu prosesin toxumları səpilmişdi. Yeni yarananda funksionallığı çox az olsa da, bu gün internetdə hər şey var: onlayn alış-veriş, elektron mətbuat, kitab, film, oyun, video, sosial şəbəkələr, mesencerlər... Bir də ayıldıq ki, həyat öz şəklini dəyişib, tamam ayrı, tanınmaz bir libasa bürünüb.
Artıq günün əksər hissəsi irili-xırdalı ekranlara – kompüterlərə, planşetlərə, smartfonlara baxmaqla keçir. Demək olar, hər şey onlayndır, oflaynda olmaq qapalı, dar bir məkanda oksigensiz qalmağa bənzəyir. İşimiz də internetdən asılıdır, əyləncəmiz, istirahətimiz də, dost-tanışlarla ünsiyyətimiz, dünyayla əlaqəmiz də.
 “Metaverse” və ya dilimizə uyğunlaşdırsaq, metakainat, əslində, o qədər də anlaşılmaz, dərk edilməsi müşkül bir anlayış deyil. Hələ ki, bütün detallarınadək ortaya necə bir şey qoyulacağı məlum olmasa da, təsəvvür yaradan müəyyən məlumatlar var.
 “Facebook”a və ya konkret hansısa şirkətə, korporasiyaya məxsus olmayan metakainat internet kimi ümumi ifadədir. Mütəxəssislərə görə, smartfonlar təkcə zəng vurmağa yarayan köhnə nəsil mobil telefonların davamı olduğu kimi, metakainat da internetin gələcəyinə çevriləcək. Beləliklə, “Web 2.0”dan ”Web 3.0”a keçəcəyik. Digər tərəfdən, “Facebook”, “Google”, “Microsoft”, “Nvidia”, “İntel”, “Unity”, “Roblox”, “Epic Games”, “Decentraland” kimi texnologiya nəhənglərinin sözügedən layihəyə milyardlarla dollar sərmayə ayırması məsələnin önəmindən xəbər verir.
Metakainat nədir?
Mövzunu aydınlaşdırmaqdan ötrü əvvəlcə, oyun dünyasına işıq salaq: “Fortnite”, “Minecraft”, “GTA”, “World of Warcraft”, “Pokemon Go”, “Second Life”... Bənzər videooyunları oynayan, onlar haqda az-çox təsəvvürə malik hər kəs avatarların, virtual mühitin, orada macəradan macəraya atılmağın nə demək olduğunu bilir. Oyun aləmində nə istəsəniz var: hər cür kimliyə, varlığa çevrilə bilən rəngarəng personajlar, Yer kürəsinin, kosmosun istənilən nöqtəsinə, hansısa fantastik məkana səyahət, “Disney”, “Marvel” kimi nağılvari dünyalar, balıq olub üzmək, quşa dönüb uçmaq...
Metakainatın isə daha böyük, iddialı məqsədləri var. Hədəf oyun seqmentindəki bu texnologiyanı bir qədər də təkmilləşdirməklə arealı genişləndirmək, onun istifadəsini ancaq oyun oynamaqdan çıxarmaqdır. Fiziki və rəqəmsal dünyanın birləşdiyi, sosial şəbəkələr və videooyunların iç-içə keçdiyi uydurma, virtual bir mühit yaratmaq!.. Nəticədə, gündəlik fəaliyyətlərimizin, az qala, hamısını kiberfəzada reallaşdıracaq, belə demək olarsa, metakainatın  sakininə – “rəqəmsal vətəndaş”a çevriləcəyik.
Proqramçılar, dizaynerlər, memarlar həm reallığa bənzər, həm də xəyali, fantastik dünyalar inşa etməkdədirlər. Gələcəkdə insanlar virtual ictimai məkanlarda toplaşacaq, simulyativ mühitlərdə dolaşacaqlar: kitabxanalar, muzeylər, kinoteatrlar, alış-veriş mərkəzləri, restoran-kafelər... Küçələr, binalar, şəhərlər, ölkələr...
Təhsil, iş, gəzinti, səyahət – bütün bunlar metakainatda da olacaq. Fərz edək ki, evdə oturub, virtual iclas zalında şirkətimizin vacib bir toplantısına qatılmışıq. Əynimizdə pijamayla divandayıq, amma problem yoxdur, avatarımız kostyumdadır. Evdən çıxmadan yenə avatarımızla virtual mağazaya gedir, alış-veriş edirik. Az sonra aldıqlarımız real həyatda qapımıza gətirilir. Muzeydə, sərgidə, konsertdə olur, istədiyimiz ölkəyə səyahətə çıxırıq.
Yalnızca həyati vacib təməl ehtiyacları ödəməklə, başqalarıyla real ünsiyyət qurmadan kiçik bir otaqda ömür sürmək, gerçəkliyi unudaraq həddən artıq müxtəlif hiss-həyəcanları, emosiyaları yaşamaq mümkün ola bilər. Bir ömrə yüzlərlə, bəlkə də, minlərlə ömrü sığışdırmaq...
Əvvəllər təxəyyüldə yaradılan şeylər, məsələn, cizgi film qəhrəmanları şəkillərdən, animasiya filmlərindən çıxıb cürbəcür oyuncaqlar kimi maddiləşərək həyatımıza daxil olurdusa, indi biz özümüzü virtuallaşdıraraq onların dünyasına yollanmağa hazırlaşırıq.
Metakainat reallıq hissini yarada bilərmi?
Bu məsələyə şübhə ilə yanaşmazdan öncə bir daha düşünməkdə fayda var: əgər insan reallığı görmə, eşitmə, iybilmə, dadbilmə, toxunma kimi hiss üzvlərindən beyinə ötürülən siqnallarla qavrayırsa, niyə də şüur müxtəlif sensorlar vasitəsilə metakainatda yaşananları həqiqət kimi qəbul etməsin?
Bu gün oyun həvəskarlarına yaxşı bələd olan virtual reallıq (VR) eynəkləri, qulaqlıqlar, smart əlcəklər var. Gələcəkdə belə cihazlar daha da təkmilləşəcək, üstəlik, beyinə implant edilməsi planlaşdırılan çiplər, “Neuralink” kimi layihələr gündəmdədir. Bəs bu çiplərlə şüura, beyinin gerçəyi qavrama qabiliyyətinə təsir göstərmək, virtuallığı reallıq qədər həqiqi, inandırıcı etmək mümkün olmayacaqmı?
Rəqəmsal iqtisadiyyat, NFT, kriptovalyuta
Metakainatın iqtisadiyyatda da müəyyən dəyişikliklərə yol açacağı bildirilir. Gerçək həyatda öz imicini, statusunu formalaşdırmaq üçün şəxsi əşyalarına, aksesuarlarına, geyiminə, avtomobilinə fikir verən insanlar virtualda da fərqlənməyə, başqalarından üstün görünməyə çalışacaqlar. Beləliklə, NFT-lərin, yəni bizə məxsus rəqəmsal məhsulların alqı-satqısı kütləvi hal alacaq. Bir sıra məşhur brendlər indidən dəyəri on minlərlə dollar olan geyimlərini, aksesuarlarını avatarlarımız üçün satırlar. 69 milyon dollarlıq NFT rəsm əsəri, yəni sadəcə piksellərdən ibarət, “JPG” formatlı şəkil isə öz alıcısını çoxdan tapıb.
Oyun sektorunda milyardlarla dollar vəsaitin dövr etdiyini, metakainatın yaradılmasıyla bunun daha da artacağını nəzərə alanda gələcəkdə kriptovalyutalarla çalışan belə platformaların qlobal iqtisadiyyatı necə formalaşdıracağı barədə düşünməli olursan. İnsanların həyat tərzi, dolayısıyla da, pul xərcləmə alışqanlıqları dəyişəcək. Tutalım, evdən bayıra daha az-az çıxsaq, dərsə, işə, konsertə, səyahətə real deyil, virtual formada getsək, nəqliyyat sisteminin aqibəti necə olacaq?
Təsəvvür etmə, bax!
Metakainatı daha yaxşı anlamaqdan ötrü gələcəyi illər öncədən təsvir etməyə çalışan, bir çox fəlsəfi-ideoloji suallara qapı açan filmlərə baxmaq olar. Məsələn: “Ready Player One”, “The Matrix”, “Surrogates”, “Avatar”, “Free Guy”, “The Thirteenth Floor”, “Tron”, “Wreck-It Ralph”...
Doğrudanmı biz hamımız metakainata axın edəcəyik? Bunun yan təsirləri olacaqmı?
Bu gün milyonlarla, hətta milyardlarla insan videolardan, şəkillərdən, yazılardan ibarət sosial şəbəkələrdə toplaşıb. Sabah indikindən daha zəngin, videooyunlardakı kimi, hər cür simulyativ imkanlara sahib, reallıq qədər canlı, daimi, sərhədsiz bir oazis yaradılsa, niyə də hamı bir nəfər kimi orada toplaşmasın ki?! Əgər çoxluq bir yerə - lap virtual olsa belə - yığışırsa, insan qrup psixologiyasının diktəsi ilə “mən də orada olmalıyam!” deyir.
Smartfonlardan, videooyunlardan, sosial şəbəkələrdən ayrılmaqda çətinlik çəkdiyimiz kimi, metakainatdan da aralanmaq bəlli bir iradə, nizam-intizam tələb edəcək. Günün çox hissəsini virtualda keçirmək psixoloji problemlərə, reallıq hissinin aşınmasına gətirib çıxara bilər. Gerçəkliyə dönəndə kəskin təzadla üzləşməyimiz adi çətinlikləri belə, həddən artıq ağır bir yük kimi görməyimizə səbəb olacaq. Nəticədə, sıxıcı, maraqsız gələn həyata qarşı yadlaşacaq, depressiyaya düşəcəyik. Çox güman ki, özümüzü röyalar aləminin ixtiyarına buraxıb illüziyalar içində yaşamaq arzumuz metakainatdakı müəyyən məhdudiyyətlərlə, qayda-qanunlarla tənzimlənəcək.
“Silikon Vadisi” krallarının, texnologiya nəhənglərinin dünya hakimiyyətini tədricən ələ keçirdiyi dövrümüzdə fiziki və rəqəmsal reallıqlar arasındakı sərhədlər bir az da itməyə başlayıb. Yeni bir eraya qədəm qoyan dünyamız, yəqin ki, zamanla təzədən şəkillənəcək, libasını dəyişib fərqli, tanınmaz bir görkəm alacaq. Amma dəyişikliklər bitməyəcək, istənilən halda bu günün yeniliyi sabahın geriliyidir.

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.