“Oxu Günü-8” keçiriləcək
19.04.22
23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.
Festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.
Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.
“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək. Tədbirin proqramı aşağıdakı kimidir:
- “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamaq; - sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşmək; - “Gəlin birgə oxuyaq” şüarı ilə əllərində kitabla çağırış edərək video çəkib sosial şəbəkə hesablarında paylaşmaq; - tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüş; - oxuduğu kitabı özü ilə gətirib, imzalayıb seçdiyiniz iştirakçıya hədiyyə etmək; - məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirmək; - “face-art” vasitəsilə məşhur yazıçıların simasına bürünmək; - seçilmiş kitabları alaraq rəssamdan öz karikaturanı əldə etmək; - balaca oxucuların hədəf atışı edərək kitab hədiyyə qazanması; - balaca oxucular üçün mütaliə və nağıl saatları; - şahmat həvəskarlarının oyunda qalib gələrək kitab hədiyyəsi alması; - “Kitabı ağaca çevirək!” stendindən “Özün al, özün ödə” formatında kitab alıb texnobağın salınmasına dəstək vermək; - rəsmilərin uşaqlara kitab oxuma saatları; - kukla teatr tamaşalarının qonağı olmaq; - tanınmış əsərlərdəki monoloqlardan teatral parçalar səsləndirmək; - “Sürətli oxu” yarışında iştirak edib kitab qazanmaq kimi maraqlı və əyləncəli aksiyalara şahid olmaq.
Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.
Əlavə məlumat üçün bildirək ki, sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək. Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur.
Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.
|