Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” poeziya məclisi təsis edilib.Tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaq və onlar öz şeirlərini səsləndirəcəklər.
Mədəniyyət Mərkəzindən bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Özbəkistanda çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə keçiriləcək poeziya görüşləri XIX əsrdə Qarabağdakı poeziya məclisinin oxşarı olacaq. Gələcəkdə poeziya məclisində türk dünyasının digər ölkələrinin də iştirakı nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar birlikləri, Dünya Gənc Türk Yazarlar Birliyi və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.
Poeziya məclisi bu ilin sonuna qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formatında keçiriləcək. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvanın evinin qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaq.
Tədbirlərə bu ilin noyabr ayında yekun vurulacaq, məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və özbək dillərinə tərcümə olunaraq nəşr ediləcək.
Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olub. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərib və bir çox şairlərin tanınmasına imkan yaradıb. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, qədim Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərib və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, Həsənəli Xan Qaradaği, Fatma xanım Kəminə, Baxış bəy Səbur və digər şairlər, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.
Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olan “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 yaş olaraq müəyyənləşdirilib.
Məclisdə iştirak edən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir təqdim edilə bilər və mətnin həcmi iki A4 formatından çox olmamalıdır.
Milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcək.
Şeir məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinfini, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər AMM-nin elektron poçtuna (
[email protected]) təqdim olunmalıdır.
Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndələri, yaradıcılıq təşkilatları, şairləri daxil edilib.
Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər AMM-nin pul mükafatı, fəxri diplomu, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar. /Azərtac/