Azad Qaradərəli - Alpan kömürçüləri

24.01.22

Hekayə
 
Məhsəti üçün


İnsan doğulduğu yerə oxşayar.

Biz buraların adamıyıq. Buralar bizim yerimizdir.

            Bax, suca ilan kimi uzanan asfalt yoldan bu dağların şüşünəcən bizim Qaraqaya kəndinin ərazisidir. Dağların sinəsində, meşələrin qoynunda, ayıların, canavarların çəngində, kömürçülərin çiynində dayanan kənd. Babadağın sıldırımlarından tökülən qaya parçaları yollarımızı pis günə qoysa da, sel suları, dolu, qar əkinimizi, mal-davarımızı tələf etsə də, üzümüzə salıb bu dağlarda yaşamışıq min illərdir... Adı kimi günümüzü də qaraldıb buralar. Yayda kəndimizə Bakıdan dincəlməyə gələnnər elə bilirlər ki, biz burda kefdəyik. Day demirlər ki, elə il görmüşük – getsin, gəlməsin - səkkiz ay qış olub...

            Bax, and olsun o sumax ağacına, birin o yan bu yan demirəm, burda duruş gətirənin gərək dörd böyrəyi, iki ürəyi ola...

            (Qoy bunu qoyum, onu deyim, demək bir il belimdən bərk sancı tutdu, deyəsən bizim oğlan nəvəmiz Temir olan iliydi, indi altıda oxuyur, yəni ki, on-on iki il irəliydi, hə, belimdən bərk ağrı tutur, damı-divarı gəmirirəm. Aşağıda Kavdarda bir felşir var, onu atnan gətidilər üstümə, baxdı, dedi, böyrəyindi. Təcili rayon mərkəzinə getməlisən, yoxsa pristup səni çatdadacax... Bir göy dərman verdi, atdım, ağrı xırp kəsdi. Dedim, əəə, ay doxdur, kəsdi axı, sağ ol, gedən dəyiləm heç yerə... A kişi, elə felşir gedənnən beş-altı saat keçmişdi, ağrı genə tutdu. O sumağın bərəkətinə and olsun - niyə heyə baxırsan, bizim camaatın bir qazanc yeri də o sumaxdı, yığırlar, üyüdürlər, aparıb şəhər-bazarda satırlar, gün çörəyi pulu qazanırlar; intahası ki, allah pisin qapısın açmasın heç, buna da xəlallıq qatıllar təzəlihcən, süpürgənin toxumu yoxdu, o da sumax kimi qırmızıdı axı, onu üyüdüb qatıllar sumağa, adımızı bednam eliyirlər, ay tövbə biz süpürgə toxumu nədi, heç süpürgənin özünü tanımırıx – dedim, tay bu məni öldürəcək e!.. Xüləs ki, mindirdilər məni ata, düz rayona bir baş!..

            Orda doxdur məni saldı aparata, baxdı, baxdı, qışqırdı ki, ay dad, ay feryad, bəs bu kişinin dörd böyrəyi var!..

            Dedim, ə, ə, ay doxdur, nolub ə, noolsun?! Mənim babama Dördböyrək Temir deyirdilər. Burda nə var ki!?.

            Xüləs, o doxduru heş gözüm tutmadı, amma o vaxt manga* dedi ki, sənin dörd böyrəyin var. Ha-ha-haaaa! Guyam ki, böyük şey olub...)

            Dədəm deyərdi ki, bizə alpanlar deyərmişlər. Alban yox ha! Onu alimlər uydurublar. Alpanıq biz!

            Qolumuzu qanıran, atımızı  altımızdan çəkib minən, suyumuzu kəsən, tikəmizə əl uzadan cavabını alıb. Bax, o sıldırım qayalar məzarlığı olub. Burda qonağa hörmət var. Amma qonaq da gərək həddini bilə. Bizim içimizə girib, içimizi qarışdıranın... Ağzıma ağır söyüş gəlmişdi, qaytardım gücnən...

            Qaqa, biz dədə-babadan kömürçüyük.

            Bir dəfə biri gəlib kəndə, məni tutdu sorğu-suala:

            -Bu kəndin adı nədir?

            -Alpandı, - dedim.

            -Alban?

            -Yox e, Alpan...

            -Bəs aşağıda lövhədə Qaraqaya yazıblar axı?..

            -Onu da Sovet höküməti uydurub. Biz alpanıx...

            -Müsəlmansınız?

            -Hə, qada... Niyə soruşursan ki?

            -Mən alban eşitmişdim... Alpan heç eşitmədim. Bir də albanlar xristian olur axı?

            Dedim:

            -Qada, albanı da alimlər uydurub... Özü də alimin arvadınnan!.. Biri vardı, illər əvvəl buralaracan gəlib cıxmışdı sənin kimi, bizim dili bilmir, yanı ki, türükcəmizdə danışayilmir, deyir, mən alban dilini bilirəm, sizin də diliniz albancadır. Dedim, aaz, sən hələ öz dilini öyrən, qalsın albanca!.. Ayağın dirəyib ki, bəs, siz alpan deyil, albansınız. Dedim, niyə, sən bizi bizdən yaxşımı tanıyırsan?! Min illərdir bizim dədələrimiz buralarda kömür basması basır, Girdmanın qırağınnan şirə çıxardıb evlərini ağardır, av avlıyır, quş quşduyur, kəndinə Alpan, çayına Girdman adı qoyur ki, sənin kimi soysuzun biri gəlib desin ki, siz alpan yox, albansınız?.. Bax, bax, dedim, o dağın başınnan tökülən suya bax! Biz ona şır-şır derik, siz kitapda şəlalə yazırsınız... Bax, bizim sular dağların dibinnən yox, başınnan tökülür... Elə bil ki, təbiət özünü yuyur, qüsl qoyur... Bizdə hər şey pakdı, təmizdi, safdı... Allah xatirinə, get elmini-helmini ayrı yerdə axtar... Bizim babalar, bax, o dağlarda, kilsə də tikiblər xristiyan oalnada... Sohra müsəlman olublar, heç o kilsiyə əl də vurmuyublar, buralarda məçit tikiplər... Sən heç görmüsən ki, bir kənddə həm məçid ola, həm kilsə?! Görməzsən... Nəşün görməzsən? Day mını özün bilərsən... Allah xatirinə, get, aşığınqı o yanda at...

            Genə ağzıma bir nataraz söyüş gəlmişdi, tulamazdı atdım dalıncan:

            “Sənin betərini ................................”

            Arvad elə o gedən getdi.

            Gülüb üzr istədim söyüşə görə. Adam hal əhliydi, dedi, əşşi dərd eləmə, söyüşdü də, söymüsən, yaxşı eləmisən, de görüm bu kömürü nə təhər basırsınız?

            Qonağı apardım özümün kömür basma yerimə. Bir-iki gün olardı hazırlaşırdım basma basam, amma hələ başlamamışdım. Dedim, qada, bax, işin üstünə gəlib çıxmısan. Bu kömürçülük ki, var, ağır sənətdi. Birincisi, pinti işdi. Əlin-ayağın, üzün-gözün qapqara hisin-pasın içində olur. Yaxşı ki, təzəlikcən bu maye sabunu-zadı çıxartdılar, yoxsa əllərimiz elə ömrümüz kimi, bax bu kömürün rəngində olardı... Hə, ikincisi, kömür yandırmaq təhlükəli işdi. Meşəbəyisi, milisi-polisi gəldi, gərək beş-üş verib işin içinnən çıxasan, yoxsa bütün qırılan meşələri sənin ayağına yazarlar, gurulu-guppaz gedərsən... Üçüncüsü də, axşam, səhər, gərək dəhrə-balta əlinnən düşməyə. Yaş meşə odununnan - palıdınnan, ulasınnan, yəni vələsinnən, yaş-yaş doğrayıb gətirəsən, tökəsən kömür yerinə. Quru qəti olmaz, o sahat alışar... Sohra bax, qırdığın odunnarı əl boyda qıxma-qıxma doğruyasan, üçbucaq kimi üst-üstə yığasan, hər yığdıqcan da altına bir parça benzinli əsgi qoyasan. Xüləsey ki, ortadan, bax bu üçbucağın ortasınnan da uzun bir payaya iri bir əski paçasını bağlayıb, benzinləyib taxırsan dibəcən. Odunlar üst-üstə qalanannan sonra, kömürün tozuynan torpağı qarışdırıb üstünü basırırsan; bir şərtnən ki, çərhalqa benzinli əski parçalarının olduğu yerin üstünü açıq qoyursan, tüstü rahat çıxa bilsin. Sonra ortadakı payanı çəkirsən, əski qalır aşağıda, paya çıxır, o benzinli əskiyə od vurursan... O biri əsgilər də alışır, amma torpaqla kömür tozu qoymur ki, yanıb kül olsun. Bir həftiyə, on günə kömür tüstülənir, zini-zini yanır, odun kömürə dönür... Sohra üstünü açırsan, soyuyur. Kisələrə yığıb verirsən alverçilərə... Onlar da gətirib Bakıda-Şəkidə sizlərə satır, bizim qara kömürümz sizin həyatınızı ağardır... Şirə evlərimizin divarlarını ağardan kimi...

            Dedi, başağrısı olmasın, sən canın, bu şirə dediyin nədi?

            Dedim, şirə əhəngə oxşayan göyümtül gil kimi şeydir, Girdmançayın yaxasında yeri var, ordan çıxardarıq, gətirib suya qatar, evlərin divarına çəkərik, olar ağappaq... Bunnan əzəl heç evlərə pol vurmazdıq, eləcənə torpağın üstünnən şirə çəkərdik, qışda isti, yayda sərin olardı...

            Qonağnan endik aşağıya, Ləyiş* yolunun qırağına. Burda bir dəm-dəsgahdı, bir bazardı, gəl görəsən. Qadam, bu yol bizim adamı eləyib alverçi. Alverçinin də ki, imanı-dini olmaz. İş sahibləri işini-gücünü buraxıb tökülüb bu yolun üstünə, bazar açıb. Stol qurub, gəlib-gedənə sahadıynan yeri satırlar. İki sahadı iyirmi manat. Bir qutab - bir manat, bir fəsəli - üç manat, bir istəkan eyran* - əlli qəpik... Vallah, mən bu dəmdəsgahı görəndə utandığımnan yerə girirəm. Bizim adamı bu yol sırtıxlaşdırdı.

            Qonaq soruşur:

            -Alpan qardaş, bax, bir az aşağıda bir kənd gördüm, hapıtdı, elə hapıtcan da danışırlar. Ləyişlər də tatdılar, tatcan danışırlar. Bəs siz nə millətsiniz?

            -Biz... Qulağıngı bəri elə... biz, türüyüy, - dedim. –Babam deyərdi, biz türüyüy. Dilimiz də türükcədi...

            -Yəni türk?

            -Hə, kitab dilində heylədi...

            -Deyirlər axı, albanlar türk olmayıb...

            -Ə kişi, sən nə təhər adamsan? Mən sənə deyirəm, mən alpanam, türüyəm, sən deyirsən alpannar türük olmayıb?..

            -Yəni sonradan türkləşiblər...

            -Bəs onda hapıt niyə türküləşməyib, bəs tat niyə türükləşməyib, bəs Xınalıx camahatı, bəs saxur, bəs bir az yuxarıdakı Qalacıqdakı ləzgilər niyə türükləşməyib? Heç gör dəxli var, səni allah?! Genə mənim bəd ağzımı açdıracaxlar e?!

            Hirsimnən az qalıram qonağa ağır söz deyəm, incəvara özümü saxladım bitrəhər

            Adam hal əhli idi – dinməzcə yönəldi yolun altına. Sac qoyub qutab bişirən qızlardan iki qutab, iki də eyran aldı, stəkanın, eləcə də qutabın birin mənə uzatdı. Götümək istəmədim, ərklə məcbur elədi. Aldım. Kölgəyə çəkilib bir qısmat qutab yedik, eyran içdik. Adam sözlü-sözlü üzümə baxdı, bir qurtum eyran içib dedi:

             -Bayaq niyə qulağıma dedin türk olmağını?

            Saqqalım aşağı axan ayranı qolumnan sildim:

            -Babamın pasportunda türük yazılmışdı. Dədəminkində azərbaycanlı... Babam deyir, bir erməni polnomoççu vardı, manga qayıtdı ki, “ara, millətin nədir?” Dedim, türüyəm. Dedi, bunu salın qazamata.

Düz altı ay türük sözünə görə qazamayda yatdım. Orda manga başa saldılar ki, bir də soruşsalar, denən azərbaycanlı... Heyləcənə, türük sözünə görə altı ay yatmışam... O irəli, bizim uşaq, yəni ki, oğlumun oğlu gedib pasportstola, deyib ki, mən pasportumda millətimi türük yazdırmaq istəyirəm, deyiblər olmaz, azərbaycanlısan, vəssalam... Yaxş ki, altı ay verməyiblər... Bax, o dağları görürsən, bizim kənd, əslində ordadı, ode ha, lap o dağın qəcəlində, qıyında... Ora nə yol vardı, nə iriz vardı... Nə işıq çəkmişdilər, nə radio vardı, nə qazet-zad... Alpanıx dana... 

            Adamla sağollaşanda evimə dəvət elədim, dedi sağ ol, gələcəm inşallah.

            Sohra yolun altınnan bir istəkan eyran, genə iki qutab altı. Manga da əl eliyib mindi maşınına.

            Adam manga çox şirin gəldi. Bıralara çox adam gəlib, amma beləsi gəlməyib. Bəlkə bu da alpanıydı? Ya türüyüydü? Nə bilim? Xüləsey ki, çox yapışdı manga...

 15.08.2021.
 

***
*Manga – Mənə sözünün vaxtilə dilimizdə sağır nunla (ng) deyiliş forması. Bəzi dialektlərdə bu söz maa şəklində işlənir.
*Ləyiş – Lahıc qəsəbəsinə və lahiclara Şirvanda və yerli xalqın qədim ləhcəsində verilən ad. Yerli bakılılar da Lahıc bağları əvəzinə Ləyiş bağları deyirlər.
*Eyran – ayrana yerli ləhcədə belə deyirlər. Maraqlıdır ki, Azərbaycanın Güneyində, xüsusilə Təbrizdə də eyran deyilir.

Yenililklər
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.