Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22

                                                         “Kitab haqqında” (Maksim Qorki)

Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam - hələ gəncliyimdə anlamışdım ki, incəsənət insanlardan daha comərddir. Mən kitabları sevirəm, onların hər biri mənə möcüzə kimi görünür, yazıçı isə sehrbazı andırır. Mən kitablar haqqında böyük həyəcanla, şövqlə, ruh yüksəkliyi ilə danışmaya bilmərəm. Bəlkə də bir az gülməli səslənəcək, amma bu belədir. Bəlkə də deyəcəklər ki, bu bir yırtıcı həyəcanıdır, qoy desinlər. Mən islaholunmazam.
Hansısa qəhrəmanın icad etdiyi maşının köməyilə mürəttibin - o da hansısa mənada qəhrəmandır, - mətbəədə ərsəyə gətirdiyi yeni bir kitabı əlimə alanda mənə elə gəlir ki, həyatıma hansısa möcüzəli, danışa bilən canlı daxil oldu. Bu, insanın özü haqqında- dünyadakı ən mürəkkəb, ən müəmmalı və ən başlıcası, sevgiyə layiq olan, əməyinin və təxəyyülünün sayəsində yer üzündəki ən dahiyanə və gözəl nəsnələri yaradan varlıq haqqında yazdığı yeni kitabdır.
Kitab məni həyatın içindən keçirir, bu həyat mənə yaxşı tanışdır, amma o, insanda mənim daha əvvəl bilmədiyim və fərqinə varmadığım cəhətləri görməyimə kömək edir. Bəzən bütöv bir kitabda yeganə bir ifadədən başqa heç nə tapmırsan, amma məhz həmin söz sizi insana yaxınlaşdırır, yeni təbəssüm və ya yeni mimika göstərir.
Ulduzlu səmanın nəhəngliyi, kainatın harmonik mexanizmi, astronomiya və kosmologiyanın ağız dolusu danışdıqları məni təsirləndirmir, vəcdə gətirmir. Mənə elə gəlir, kainat astronomiyanın təsəvvür etdiyi qədər heyrətamiz deyil, dünyaların doğuluş və ölümündə ilahi harmoniyadan qat-qat çox mənasız xaos var.
Hardasa Süd yolunun dərinliyində günəş sönür və planetin bütün sistemi həmişəlik zülmətə qərq olur, bu məni zərrə qədər mütəəssir etmir, halbuki heyrətamiz təxəyyülü olan Kamil Flammarionun ölümü məni çox kədərləndirir.
Bizim gözəl gördüyümüz hər şey insan tərəfindən söylənilib. Təəssüf ki, çox vaxt insanlar əzablar yaradır və onu dərinləşdirməli olurlar, necə ki, bunu Dostoyevski, Bodler və başqaları ediblər. Amma mən hətta bunda da həyatımızdakı əzabları, ədavətləri bəzəmək, əlvan rənglərə boyamaq istəyi görürəm.
Bizi əhatə edən və bizə düşmən olan təbiətdə gözəllik yoxdur, gözəlliyi insan özü qəlbinin dərinliklərindən ərsəyə gətirir, beləcə fin öz yurdundakı bataqlıqları, meşələri, cansız kollar bitən kürən süxurları təsəvvüründə gözəlləşdirir, beləcə ərəb özünü inandırır ki, səhradan gözəl yer yoxdur. Gözəllik insanın onu yaratmaq istəyindən doğulur. Məni dağ mənzərələrində üst-üstə qalanmış eybəcərlik deyil, insan təxəyyülünün ona bəxş etdiyi əzəmət heyrətə gətirir. İnsanın necə asanlıqla və comərdliklə təbiəti başqa şəklə salması məndə rəğbət doğurur, əgər bir az dərinliyə varsaq, görərik ki, yer üzü yaşamaq üçün elə də rahat yer deyil. Zəlzələləri, qasırğaları, fırtınaları, daşqınları, istini və soyuğu, zərərli həşərat və mikrobları və minlərlə digər nəsnələri xatırlayaq. Əgər insanın qəhrəmanlığı və bütün bunların öhdəsindən gələcək gücü olmasaydı, bizim həyatımız dözülməz olardı.
Bizim mövcudluğumuz hər zaman və hər yerdə faciəlidir, amma insan bu saysız fəlakətləri incəsənət əsərinə çevirir; mən bu çevrilmədən möcüzəli və heyrətamiz heç nə tanımıram. Ona görə mən ulduzların soyuq sayrışması və ya okeanların mexaniki ritmində, meşələrin pıçıltısı və ya səhranın səssizliyində deyil, Puşkinin şeirlərində və ya Floberin romanında daha çox müdriklik və canlı gözəllik tapıram.
Səhraların səssizliyi? Rus bəstəkarı Borodin əsərlərinin birində onu çox  parlaq ifadə edib. Şimal şəfəqi? Mən Uistlerin rəsm əsərlərini ondan üstün tuturam. Con Reskin “İngiltərədə günəşin qürub çağı Ternerin əsərlərindən sonra gözəl görünür”, deyəndə tamamilə haqlıydı.
Mənim yaşadığım dünya kiçik Hamlet, Otello, Karamazovlar, mister Dombi, madam Bovari, Manon Lesko, Anna Karenina, Don Kixot və Don Juanların dünyasıdır.
Bizim kimi əhəmiyyətsiz varlıqlardan yazıçılar nəhəng obrazlar yaradıb və onları ölümsüzləşdiriblər.
Mən elə bir dünyada yaşayıram ki, kitab oxumadan insanı anlamaq qeyri-mümkündür. Bizim alimlərimiz və söz ustadlarımız insan haqqında böyük əsərlər yaradıblar: Floberin “Sadə ürək” əsəri mənim üçün İncil qədər dəyərlidir. Knut Hamsunun “Torpağın şirəsi” məndə “Odissey” qədər heyranlıq doğurur. Mən əminəm ki, nəvələrim Roman Rollanın “Jan Kristof” əsərini oxuyacaqlar və müəllifin ağlının və qəlbinin böyüklüyünə, bəşəriyyətə olan tərəddüdsüz sevgisinə  rəğbət duyacaqlar.
Mən yaxşı bilirəm ki, bu sevgi indi “dəbdə deyil”, ancaq nə etmək olar? O mövcuddur, təsiri keçmir və biz onun sevinc və kədərləriylə yaşamağa davam edirik.
Hətta bu sevgi getdikcə daha da inamlı və mənalı olur, hərçənd bu onun zahiri təzahürlərinə əməli təcrübə  və  soyuq xarakter verir, amma  həyat uğrunda mübarizənin daha da kəskinləşdiyi dövrdə heç bir halda rasionallığını azaltmır.
Mən insanlardan başqa heç nəyi tanımaq istəmirəm. Onlara yanaşmada kitab həmişə dostcanlı və comərd bələdçi olub. Və mən yer üzündə bütün gözəl və nəhəng nəsnələri yaratmış təvazökar qəhrəmanlara getdikcə daha çox hörmət və ehtiram duyuram.

1925


                           “Oxucu haqqında” (Aleksey Tolstoy)

Təsəvvür edin ki, siz yazıçısız və tənha bir adaya gəlib çıxmısız, geriyə yol yoxdur. Siz əminsiniz ki, ömrünüzün sonuna qədər bəni-insan görməyəcəksiz. Və sizin dünyada yadigar qoymaq istədiyiniz nəsnə heç vaxt işıq üzü görməyəcək.
Siz roman, dram, şeir yazmağa başlayardınızmı?
Təbii ki, yox.
Sizin təlaşınız, həyəcanınız, fikirləriniz gərgin səssizliyə çevrilərdi. Əgər sizdə Puşkinin temperamenti olsaydı, siz yəqin xıncım-xıncım olardınız. Siz həmsöhbətiniz, dərd ortağınız üçün,- maqnit sahəsinin yaranmasından ötrü lazım olan ikinci qütb üçün təbii ki, darıxardınız. (elə nəsnələr, cərəyanlar var ki, natiq və kütlə, səhnə və tamaşaçı zalı, şair və onun dinləyiciləri arasında meydana çıxır).
Fərz edək ki, adada Cümə və ya danışan tutuquşu peyda olur və şair olan siz tutuquşu üçün adamyeyən dilində adamyeyən mahnısı və ya ekzotik nəsə düzüb-qoşursunuz. Bu da şübhəsizdir. Yazıçı yalnız birqütblü enerji ilə yüklənib. Yaradıcılıq axını üçün ikinci qütbə-oxucu çevrəsinə, xalqa, bəşəriyyətə ehtiyac var.
Öz yazıçı təcrübəmdən bilirəm ki, yazdığım əsərin gərginliyi və keyfiyyəti mənim oxucu haqqında təsəvvürümdən asılıdır.
Mənim təxəyyülümlə, təcrübə və biliyimlə təsəvvür etdiyim oxucu ümumi bir varlıq kimi əsərimin mövzusuyla birgə yaranır.
Nifrət edilən oxucunu təsəvvür etməyin. O, sizə yaxın və sevimli olmalıdır. Qustav Floberi müasirləri məyus edirdilər. Onun məktubları bu hisslərin əzabıyla doludur. O, seçilmiş dostları və gələcək nəsillər üçün yazırdı. Bu da onun əsərlərində nəfisliyin, etinasız əzəmətin və melanxoliyanın izlərini qoydu.
Oxucunun xarakteri və ona münasibət yazıçının yaradıcılığının formasını və xüsusi çəkisini həll edir. Oxucu- incəsənətin tərkib hissəsidir.
Yazıçının təsəvvüründə oxucu konkret və fərdi ola bilər: bu, hazırkı mövsümün oxucularıdır. Belə təbii oxucuyla ortaq yaradıcılıq incəsənətin ən aşağı formasını- aktual naturalizmi ərsəyə gətirir.
Yazıçının təsəvvüründə oxucu mükəmməl, ya abstrakt ola bilər: bu, sinifdir, xalqdır, vaxtın, mübarizənin, milli mənsubiyyətlərin bütün xüsusiyyətləriylə birgə bəşəriyyətdir.
Yazıçının təsəvvüründə yaranmış belə bir xəyalətlə ünsiyyət yüksək səviyyəli sənət doğurur: qəhrəmanlıq faciəsindən romantizm fırtınasına və realizm abidəsinə qədər.
İncəsənətin böyüklüyü belə bir xəyalətin yarandığı bədii ruhun tutumu ilə mütənasibdir.
Sənətin yalnız sənət üçün lazım olduğunu iddia etmək qeyri-təbii yalandır.
Mən xatırlayıram, on il qabaq ədəbi həyatda oxucu hansı yeri tuturdu.
Oxucu - kitabları alan şəxs idi.
Oxucu - bu elə bir bulyon idi ki, içində istənilən ədəbiyyat mikroblarının incəsənətini həll edib qarışdırmaq mümkün idi.
Oxucu - insan sürüsü idi, oktyabrdan başlayaraq paytaxtda onu ədəbi mövsümə hazırlayırdılar.
Peterburq mövsümü şən çağlar idi.
Mövsüm ədəbi istiqamətin tək, orijinal bədiiliyi uğrunda mübahisələrlə başlayırdı.
Ehtiraslar alışırdı. Tənqid pis vəziyyətə düşən növbəti yazıçını diri-diri udurdu. Milad bayramına qədər adətən yeni dahi doğulurdu. Onun ətrafında burulğan qalxırdı, davalar olurdu, zibillər, yun parçaları havada uçurdu.
Məşhur tənqidçi şir kimi nərə çəkirdi. Digər tanınmış tənqidçi belletristi asıb-kəsirdi. Bir-birlərini lələk kimi qamçılayırdılar.
Belə bir dəhşətli mühitdə yazıçılar şah əsərlərini yazır, ancaq onlardan imtina edib zibilliyə atırdılar. Hər kəs başqa cür, heç kimin eşitmədiyini yazmaq istəyirdi.
Mətbəədə çap maşınlarının səsindən qulaq tutulurdu. Kitab piştaxtalarında qızğın alver gedirdi. Dəbdə olan romanları oxuyub təsirlənən gənc qızlar özlərini dördüncü mərtəbədən aşağı atırdı. Gənc oğlanlar prinsipial olaraq əyyaşlıq edirdilər. Şərab su kimi içilirdi. Camaat yazıçıları görmək eşqilə restoranlara soxulurdu. Ədəbi mövsüm çarx üstündə fırlanırdı.
Digərləri məşhur olmaq üçün üzlərini kömürlə qaralayır, müqəvva paltarı geyinir və ictimai yerdə kütləni söyürdülər. Bu da ədəbiyyat sayılırdı.
Oxucu şənlənirdi, yazıçını eyninə almırdı. Yazıçı şənlənirdi, oxucunu eyninə almırdı.
Ciddi ədəbiyyat isə Lev Tolstoyun sevimli qaşlarıyla hay-küydən qəzəblə ayrılırdı. Yazıçılar yüzillik divarı aşıb mənasız və xəyali həyatdan Rusiyanın əsl məişətinə keçməyə cəhd göstərirdilər.
Amma burda oxucu böhranı aşkar olundu. O müəmmalı idi... “O” əlbəttə ki, yazıçıların yemək-içməyinə tamaşa etmək üçün restoranlara gedən adam deyildi.
Düşünürəm ki, desəm səhv olmaz, inqilabaqədərki sonuncu yazıçılardan olan Çexov oxucusunu tanıyır, nifrətlə sevir və onu özündə daşıyırdı.
“Bu liberal, sürtuksiz nahar edib öz yataq otağına gedəndə mən arxadan onun asma qayışlarını gördüm, elə belə də aydın idi ki, bu liberal - məhdud dünyagörüşlü, çarəsiz meşşandır”.
İnqilabdan sonra 1905-ci ildə oxucunun üzü aydın olmayan, qeyri-müəyyən, dumanlı oldu. Onu təzədən uydurmaq lazım gəldi.
Beləcə Leonid Andreyev özü üçün oxucu düşünüb tapdı- böyümüş göz bəbəkləri olan, son dərəcə əsəbi, mistik, qaşqabaqlı şəxs. Andreyev onun qulağına qorxularını və ehtiraslarını pıçıldayırdı.
Beləcə İvan Bunin rus oxucusunu iflas etmiş mülkədarlardan olan vasvası, məyus olmuş skeptik kimi təsəvvür edirdi.
Yazıçılar Lev Tolstoyun sərt qaşlarından çox yapışıb qalmadılar. Şəhər getdikcə daha səsli-küylü olurdu, cazibəli dumanlarıyla cəlb edirdi, ilğımın divarlarıyla həyatdan daha çox aralanırdı.
Əllərini yellədilər: onsuz da divarların arxasından heç nə görünmür, Tolstoy Karatayevi yazıb və buna qane olub: orda, divarın arxasında yalnız Karatayevlər var.
Dərhal yüngülləşdilər. Kitabları ki, oxuyan Karatayevlər deyil.
-Arabaçı, de görüm, Meterlinkanı oxumusan?
-Nəyi?
Bunun harası oxucudur! Budur, bir xanım xəbər alır ki, yaşasın, yoxsa özünü zəhərləsin?
Bax, bu oxucudur! Sualı da kəskin qoyub.
“Həyatı israf edin, əziz xanım, onsuz da o boş və mənasızdır”.
Respublikanın onuncu ilidir. Gənc yazıçılar, tənqidçilər, nəşriyyatlar, jurnallar, ədəbiyyat məktəbləri... Amma yenə də məhsul tələbata cavab vermir. Bazar yeni roman tələb edir, teatr yeni pyes. Onlar azdır, çox azdır. Buna baxmayaraq, mübahisələr ara vermir: ədəbiyyat hansı təşkilatın əlində olmalıdır? Və sair, sair... Mübahisələr, qalmaqallar, gurultulu məqalələr...
Oxucu isə bu döyüşən qruplara sakitcə baxır və səbrlə soruşur: “Bəs kitabı nə vaxt yazacaqsınız? Axı oxumağa heç nə yoxdur”.
Mən hələ heç kimdən yeni oxucu haqqında bir söz, fikir eşitməmişəm.
Oxucu isə son həddə durub gənc, maraq dolu, güləş gözlərlə baxır.
Bu yeni oxucu yeni ədəbiyyatda, hər bir yazıçının qəlbinin gizli guşəsində  xəyalət kimi peyda olub deyir:
“Sən mənə incəsənətin sehrli qövsünü atmaq istəyirsən. Tanı, sev məni. Yaz: düz, aydın, sadə və əzəmətlə. İncəsənət- bu mənim sevincimdir.”

1923-1924



                                     “Kitabı sevin” (Nikolay Repix)

Əgər biz Mədəniyyət haqqında düşünürüksə, deməli Gözəllk və onun yaratdığı Kitab haqqında düşünürük.
Bizim həyatımızı bəzəyən və yaxşılaşdıran incəsənətlər arasında ən qədimi və ən təsirlisi kitab sənətidir. Ən qədim dövrlərdən insanları mixi yazılarına, heroqliflərə, sehrli Çin işarələrinə və bütün rəngarəng manuskriptlərə belə nəfis və qayğıkeş forma verməyə nə məcbur etmişdi? Bu ehtiyatlı, sevgi dolu münasibət təsvir etmək düşüncəsinin vacibliyindən qaynaqlanırdı. Ən yaxşı biliklər, ən böyük güc bu gözəl abidələr üçün nəzərdə tutulurdu, o abidələr ki, yüksək yaradıcı nümunələrin  yanında ədalətli yer tuturlar. Manuskriptlərin mahiyyətinə və zahiri görünüşünə görə kitablar haqqında biz onları yaradan dövr, zaman, mərhələ baxımından fikir yürüdə bilərik. Yalnız ona görə yox ki, insanlar əl yazısına çox vaxt ayıra bilirdilər, ona görə ki, ibrətamiz abidələrin insanları vəcdə gətirməsi onların öz cəhd və nailiyyətlərini təsvir etməsinə təkrarsız keyfiyyət bəxş edirdi.
Amma yalnız əlyazmalar kitablara yeni keyfiyyət bəxş etməyib. Kitab çapının da zamanı gəlib. Məgər biz deyə bilərikmi ki, bu kütləvi vasitə də xalqların inkişafına xidmət edən yüksək sənət əsərləri bəxş etməyib?
Yalnız 17-ci və 18-ci əsrlərin nəfis nümunələrində deyil, həm də bir çox müasir nəşrlərdə incə zövqün ənənələri qorunur.
Kağızların keyfiyyəti, şriftlərin nəfis inandırıcılığı, cümlələrin sətirlərdə cazibədar yerləşməsi, naxışların dəyəri, nəhayət, bəzəkli kitab cildinin sanballı yaraq-əsləsi kitabı evin əsl xəzinəsinə çevirirdi. Heç bir məişət fırtınasının əzib-korlaya bilmədiyi kitab cildi əsl sərvət idi.
Deyirlər, kağızın müasir istehsalı onu bir əsrdən artıq qoruyub saxlaya bilmir. Bu əlbəttə ki, kədərlidir. Yaxşı olardı, alimlər qazlar vasitəsilə “bəşəriyyət” üçün müharibə ixtira etmək əvəzinə insan əlyazmalarının daha yaxşı mühafizəsi üçün möhkəm kağız icad etməklə məşğul olardılar. Belə bir kağız tapılsa, biz yenidən kitabın özünün incəliyinə qayıtmaq istəyəcəyik. Həqiqətdə ən yaxşı tövsiyələr görünüşcə çirkin formada da yazıla bilər. Amma göz və ürək gözəllik axtarır. Bu gözəllik əl xəttindəmi olacaq, ya mətnin,  ləkələrin yerləşməsindəmi,  diqqətçəkən şəkil başlıqlarında, yoxsa əsaslandırılan sonluqlardamı- kitabın bütün bu mürəkkəb, dərin düşüncə tələb edən kompleksi əsl yaradıcılıqdır.
Yalnız cahillər düşünə bilər ki, kitab çap etmək asandır. Yaxşı kitabı əlbəttə ki, yaratmaq çətindir. Yaxşı kitabın redaktorunun və naşirinin adı hörmət doğurur. Axı bu düşüncəli insanlar bizi yalnız kitabla tanış etmir, həm də bizə insan ruhunun qığılcımlarının əsl dəyərini qoruyub saxlamaq imkanı verir.  
Kitab canlı orqanizmdir. Onun görünüşü bizə redaktorun və kitabda əməyi keçənlərin mahiyyətini deyəcək. Budur, bizim qarşımızda dəyişilməz tövsiyələrin ciddi kitabı var... Bu da pinti-kitab. Bu kitab isə qeyri-ciddi və çürükçüdür. Bu modabaz kitab isə ancaq öz görünüşünə vurğundur. Bu isə ibarəli sözlərlə boşboğazlıq edir. Bu biri isə insanın özünüdərkinə yol tapmaq istəyən kitabdır. Kitab işinin bütün incə reflekslerini bilərək ətrafdakı kitablara xüsusi həssaslıqla və diqqətlə yanaşmalıyıq- bunlar insan ruhunun aynasıdır.
Amma hər şey həqiqi kooperasiya ilə yaradılır. Biz naşirə - öz işinin ustasına dərin hörmət etməliyik. O da bizdən gözləyir ki, kitabları sevək. Bəzən müasir dekorçuların rəhbərliyi altında qurulan evlərdə kitab şkaflarına yer olmur. Hətta bir çox zəngin evlərdə rəflərə saxta kitabların yerləşdirilməsinin şahidi oluruq. Bu boş kitab qabıqlarının sahibinin insanı sarsıdan ikiüzlülüyünü təsəvvür edə bilirsinizmi? Bunlar ürəyin və ruhun bəlağətli boşluğunun simvolları deyillərmi? Hələ buduarların masalarının üstündə nə qədər qatı açılmamış kitab müəmmalı şəkildə yatır. Kitabdan xəbərsiz ev sahibəsi isə üz qabığının üstünə yazılmış imzadan necə rəğbətlə söhbət açır. İnsanlar onlara qalan mirası atanda ilk əvvəl kitabları məhv edirlər, zibilliyə atırlar. Küçələrdə cır-cındır kimi atılmış kitab yığınlarını hamımız görmüşük. Onları atan cahillər heç özlərinə əziyyət verib kitabları açıb baxmırlar ki, nəyi evdən qovduqlarını görsünlər.
Həqiqi ev xəzinələrinin bu faciəli taleyini görən naşir, yazıçı nə hiss etməlidir? Amma burda da bədbin ovqata qapılmayaq. Düzdür, oxucular tərəfindən olduğu kimi, naşirlər tərəfindən də eybəcərliklər olur. Axı indi gözəl, baha olmayan, sadəliyi, inandırıcılığılı ilə diqqət çəkən nəşrlər var. İnsan yüksəlişinin ən yaxşı təsvir edilmiş nişanlarını fədakarlıqla toplayan kitab həvəskarları meydana çıxır. Ola bilər, məhz indi oxucu ilə naşir arasındakı əməkdaşlığın vacibliyini vurğulamaq lazımdır. Hətta bizim məhdud məişətimizdə də hər bir evin həqiqi dəyərinə layiqli yer tapmaq lazımdır. Yaxşı kitabları toplayıb öz şüurunu onun keyfiyyətiylə incələşdirən insanlara da təbəssüm bəxş etmək lazımdır. Kitab ətrafında təcili əməkdaşlıq yaratmaq və onu evimizin ən gözəl guşəsinə yenidən daxil etmək lazımdır. Bəs bunu necə edək? Şüşəyə dönmüş ürəklərə necə yol tapaq? Amma biz əgər Mədəniyyət haqqında fikir yürüdürüksə, deməli Gözəllik və gözəllik haqqında olan kitab haqqında fikir yürüdürük.
Uzaq Tibet evlərində, müqəddəs guşələrdə, kitab çapı üçün kəsilmiş lövhələr saxlanılır. Evin sahibi sizə qiymətli əşyalarını göstərdikdən sonra sizi bu mötəbər guşəyə aparacaq və qürur hissilə bu mənəvi kəşfləri göstərəcək. Əgər görsə ki, onun nəcib kolleksiyasının sevincini bölüşürsünüz, bu lövhələrdən sizin üçün də nüsxə çxarmağa razı olar. Mən nə zamansa yazmışdım ki, Şərqdə ən dəyərli hədiyyət kitab sayılır. Bu ruh yüksəkliyi yaratmırmı? Əgər biz dostlarımıza “Kitabı sevin”, “Kitabı ürəkdən sevin və onu dəyəriniz bilin” deyiriksə, deməli biz bu qədim nəsihətdə insan ağlının səylə mədəniyyət axtarışlarına çıxdığı bu günlərdə məhz nəyi israrla axtarmalı olduğumuzu vurğulayırıq.
                                                     Kitabı sevin!
...Qədimlərdə deyildiyi kimi, kitab dünyanı dolduran müdriklik çayıdır. O kitab ki, hələ yaxın zamanlarda onun çapını həyəcanla gözləyirdilər və ən yaxşı nəşrlərini qoruyurdular. Kitab həvəskarlarının bu müqəddəs həvəsi fanatizm və mövhumat deyildi, onda Gözəlliyi və Biliyi birləşdirən bəşəriyyətin ən dəyərli cəhdi öz əksini tapır. Kitabın üstünlüyü haqqında düşünmək məqamı gəlib çatıb. Ehkamlaşdırmadan, gərəksiz yerə demədən, yalnız təcili ehtiyac olduğu üçün təkrar edirik:
                                                  Kitabı sevin!


Tərcümə edən: Günel Natiq

Yenililklər
29.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
29.11.22
"II Sumqayıt Kitab Sərgisi keçiriləcək"
23.11.22
Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib
22.11.22
İntiqam Yaşar Tunisdə Beynəlxalq Poeziya Festivalında ölkəmizi təmsil edəcək
22.11.22
“Hayrettin Hoca” monoqrafiyası  nəşr edilib.
18.11.22
Kürdəmirdə Aşıq Şakirin 100 illik yubileyi keçirildi
17.11.22
Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuştədbir keçirilib
15.11.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Səmərqənd Zirvəsi çərçivəsində beynəlxalq simpozium keçirib
14.11.22
Günay Əfəndiyeva: “Gələcək genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün həvəslə və böyük səylə fəaliyyətimizi davam etdirməkdəyik”.
13.11.22
Dr. Yusuf Gedikli - Dillerin Şifresi - Dillerin Kökeni ve Türeyişi
10.11.22
“II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək
10.11.22
Tıxaclarda qalıbdı şad xəbərlər… - YENİ İMZA - Səbuhidən şeirlər
03.11.22
“Qarabağ zəfəri Güney və Quzey Azərbaycan yazarlarının gözü ilə” kitabı çap olunub
03.11.22
Azad Qaradərəli - Xalq şairinin ölümü
31.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva Karaimləri” adlı konfrans keçirilib
27.10.22
“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub.
25.10.22
Tanınmış nəşriyyatların redaktorları bir arada
25.10.22
Vüqar Əhməd Türkiyədə konfransda iştirak edib
25.10.22
Azad Qaradərəli - Zori Balayanın azərbaycanlı vəkilləri yaxud ayı kimin əmisi oğludur?
21.10.22
Görkəmli ədəbiyyatşünas alimlərin anım günü qeyd olunub
19.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyətini Avropada genişləndirməyə davam edir
17.10.22
“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
12.10.22
Türk Dünyası Naşrilər Birliyi yaradıldı
09.10.22
Azad Qaradərəli - Yoxdan var və vardan yox olmağın poetik izləri
07.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində yeni nəşrini təqdim edib
06.10.22
Ədəbiyyat İnstitutunda dərsliklərin müzakirəsi keçirilib
04.10.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin yeni kitabını nəşr edib
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.