Fevralın 16-da Azərbaycan Yazıçılar Birliyində (AYB) gənc yazarların 2015-2021-ci illərdəki ədəbi fəaliyyətinə həsr olunmuş məruzə dinlənilib, məruzə ilə bağlı müzakirə aparılıb.
AYB-nin sədr müavini Rəşad Məcid tədbiri açıq elan edərək qurultaylararası hazırlanan məruzələrin dövrün ədəbi icmalını əks etdirməsi baxımından vacib olduğunu diqqətə çatdırıb: “Bu, qarşıdakı qurultay ərəfəsində dinləniləcək üçüncü məruzədir. İndiyə qədər AYB-nin katibi, yazıçı Elçin Hüseynbəylinin nəsrbarədə, dramaturq Firuz Mustafanın isə dramaturgiya ilə bağlı məruzəsi dinlənilib. Bu gün məruzə edəcək Gənclər Şurasının sədri Fərid Hüseynə və digər gəncyazarlara yeni uğurlar arzu edir və hər kəsi məruzədən sonrakı müzakirədə fəallığa səsləyirəm”.
F.Hüseyn qeyd edib ki, müasir ədəbi proseslə yaxından tanışdır və məruzəni hazırlamaq üçündövri mətbuatı, fərqli nəşrləridiqqətlə izləyib: “Bu ərəfədə 150-yə yaxın əsərə nəzər salmışam. Eyni zamanda, Azərbaycanda və xaricdə yerli müəlliflərin dərc edildiyi almanaxları, antologiyaları nəzərdən keçirmişəm. Hazırkı məruzədə 40 müəllif haqqında xüsusi qeydlərim, habelə dövrün ümumi mənzərəsi haqqında düşüncələrim yer alıb”.
Məruzəçi ədəbi prosesdəki problemlərdən söhbət açaraq hazırkı keçid mərhələsində bu sahədə bəzi axsamaların mövcudluğunu qeyd edib. Buna rəğmən, müsbət tendesiyaların, maraq doğuran ədəbi hadisələrin, forma və məzmun baxımından təqdirəlayiq, yeni ruhlu əsərlərin var olduğunu da vurğulayıb.
AYB-nin gənc yazarlarla bağlı gördüyü işləri sadalayan məruzəçi bildirib ki, gənclərə xüsusi mükafatların verilməsi, müxtəlif layihələr çərçivəsində əsərlərinin tərcümə və nəşr olunması, hər il gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdlərininverilməsi yeni ədəbi nəsliyaradıcılığa həvəsləndirir. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin də gəncləri diqqətdən kənarda qoymadığını qeyd edən F.Hüseyn bildirib ki, bütün bunlar gənc yazarlara dövlət qayğısının bariz nümunəsidir.
AYB-nin Gənclər Şurasının fəaliyyətinə də toxunulan məruzədə qeyd edilib ki, şura üzvlərinin əsərləri müxtəlif dillərə tərcümə olunub, Birliyin sədri, Xalq yazıçısı Anarla görüşləri reallaşıb. Bu görüşlərdə səsləndirilən təkliflərlə bağlı aidiyyatı qurumlara məktublar ünvanlanıb.
Məruzəçi deyib ki, Mədəniyyət Nazirliyi və AYB-nin birgə layihəsi olan “Gənc ədiblər məktəbi” ədəbi mühitin inkişafına böyük töhfələr verib. O, “Gənc ədiblər məktəbi”nin yeni formatda, daha dinamik şəkildə yenidən fəaliyyətə başlayacağını xəbər verib.
F.Hüseyn gənc imzaların tanınmasında çap və elektron medianın rolunun əvəzsiz olduğunu bildirərək qeyd edib ki, “Azərbaycan”, “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və digər mətbu orqanlarda mütəmadi gənclərə yer verilir və bu, oxucu kütləsi ilə yazarları daha da yaxınlaşdırır.
Məruzəçi 40 müəllif haqqında xüsusi qeydlər aparıb, təsvirçilikdən daha çox, müqayisəli təhlilə, xüsusi yanaşmalara üstünlük verib,müəlliflərin yaradıcılıqlarının spesifik cəhətlərini qeyd etməklə yanaşı, onlardan sitatlar da gətirib. Müəlliflərin üslub, mövzu problemlərindən bəhs edərək müsbət və mənfi məqamları ortaya qoyub.
Məruzə əhatə dairəsi genişliyinə görə də diqqətçəkən alınıb. Əsasən, ədəbi tənqidə cəlb olunan, ədəbi mühit və digər oxucular tərəfindən maraqla qarşılanan, yeni tendensiya ilə ayaqlaşan əsərlər, onların ideya tutumu barədə fikirlər məruzədə öz əksini tapıb.
F.Hüseynin məruzəsindən belə məlum olub ki, gənc yazarların yaradıcılığı çoxşaxəlidir, onlar bədii yaradıcılıqla yanaşı, yeni yaranan əsərlərə münasibətdə də çevik reaksiya ortaya qoyurlar.
Rəşad Məcid bu əhatəli, dolğun məruzəyə görə Fərid Hüseyni təbrik edərək, müzakirəyə start verib.
AYB-nin mətbuat katibi, şair Xəyal Rza zəngin məruzəyə görə minnətdarlığını bildirməklə yanaşı, bir sıra məsələlərin məruzədən kənarda qaldığını, bəzi layihələrin qeyd olunmadığını təəssüflə vurğulayıb.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin məruzəni təqdirəlayiq hesab edib. Ədəbiyyatdakı bir sıra problemləri dilə gətirən yazıçı bəzi gənc yazarların sənətin digər növlərindən xəbərsiz olduqlarını, dünyagörüşlərindəki kasadlığı, ədəbi düşüncələrinin formalaşmamasını mənfi hal kimi qeyd edib.
Yazıçı Kəramət Böyükçöl də məruzəçinin işini təqdir edərək, ədəbi prosesin ləngliyindən,mühitdə səssizliyin hökm sürməsindən gileylənib. Bunda məxsusi hansısa qurumu günahlandırmağın yersiz olduğunu vurğulayan K.Böyükçöl qeyd edib ki, ədəbi mühiti canlandırmaq birbaşa qələm adamlarının üzərinə düşən vəzifədir.
Şair Fuad Cəfərli bir neçə imzanın məruzəyə əlavə olunmasının zərurliyini bildirib, nöqsanlı bildiyi cəhətlər barədə fikirlərini bölüşüb.
Şair və nasir Sərdar Amin məruzədə hansısa imzanın olub-olmamasını ciddi problem saymadığını deyərək, F.Hüseynin işini müsbət qiymətləndirib.
Bəsti Əlibəyli, Narıngül Nadir, Tapdıq Öztürk, Şahanə Müşfiq, Ayxan Ayvaz və digər qələm adamları da məruzə barədə fikirlərini bölüşüblər.
Sonda AYB sədri Anar məruzə və digər məsələlərlə bağlı fikirlərini səsləndirib: “Fəridin məruzəsi öz üslubi cəhətləri, rəvanlığı ilə xoş təəssürat bağışladı. Bu da ondan irəli gəlir ki, Fərid şairdir. Məruzəyə görə ona minnətdarlığımı bildirirəm. O ki qaldı ad çəkmək məsələsinə, zənnimcə, bu, vacib məsələ deyil. Yazıçının adının məruzədə çəkilib-çəkilməməsi onu narahat etməməlidir. O, yazdığı əsərlər barədə düşünməli, onların taleyi ilə maraqlanmalıdır. Qalan hər şey öz yerini tapacaq”.
Gənclərə tövsiyələrini verən Xalq yazıçısı onlara uğurlar arzulayıb.
Qeyd edək ki, məruzə “Ədəbiyyat qəzeti”nin növbəti buraxılışında dərc olunacaq.
Nadir YALÇIN, 525.az