Dünya azərbaycanlılarının bədii yaradıcılığından ibarət jurnalın “Hamımız bir ulduzun zərrəsiyik” devizi altında nəşr olunan xüsusi nömrəsi “Ulduz”un “525-ci qəzet” ilə birgə layihəsidir.
İlk olaraq xüsusi nömrənin redaktoru yazar Günay Səma Şirvanın “Hamımız bir ulduzun zərrəsiyik” yazısına yer verilib. Jurnalın Rusiya təmsilçisinin təqdimat yazısının ardınca oxucular Türkiyənin Çanaqqala şəhərində yaşayan tanınmış şair Məmməd İsmayılın “Ulduz” jurnalı ilə bağlı xatirələrini və yeni şeirlərini oxumaq imkanı qazanacaqlar.
Almaniyanın Köln şəhərində yaşayan Orxan Arasın “Avropa ədəbiyyatında Nizami” araşdırma yazısı dahi Azərbaycan şairinin Avropa ədəbiyyatında yerini və rolunu diqqətə çatdırır. Taleyini İsveçin Helsinborq şəhərinə bağlayan yazıçı-publisist Vahid Qazinin “Adamlar və kitablar” silsiləsinə daxil olan “Salam, Gülsarı!” yazısı müəllifin yaşadığı ölkə haqda düşüncələrindən və türk dünyasının böyük ədibi Çingiz Aytmatovun “Əlvida, Gülsarı” povesti ilə bağlı xatirələrindən bəhs edir.
Estoniyanın Tartu şəhərindən Xaqani Qayıblının, Gürcüstanın Borçalı mahalından İbrahimxəlilin, Amerikanın Vaşinqton şəhərindən Səfər Fuadın, Başqırdıstanın Ufa şəhərindən Baloğlan Cəlilin, Rusiyanın Moskva şəhərindən Nilufər Şıxlının və Əliş Əvəzin, İspaniyanın Santander şəhərindən Səfa Rəşidin, Fransanın Lannion şəhərindən Şəhriyar İbrahimovun, eləcə də Belarusun Minsk şəhərindən Məhəmməd Azəroğlunun şeirləri soydaşlarımızın son illərdə qürbətdə qələmə aldıqları poeziya nümunələridir.
Rusiyanın Moskva şəhərində yaşayan həkim-yazar Afaq Şıxlının “İtirilmiş ömür”, İsveçin Stokholm şəhərini təmsil edən Şəlalə Əbilin “Həsir şlyapa” və Finlandiyanın Nokia şəhərindən Güntay Gəncalpın “Ala inək” hekayələri, həmçinin Rusiyanın Stavropol vilayətindən İlqar Kamilin “Avtobusa gecikən yazı”, Şimali Kipr Türk Cümhuriyyətindən Nazim Muradovun “Bir axır çərşənbə xatirəsi” adlı yazıları müəlliflərin uşaqlıq və gənclik illəri xatirələrinin nəsrdə bədii təsviridir.
İsveçrə Konfederasiyasında yaşayıb-yaradan yazıçı-publisist Samir Sədaqətoğlunun “İlan ağzından qaçan” hekayəsi bundan əvvəl müəllifin yaşadığı ölkənin nüfuzlu “Voix d'Exils” internet qəzetində fransız dilində dərc olunub. Qeyd edək ki, “Tərcümə saatı”nda da sözügedən yazarın tərcümə etdiyi fransız yazıçısı Myriam Louviotun “Viktor Hüqo mənimlə yaşayır” hekayəsi təqdim edilib. Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan yazar və tədqiqatçı Şahnaz Kamalın “Hər şey yaxşı olacaq” hekayəsində Vətən müharibəsi dövründə bir Azərbaycan ailəsinin timsalında vətəndaşlarımızın vətənpərvərlik duyğularına işıq tutulur.
“Miniatürlər” rubrikasında qardaş Türkiyənin İzmir şəhərində yaşayan Məlihə Əzizpurun qısa hekayələri, “Dərgidə kitab”da Təvəkgül Boysunarın hekayələri, “Sərgi”də isə Rusiyada yaşayan gənc rəssam Leyla Muradovanın rəsm əsərləri yer alıb. /Azərtac/