Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
11.01.22
Yazıçı Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb. Müəllifin "Yasak Alan" (Qadağan zonası) adlı hekayəsi "Gercekedebiyat.com" türk oxucuların ixtiyarına verilib. Avanqard.net həmin hekayəni orijinal variantda təqdim edir.
Əzablardan güc yığmaq üçün istifadə etmək lazımdır. Tibet ata sözü
Sirr dolu dünyamızda hər adam bir sirli vücuddur. Adi bağban bildiyinin də azından kimsəyə emədiyi, axud deyə bilmədiyi bir sirri var. Uzağa niyə gedirsinz, bude ha, atamı götürək. Üzü məktəbə sarı gəlir və gələ-gələ məndən, dost-doğma oğlundan nələri saxladığını düşünür bəlkə də... Əvvəlki illərdə Sovet höküməti aşılayıb bunu bizə: nə qədər az danışsan, başın bir o qədər salamat olar. Hələ ondan qabaqkı əski zamanlarda nələr olmayıb?! İskəndərin buynuzu, sirdən havalanmış dəlləyin dərdini quyuya deməsi və oxuyan qamışlar... Qalaçalarda divlərin dizinə baş qoyan gözəllər... (Biz tərəflərdə qala və qalaçalar elə də çox deyildi. Ondan ki, dağlar, bu dağlardakı kahalar elə təbii qalaçalar idi. Kəndimizlə üzbəüz Qaladaşında təxminən üç yüz əlli metr hündürlükdə dağın döşündə adamın yanpörtü keçə biləcəyi – hər halda uzaqdan belə görünürdü - iri bir yarıq vardı ki, deyilənə inansaq, o yarıqdan dağın içərilərinə uzun bir yol varmış. Guya o yolun bir ucu gedib Arazın o tayında Qaradağdakı kahadan çölə çıxırmış. Rəvayətə görə, qədim zamanlarda düşmənlər elimizin üstünə gələndə ağır döyüş olmuş, qız-gəlini, qocaları, digər əlsiz-ayaqsızları xilas etmək üçün onları Qaladaşındakı o yarığa qaldırmış, bir-bir oradan keçirərək sağ-salamat Qaradağdakı o kahadan çıxardıb ağ-salamat Üçdibinə aparmışdılar... Kənddə danışırdılar ki, kimlərsə haçansa ora qalxıb, dağın içərisinəcən gedib, amma geri qayıda bilməyib. Bu da bir sirr kimi qalıb. O yarıqda hər il ala qartalın yuvası olardı və quş balalarını bu hündür qaya döşündəki yuvasında gözümüzün qarşısında dovşan, kəklik, alapaxta ətiylə böyüdərdi. O qartal da bir sirr idi bizimçün. Və o sirləri sındırmaqdan ötrü bir gün mən paltarlarımı soyunub çayın qırağına qoydum, tək bir darbalaqda o sıldırım qaya ilə dırmaşıb qartalın yuvasınacan çıxmağa çalışdım. Hörümçək adam yüzmərtəbəli binaya necə dırmaşır, mən də ayaq qoymağa, əllə tutmağa belə yer olmayan bu sıldırım yuxarı sürünürdüm. Dizlərim və qollarım qan içində olsa da, inadımdan dönmədim. 14 yaşlı bir uşağın əzmi sərt qayalara qalib gəldi. İlk andaca buranın xofu basdı məni: uzaqdan bapbalaca görünən bu yarığa 3-4 adam sığardı. Yuvadakı qartal balaları məni analarının gətirdiyi ət bilib dimdikləməyə başladılar. Lap yaxında ana qartalın da qıya səsini eşidib üşəndim. Başım necə fırlandısa, qayada bitmiş gənəgərçək kolundan tutmasaydım, yəqin ki, indi bu yazını yaza bilməzdim – ölməsəm də aşağı yuvarlanıb şil-küt olacaqdım. İnanmayacaqsınız: məni dimdikləməyə çalışan qoşa qartal balalarına gözucu baxsam da, “dağın içinə gedən o yolu” nəinki görə bilmədim, hətta bircə anda kiminsə mənə sarı uzanmış əlindən tutub qayalıq aşağı ustubluca endim – daha doğrusu uçdum - və bir də gördüm ki, dağın dibindən şırhaşırla axan çayın qırağındayam. O əlin kimin əli olduğu hələ də sirdir mənimçün. Uzaqdan mənə baxanlar deyirdilər ki, guya o əl, əl deyilmiş, ana qartalın qanadıymış, uzadıb mənə sarı, ondan yapışıb enmişəm aşağı...) Amma sirr onda sirdir ki, elə əbədi sirr olaraq qalır. Məsələn, Bermud üçbucağı kimi. Yaxud dünyaca məşhur məşuqənin timsalı: qəzetdən oxumuşdum ki, fransız qadın Madam Klaudiya Rza şah Pəhləvi, Con Kennedi, Covanni Aqnelli kimi dünya liderlərinin və digər tanınmışların məşuqəsi olub. Madam Klaudiya deyirmiş ki, heç bir müştərisinin sirrini heç vaxt açmayıb. ...Kişi məktəbin qapısında dayanıb nəfəsini dərir, papağının arxasın qaldırıb forsla üstdən aşağı (məktəbimiz dağın döşündədir) harasa baxır. Bu balacaboy adamda nə sirlər yatır, mən bilirəm. Dostu kolxoz sədri Səlimlə kəndçimiz Tahirin beş tonluq su maşını tutacaq qədər araq içmişdi. Axırı nə oldu? Səlimin qudurub qız-gəlinə ayrı gözlə baxdığını sinirə bilmədi. Onun bildiyi bir sirrini (yenə sirr!) gedib “kekebe”nin sədrinə söyləmiş, tutdurmuşdu bədbəxti. Hələ də içəridədir. Üstündən yeddi il keçib, bir təsadüf nəticəsində öyrəndim bunu – qatarla Bakıya gedəndə vaqon yoldaşım danışdı. Türmədə Səlimlə bir kamerada yatmışdı. Əlbəttə, məni tanımadan söylədi bunları. Sonralar atamdan soruşdum ki, o nə sirdi ki, “kekebenin” sədri bilən kimi dostunu saldı içəri, özü də on beş il verdi? Hirslə cocudu* üstümə ki, hər yerə burnunu soxma. Çox bilsən, tez qocalarsan. Yaxud anamla aralarında olan o müdhiş sirr! Elə OLAN deyirəm ki, guya hər şeyi bilirəm. Əslində heç nə bilmirəm və yəqin ki, bunlar öz sirlərini bu dünyadan özləri ilə aparacaqlar. (Elə apardılar da. Atamla anam mənim bir yaşım olanda ayrılmışdılar. Kişi nə qədr gözləsə də, anam onu qəbul etməyib. Niyə? Bax, bunu heç kim indi də bilmir. Bura bizimçün qadağan zonasıdır.) -Rayona nəvaxt gedəssən? -Tarifkasiyanı işləyirəm hələ... Hazırlayan kimi maarif şöbəsinə gedəcəm. Bu il bir sinfimiz artıb axı... -Adil müəllim yadındadı? Mənim köhnə dostlarımnandı... Deyir Əfqanıstannan qayıdıb?.. Mən də soruşdum ki, axı onu niyə Moskvaya, ordan da Əfqanıstana aparmışdılar? Qayıtdı ki, nəsə arada poxlu iş var. Axı Adilin oğlu Əfqanıstanda vuruşmuşdu. Sonra sink tabutda meyidi də gəldi. Sən onda institutda oxuyurdun. Mən getdim yasına. Yazıq kişi pis gündə idi. Saçını-başını yolub tökdü sink tabutun üstünə. Sonra da bağıra-bağıra dedi ki, baltanı gətirin, tubutu çapıb, oğluma baxmaq istiyirəm!.. Böyük faciə idi… Böyük… Oğlan medinstututu bitirən kimi təyyarəyə basıb aparıblar o xarabaya. Həm həkim kimi, həm də döyüşçü kimi iştirak edib. Çoxlu təltifləri varmış. Rütbəsi də ki kapitan… -Tabutu açdımı? – mən soruşuram. Kişi üzünü turşudub mənə baxır. Və qaşqabağını bir anda tökür: -Sən nə danışırsan? Ona da kekebe deyərlər! Bilmirəm, yerin deşiyindənmi çıxdılar, göydənmi düşdülər, iki adam qəfil aldı Adilin üstünü. Mən yaxındaydım. Qulağımla eşitdim cins kostyumda olanın dediyini: -Adil müəllim, vı suma saşli?! Səs tanış gəldi. Diqqətlə baxdım və gözüm kəlləmə çıxdı: bizim rayonnan olan, respublika kekebesində yüksək vəzifə tutan polkovnik Əzrayıl idi. (Bu, onun kliçkasıydı.) Atası atamla dost idi deyən, bizi də tanış eləmişdilər… O biri rusa, ya da yevreyə oxşayırdı. Hər kimdisə, Əzrayıldan vəzifəcə yuxarıydı – gözü onun ağzındaydı. Rusa, ya da yevreyə oxşayan dilucu “uberiti” deyən kimi Adilin evini bircə anda avtomatlılar mühasirəyə aldılar. Yasa gələnləri tüfəngburnu elədilər. Rayon kekebesinin sədrinin özünü belə yaxına buraxmadılar. Meyidi, yəni o sink tabutu, özləri aparıb dəfn elədilər. Əzrayılın gözü məni alıbmış. Bir də gördüm kimsə qoluma girdi və qulağıma dedi: “Taksiyə minin, gedin kəndinizə, beş nəfərlik yemək hazırlayın, iki saata gələcəyik.” -Gəldilər? -Hə, gəldilər, yaxşı tut arağım vardı, ondan da vurdular, yeyib-içib getdilər… İki il sonra Bakıda Əzrayılla görüşəndə soruşdum ki, nə məsələydi o vaxt? Dedi, zibilli iş idi. Adilin həm oğlu öldü, həm abırı getdi… daha dalısını gətirmədiyinnən, mən də üstünü vurmadım… İndi gör neçə il keçib? Düz altı il!.. Adildən hələ də əl çəkmirlər… Yazığın rayonla bir hörməti vardı, katib olmuşdu, maarif müdiri işləmişdi, oğlu Əzim Əfqanıstanda öləndə məktəb direktorouydu… Elə indi də direktordu deyəsən, hə? Ya çıxardıblar?
------------------------------------------------------------------------------------------------------ *Cocudu – ola bilsin ki, “cod” sözünün təhrif olunmuş formasından yaranan feildr. Qərb dialektində “cocumaq”, “cocudu” şəklində geniş yayılıb. “Bozarmaq”, “cod-cod danışmaq” anlamındadır.
-Yox, direktordu. Çıxartmışdılar. Rayonda danışırdılar ki, gedib Bakıda dediyin o Əzrayılın yanına. Nə deyib, nə demiyib, qaytarıblar vəzifəsinə… -Sirli məsələdi… Hökmən get ya məktəbinə,ya da evlərinə. Mənnən də dil-ağız elə. Altdan-altdan soruş-öyrən, gör nə məsələymiş? Ya da heç soruşma. Xatalı işdi… - Kişi üzünü çevirir və gedir dərsə. Elə bil nəsə bilir, amma məndən gizlədir. Bunun bilmədiyi şeyə qurd düşər… Sinfin qapısına çatanda qəfil geri dönür: -Əliboş getmə… Yüngülvari bir paydan-püşdən apar… Adil müəllim həqiqətən, ağsaqqal idi. Mən iki il olardı direktor qoyulmuşdum. Maarif şöbəsində görən kimi yanıma gəldi, əlimi sıxıb dedi, qardaşoğlu, möhkəm ol, sən yaxşı kişinin oğlusan…
***
İşə çıxmır dedilər. Hətta eşitdim ki, sarsıntı keçirib nəsə. Yemir, içmir, danışmır. Adamları elə bil tanımır. Getməməyi məsləhət gördülər. Amma atama söz vermişdim. Elə özümü də maraq dartırdı ora. Həyət qapısında oğlu Lazım qarşıladı məni və üz-gözünü belə bir cür əyib əllərini naməlum səmtə uzatdı: -Yaman əziyyət çəkib… İnan ki, halı yoxdu… İçəri girməyiniz məsləhət deyil… belə pis çıxmasın e, atanızla da dostdu, bilirəm… Elə sizə də hörməti var… Bu gədədən zəhləm gedir nədənsə. Raykomda təlimatçıdır. Amma özünü katib kimi aparır. Sayqısızın, eşşəyin biridir. Hətta danışırdılar ki, katib kimin evini yıxmaq istəsə, bunu göndərir yoxlamanın üstündə. İndi mənim də ağzımı boza verir. Amma gözü əlimdəki mer-meyvəylə dolu bağlamadadır. Kişi demişdi axı əliboş getmə. Vəzifədə işləyən adamın gözü əllərdə olar. Mən də həyətdən nübar meyvələrdən yığıb 10-12 kiloluq bir pay düzəltmişəm, necə olsa rayon mərkəzidir, bazara baxandılar. İndi bu payı zəhləmgetmişə heç vermək istəmirəm. -Atamın sözü var, Lazım müəllim, kişini iki dəqiqəliyə görüb çıxacam, - sivişib girirəm içəri. Stulda oğlu Əzimin şüşəli çərçivədəki kapitan formasında şəkli ilə üzbəüz əyləşib. Mənə tərəf heç baxmır da. Siqaretini tüstülədir eləcə. Bağlamanı açıb içindən bir-iki yay alması çıxardıb qabağındakı nimçəyə qoyuram. Bircə anda almanın xəfif iyi otağa dolur və elə bil aradakı gərginliyə toxunur. Gözü almanı tez alır. Qəfil dönüb mənə baxır və gülümsünən təhər olur. Onun belə gülümsünməyi məni də ürəkləndirir. Yaxına gəlib əlimi uzadıram. -Necəsiniz? Atamın da salamı var. -Sağ ol. Yaxşıyam. Əyləş… -Axı Lazım müəllim… -Qələt eliyir Lazım… Onlar məni bu günə qoymadımı? -Bilmirəm necə deyim? Atam da narahatdır, əslində. Axı sizi niyə çağırmışdılar ki? Gör neçə il keçib? Nə məsələdir? -Atana de ki, halım yaxşı deyil… Sən ədəbiyyatçısan axı. Füzuli demişkən: Olsaydı məndəki qəm Fərhadü mübtəladə, Bir ah ilə verərdi min Bisütunu badə…
Ölümü ölüm oldu, zulumu da ondan artıq… Nə aça bilirəm, nə ağarda. Atanın buralara ayağı düşəndə, gəlsin bir dərdləşək… Bu dediklərimi heç kimə söyləmə. Soruşan olsa, de ki, özündə-sözündə deyil… Evə qayıdanda iş-güc başımı qatdı, Adil müəllimi tamam unutdum. Atamgilə də getməyə vaxt olmamışdı. Yalnız iki gün sonra kişi məktəbə gələndə kabinetimə çağırıb olanları danışdım. O da qəribə tərzdə başını buladı: “Ehhh… Əfqanıstan orda da adamalrı udur, burda da. Kekebe bir adama ilişməsin, ilişdi, çətin əl çəkər.”
*** Masazır qəsəbəsindəki qaçqın şəhərciyinə çağırmışdılar. Orada məcburi köçkünlərin bir hissəsinə təzə evlərin açarları veriləcəkdi. Mən də işlədiyim qəzetçün nəsə yazacaqdım. (Müəllimliyi atmışam, indi qəzetçilik edirəm.) Qaçqınkomdan gələn məni qırağa çəkdi və yavaşca dedi ki, belə yerlərdə daim narazılıq-filan olur, bu təbiidir. Çalış yığcam bir şey yazasan. Çıxışlar-filan oldu və mən də qarşımdakı dəftərçəmə qeydlər edirdim. Bu vaxt qəddi əyilmiş, gözləri çuxura düşmüş yaşlı bir adam yanaşdı mənə və gülümsünüb (əslində özünü gülümsəməyə məcbur edib desəm, daha doğru olardı) dedi: -Ay xoş gördük! Necəsən? Atan dururmu? Çox zəndlə baxdığımı görüb birtəhər oldu. “Adiləm də, Adil müəllim… Hə, çox qocalmışam… Səysən beşdir e!.. Əh…” Dik qalxdım yerimdən. Qucaqladım onu və üzr istədim. (Bir vaxtlar gördüyüm o boy-buxunlu adam, indi balaca uşaq kimi qucağıma sığdı.) Dedi, tədbir qurtarandan sonar qonağımsan. Və əlavə etdi ki, bizə bir il qabaq ev veriblər bu qaçqın şəhərciyində, allah kölgələrini qalın eləsin…
***
(Çox sular axıb o illərdən, çox sular duralıb. Yox, duralmayıb, hələ daha çox bulanıb. Bizim qəhrəmanların ana yurdu, doğulduğu rayonu, kəndi ermənilər tərəfindən işğal edilib. Həmin gün bir əhvalat olmuşdu, gərək onu burda danışım sizə. 1993-cü ilin payızı idi. Bizə xəbər göndərmişdilər ki, nə qədər vəziyyət gərginləşməyib, Arazdan adlayıb İran tərəfə keçmək, oradan da İmişliyə ketmək lazımdır – artıq Füzuli və Cəbrayıl işğal edildiyindən, Qaradiz yolu bağlı idi. Buna görə mən rayon mərkəzinə getmişdim ki, məsələni dəqiqləşdirim. Yəni, axı Arazın suyu çox gur idi. Oradan elə-belə keçmək olmazdı. Həm də ev-eşikdən yüngülvari yatacaq-duracaq götürməyə maşın-filan lazım olacaqdı və sair və ilaxır. Geri qayıdanda dedilər ki, qonşunun doqquz yaşlı oğlu Mürsəl yoxa çıxıb. Vəziyyət isə getdikcə ağırlaşırdı: erməni ordusu hər an rayonu işğal edə bilərdi. Ora-bura, nəhayət, xəbər gəldi ki, uşaq gedib Qaladaşındakı qartal yuvasına qalxmağa cəhd edib, amma dağın ortasında ilişib qalıb: nə qabağa gedə bilir, nə də geri qayıda bilmir. Mən dağın dibinə gələndə artıq bura xeyli adam yığılmışdı. Biri də dağa qalxmır, bəzisi uşağın üstünə bağırır, bəzisi məsləhət verir, hətta kimsə ağlayırdı. Mən məcbur olub daş addamaclardan* keçib dağa tərəf çıxdım. Ayaqqabımı və pencəyimi çıxardıb yuxarı qalxmağa başladım. Oğlan məni görüb ağlamağa başladı. Anladım ki, uşağı ürəkləndirməsəm, oradan yıxıla bilər. Ona görə qalxdıqca ucadan danışmağa başladım: -Mürsəl, bilirəm ki, sən qorxmaz oğlansan. Ona görə də sən ordan yıxılmazsan. Hətta onu da bilirəm ki, sən ora niyə çıxmısan... Möhkəm dayan... Mən artıq sənin yanına çatmağa azalmışam... Ora çatanda sən ayağını mənim əlimin birinin içinə qoyacaqsan... Sonra yavaş-yavaş birlikdə oradan enəcəyik... Yolda Mürsəlin ağlaya-ağlaya dediyi söz məni ilan kimi çaldı: -Müəllim, mən istəyirdim ki, Qaladaşındakı qalaçaya çıxam, sonra kəndimizin bütün adamlarını da ora yığam ki, ermənilər gələndə bizi tapa bilməsinlər... Axı deyirdilər, ordan o taya yol var... Bir də deyirdilər ki, siz mən yaşda olanda ora çıxmısınız? O yol var? Uşaq hönkür-hönkür ağladı. Mən bütün yolların bağlandığını, təkcə Araza toxumalı olduğumuzu bu körpə fidana necə deyəydim?Onun qəlbini necə qıraydım? Axı onlar müəllimlərini hamıdan güclü sanırlar... Amma indi mənim də gücüm qalmamışdı. Uşağa qoşulub ağlamamaq üçün ayaq götürüb irəli keçdim. Köhnə dəyirman yerinə çatanda çiyinlərim sözümə baxmırdı. Biz həmin gün doğma kəndimizi tərk edib Araza toxuduq. İran maşınlarına minib Arazın o tayı ilə İmişliyə gəldik. Ordan da Bakıya çatıb məcburi köçkün olduq... O vaxtdan 20 il keçib...) -------------------------------------------------------------------------------------------------------------
*Addamac – iri daşlar addıma bir çaya atılır, adamlar onların üstünə ayaq qoyaraq tullana-tullana çayı adlayırlar. “Addamaq” sözündəndir.
***
-Bu dəftəri saa verirəm… Amanatdı… De görüm sən bilirsənmi ki, mən şərqşünaslıq fakültəsini bitirmişəm? Atan nujeli demiyib? Allah rəhmət eləsin. O mənim can sirdaşım idi. Hər sirrimi bilirdi. Onnan heç nə saxlamazdım. Elə o vaxt bu dəftəri saa verəcəkdim, atan qoymadı. Yalvardı ki, cavandı, beyni qandı, yazar, pozar, xatıya düşərik: sən də, mən də… Ona görə saxladım bu sirri illər ərzində… (Ürəyimin döyüntüsü artmağa başladı. Əvvala, atamın məndən gizlədiyi bir sirrin üstü açılmışdı, ikincizi, mənə Əfqanıstanda vuruşmuş sirli bir döyüşçünün qələmə aldığı həqiqətləri neçə illər sonra oxumaq qismət olacaqdı!..) -Oğlunuzun dəftəridir? – Sövq-təbii dillənirəm. O da heç təəccüblənmədən “hə” deyir və qat kəsmiş qara məxmərə bükdüyü dəftəri çıxardıb qoyur ortaya. Məxməri də dörd qatlayıb qadın kimi sığallayır. (Elə bir andaca yadıma düşür ki, Adil müəllimin arvadı Mülayim xanımın eynən bu parçadan donu vardı. O paltar bu poylu-poslu qadına çox yaraşırdı. Onun ağ maya əndamı bu geyimin içində bir ağac kimi çiçəkləyirdi. Bu qara məxmər hüznlü xanımın kədərini bir az da artırırdı. Amma vallah, kədər də yaraşırdı ona. Adil müəllimlə yan-yana maarifyanı şura iclaslarına gələndə - o, bağça müdiri idi və məktəb direktorları ilə yanaşı bağça rəhbərləri də o iclaslara qatılırdılar – hamı dörd gözlə bu xanım-xatın qadına baxardı. O, iclaslara gələndə iclaslara rəng qatırdı, kişilər özlərini yığışdırar, bir qədər cavanlaşırdılar elə bil.) İllərin üstünə öz ağırlığını qoymuş dəftərə elə baxır ki, elə bil minaya baxır. Protezinin arasından çənəsinə sızan ağız suyunu əlinin dalıyla silib astaca bir “uf!” eləyir və deyir: -“Hə” dedim, şülğüzümmə* oldum, əslində “yox” deməliydim. Yəni həm hə, həm yox… Çaşıb qalmışdım. Necə yəni həm hə, həm yox? Kişinin ağlı oynamasın ki? Amma elə məntiqlə danışır ki… -Dedim axı, mən şərqşünaslığı bitirmişəm… Farsı öz dilimiz kimi bilirəm, ərəbi də ala-babat… Bu əllərim qurusun… - Onsuz da quruyub qaxaca dönmüş, göy damarları torpaq yemiş soxulcan kimi üzə çıxmış əllərini mənə göstərirmiş kimi qabağa uzadır. – Bu əllərimlə Əzimə ərəb əlifbasını öyrətdim, sonra da fars dilini… Lazım korazehin idi, götürə bilmədi, amma o sonu qara gəlmiş, gəldi də elə, toyuq dəni əvdirən* kimi əvdirdi fars dilini, əski əlifbanı… Elə medinstitutu bitirən kimi basdılar ora… bilirsən niyə? Anketində xarici dil qrafasında “fars dili” yazıbmış… Namərd oğlu, ingilis yaz də! Axı sən ingilisi də əla bilirsən!... – Qoca oğluyla üzbəüz danışırmış kimi bir anlığa məni unudur, “ona” müraciət edir. – Sənin nə işin vardı o xaraba dağlarda?!. Gör neçə il keçib, hələ də oralarda dava səngiməyib… Nəhayət, məni “görür.” Əlini qaldırıb salır, canı çıxırmış kimi“eh” deyib əlləri əsə-əsə siqaret yandırır. Sonra gəlinini haraylayır: -Ay uşax, nolduuz?! Çox qısıqıvraq geyinmiş gənc bir xanım biz olan otağa girir. Stola nimçələr, stəkanlar düzüb gedir. Mən məsələni başa düşüb qalxmaq istəyirəm. Amma kişi bir əlini məxmər üzlükdən araladığı, üstünə solğun hərflərlə, latın qrafikalı Azərbaycan əlifbasıyla ÜMUMİ DƏFTƏR yazılmış əmanətin üstünə qoyur, o birisi ilə mənim əlimdən bərk-bərk tutur. Sonra əlimi buraxıb iki barmağını boğazına aparıb az qala yalvarır: -Bu çarığın olsun, sözümü sındırma. Yaxşıca əriştə var, dalısıncan da xitəb* bişiriblər – həm qarınnan, həm pencərnən… Qubadan da yaxşı tut arağı gətirtmişəm, nəvəmin xanımı oralıdı axı, onnan da bala-bala vurarıq əmi-bala… Mən də saa görə bir yüz içərəm… Daha çevirməyin yeri yoxdur. Bir də ki, mən bu sirrin təkcə dəftərdən ibarət olmadığını anlayıram. Kişinin mənə deyəcəkləri var yəqin… Və bir də “həm hə, həm yox” dedi axı… Əriştənin arasında bir qədəh tut arağı vururuq, ikimizi də tər aparır. Kişi usta adammış, stolda kiçik dəsmalcıqlar var və tərimizi onunla silib girişirik qutaba… -----------------------------------------------------------------------------------------------------
*Zamin durmaq, cavabdeh olmaq mənasında; ərəbcədən keçmiş şuğli-zimmə(cavabdehlik) sözündəndir. Burada bir qədər fərqli mənada – günahkar olmaq anlamındadır. *Tək-tək toplamaq mənasında, yerli dialektdə işlənən feildir. *Qutabın qərb dialektindəki deyiliş forması
…-Moskvada bir polkovnik söhbət elədi mənnən. Bu qaraşın adam mənə ilk anda doğma gəlsə də, bir qədər sonra gözümün odunu elə aldı ki, əlim-ayağım yerdən üzüldü. Qabağıma saqqalı qurşağına tökülmüş bir oğlanın şəkillərini qoydub zəhmli səslə: -Znaeş?! – dedi. – Mən də diqqətlə baxanda başımdan tüstü qalxdı – Əzim idi! Saqqallı, başında basmaçı papağı, əynində bizim qadınların donuna oxşar əfqan geyimi… Öldüm e, ay oğul, öldüm… Ha istədim soruşam ki, bəs sink tabutdakı kim idi, səsim çıxmadı. Əvəzində polkovnik barmağını hirslə basdı Əzimin şəklinin üstünə: -On duşman! On basmaçı! On modjaxed! Ni prosto modjaxed, geroy Avqanistana! Panimayeş?! O birdən qalstukumdan tutub özünə tərəf çəkdi və məni heyrətə salacaq bir səslə, təmiz Azərbaycanca bağırdı: -O bizim xalqımızın adını batırdı! O mənim reputasiyamı korladı! O bizə arxadan zərbə vurdu! – Qəfil dayandı. Üzü əyildi. Gözləri doldu. Kövrək səslə davam elədi. - Başa düşürsünüz?! Onu kəşfiyyata mən hazırlamışdım… Burda o murdar xalqın dilini yalnız sizin bu dönük oğlunuz, bir də mən bilirdim. Əfqan dili ilə fars dili çox yaxındır, bu bir. İkincisi də, orada bizdən olan, eynən bizim kimi danışan xalq var: hazaralar. Azik onlarla da kantakta girə bilirdi… Oğlunuzu mən özüm hazırlamışdım kəşfiyyatçı kimi. Bir üstünlüyü də vardı ki, həkim idi… Onunla kəşfiyyata gedənlərin yaralananına ilk tibbi yardım göstərə bilirdi. O əla kəşfiyyatçı idi. Tayı-bərabəri yox idi… Axırda da belə oldu… Vidiş? On nastayaşşiy boyavik! -Siz Azik dediniz? – Axırı ki, səsim çıxdı. -Hə, bu onun kliçkasıydı. -Bəs o indi hardadır? -Sizi ona görə çağırmışıq. Ona da artıq məlumat çatıb ki, sabah siz Əfqanıstanda olacaqsınız. Sizi onunla görüşdürəcəyəm… Amma ehtiyatlı olun. Oğlunuz da olsa, çox əclaf uşaqdır… O tərəfə keçənnən sonar iki dəfə görüşmüşəm onunla. Hər dəfə elə söhbət aparıb ki, mən də az qala ona qoşulacaqdım. Bilmirəm, deyir orda bizim dildə danışanlar var… Deyir, bir zaman bu yerlər bizim olub. Nadir şah almışmış buraları… Amma həqiqətən, orada bizimlə az qala eyni dildə danışanlar var… Özlərini xazarlar adlandıran o tayfalar da əldə silah bizə qarşı vuruşurlar… Əzim, bax onların içərisindədir… Onu ora çəkib aparan nə idi? Bir onu bilsəydim… -Bu xitəblərdən ye, səni mənim canım! Arasını aç, bu kərə yağdan da qoy arasına… Belə daha dalı olur… Harda qalmışdım? Hə-hə… …Səhəri gün biz təyyarə ilə Əfqanıstana uşduq. Elə ayağımı ilk dəfə yerə basan andan vurdu bu torpaq məni… İnanmayassınız - yer, göy, göydən asılmış kimi görünən dağlar məni özünə çəkdi. İçim-çölüm süslənmişdi sanki. Nə hikmət vardı, bilmirəm, torpaq çəkirb aparırdı məni. Elə bil bir dəfə olmuşdum burda. Bilmirəm, bəlkə şərqşünas kmi Şərq tarixini, ədəbiyyatını mükəmməl bildiyimdən idi, ya haçansa ulu babalarımın Bayram xan Baharlıyla, yaxud Nadir şahla birgə bu çöllərdə at səyirtdiyindən, qan tökdüyündən idi, ya nəydi, bilmirəm, bu xarabanın torpağı çəkdi məni də. Axı biz də baharlı tayfalarındanıq. Bu torpaq üstdə baharlılar o qədər at çapmış ki… Polkovnik (mən onun adını soruşmadım, heç o da demədi) mənim halımın dəyişdiyini anlamışdı sanki. Əlini gözünə günlük eləyib göz vurdu mənə: -Qoca, bax ha, oğlun elə natsionalistdir ki, adamı öz yolundan sapdırır… Biz səni onun yanına atanda tək olacaqsan… birdən səni də döndərər… O güldü. Amma mənim içimdən qara qanlar axırdı. Mən necə bir oğul böyütdüyümün fərqindəydim. Ona mərd, əyilməz, qorxmaz olmağı, idmanla məşqul olmağı, həkim kimi hamıya eyni gözlə baxmağı və nəhayət, böyük SSRİ ölkəmizlə bərabər, öz millətimizi sevməyi də mən aşılamışdım… Və mən axmaq ona izah eləmişdim ki, biz türkük. Dünyanın ən qədim, ən böyük xalqlarından biriyik. Ona Cənubi Azərbaycan, Türkiyə, digər türkdilli xalqlar barədə də danışmışdım… Ona Nizaminin “Xəmsə”sini, Firdövsinin “Şahnamə”sini orjinaldan oxumağı öyrətmişdim. Onu, əslində o polkovnik deyil, mən yetişdirmişdim – özümə, ölkəmə, SSRİ-yə qarşı… Üç gün əfqanlarla əlaqə qurmaq mümkün olmadı. Daha doğrusu, Əzimlə. Əlacı kəsilən polkovnik mənim çıxışımı diktafona yazdı. Cəmi beş, ya altı cümləydi. Təxminən belə cümlələr vardı orda: Ay oğul, Əzim, mənəm, atan Adil. Xahiş edirəm, gəl görüşək. Ananın Mülayimin də sənə sözü var. Mən indi Əfqanıstandayam, Pəncşirin iyirmi kilometrliyində. Sənin dostun, komandirin polkovnikin yanındayam. Gəl görüşək. Heç bu çıxışın yazılmasından 3-4 saat keçməmiş xəbər gəldi ki, Əzim görüşə razıdır. Mən polkovniklə bərabər PDM-ə mindim. Arxamızcan da üstü çadırlı, əskərlə dolu başqa bir maşın irəliləyirdi. Gəlib bir dağın ətəyinə çıxdıq. Maşınlar dayandı. Onların içərisindəki əskərlər (təxminən 15-ə yaxın olardılar) üç dəstəyə ayrılıb dağa doğru irəlilədilər. Mən də bu dəstələrdən birinin arasındaydım. Dağın yuxarısında bir təbii mağara vardı. Ora 3-4 kilometr qalanda əskərlər qayaların arasında özlərinə səngər tutub gizləndilər. Polkovnik mağaranı mənə göstərib dedi: -Burdan sonra qadağan zonasıdır. Biz daha qabağa gedə bilmərik. Siz ayaqla getməli olacaqsınız. Mağaranın ağzına çatanda gəlib sizi aparacaqlar… Onlar puştuca - əfqanlar bu dildə danışırlar - danışırlar, farscaya çox yaxın bir dildə… Yəni bir-birinizi başa düşəcəksiniz. Elə bizim dilə yaxın bir dildə də danışanları var – hazarca. Qorxmayın. Oğlunuz onların ən sevimli adamıdır. Sizə toxunmayacaqlar. -Qorxurdunuzmu? – Mən soruşuram. Kişi acı-acı gülümsünür. Qədəhlərimizə araq süzür və “sənin sağlığına” deyib yaşına yaraşmayan qıvraqlıqla başına çəkir. -Bəs qorxmazmıydım? Qışdarım əsirdi. Bir xuduru* gülləni soyutmağım bir yana, bu yad torpaqda meyidim arada qalacaqdı… Oğlumu da görmək qismət olmayacaqdı… - Kişi əli ilə qutaba işarə edir. - Bu qarın xitəbindən yeyin, siz allah… Çox ləzzətlidir… Elə göydən də yeyə bilərsiniz… Hə, təxminən 300-400 metr qalxmışdım ki, farscanın bir az kobud formasında qışqırdılar: -İst! Destoha bala!* Əllərimi qaldırdım. Bir nəfər saqqallı gəlib məni silahının burnunda mağaraya apardı. Burda gözlərimi bağladılar. Təxminən bir kilometrəcən yol getdik. Kimsə qoluma girsə də, tez-tez ayağım daşlara ilişirdi, yıxılırdım. Amma qoluma girən adam məni buraxmırdı. Sonra maşın səsi eşidildi. Anladım ki, mağaradan çıxmışıq. Məni maşına əyləşdirdilər. Yarım saatacan yol getdik. Nəhayət gözlərimi açdılar. Bayaqkı dağın aralıdan silueti görünürdü. Bura qəribə bir kənd idi. Alçaq, palçıqdan tikilmiş yastı-yapalaq daxmalar. 20-30 daxmanın arasından tək-tük insan gözə dəyir. Arada bir uşaq səsləri də eşidilirdi. Deyəsən, cəbhə xəttinə yaxın olduğundan adamlar kəndi tərk eləmişdi. Bir az aralıda iyirmiyə yaxın mücahid səf vuraraq dayanmışdı. Diqqətlə baxsam da, onların içində Əzimi seçə bilmədim. Bu vaxt bir ford maşın bizə yaxınlaşdı. Maşından iki adam düşdü. Qabaqda gələn saqqallını görən kimi əfqanlar hamısı smirna durdular. (Əslində yerişindən tanımışdım: boynunu irəli vermiş, çiyinlərini tarazlayaraq düz qabağa baxa-baxa gəlirdi – eynən uşaqlıqdakı kimi.) Bu, Əzim idi. İndi desəm ki, oğlumu görəndə sevinmədim, yalan olar. Hətta gizli bir qürur da duydum. Amma tez də o qürur suya döndü. Çünki oğlum mənim ölkəmə, SSRİ-yə qarşı vuruşurdu, satqın çıxmışdı, hətta bunların qəhramanı olmuşdu!.. Gör qabağında necə sluşu dayanırlar!? Nəysə, onu qucaqlayıb bağrıma basdım. O da məni yüngülcə özünə sıxdı, saçımdan öpdü. Elə bildim kövrələcək, amma yox, elə daş kimi idi. Azca üzünün səyridiyini, almacıq sümüyünün üstündəki damarın atdığını sezdim. Bizi yaxındakı evlərdən birinə apardılar. Əfqanlar hərəsi bir tərəfə dağılışıb keşik çəkməyə başladılar. Oğlumla təkbətək qaldım. ----------------------------------------------------------------------------------------------------
*Xuduru – havayı mənasında. Görünür, qədim türk sözüdür, ədəbi dildə işləkliyini itirib. Qərb dialektində məhdud şəkildə işlənməkdədir. Ola bilsin, “xırda” sözü ilə yerdəyişmə nıəticəsində yaranıb. *Puştuca “Dayan! Əllər yuxarı” anlamına gəlir.
Məni danışmağa qoymadı. Təkcə anasını soruşdu. Bir də dedi ki, bilirəm niyə gəlmisən. Daha doğrusu, səni bura gətiriblər. Amma nahaq. Məni nə əsir götürüblər, nə məcbur ediblər. Mən SSRİ-nin ədalətsiz bir quruluş olduğunu, bizim özümüzün də torpağımızı işğal etdiyini, müstəmləkəyə çevrildiyimizi bilərək, əfqan xalqının qəhrəmanlığına heyran olaraq bu addımı atmışam. Mən son nəfəsiməcən onlarla vuruşacağam. Sən isə, ata, get onlara de ki, mənə göstərilən adam Əzim deyildi. Əzimi mən görmədim. Və mənə danışmağa imkan verməyərək gəldiyi kimi də çıxıb getdi… Sonra nə fikirləşdisə qayıdıb dedi: -Bu gecə burda qalacaqsan. Həm yemək yeyərsən, həm də dincələrsən. Gecə mən də gəlməyə çalışacam… …-Götür birini də vuraq, bu araq can dərmanıdır… Öpürəm, sənin sağlığına… Arağın dərəcəsi çox yuxarı idi – 60 dərəcə olardı. Ona görə nəfəsimi güclə udub dedim: -Gəldi? -Hə gəldi, - dedi qoca. – Gəldi, özüylə də bir dəstə adam gətirdi. Kinayə ilə dedim ki, bu nədi, mənim üstümə qoşunla gəlmisən? O da eyni kinayə ilə cavab verdi ki, sənin ölkən, hansı ki, sən o ölkənin fanatlarınnan birisən, neçə illərdir ki, məni aradan götürmək üçün dəridən-qabıqdan çıxır… Amma başa düşmür ki, məni əfqanların allahı qoruyur… Onlar doğma atamı da mənə qarşı işlədə bilərlər… İncimə, bu belədir… …Hə, mən geri qayıdanda polkovnik üstümə silah çəkdi. Dedi ki, səni güllələyəcəyəm, qalıb burada qurd-quşa yem olacaqsan. Amma onun gözlərinə baxanda gördüm ki, yalan danışır. O əvvala, Əzimdən qorxurdu, ikincisi də məni nə deyib öldürəcəkdi? Polkovnik əsib-coşannan sonra başını buladı və dedi ki, məndə bir şey var, onu sənə vermək istəyirəm. Nə bilim, gələcəkdə lazım olar. Amma gərək aparıb gizlədəsən, ələ keçməsin… Sonra da bu dəftəri verdi. Əlavə etdi ki, biz bir dəfə onların mövqelərini bombalayandan sonra pexota ora girmişdi. Uçuqların altında qalan şey-şüyün arasından tapmışdılar bu dəftəri. Oğlunun gündəliyi imiş. O vaxtdan məndədir… Budur, oğlum, həmin dəftərin vaxtı gəlib. Əzim deyən zaman yetişib. Bəlkə yüz dəfə oxuduğum o dəftəri sənə etibar edirəm. Çox deyil, cəmi 15 səhifədir əl yazmasıynan. Bəzi yerlərdə əski əlifbayla yazıb. Aydın olsun deyə, mən qabağında bizim indiki əlifbayla həmin sözü təkrar yazmışam… Sənnən bir xahişim var, qardaşoğlu, dəftəri istifadə edənnən sonra özümə qaytararsan… Mənim nigarançılıqla ona baxdığımı görüb duruxdu və birdən “ay-hay!” deyib gülümsəməyə çalışdı: -Mən o dəftəri qadağan zonasından çıxartsam da, uzun müddət ona yaxın düşə bilmirdim. Amma sonralar özümdə güc tapıb onu oxudum. Özü də bir dəfə yox, gecələr səhərəcən o dəftəri bəlkə yüz dəfə oxudum…Yadındadı sən bizə gəlmişdin o vaxt? Bax onda mən o dəftərin şonundaydım. Hər gün o dəftərdəkiləri yadıma salır, havalanırdım. -Bəs o “həm hə, həm yox” nə demək idi? Kişi elə bil diksindi. Yerə baxıb ağzını sürüdü: -Axı bunu mənə polkovnik vermişdi… Xətt oğlumun da olsa… Nə bilim axı… Mən qocanı xatircəm edib, onunla xudafizləşdim. Yol boyu bu qocanın qəribə davranışı, dilinin bir söz, ürəyinin ayrı söz pıçıldamasının vurub üzünə çıxması – o danışanda bircə dəfə də gözünün içinə baxa bilmədim, daim gözlərini məndən yayındırırdı – deyirdi ki, sirr dolu insan mənə atış gəldi, ürəyindəkilərin heç yüzdə birini açmadı. Tək təskinliyim məxmər parçaya bükülmüş dəftər idi.
ÜMUMİ DƏFTƏR
Dəftər gündəlik formasında yazılmışdı. Bəzi yerlərdə tarixi yazmaq sadəcə unudulmuşdu. Elə bil hekayə oxuyurdum. Mən əl xəttiylə yazılmış (sizə xətt deyirəm, elə bil muncuq kimi sapa düzülmüşdü) 14 səhifə yarımlıq həmin yazını nöqtəsinə, vergülünə toxunmadan bura köçürürəm.
14 aprel 1982-ci il. Altı aydır Əfqanıstanın Pəncşir vadisindəyəm. Bəxt üzümə güldü. Əfqanlar hücum edib dəstəmizin hamısını qırdılar. Onların bəzilərinin əfqanca (mötərizədə ərəb əlifbasıyla puştuca yazılmışdı – müəllif), bəzilərinin isə bizim dilə yaxın bir dildə danışdıqlarını eşitdim. Çiynimdən yaralansam da özümü toplayıb gizləndiyim yerdən çıxdım, farsca təslim olduğumu, onlara qoşulmaq istədiyimi bildirdim. Yaramı sarısalar da, düz iki həftə məni dustaq kimi saxladılar. Nəhayət, başçıları məni sorğu-sual etdi. Biləndə ki, türkəm, yerindən qalxıb “xoş ğəldin, ğardeş” dedi. Bir ay sınaq müddətindən sonar mənə inanıb silah verdilər. İki dəfə əməliyyata getmişəm. Axı mən o yerləri əlimin içi kimi tanıyıram. 20 aprel. Yazmağa vaxtım olmayıb. Pəncşirdən yuxarıda Çopan vadisində əsasən hazaraların yaşadığı ərazilərdir. Burada əsas söz sahibi Kalan, Çopan və Zingə türk tayfalarıdır. Mənim döyüşdüyüm batalyonun hamısı hazaralardır. Əslində bunlar hazara yox, hazarlardır, yəni xəzərlər. Dilləri bizim dilə çox yaxındır. Çopanların başçısının adı Mahmuddur. O həm də burada döyüşən dəstələrin başçısıdır. Mən dedim ki, bizdə də bu söz var - ÇOPAN. Amma biz ÇOBAN deyirik. Çoban, yəni mal otaran adam. Əmir Mahmud bunu eşidib gülür və deyir ki, biz də mal otarana çupan deyərik. (Əzim burada çupan, çopan və çoban sözlərini əski əlifbayla da yazıb – müəllifin qeydi) 25 aprel. Əmirin bir qızı var, adı Səidədir. Əfqanıstanın digər xalqlarından fərqli olaraq hazaraların qadınları çox da yaşmanmırlar. Ona görə mən Səidəni üzüaçıq görə bilmişəm. Qız ayrı cür gözəldir. Dünən onunla axır ki, danışa bildim. Deyəsən, mən də onun xoşuna gəlmişəm. Amma o atasından və qardaşlarından qorxur. Elə mən də qorxuram. Burda sevgi-filan qanmırlar. Adamın sağ tikəsini qulağı boyda edərlər. Amma Əmirin mənə münasibəti yaxşıdır. Axı mən burada onların sağ əliyəm. Əfqanların bir çoxu yazı-pozu bilmirlər. Savadsızlıqları bir yana, döyüşə də kor-korana gedirlər. Mən onların döyüş taktikasını dəyişmişəm. Ruslardan öyrəndiyim hücum və müdafiə haqqında onlarla sistemli söhbət aparıram. Ona görə döyüşdə az itki verirlər. Buranın havası dünyada ən saf havadır. Gecələr ulduzlar elə iri-iri olur ki, parıltısı göz oxşayır. Çox maraqlanırdım ki, niyə buranın havası belə gözəldir. Əmirin bir bacısı oğlu var, adı Əlidir. O, Londonda ali təhsil alıb. Mənə dedi ki, burada havanın belə saf, belə gözəl olmasına dair bir sıra əfsanələr var. Amma onların içində ən realı budur ki, axşama doğru, namaz vaxtı göyün yeddi qatında bizim gözlə görmədiyimiz kiçicik quşlar uçuşur ki, onlar havadakı zəhərli qazları udur, havanı təmizləyirlər. Hazaraların məşhur bir şairi var, Qulam Səhi Yurddaş adında. Onun misralarıdır bura köçürdüyüm. Görün bizim dilə necə yaxındır: Eger menden ilimni sorsangiz ming dasitanim bar Delim her burcegide yüz tümen razi nehanim bar. Yəqin anladınız? Deyir, əgər məndən elimi soruşsanız, min dastanım var, yurdumun hər guşəsində yüz minlərcə sirrim var. Bir azdan kəşfiyyata gedirik. Polkovnik Nəzərovun yetirmələri ilə qarşılaşırıq hərdən. Mən onların taktikalarını bilirəm axı, ona görə iki dəstələrini məhv etmişik. 1 May. Bu gün 1 Maydır. Bu tarixi mən həmişə sevinclə xatırlamışam. Biz uşaq olanda kəndimizin cavanları bir yerə yığışıb oyun çıxardar, çalıb-oynayardılar. Biz uşaqlar da təzə paltarlarımızı geyinib onların dalına düşər, şənlənərdik. Bu gün yenə mənə sevinc gətirdi - Səidəylə görüşdüm. Burda bir qədimi qala var, adına Kızkan deyirlər. Yanından gözəl bir bulaq çıxır. O bulağın yanında gördüm onu. Qorumaları da başındaydı. Su alıb içdim. Bizim tərəkəmə qızlarına oxşayır. Özü də ibtidai təhsil alıb. Sonra da evdə dərs. Yəni, oxumuş qızdır. Ya bu qızın üstündə məni güllələyəcəklər, ya da… Qıza deyirəm ki, bizdə də bir qala vardı, adına Qız qalası deyirdilər. Səidə gülümsünür. Dişimi dişimə sıxıb Əliyə açdım dərdimi. O da Əmirə deyəcəyini söylədi. İndi elə bil ayağım yerdən üzülüb, havadayam. 20 iyun. Döyüşdə Əmirin oğlu Muxtar yaralandı. Yarası ağır olsa da, mən həkim kimi onu elə sarıdım ki, qanaxması dayandı. Sonra isə medpunktacan əlimizdə gətirdik. Çantamı gətirdib onu ilk əməliyyat etdim. Yarasındakı qurşunları çıxartdım. Ölüm təhlükəsini adladandan sonar mərkəzə göndərdilər. Bu barədə Əmirə deyiblər. Məni bağrına basdı və öz oğlu kimi öpdü. Sonra isə mənə döyüş əməliyyatlarına getməyi qadağan etdi. Sadəcə, döyüş taktikasını qurmaqda onlara yardım edəcəm, bir də döyüşçülərin arxasında dayanaraq yaralılara ilk yardım göstərəcəm. Bu gün Səidə də qaldığım otağa gəlib qardaşına göstərdiyim tibbi yardıma görə təşəkkür etdi. Qızın çənəsinin sağında xalı varmış. Sonra aramızda belə söhbət oldu: -Səidə xanım, Hafizin məşhur bir beyti var. O beyt belədir: Əgər on torke Şirazi bedəst arəd dele mara, Bexale hinduyəş bəxşəm Səmərqəndu Buxarara… Mənası belədir ki, əgər o Şiraz gözəli mənim qəlbimi ələ gətirsə, onun qara xalına Səmərqənd ilə Buxaranı bağışlaram. Qız gülümsündü. Mən sonra bu beytlə bağlı Əmir Teymurla Hafizin arasında olmuş əhvalatı xatırlatdım. Dedim ki, Əmir Teymur həmin beytə görə Hafizi yanına çağırmış və cəzalandırmaq istəmişdir. Şairlə hökmdarın arasında belə bir dialoq olmuşdur: -Sən hansı cəsarətlə mənim ən gözəl şəhərlərimi bir gözəlin qara xalına “bağışlamaq istəyirsən”? - Şahim, mən elə deməmişəm. Eşidənlər yanlış anlayıb. -Bəs necə demisən? -Mən demişəm ki, Əgər on torke Şirazi bədəst arəd dele mara, Bexale hinduyəş bəxşəm se mən qəndy, do xurmara.
Yəni, əgər o Şiraz gözəli mənim qəlbimi ələ gətirsə, onun qara xalına üç batman qənd ilə iki xurma bağışlaram. Teymur şairin hazırcavablığını bəyənir və onu bağışlayır. İkimiz də gülüşürük. Sonra mən bədahətən Hafizin beytini türkcəmizdə belə dəyişirəm: Əgər bir Pəncşir gözəli məni tay tutsa həzərə, Onun qara xalın mehman edərəm Xəzərə! İzah edirəm ki, Xəzər bizim xalqın – Azərbaycan türklərinin müqəddəs dənizidir. Bundan sonar o beytin mənasını özü anlayır və ürəkdən gülür. Hətta qəfil əl atıb saçlarımı qarışdırır. Mən də özümü ələ ala bilmirəm, onun əllərindən öpürəm. Ala gözlərini dolandırıb mənə baxır və gedir. Seviuncimdən uçmaq istəyirəm… ***
Dəftəri burda saxlayıram. Maraqlı olmağına çox maraqlıdır, amma nədənsə, bu yazılanlar mənə qəribə gəlir. Sanki gündəliyə müdaxilə hiss edirəm. Heç döyüş vaxtı yazılanlara oxşamır. Bundan başqa, atamın bir-iki dəfə ağzından qaçırdığı bir ad yadıma düşüb. O deyərdi ki, biz üç dost idik: Adil, Zeydulla və mən. Hər maaş alanda rayondakı Dağüstü parka qalxar, oradakı kababxanada yeyib-içərdik. Sonra Zeydulla Bakıya getdi və biz ikimiz qaldıq. Onu da bilirdim ki, atam, Adil müəllim və Zeydulla Bakıda oxuyanda kirayədə bir yerdə qlıblar. Sonra təsadüf elə gətirib ki, Zeydullanın da təyinatını bizim rayona veriblər. Dostluqlarını müəllim işləyəndə də davam etdiriblər. Sonra Zeydulla Bakıya dönüb, əsgərliyə gedib və həyat yolunu hərbçi kimi davam etdirib… Zeydulla… Zeydulla. Nədənsə bu ad çəkir məni qəfil. Sanki qulağıma kimsə pıçıldayır ki, Zeydullanı tapmalısan. Zeydulla atamla son vaxtlaracan əlaqə saxlayardı. Hətta yasında da iştirak etdi. Mənə elə gəlirdi ki, bütün bu işlərin içində mənə aydın olmayan bir dolaşıqlıq var və o dolaşıqlıqda Zeydullanın da izi var… Ona görə onu axtarmaq qərarına gəldim. Atamın dəftər-kitabının arasındakı dəftərçədə Zeydullanın həm cib telefonu, həm də ev və iş telefonu vardı.
***
…-Bilirsən. oğul, allah sir açmayıb, gəl heç biz də açmayaq. Ona görə ki… - Əlindəki bağ qayçısını səliqəylə qatlayıb qabına qoyur, sonra sınayıcı nəzərlərlə mənə baxır. (Hə, gərək onu sizə deyim ki, uzun illər hərbçi kimi çalışan bu yaşlı adamı öz diliylə desək, “kadrovı ofiseri, pexota mayorunu adi bir məsələnin üstündə uvolit ediblər”. O da məcbur olub bu uzaq Bakı kəndindəki meşəçilik və bitkiçilik üzrə ixtisaslaşmış peşə məktəbinin nəbatat bağında bağban işləyir yaşının bu çağında. İndi onunla bu kiçik bağda söhbətləşirik.) -Zeydulla müəllim, mən yazıçıyam və bu sirləri mənə açmaqla, əslində yaxşılıq edirsiniz. Bir də ki, mənim yazdığım sənədli əsər deyil ki… Bu, bədii əsər olacaq… Əslində, nəsə uydurub yazardım, amma mən yazının kökündə reallığın olmasını istəyirəm… -Yaxşı. Amma söz ver ki, Adilin oğlunun ruhuna toxunan ifadə işlətməyəcəksən yazında… Elə Adilin də. Axı onlar ikisi də iki tərəfin əlində alət olublar. Ata ilə oğul üz-üzə gəlib orda. Bilirsən, bu, çox dəhşətli bir məsələdir… Dayan görüm. Axı bunları sənin atan da bilirdi? -Atam beş ildir vəfat edib… -Bay hə… Allah rəhmət eləsin… Mənə bax e… Kişi doluxsunur. Siqaret çıxardır və elə mən də birini yandırıram. -Adilin sənə danışdığı polkovnikin adı İmran idi. Mənim dost-doğma qardaşım oğlu. Yəni, Adil mənnən xahiş etmişdi ki, İmrana xəbər eliyim, axtarıb Əzimi tapsın, onu himayə eləsin. Onlar belə tanış olublar Əfqanıstanda. Sonrası da o cür… Yəni bilirsən, əvvəl möhkəm dost, sirdaş, axırda da düşmən olublar. Hiss edirəm ki, kişi danışmağa çətinlik çəkir. “Atamın goru haqqı sözümüz sözdür” deyib and içirəım. Nəhayət, üzündən əzab yağan bu qoca hərbçinin dili açılır: -Adil oğlunun ölmədiyini fəhmlə bilmişdi. Yenə mənnən xahiş elədi, İmranla əlaqə qurdum. Ona dedim ki, Adil ora gəlmək istəyir. O da dedi ki, onsuz da kişini biz özümüz çağırtdırmağa hazırlaşırdıq. Və Adil getdi. Birinci dəfə gedib qayıdanda fərqli bir şey öyrənə bilməmişdi deyəsən. Amma üç ay sonra onu yenə çağırdılar və qayıdanda anladıq ki, məsələ çox ciddidir. Əzim orada elə böyük bir fiqura çevrilmişdi ki, hətta Moskva başına yaxşıca pul qoymuşdu. Di gəl ki mücahidlər onu möhkəm qoruyurmuşlar. Adilin üçüncü gedişi daha bizi də şübhələndirdi. Və mən bunları İmrandan çox-çox sonralar öyrəndim: kişini məcbur edirmişlər ki, oğlu haqqında ifşaedici materialı efirə oxusun və həmin materialı Əfqanıstan televiziyası ilə, radiosu ilə, hətta döyüş ratsiyaları ilə yayımlayırmışlar. Farsca edilən bu çıxışda Adil oğlunun quldur, əxlaqsız və nankor olduğu haqda danışır, doğma oğluna böhtan atırmış. Mən bu qədərini gözləmirdim doğrusu. Amma fəhmim deyirdi ki, vəzifə pillələrində rəqs etməyə öyrəncəli bu qoca, oğlu Lazımı da qabağa itələmək üçün nəyə desən gedərdi. Zatən o vəzifələrə gedən yolların haralardan keçdiyini yaxşı bilirik. Nə yazıqlar ki, bu indi də belədir. Hələ atam! “Dilini farağat qoy! Ağzına gələni yazma! Sənnən başqa bunları bilən yoxdur?! Sən namenklatura adamısan, o qadağan olunmuş söhbətlərlə sənin nə işin? O zonaya girənin gərək yeddi başı olsun…” kimi ifadələr işlədir, eynən dostu Adil müəllim kimi o da məni qabağa getmək üçün susmağa çağırırdı. -Adil müəllim mənə bir dəftər vermişdi ki, guya o dəftər Əzimin gündəliyidir… Bəlkə günah eliyirəm, amma nədənsə mən buna inana bilmədim. Gündəliklərdən çox elmi araşdırmaya oxşayır – müharibədə o cür soyuq başla yazmazlar axı. Üstəlik, dəftərin üstündə indiki əlifbayla ÜMUMİ DƏFTƏR yazılıb. O vaxt kirillə yazılırdı axı hər şey. -Hə o dəftər haqda da söhbət etmişdi İmran. Dəftər olmağına olub, amma… İmran onu Adilə yalnız tanış olmağa veribmiş… Mənə Adil özü danışıb bunu. Dedi ki, ikinci oğlu var, axmağın biridir… O məcbur edib ki, otur yadında qalanları təzədən yaz, kim biləcək ki, bunu sən yazmısan, ya Əzim yazıb… Buna görə bir dəfə uçub Moskvaya gəlmişdi. Yalvardı ki, o dəftəri ver. Bir-iki saat məndə qalsın… Mən də tək Əzimin yox e, bütün əskərlərimin xatirəsi qalan hər şeyi saxlayıram. Elə o dəftəri də hələ indiyəcən qoruyuram. Bəlkə gələcəkdə muzeyə-zada verdim… Üstündən az qala 35 il keçənnən sonra kişi oturub o cümlələri yazıb oğlunun əvəzinnən… -Axı niyə? Bunnan onlara nə xeyir gələsidir ki? -Düzü, mən də yaxşı anlamadım bunu. Görünür, o axmaq oğlunun bir planı varmış… -Bəs Əzimin sonu necə olub? Bu barədə İmran bir şey dedi? -Hə, danışdı. Çox kədərli olub. Yəqin bilirsən, o həmin vilayətin əmirinin qızıyla evlənmişdi. Həm həkim kimi, həm də bir bilikli strateq hərbçi kimi əfqanlar içərisində böyük nüfuza və hörmətə malik imiş. Atasının əfqan televiziyası ilə çıxışlarınnan birində oğluna qara yaxması, onu hətta binamus adlandırması gəncin qüruruna toxunub. Tapançasını çıxardaraq başına sıxıb. Bunu İmrana əfqanlardan tutduqları “dil” söyləmişdi… Hə, bir də “dil” deyirmiş ki, Əzimin bir oğlu qalıb. Adını da Xəzər qoyubmuş… Son xəbər məni də yaraladı. Düzü, belə sonluq gözləmirdim. Elə bil Əzimin özünə sıxdığı qurşun mənə də dəymişdi. Yerimdən çətinliklə qalxdım. Zeydulla əmi əlinin işarəsi ilə əvvəldə dediklərini bir daha yada salır – qadağa məsələsi, bəzi şeyləri ki, danışsa da yazmaq olmaz. Olmaz, olmaz. Daha nə hacət. “Ən azından adları dəyişəcəm” - kişini arxayın salaraq sağollaşıb getdim. Yarıyoldan dönüb soruşuram: -Bəs İmran? Yenəmi Moskvadadır? -Yox, Bakıdadır. Əzimin dəstəsi İmranın dəstəsini mühasirəyə alıbmış bir dəfə. Deyir, bir aşırımda qarşılaşdıq. Mənim patronum qurtarmışdı. Əzim silahını çəkib əvvəl sinəmi nişan aldı, nə fikirləşdisə dizimi Verdi avtomatın ağzına və bağırdı: -Alçaq! Sən mənim atamı o cür alçaqlıq etməyə məcbur etdin. Səni öldürmürəm, get, sürünə-sürünə yaşa… Elə o döyüşdən sonar Əzim özünü güllələyibmiş. İmran sağalsa da, bir müddət sonra ayağındakı yara yenidən qövr edib. Axırda qanqrenaya çevirib. Amputasıya edəsi olublar… İndi Əzimin sözü olmasın sürünə-sürünə yaşayır…
***
Neçə gündür o dəftərə də yaxın düşə bilmirəm. Elə bil üzü qara çıxmış qızdır, namusunu ləkələyiblər. Yaxud zabit şərəfinə toxunulmuş Əzimdir – başına güllə çaxıb. Bir yandan da kişi demişdi ki, istifadə et, tez qaytar. Birdən yadıma nəsə düşür. Tez qalxıb qara məxmərə bükülü dəftəri götürüb çantama atır, evdən çıxıram. Surətçıxardan qız dəftərin vərəqlərini bir-bir qoyub, düyməni basır və deyir: -Nəsə qədimi əlyazmadır deyəsən? Mən diqqətlə dəftərə baxıb gülümsünürəm: -Hə. Və saralmış bu vərəqləri Lazımın günəşin qabaığına sərib necə saraltdığını fəhmlə düşündükcə görəcəyim iş lap da gözümdən düşür. Bu “üzüqara qızı” tez aparıb sahibinə qaytarmaq keçir ağlımdan. -Bu məxmərin də üzünü çıxardım? – Qızdır, zarafat damarı tutub, mənə söz atır. İnsafən qəşəng qızdır. Amma o halda deyiləm. Elə qızın yanından təzə çıxmışdım ki, əl telefonuma zəng gəldi. Tanış nömrə deyildi. -Allo, allo, Lazım müəllimdi e, əmoğlu! Necəsən? Allah köməyin olsun… Qadan alım, o yazını navaxt vereyissən qəzetdə? Bırda bir əfqan dostumuz var, biznesmendi, cannara dəyən oğlandı! Deyib kin, müəllimin, yanı ki, sənin dana, əmoğlu, şirinniyini özüm verəcəm! Hə, qadan alım, əmoğlu, o yazını tez xodda getsin!.. Bir də başaa dönüm, əmoğlu, o dəftəri böyünnəri təcili çattır maa! O əfqan qardaşımız da isteyib e onu… amanatdı, dana, bilirsən… Bədbaxt qardaşımın əl izləri var o dəftərdə… (Qəhərlənir – müəllif) Sağ ol, əmoğlu! Yazan əllərin var olsun! Öpürəm!.. Elə həmin gün bu işi yoluna qoydum – dəftəri Lazıma çatdırdım. Adil müəllimi soruşdum, gözləri dirəkləndi, dil-dodağı təpidi: -Sənnən içənnən sohra, bir tutovkanın da yarısın içib xitəbnən… O yaşda olmaz axı… Odeee, uzalı qalıb… özün-sözün bilmir ki… -Bəlkə məni aparasan yanına? – Lazıma az qala yalvarıram.
-Booo… Əmoğlu, sən nə danışırsan?! Reanimasiyadadı e… Qəti olmaz… Qəti, qəti…
***
Bir gün evə gələndə bizimkilərin televizorun qabağına yığışdıqlarını gördüm.. Rayonumuzun tarix-diyarşünaslıq muzeyinin direktoru Lazım Adiloğlu Az.Tv-də çıxış edir, işğal altında olan rayonun mədəniyyət abidələrindən şövqlə danışırdı. Sonda o artıq sizə tanış olan dəftəri əlində yellədə-yellədə dedi: - Bu əfqan xalqının milli azadlıq mübarizəsinə öz töhfəsini vermiş Əfqanıstanın milli qəhrəmanı Əzim Ədiloğlunun cəbhə gündəliyidir. O mənhus SSRİ-ni bax belə igid oğulların mübarizəsi dağıtdı. Dağıtdı kin, müstəqil, üçrəngli bayrağı olan Azərbaycan yaransın…
Sonra isə səsini bəyəndiyim Roza Tağıyeva adamı əzən mistik səsilə “Qadağan zonasından qeydlər” adlandırdıqları gündəlikdən səhifələr oxumağa başladı.
Dekabr 2015
|