"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
13.04.22

***

Hava haqda proqnozu -

buluddan öyrən,

ayının ağız dadını -

armuddan öyrən.

Ustanın əl işi -

şəyirddi,

davadan gələn xəbər -

şəhiddi.

Külü ancaq göz yaşı -

təzədən alov eləyər,

oxa bələdçiliyi -

ov eləyər.

Cənnətin qapısını döyən -

demək, orda deyil,

arxada qalan göz -

düz yolda deyil.

Ba-ax, ikisi də tərs keçidi:

biri -

gündüzdü,

biri -

gecədi.

Gecə -

səhəri su kimi üzünə çəkər,

Gündüz -

gecənin çiynindən ulduzları sökər.

 

 


***

Bir də baş qoşan deyiləm

            gecə ulduza, Aya,

Aldığım son xəbəri də

            verdim getsin yuxuya.

Yatmamış instaqramdakı

            hekayə  nəydi - baxdım,

Bu arada votsapa da

            barmağım dəydi - baxdım.

Baxmaqdan ağı qarışdı

            gözümün qarasına

Tez uzandım... siqnal girdi

            yuxumun arasına.

Düşündüm, görən O neynir,

            hardan  tapır dincliyi?

Gecə Ona,

            gündüz Ona,

                        saat Ona işləyir!

Pəncərəmdə Günəş doğdu -

            üzünə töküb telin,

Olan-qalan ağlımı da

            qarışdırdı sübh yeli.

Uzaqda göy guruldadı

            qəfil, yağış çilədi

Qalxıb fərman imzaladım,

            hamını əfv elədim...

 

 


***

...Və bir gün qərq olarsan sulara

burulğan çəkər aşağı,

arxanca hürüb ağlaşar

suiti uşağı...

Burda köməyə kimi çağırasan -

qalarsan gözünü döyə-döyə,

başını balıq ağzından çıxararsan

dişin dişinə dəyə-dəyə.

Saçların quruyar qorxudan

yolarsan, bir ocaq catasan,

əlin gedər alışqan

            qoyduğun cibə...

"Sənə lazımıydı,

            siqareti atasan?!"

 

 


***

Dirəşmisən ki:

sevgi nədi,

mənə anlat!

Döyüşdə

son patronunu

beyninə sıxacaq qədər

cəsur əsgərə,

sülh zamanı

göyərçin xanıma

"patron" dedirəcək qədər

məsumdu həyat...

Görürsən,

səni sevməkdən də vacib

işlərim var əlimdə,

amma yenə səni sevirəm...

tənbələm dəəə!

 

 

***

Güzgü qabağında

            ağlayar gözəllik -

boyası qarışmasın deyə;

Qapısını əlcəklə

            bağlayar yalan -

birdən tüpürən olar dəstəyə;

Gecələr sürətini

            azaldar dünya -

əyləcin işığı düşər göyə;

Və çox şeyi görər əhli-hal -

amma qarışmaz çox şeyə...

 

 


***

Hər gözünü sıxanda şəhid anası

əri dişini sıxar:

"Olmadı,

bu ki olmadı!".

...Dörd şəhid atasının

dişlərini saydım

otuz iki olmadı...

 

 


***

Çətirim səma,

"Yaxşı qalmısan!"

nə tez oxşadı

"Yaxşı ki, qalmisan"a?!

Səma çətirim,

bir inandığına

bir də inanmaqdı,

bir sevdiyini

biryolluq sevməkdi -

                        ən çətini...

Çətirim,

səmam,

üzünə baxdım,

halım qarışdı,

əynini qalın elə,

sənin də üst-başın yaşdı...

                       

 


***

Əkinçinin

havaya atdığı

bir ovuc toxumdu ulduzlar -

bar vermədiyindən qızarar.

...Şeir sirdi, Adam,

sirri bağırmazlar -

ulduzlardan utan...

 


 

***

Günəş

meşənin üstündən

çəkdi duman-pərdəni

öz şöləsiylə,

quşlar səhnəyə çıxdı

yarpaqların alqış səsiylə...

 

 

***

Dönüb baxırsan ki:

sevgidə üçüncü yox,

            ikinci adam artıqmış...

Unudun rəvayəti,

yalandı "Leyli və Məcnun" məhəbbəti,

var Məcnun sevgisi:

- hansı Məcnun?

- Leyli Məcnun!

var Leyli sevgisi:

- hansı Leyli?

- Məcnun Leyli!..

Şeirdə artıq sözü

kəsib atırdım bir vaxtlar,

indi baxıram,

            şeirdə bütün sözlər artıqmış  -

sevgidəki ikinci adam kimi.

...Gəl, təzədən yaşayaq şeiri,

Gəl, təzədən yazaq sevgini...

 

 

***

Gül uzadır

başdaşındakı şəklə

üç yaşında uşaq:

- Ata, ata,

anam almır,

gedək, sən mənə velosiped al da!..

 


           

Minaaxtaran

 

İyirmi ildi

ayağının ağrısından

gecələr yuxu getmir gözünə,

son vaxtlar

maraqlı türkəçarə tapıb özünə:

arvad-uşağı

şənbə-bazar bir yanda azdırır

çəkilir şəhər kənarına -

evdən gətirdiyi bir balon sidiyi

ocaqda qızdırır...

Sonra baxır havalı kimi,

sidiyi iki əskiyə süzür

dədə malı kimi.

Birin sağ qıçına bükür

(bükdükcə ödü ağzına gəlir),

o biriynən

sol qıçını kəsdiyi bıçağın

tiyəsini silir...  

 


 

***

Ümidimi ütüləmişdim

barmağımı cütləmişdim

subay vaxtı:

iki oğlum olasıdı

birinin adı Tezol,

birinin adı Təkər.

Tezol -

zamandan iti,

Təkər -

maşından yekə.

...Qayğılar basdı başımdan

özümü güclə atdım

zaman - maşından.

Baxdım ki,

aləm qarışıb,

ümidimin ütüsü cəhənnəm

barmağımın cütü qırışıb!

Baxdım ki,

ömür yarıda...

...qızımın adın Su qoydum

ciyərim yanırdı övlad sarıdan...

 

 


***

Bu dünyada

heç kəsə demədim...

O dünyada soruşsalar:

sən kimsən?

- gözümü yumub,

ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam...

 

 


***

Çox da salıb dünyanı eynəyim gözdən - noolar

Ağız suyuyla bitir dodaqda söz də - noolar...

 

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,

Dörd tərəfin köpəksə, demək, mühafizən var...

 

Yer tərpənir - tərpənsin, sallanarsan budaqdan

Bir də gördün əl edir kimsə sənə uzaqdan...

 

Nə lazım, uzaqbaşı bircə otağın ola

Gecənin bir yarısı qəfil qonağın ola...

 

Sevəsən bu gəlişi başdan-ayağa kimi

Küsdürəndə ağlaya qoynunda çağa kimi...

 

Gedəndə könlünü də yalvar-yapış apara

Gün görməmiş dərisin gün çıxmamış apara...

 

...Gedə, bir də qapından əcəl girəndə gələ

Günəş xəstə dünyaya şüa verəndə gələ...


/Edebiyyatqazeti.az/

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.