Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında

11.01.22

“Mətnin yazılması – xoşagələn prosesdir. Ona məna vermək daha asandır,
nəinki məşəqqətli həyata”

(H.Murakami “Küləyin nəğməsini dinlə”)

Haruki Murakami “Küləyin nəğməsini dinlə” romanı ilə Yaponiyadakı ədəbiyyat səhnəsini dəyişdirməyi bacarmış çağdaş yapon yazıçılarındandır. Amerikan ədəbiyyatının görkəmli yazıçılarının yaradıcılığını mükəmməl şəkildə öyrənən Haruki Amerika yazı üslubundan əhəmiyyətli dərəcədə təsirlənmişdir. Bu baxımdan Murakami Amerika və Yaponiya arasında mədəni vasitəçi kimi dəyərləndirilir. Yazıçının yaradıcılığını konkret olaraq hansısa bir kateqoriyaya daxil etmək, romanlarının janrını, formasını müəyyən etmək bir qədər çətindir. H.Murakaminin postmodern ədəbiyyatda önəmli nümunə hesab olunan yaradıcılığı kosmopolitzm, realizm, sürrealizm, magik realizm, dedektiv, elmi fantastika, şamanizm, ekzistensializm elementlərinin mövcudluğu ilə də səciyyələnir.

Yazıçının əsərlərinin əllidən çox dünya dillinə tərcümə olunması və qlobal miqyasda artan məşhurluğu “Haruki Murakami Fenomeni” ifadəsini yaratmışdır. 2006-cı ildə Tokyoda keçirilən beynəlxalq simpoziumda yazıçının məşhurluğunun səbəbi müzakirə obyektinə çevrilmişdir. Müzakirədə iştirak edən yapon tənqidçiləri Murakami əsərlərinin okeanın digər tərəfində oxunmasının səbəblərini “qeyri-milli” (mukokuseki) və Qərbləşmiş mühit ilə yanaşı, “plainstyle” (düz, sadə, anlaşılır yazı və nitq) üslubu ilə əlaqələndirirdilər. Lakin həmin müzakirələrdə iştirak edən müxtəlif ölkələrin tərcüməçiləri tam əksini iddia etmişdirlər. Bir çoxları Haruki Murakami yaradıcılığı ilə Yaponiyada oxuyan, işləyən zaman tanış olduqlarında belə ənənəvi yapon ədəbiyyatını təmsil edən əsərlərdən heyrətamiz şəkildə fərqlənən yeni bir “yaponçuluq” tapdıqlarını söyləmişdilər.

Haruki Murakami böyüməkdə olan postmodern yapon cəmiyyətinin tipik nümayəndəsi idi və bu cəmiyyətin əsas narahatlıqlarını böyük məharətlə qələmə alaraq, dünya arenasına çıxartmışdır. İkinci Dünya müharibəsindən sonra dünyaya gələn Haruki (12 yanvar 1949) yaradıcılığa başladığı dövdən qloballaşan dünya nizamında yapon cəmiyyətinin dəyişən ölkə ideologiyaları nəticəsində ictimai yaddaş və kimlik arayışının formalaşmasında təsirli olan amilləri müşahidə edə bilmiş və bu amilləri əsərlərində böyük bacarıqla əks etdirmək imkanına sahib olmuşdur. Yazıçının əsərlərində təsvir olunan tənhalıq, yadlaşma, çarəsizlik kimi problemlə, insan və cəmiyyət, şəxsiyyət və mühit məsələləri ön plana çəkilmişdir. Murakami qəhrəmanları yaşadıqları mürəkkəb cəmiyyəti anlamaqda çətinlik çəkir,  içində olduqları cəmiyyətə yadlaşmağa başlayır, çarəsizliyə qapılır, xaosa yuvarlanırlar. Murakaminin postmodern yaradıcılığında gerçəkliklə xəyali dünya, dərkolunanla dərkedilməzlik, ölümlə həyat, işıqla qaranlıq, keçmişlə gələcək, varlıqla yoxluq, xaosla nizam kimi ziddiyyətlərin bir müstəviyə gətirilməsi yazıçının yaşadığı dövrün, yapon cəmiyyətinin ədəbiyyatdakı bədii inikasıdır.
H.Murakami ədəbi yaradıcılığına 29 yaşında başlamasına baxmayaraq, onun yaradıcılıq hissləri, öz təxəyyülündən istifadə daha erkən - 22 yaşından caz klub işlətməklə ortaya çıxmışdır. Maaşlı işçi olmağı ölümü gözləmək kimi dəyərləndirən yazıçı təxəyyüldən istifadənin çox vacib olduğu qənaətində olmuşdur. “Sərhəddən cənubda, Günəşdən qərbdə” romanının qəhrəmanı Hacime universiteti bitirdikdən sonra uzun müddət dərsliklərin çapı ilə məşğul olan nəşriyyatda çalışmışdır. Bu müddəti zamanla yoxa çıxmaq kimi xarakterizə edən Hacime otuz yaşında ailə qurduqdan sonra maddi imkanları yüksək olan qayınatasının maliyyə yardımları ilə caz barı açmışdır. Barı özünün kiçik dünyası adlandıran Hacime üçün qurduğu işi təxəyyül dünyasının məhsulu olmuşdur: “Sağ qalmaq üçün təxəyyülündən istifadə etməlisən. Həm də fikirlərini dərhal həyata keçirə bilirsən. Toplantılar yoxdur, menecerlər başının üstündə durmurlar. Başqasına hesabat verməli deyilsən, asılılığın yoxdur”.

1980-ci illərin əvvəllərində Murakami yeni yaradıcılığa – bədii tərcümə faəliyyətinə başlamışdır. 1981-ci ilin may ayında yazıçının Skott Fitsceraldın “My Lost City” (İtirilmiş şəhərim) və digər qısa hekayələrinin toplandığı tərcümə toplusu işıq üzü görmüşdür. O  zamandan etibarən Haruki Murakami yazıçılıqla yanaşı, tərcüməçilik fəaliyyətini də davam etdirmişdir. Bu günə kimi H.Murakami Tokyo Universitetinin amerikan ədəbiyyatı üzrə professoru Motoyuki Şibata ilə birgə Raymond Karverin bütün əsərləri, Con İrvinq, Paul Seroux, C.D.B. Bryan, Truman Kapote, Tim O`Brien, Qreys Paley, Mark Strand, Mikal Gilmor, Raymond Çandler, Geof Dver kimi yazıçıların əsərlərini, eyni zamanda, uşaqlar üçün illustrasiyalı bir çox kitabları yapon dilinə tərcümə etmişdir. Haruki Murakami “Başqa dili  öyrənmək başqa insan olmaq kimidir” deyirdi. Tərcümə fəaliyyəti ilə də H.Murakami müasir yapon ədəbiyyatında önəmli bir fiqura çevrilmişdir. Murakami 1980-ci illərdə amerikan qurğu (fiction) əsərlərini tərcümə etməklə Yaponiyada yeni bir ədəbi dalğanın yaranmasına təkan vermişdir. Tərcümələrində əsas yeri mütaliə etdiyi qurğu əsərləri tuturdu və bununla Qərb, xüsusilə ABŞ ədəbiyyatı haqqında daha geniş bilgilər əldə edərək yapon ədəbiyyatına xas qurğu üslubunda (fictional style) inqilab etmişdir. Murakami yapon ədəbiyyatına yeni, kosmopolit və aydın amerikan üslublarını gətirmişdir. Tərcüməçilik fəaliyyətinə 31 yaşında başlayan Murakami məktəb yaşlarından böyük həvəslə oxuduğu kitabları qələm sahibi olduqdan sonra çılğın məhəbbətlə tərcümə etmişdir. Yazıçı “Tərcümə etmək və tərcümə olunmaq” adlı essesində tərcüməçiliyə olan məhəbbətini belə ifadə etmişdir: “Həqiqi mənada yaxşı tərcümə heç şübhəsiz ki, istifadə olunan dilə münasibətdə qüsursuz rahatlıq tələb eidr. Ən başlıca şərt isə tərcümə materialına qərəzsiz münasibətdən və sevgidən ibarətdir. Yazıçı və tərcüməçi kimi mən inanıram ki, ən yaxşı tərcümə məhz belə sevgidən doğulmalıdır. Bu hisslər mənə çox yaxındır. Heç cür utanıb eləmədən şövqlə nəyəsə bağlanmaq, meyl göstərmək hissi mənə çox doğmadır”.

Murakami musiqiçi ola bilmədiyini söyləyir, bununla yanaşı, əsərlərinin təhlili göstərir ki, o musiqini dərindən mənimsəmişdir. Ritm yazıçının nəsrində ən əsas elementlərdəndir. Murakami musiqinin sözlərindən həzz alaraq yazır, yazıçının yazı ritmləri ilə caz arasında yaxınlıq hiss olunur. Təsadüfi deyildir ki, yazıçı “Caz portret” (1997), “Caz portret 2” (2001), “Caz dinləyirsiniz?”, “Caz müjdəçisi” (2007) kimi bir çox esselərini musiqiyə həsr etmişdir. “Caz müşdəçisi” essesində müəllif cazla ilk tanışlığından, daim artan musiqi sevgisindən bəhs edərək əsərlərindəki ritm, melodiya və harmoniyanı musiqidən, xüsusilə də cazdan öyrəndiyini bildirir. Hətta yazıçı etiraf edir ki, roman yazarı olmağı məhz musiqi ilə bağlıdır: “Praktik olaraq yazmaq haqqında bildiyim hər şeyi o vaxtlar musiqidən öyrəndim. Bu paradoksal səslənə bilər, lakin musiqiyə bu şəkildə bağlılığım olmasaydı, roman yazarı ola bilməzdim. Hətta indi -30 il sonra da yaxşı musiqidən yazmaqla bağlı öyrənməyə davam edirəm. Mənim üslubum F.Scott Fitzgeraldın zərifcə axan nəsri kimi, Charlie Parkerin təkrarlanan sərbəst rifflərindən dərindən təsirlənir. Və hələ də Miles Davisin musiqisində davamlı özünü yeniləmə keyfiyyətini ədəbi bir model olaraq mənimsəyirəm”.

Murakaminin bədii yaradıcılığında Qərb musiqisinin rolu çox böyükdür. Hər bir əsərin özünəməxsus saundtreki vardır ki, bununla da yazıçının bədii nümunələri oxucularının yaddaşında daha dərin izlər buraxır. Musiqi vurğunu Murakaminin 2011-ci ildə nəşr olunan “Seiji Ozava ilə musiqi haqqında” adlı ədəbi-publisistik kitabı olduqca diqqətəlayiqdir. Kitab H.Murakami ilə Boston simfonik orkestrinin keçmiş drijoru Seiji Ozava arasında musiqi və yazı haqqındakı dərin, səmimi söhbətlərdən ibarətdir. İki il ərzində Murakami və Ozava Brahmsdan Betxovenə, Leonard Bernsteyndən Qlen Qoulda, Bartokdan Mahlerə və pop-up orkestrlərindən operaya qədər bir çox məsələləri müzakirə edirlər. Musiqi və bədii yaradıcılığın ümumi xüsusiyyətləri haqqında dərin təəssüratlarını bölüşən  iki maestronun özünəməxsus nəzəri baxışlarını əks etdirən əsər mükəmməl xarakter daşıyır. Sözügedən kitabın sonunda S.Ozava Murakaminin musiqi dünyasını kiçik bir abzasla ifadə edərək, yazıçının bu sahədəki bilgilərinə heyranlığını dilə gətirir: “Musiqini sevən dostlarım çoxdur, lakin Harukininki məntiq sərhədlərini tamamən aşmış bir səviyyədədir. Caz, klassik musiqi; o sadəcə musiqini sevmir, eyni zamanda, musiqidən başı çıxır: incə detalları, köhnə musiqiləri, musiqiçiləri, həm də heyrətamiz şəkildə. Konsertlərə, canlı caz çıxışlarına gedir. Evində də musiqi dinləyir. Mənim bilmədiyim çox şeyləri bilir. Həqiqətən də heyranedicidir”.

H.Murakaminin musiqi ilə bağlı zəngin və özünəməxsus dünyagörüşü ayrı-ayrı əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Hətta söyləmək mümkündür ki, musiqi və ədəbi yaradıcılığın əlaqəsini əsərlərində güclü şəkildə əks etdirən Murakaminin əsərlərinin saundterkləri olmasaydı, bəlkə də o əsərlər bugünki uğurlarını qazanmayacaqdı. Musiqini həyatının ayrılmaz hissəsi hesab edən və yaradıcılıqla məşğul olarkən musiqiyə qulaq asan yazıçı gənc yazıçılara ədəbi məsləhətlərində  musiqinin önəmini qeyd etməyi unutmamışdır: “Poetik (musiqili) nəsr əsəri yazın. Hər şeydən əvvəl üslub poetik olanda daha möhtəşəm olur. Hətta yüksək səslə oxumasa belə, oxucu mətndə ahəng, ritm olduğunu hiss etməlidir”.

Haruki Murakaminin bu günə kimi on dörd romanı, onlarla qısa hekayəsi, esseləri, tərcümə əsərləri, ədəbi-publisistik kitabları nəşr olunmuşdur. Murakaminin zəngin bədii irsindən ancaq dörd romanı – “Küləyin nəğməsini dinlə” (2016), “Norveç meşəsi” (2012), “Sərhəddən cənubda, günəşdən qərbdə” (2016), “Kafka sahildə” (2012), “Zəlzələdən sonra” (2010) hekayələr toplusu, “İpanemalı qız” (2004), “Sükut” (2011), “Zamzanın eşqi” (2017) hekayələri və bir neçə essesi Azərbaycan dilinə tərcümə olunmuşdur. Postmodern ədəbiyyatın kultuna çevrilən Murakami yaradıcılığında multikultural dəyərlər qabarıq şəkildə öz əksini tapmışdır. Murakami nümunəsində yaradıcılığında Şərq və Qərb kontekstinin bir müstəviyə gətirilməsi yapon ədəbiyyatındakı multikultural məsələlərin Azərbaycanda öyrənilməsi üçün şərait yaradır. Murakami əsərləri qloballaşma ərəfəsində yapon düşüncə tərzinin böyük bir dövrünü özündə əks etdirir və yüksək estetik dəyərlər baxımından olduqca əhəmiyyətlidir.

Yenililklər
28.09.22
Bölgələrdə kitab sərgisi təşkil olunacaq
28.09.22
Macar şairi Mikloş Radnotinin yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib
26.09.22
Günay Əfəndiyeva Polşada bir sıra görüşlər keçirib
26.09.22
Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub
26.09.22
Azərbaycan Yazıçılar Birliyinin qurultayı təxirə salınıb
26.09.22
Günəş topla mənim üçün... - Etimad Başkeçidin yeni hekayəsi
23.09.22
“Şuşaya salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib
23.09.22
Polşada keçirilən VI Beynəlxalq Türkologiya Konqresində Azərbaycan təmsilçiləri fəal iştirak edib
22.09.22
Polşada Beynalxalq Türkologiya Kongresi çərçivəsində Azərbaycan musiqi gecəsi keçirilib
22.09.22
ANAİB-dən Ermənistanın son təxribatı ilə bağlı bəyanat
21.09.22
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabını təqdim edilib
21.09.22
Polşada VI Beynəlxalq Türkologiya Konqresi başlayıb
14.09.22
“Metafizika” jurnalının növbəti sayı (2022/3) işıq üzü görüb
14.09.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın təxribatları ilə bağlı bəyanat verib
14.09.22
Bəsirə Əzizəli - Dinlər "Qəlb gözü" üçün nə deyir?
12.09.22
"Ulduz" jurnalının avqust sayı çap olunub
31.08.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşlıq əlaqələrinin sərhədləri Qətərə qədər genişlənir
15.08.22
Günay Əfəndiyeva: “Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada və Şuşada, Türküstanda və Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşımaqdadır”.
04.08.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif mədəniyyətləri bir araya gətirməyə davam edir
02.08.22
“Ulduz” jurnalının iyul sayı çap olundu
01.08.22
Bədirxan Əhmədli - Gəncə üsyanı ədəbi-bədii düşüncədə
01.08.22
Günel Natiqin "Siz səfehsiniz?" kitabı çap ounub
01.08.22
Azərbaycanlı olmaq asanmı?
01.08.22
Azad Qaradərəli - Camalın ağ kitabı
27.07.22
Günay Əfəndiyeva: Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyur
25.07.22
Gülnar Səma -  Əkbər Qoşalının şeirləri
21.07.22
ANAİB media nümayəndələri ilə görüş keçirdi 
20.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
20.07.22
Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib
18.07.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti Avropada geniş yayılmağa davam edir
18.07.22
AMEA-da Pakistana aid nəşrlərin təqdimatı olub
15.07.22
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilir
15.07.22
İsveç səfiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

06.07.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
04.07.22
"Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.
04.07.22
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib
29.06.22
Əlirza Zihəq - Bakıya səfər
29.06.22
Azad Qaradərəli - Federiko Qarsiya Lorka və Eldar Baxış II
25.06.22

Günay Əfəndiyeva: TÜRKPA ilə birgə keçiriləcək layihələrə dəstək verməyə hazırıq

23.06.22
Mübariz Örən - Qum adası
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.